Məhkəmə qərarları › İş №2-2(121)-343/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-343/2025

13.03.2025 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-343/2025 13.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı mülkiyyətçi hüquqlarının pozulmasının aradan qaldırılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş zərərə görə 100.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, iddiaçıdan zorla alınan 2.4 ha torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində Seriya RX007443 nömrəli Çıxarışda 4.2161 ha və seriya RX0070481 nömrəli Çıxarışla 7.207 ha torpaq sahəsi vardır. İddiaçı 2012-ci ildən həmin torpaq sahəsində xaricdən gətirilmiş və yerli dekorativ şam ağaclarının əkini ilə məşğul olmuşdur. 2023-cü ilin aprel ayında “Azərelektrik Tikinti Quraşdırma" MMC-nin nümayəndələri gəlib ona bildirmişlər ki, İmişli-Cəbrayıl 330 kv-lıq yüksək gərginlikli elektrik xətti onun torpaq sahəsindən keçəcəkdir. Sahədə gəzinti zamanı elektrik xəttinin keçəcəyi ərazi üzrə yerləşən ağaclarla onları tanış etmiş və bu ağacların qiymətləndirilməsi üçün mütəxəssislərin dəvət edilməsi və ona dəyən ziyanın ödənilməsi şərti ilə xəttin çəkilməsinə icazə verəcəyini bildirmişdir. 28 aprel 2023-cü il tarixdə böyük qardaşı X2 ilə İmişli rayon icra hakimiyyətinin Mirzə adlı nümayəndəsi əlaqə saxlayaraq onun Bəhrəmtəpəyə gəlməsini xahiş etmiş və tərəflər arasında razılığın əldə olunmasına təşəbbüs göstərmişdir. Onlar "xxxx" MMC-nin nümayəndələri ilə görüş keçirmişlər. Onlara dəyəcək ziyanın müəyyən hissəsinin əvvəlcədən ödənilməsindən sonra işə başlamağı təklif etmişlər. Bütün bunlara baxmayaraq cavabdehin nümayəndələri susqunluq göstərmişlər. 22 may 2023-cü il tarixdə saat 09.45-də özünü İmişli rayon polis şöbəsinin rəis müavini kimi təqdim edən Cabir adlı polkovnik-leytenantın başçılığı ilə təxminən 40-50 polis əməkdaşı ona məxsus xüsusi mülkiyyətə zor tətbiq edərək basqın etmişlər. O və qardaşı onlara xüsusi mülkiyyətin toxunulmazlığını xatırlatsalar da, onlar zorla onun mülkiyyət hüququnu pozaraq Azərenerjinin əməkdaşlarını ağır texnika, kran və traktorlarla əraziyə daxil olmasına şərait yaratmışlar. Ağır texnika əraziyə daxil olarkən qarşısında olan ağac və kol bitkilərini qıraraq əraziyə daxil olmuşdur. İddiaçı bu barədə DİN-nin 102 çağırış mərkəzinə müraciət etmişdir və onların nümayəndələri hadisə yerinə gəlmiş və baş verən qanunsuz hərəkətləri onlardan izahat almaqla rəsmiləşdirmişlər. İddiaçı eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etmişdir. Onların mütəxəssisləri hadisədən sonra 4 dəfə əraziyə baxış keçirmişlər, əlavə Ekspertlər dəvət etmişlər, kəsilmiş və məhv olmuş ağac və kollarla bağlı akt tərtib edib və onlara bildirmişlər ki, onların nazirliyi tərəfindən bu sənədlər Respublika Prokurorluğuna göndəriləcəkdir. 330 kv-lıq yüksək gərginlikli elektrik xəttlərinin çəkilişindən sonra 100 metrdən artıq hər iki tərəfə elektromagnit dalğaları yayılır ki, bu güclü radiasiya yaradır. Həmin radiasiyanın təsiri ilə ərazidə olan Pinius Pinea və Arizonica ağacları təxminən 60.000 (altmış min) ədəd ağac tam məhv olacaqdır. Ərazidə polis əməkdaşlarının müşayiəti ilə gündüz və gecə onları əraziyə buraxmama şərti ilə işlərin aparılmasına şərait yaratmışlar və polisin əmri ilə çəkiliş aparılmağına imkan verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 kv-dan yuxarı olan elektrik şəbəkəsinin mühafizəsi qaydalarının" 5-ci hissəsinə əsasən 330 kv-lıq yüksək gərginlikli elektrik xəttinin çəkilməsindən sonra hər iki tərəf 30 metr olmaqla yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür, bu da onlara məxsus mülkiyyətdən 2.4 ha sahənin Azərenerjinin balansına keçməsi deməkdir. Həmin ərazidə tikinti işləri görmək və ağac əkmək qadağandır. Bir şam ağacının verdiyi oksigen digər növdə ağacların buraxdığı oksigendən 80-120 dəfə artıqdır. Bu da təxminən 25 milyon adi ağacın verdiyi oksigen deməkdir. Bu qədər ağacların məhv olması ekoloji cinayətdir. İddiaçı məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qətnaməsinin elanında tərəflər iştirak etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* və ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”lardan görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən, sahələri müvafiq olaraq 4,2161 və 7,207 ha təşkil edən kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahələri mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 79939 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus olan əraziyə baxış keçirilərkən "xxxx" MMC-nin işçiləri tərəfindən elektrik dirəyinin quraşdırılması və xəttin çəkilişi zamanı ərazidən müxtəlif diametrli 10 ədəd şam ağaclarının yerlərinin dəyişdirildiyi, diametrləri 5,8 sm olan şam ağaclarının boğazından çıxardılaraq məhv edildiyi, həmçinin 42 ədəd müxtəlif diametrli şam ağaclarının isə zədələnməsi müəyyən olunmuşdur. Araşdırmanın nəticəsi olaraq "xxxx" MMC-nin “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinin pozuntusuna yol verdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt” xidmətinə “Qeyri-qanuni icazə olmadan ərazisindən dekorativ şam ağacları texnika ilə məhv edilir” məzmunlu xx.xx.2023-cü il tarixli müraciəti Ağcabədi RMTM-nin baş meşəbəyi Qismət Abbasovun, "xxxx" MMC-nin iş icraçısı Emil Feyziyevin iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Əraziyə keçirilən baxış zamanı "xxxx" MMC-nin işçiləri tərəfindən dirəyin quraşdırılması və xətt çəkilməsi zamanı ərazidə 42 ədəd müxtəlif diametrli ağaclarının zədələnməsi, 2 ədəd diametri 5,8 sm olan şam ağacının çıxarılaraq məhv edildiyi, diametrləri 5 sm olan 4 ədəd, 4 sm olan 2 ədəd, 6 sm olan 3 ədəd, 8 sm olan 1 ədəd ağacının yerlərinin dəyişdirildiyi, lakin hal-hazırda inkişafda olub-olmamasını müəyyən etməyin mümkün olmaması aşkar edilmişdir. İmişli X3 Mərkəzinə ünvanlanmış sorğuya cavab olaraq təqdim edilmiş məktubda yerləri dəyişdirilmiş ağacların quruyaraq məhv olduğu qeyd edilmişdir. Araşdırmanın nəticəsi olaraq akt tərtib edilmiş və təbiətə dəymiş 2320 manat məbləğində ziyanın hesabatı aparılmışdır. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından faktla bağlı toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Şirvan Ərazi Ekologiya və X1 ünvanlanmış ərizədə bildirilir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında inşası layihələndirilmiş 330 kV-luq İmişli-Cəbrayıl (Zəngəzur-2) hava xəttinin inşası "xxxx" ASC-nin sifarişi əsasında müəssisələri tərəfindən həyata keçirilməkdədir. Yüksək gərginlikli xəttin çəkilişi məqsədilə layihə üzrə dəmir konstruksiyalı 277 ədəd dayağın müəyyən edilmiş marşrut boyu quraşdırılması nəzərdə tutulmuşdur. Belə dirəklərdən bir ədədinin (Dayaq N 87) layihəyə əsasən yerləşməsi vətəndaş Raqif Muradova məxsus şəxsi mülkiyyətdə olan torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Dirəyin yerləşdirilməsi barədə məlumat vətəndaş Raqif Muradova verilmiş, onunla bu barədə danışıq aparılmış və qarşı tərəf bir dirəyin yerləşməsinə 50000 manat pul alacağı təqdirdə razılığını verəcəyini bildirmişdir. Bu tələbin absurd olduğu və əsassız varlanma məqsədi daşıması qarşı tərəfin diqqətinə çatdırılmış, bu barədə rayon icra hakimiyyəti və İmişli RPŞ-si məlumatlandırılmışdır. Layihənin strateji niyyəti, vaxtında icra edilməsinin dövlət maraqlan baxımından zəruriliyi nəzərə alınaraq polis əməkdaşlarının müşaiyəti ilə bütün qaydalara riayət edilməklə dirək Raqif Muradova məxsus ağaclarla dolu torpaq sahəsində quraşdırılmışdır. Dirək əməkdaşları tərəfindən ərazidə qurulan zaman iş prosesi videokamera vasitəsilə qeydiyyata alınmışdır. İşlərin icrası zamanı maneçilik törədən 7 ədəd ağacın yeri dəyişdirilmiş, heç bir ağac kəsilməmiş və tərəflərindən ekologiyaya ziyan vurulmamışdır. Yaranmış anlaşılmazlıqlarla bağlı videogörüntü tərəflərindən təqdim edilir və yerində baxış keçirilməsinə, araşdırma aparılmasında iştirak etməyə hazır olduqlarını bildirirlər. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İmişli X3 Mərkəzi tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, şam ağaclarının quruması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciəti ilə əlaqədar İmişli DAİM-in mütəxəssisləri tərəfindən İddiaçı məxsus olan torpaq sahəsində əkilmiş şam ağaclarına baxış keçirilmişdir və baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin müxtəlif yerlərində çoxlu sayda (qeyri-müəyyən sayda) şam ağacları xəstəlik və ziyanverici səbəbindən kökündən quruyaraq məhv olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)- 2166/2023 nömrəli qərardadı ilə təyin edilmiş tikinti-texniki ekspertizasının 3-16-16/2- 10/4368 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsində göstərilir ki, 1. İddiaçı mülkiyyətində olan RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və AA 004979 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən 4.2161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. 2. İddiaçı mülkiyyətində olan RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və AA 004979 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən, 7,207 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. 3. Tikilməkdə olan “İmişli-Cəbrayıl” yüksək gərginlikli elektrik hava xəttinin keçdiyi trassanın və ona daxil olan 125 kv.m torpaq sahəsinin ölçüləri naturada müəyyən edilmişdir. 4. "İmişli-Cəbrayıl" yüksək gərginlikli elektrik hava xəttinin trassasına daxil olan 125 kv.m torpaq sahəsi və İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 4.2161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 125 kv.m hissəsi üst-üstə düşür. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş faktiki halları belədir ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 11,4231 ha olan əkin məqsədləri üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 2023-cü ilin may ayında 330 kV-luq İmişli-Cəbrayıl (Zəngəzur-2) hava xəttinin inşası ilə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən icra edilən dəmir konstruksiyalı dayaqların quraşdırılması işi çərçivəsində həmin dayaqlardan biri iddiaçıya məxsus olan torpaq sahəsində quraşdırılmışdır. İddiaçının müraciətlərinə əsasən aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan dayağın quraşdırılması zamanı onun yerləşdiyi ərazidə olan 42 ədəd müxtəlif diametrli ağaclar zədələnmiş, 2 ədəd şam ağacı çıxarılaraq məhv edilmiş, 10 ədəd ağacın yerləri dəyişdirilmişdir, lakin sonradan yerləri dəyişdirilmiş həmin ağaclar da quruyaraq məhv olmuşdur. İddiaçı ona məxsus olan torpaq sahəsində əkdiyi ağacların məhv edilməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehdən tutulmasını, həmçinin yüksək gərginlikli elektrik xəttinin keçdiyi və xəttin mühafizə zolağına düşən 2,4 ha torpaq sahəsinin ona qaytarılmasını tələb edir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarına çağırılmasına baxmayaraq iclaslarda iştirak etməmişdir, həmçinin iddiaya münasibət bildirilməsi, eləcə də görülmüş işlərə dair məlumat verilməsi haqqında məhkəmənin yazılı sorğularına cavab verməmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki halların əsasən bu qənaətə gəlir ki, baxılan iş üzrə iddianın maddi hüquqi əsasını mülkiyyətin hüququnun toxunulmazlığı və qorunmasına, mülkiyyət hüququnun məhdudlaşdırılmasına, həmçinin vurulmuş zərərin müəyyən edilməsi və zərərin əvəzinin ödənilməsinə dair maddi hüquq normaları təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyəti hüququnun mövcud olması, həmin torpaq sahəsində iddiaçının icazəsi və ya sonradan razılığı olmadan cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətti üçün nəzərdə tutulmuş dəmir kostruksiyalı dirəyin quraşdırılması işlərinin aparılması, quraşdırma işləri nəticəsində həmin ərazidə ümumilikdə 12 ədəd ağacın məhv edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halları vurulmuş ziyanın həcminin müəyyən edilməsindən və yüksək gərginlikli elektrik xəttinin keçdiyi və xəttin mühafizə zolağına düşən torpaq sahəsinin geri qaytarılmasının tələb edilməsi barədə iddiaçının subyektiv hüququnun mövcudluğunun və həmin tələbin baxılan iş üzrə cavabdehə qarşı yönəldilə biləcəyinin müəyyən olunmasından ibarətdir. Məhkəmə hesab edir ki, elektrik xətti dirəyinin quraşdırılması işləri zamanı iddiaçıya məxsus olan ağacların məhv edilməsi nəticəsində vurulmuş ziyanın həcminin müəyyən edilməsi üçün işdə olan aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmaların yekununa dair qeydlər əsas götürülməlidir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Yaşıllıqların bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 31 mart tarixli, 118 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.2-ci və 15.1-ci maddələrinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Ragional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, "xxxx" MMC-nin işçiləri tərəfindən dirəyin quraşdırılması və xətt çəkilməsi zamanı ağacların məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın həcminin 2320 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan ərazidə ağacların məhv edilməsi nəticəsində ona 100000 manat məbləğində ziyan vurulduğunu iddia etsə də, bunu təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin işdə olan aidiyyəti dövlət orqanının verdiyi məlumata əsasən məhv edilmiş yaşıllıqların (ağacların) bərpa dəyərinin 2320 manat məbləğində olduğu müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, vurulmuş ziyanın həcmi aidiyyəti dövlət orqanının müəyyən etdiyi məbləğdə təsbit ediməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsinin maddi hüquqi əsaslandırılması ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, yüksək gərginlikli elektrik xəttinin keçdiyi və xəttin mühafizə zolağına düşən torpaq sahəsinin geri qaytarılmasının tələb edilməsi barədə iddiaçının subyektiv hüququnun mövcudluğu və həmin tələbin baxılan iş üzrə cavabdehə qarşı yönəldilə biləcəyi ilə əlaqədar qeyd edir ki; Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Eyni zamanda Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər (169.1). Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir (169.2). Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın (169.3). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2, 37.3 və 37.4-cü maddələrinə əsasən, elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. Mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 mart tarixli, 261 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən, bu Tələblər “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 37.4-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik şəbəkələrinin mühafizə zonalarının ölçülərini, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir. 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 1.7-ci bəndinə əsasən, mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 3.1-ci bəndinə əsasən, bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; 3.1.2. hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması; 3.1.3. dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və başqa elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; 3.1.4. elektrik şəbəkələrinin mühafizə zonalarının altındakı torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi; 3.1.5. sualtı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülərin tikintisi, lövbər atılması, ov sahələrinin ayrılması, su bitkilərinin əldə edilməsi, yığılması, məhv edilməsi və heyvanların suvarılması üçün suvatların qurulması; 3.1.6. hava elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan maşın və mexanizmlərin keçməsi; 3.1.7. yeraltı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında 0,3 metrdən artıq, şumlanan torpaqlarda isə 0,45 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. 3.5-ci bəndinə əsasən, bu Tələblərin 3.1-ci bəndinə uyğun olaraq, elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir. 3.6-cı bəndinə əsasən, sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın və bu Tələblərin 3.5-ci bəndinin tələblərini nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. 3.7-ci bəndinə əsasən, ərizəçi elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı sistem operatorunun qəbul etdiyi inzibati aktla razılaşmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə əsasən, elektroenergetika sektorunda dövlət ehtiyacları üçün torpaqların alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə görə, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarına aiddir. Həmin Qanunun: 3.2-ci maddəsinə əsasən, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 6.1-ci maddəsinə əsasən, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 9.1-ci maddəsinə əsasən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Məhkəmə, yuxarıda sadlanan maddi hüquq normalarının tələblərinin birgə təhlilini apararaq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, o cümlədən beynəlxalq konvensiya və sənədlərlə qorunan mülkiyyət hüququ əsas insan hüquqlarının içərisində xüsusi yer tutur. Bununla yanaşı mülkiyyət hüququ mütləq hüquq olmayıb, dövlət və ictimai maraqlar naminə müəyyən məhdudiyyətə məruz qala bilər. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Torpaq sahəsi üzərində mülkiyyət və ya digər hüquqların məhdudlaşdırılmasına səbəb olan hallardan biri də, həmin sahədən yerüstü və ya yeraltı kommunikasiya, o cümlədən elektrik xətlərinin çəkilməsidir. Bu zaman nəzərə alınmalıdır ki, elektrik xəttinin çəkilməsi nəticəsində torpağından tam və ya qismən məhrum olan və ya həmin sahədən istifadə hüququnu itirən şəxs torpaqları dövlət ehtiyacları üçün geri alınan şəxs hesab edilir və torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edildikdən sonra müvafiq kompensasiya verilməklə torpaq sahəsinin geri alınması həyata keçirilir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik həmçinin onu da nəzərdə tutur ki, elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər və həmin şəxslər mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri apara, o cümlədən tikinti və ya quraşdırma, meliorasiya işlərinin görülməsini, ağac və kol əkilməsini, qırılmasını, budanmasını, mal-qaranın yerləşdirilməsini, kənd təsərrüfatı bitkilərinin suvarılmasını və s. həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, baxılan işin müəyyən edilən faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü isə əkindir. Belə olan halda, elektrik xəttinin mühafizə zonasına düşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyini də nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının elektrik xəttinin mühafizə zonasından torpağın kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə etməsi, həmin sahəyə dair sərəncam verməsi üçün hər hansı bir maneə mövcud deyildir. Buna görə də, iddia tələbi iddiaçıdan zorla alınan 2.4 ha torpaq sahəsinin qaytarılması hissəsində, həmin fakt işin müəyyən edilmiş hallarına əsasən öz təsdiqini tapmadığına görə təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçıdan zorla alınan 2.4 ha torpaq sahəsinin qaytarılmasına dair tələb, ona cavab verməli olmayan subyektə qarşı irəli sürüldüyü əsası ilə də rədd edilməlidir. Belə ki, iddiaçının elektrik xəttinin çəkilməsi nəticəsində torpağından (və ya onun bir hissəsindən) tam və ya qismən məhrum olması və ya həmin sahədən istifadə hüququnu itirməsi ilə əlaqədar torpaqları dövlət ehtiyacları üçün geri alınan şəxs hesab edilməsi halında belə, kompensasiya tələbi baxılan iş üzrə iş icraçısı (podratçı) olan cavabdehə qarşı deyil, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunan subyektə qarşı qaldırıla bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir, artıq ödənilmiş dövlət rüsumu məbləği isə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı vurulmuş maddi zərərin ödənilməsi və s. tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2320 manat məbləğində vurulmuş maddi zərər və 43,2 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2363,2 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən artıq ödənilmiş 346,8 manat dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar