Məhkəmə qərarları › İş №2-2(121)-336/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-336/2025

10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-336/2025 10.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat vurmuş olduğu ziyanın və ödənilmiş 115 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı Cəlilabad rayon Sabirabad kəndində kənd təsərrüfatı məhsullarının, əsasən kartof bitkisinin becərilərək satışı ilə məşğul olur. Ona məxsus torpaq sahəsində becərmiş olduğu kartof məhsulunu nağd və ya nisyə olaraq satır. Həmkəndlisi olan Cavabdeh ondan 2021-ci ilin oktyabr ayında 17 ton toxumluq kartofu nisyə olaraq götürmüşdür. Razılaşmalarına əsasən 17 ton kartofun 10 tonunun hər kiloqramını 0.80 qəpikdən, qalan 7 tonunu isə 0.90 qəpikdən vermişdir. Vermiş olduğu kartofun ümumi dəyəri 14300 manat təşkil edir. Lakin cavabdeh həmin puldan ona bu günə kimi cəmi 4800 manat pul ödəmişdir. Qalan pulu müxtəlif bəhanələr gətirməklə ödəmək isdəmir. O, bu barədə Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti Cəlilabad rayon PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X10 tərəfindən araşdırılaraq cavabdehin əməlində cinayət tərkibinin olmaması səbəbi xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh Cəlilabad rayon Polis şöbəsində vermiş olduğu izahatında da ondan 17 ton toxumluq kartof almasını etiraf etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı qəbul etmədiyini, iddiaçıdan 2021-ci ildə nisyə olaraq 11800 manat dəyərində toxumluq kartof aldığını, aldığı məhsulun dəyərindən 4800 manat hissəsini dərhal iddiaçıya ödədiyini, qalan borcunun əvəzində isə dəyəri 9300 manat olan torpaq sahəsini iddiaçıya verdiyini, həmin məbləğdən 3400 manatı geri aldığını, qalan məbləğlə isə borcunu tam ödədiyini bildirmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasını Cavabdehnin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2014cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və hal-hazırda Cəlilabad rayonu, Sabirabad kəndi ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2017-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Cəlilabad rayonu, Sabirabad kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğu bilinərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan və təhqiqat zamanı İddiaçı tərəfindən verilmiş yazılı izahatdan görünür ki, İddiaçı izahatında Cavabdeh 11800 manat dəyərində nisyə toxumluq kartof satdığını, Cavabdeh ona 4800 manat ödədiyini, qalan 7000 manatı isə kartof yığımı zamanı ödəməyi razılaşdıqlarını göstərmişdir. Həmin qərardan və təhqiqat zamanı Cavabdeh tərəfindən verilmiş yazılı izahatdan görünür ki, Cavabdeh izahatında İddiaçı dəyəri 11800 manat olan toxumluq kartofu nisyə aldığını, bunun əvəzində 11800 manat məbləğində pul ödədiyini, borclu qaldığı 900 manat pulu isə məruz qaldığı zərərə görə ödəmədiyini bildilmişdir. İş materiallarında olan Cəlilabad rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X2, X8, X12, X13, X4, X3, X9 və X1 rayonu, Uzuntəpə kəndi ünvanında yerləşən, ümumi sahəsi 3.3911 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini cəmi 2400 manat məbləğində alıcı İddiaçı mülkiyyətinə verirlər. İş materiallarında olan video görüntünü əks etdirən diskdən görünür ki, həmin video yazıda X15 ona məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahəsini Cəlilabad rayon 1 saylı Notariat ofisində İddiaçı satdığını, İddiaçı tərəfindən torpaq sahəsinin dəyərini təşkil edən pulun tam şəkildə ona ödənildiyini, heç bir şikayət və ya etirazının olmadığını bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində ünvan 2i ünvanında yerləşən torpaq sahəsini İddiaçı satdığını, ona cəmi 6300 manat məbləğində pul ödənildiyini, həmin məbləğin 1000 manatı İddiaçı tərəfindən, 5300 manatı isə Cavabdeh tərəfindən ona verildiyini bildirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi məhsulu cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı məhsulun qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ümumi dəyəri 14300 manat təşkil edən kartof məhsulunu təhvil verdiyini, lakin cavabdeh tərəfindən ona cəmi 4800 manat pul ödənildiyini, cavabdehin qalan məbləği ödəməkdən müxtəlif bəhanələrlə yayındığını, cavabdeh isə iddiaçıdan nisyə olaraq 11800 manat dəyərində toxumluq kartof aldığını, aldığı məhsulun dəyərindən 4800 manat hissəsini dərhal iddiaçıya ödədiyini, qalan borcunun əvəzində isə dəyəri 9300 manat olan torpaq sahəsini iddiaçıya verdiyini iddia edirlər. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, iddiaçı tərəfindən dəyəri 11800 manat olan malın cavabdehə verilməsi, cavabdeh tərəfindən 4800 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi və cavabdehin borcu tam şəkildə ödəməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 9500 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh iddia tələbinə etiraz edərək ona verilmiş malların dəyərini tam ödədiyini, iddiaçıya borcunun olmadığını bildirir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehə ümumi dəyəri 14300 manat dəyərində kartof məhsulunun verilməsi barədə iddiaçının tələbi qismən öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı, onun şikayəti əsasında polisdə aparılmış təhqiqat zamanı verdiyi izahatında cavabdehə 11800 manat dəyərində kartof məhsulu satdığını bildirmişdir. Bu fakt, yəni iddiaçıdan 11800 manat dəyərində kartof məhsulunu alması həmçinin, cavabdeh tərəfindən də etiraf edilmişdir. Buna görə də, həmin fakt sübuta yetirilmiş hesab edildiyi üçün işin mübahisəsiz halı kimi müəyyən edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun tərəfindən aldığı malların dəyərinin tam şəkildə ödənildiyini bildirir, etirazının əsası kimi alqı-satqı müqaviləsinə və şahid ifadələsinə istinad edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, alınan malın dəyərini ödəmək vəzifəsinin daşıyıcısı olaraq alıcı (baxılan işdə - cavabdeh) ödənişi həyata keçirdiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də cavabdeh aldığı malın dəyərinin onun tərəfindən tam şəkildə ödənildiyini mötəbər və yetərli dəlillərlə sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi halları mötəbər dəlilləlrlə sübut edə bilməmişdir. Belə ki, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəməsinə dair öz etirazını əsaslandırmaq üçün istinad etdiyi alğı-satqı müqaviləsi iddiaçı ilə başqa şəxslər arasında bağlanmışdır və cavabdeh həmin müqavilənin tərəfi olmamışdır. Bundan başqa cavabdeh alğı-satqı obyekti olan torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasına dair sübutu məhkəmə təqdim etməmişdir. Cavabdehin etirazının əsası kim istinad etdiyi şahid X15 ifadəsində iddiaçıya satdığı torpaq sahəsinin dəyərini təşkil edən pulun bir hissəsinin iş üzrə cavabdeh tərəfindən ona verildiyini bildirsə də, alğı-satqı müqaviləsi bağlanan zaman çəkilmiş video görüntüdə isə satdığı torpaq sahəsinin dəyərinin tam şəkildə iddiaçı tərəfindən ona ödənildiyini bildirmişdir. Bununla da müəyyən olunur ki, X5 məhkəmədə şahid qismində verdiyi izahatında bildirdikləri mötəbər sübut kim qəbul edilə bilməz. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı verdiyi malın dəyərinin cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, borcu tam şəkildə ödəməsinə dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borc tələbinə dair hissədə iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7000 manat məbləğində borc və ödənilmiş 115 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7115 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar