Məhkəmə qərarları › İş №2-2(121)-344/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-344/2025

17.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-344/2025 17.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 ABŞ dollarının və 240 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə qohumluq münasibəti vardır. Cavabdeh qohumluq münasibətindən irəli gələn inamından istifadə edərək Türkiyə Respublikasından mal gətirəcəyi adı ilə yalandan vəd verib onu aldadaraq 30000 ABŞ dolları məbləğində pulunu mənimsəyərək ələ keçirmişdir. Cavabdeh əvvəldən qohum kimi yəni bacısının qaynı qızının əri kimi tanımış və qohum kimi yaxşı münasibətləri olmaqla hər hansı narazıçılıq və ya ədavətləri olmamışdır. Təxminən 2018-ci ildə bacısı oğlu Əlövsətin qızına nişanlanmışdır. Əlövsətin Salyan şəhərində paltar mağazası olduğundan bir dəfə qonaqlıqda olan zaman ona və qardaşı Elşənə təklif etmişdir ki, paltar mağazası var, lakin əlində kifayət qədər maddi vəsaiti yoxdur. Əgər ona pul verərlərsə, dövriyyəsini və qazancı da artıra bilər. Dil töküb onları razı salmağa çalışmış, hətta bir dəfə öz mağazasının hesabat dəftərini də gətirib, göstərib daha çox alver etdiyinə inandırmışdır. Özü və qardaşı Elşən qohum olduqlarından həmin vaxt Cavabdeh inanmış, ona görə də 2019-cu ilin iyul ayının 13-də saat 15:00 radələrində Əlövsətlə Bakı şəhərində 8-ci mkr. ərazisindəki çayxanaların birində görüşüb qardaşı Elşənin yanında ona 30000 ABŞ dolları vermişdir və razılaşmışlar ki, verilən pulla Əlövsət alver edəcək, əldə olunan qazanc aralarında tən bölünəcək. Razılığa əsasən Cavabdeh pulunu istədiyi zaman 3 ay ərzində geri qaytarmalı idi. Bundan sonra Cavabdeh bir il ərzində hər ay ona maxtəlif məbləğlərdə olmaqla, ümumilikdə təxminən 30000 manata yaxın pul göndərmişdir. Bir ildən sonra isə Əlövsət vaxtında ona pul göndərmədiyi üçün ondan 30000 ABŞ dollarını geri istəmiş, cavabdeh əvvəlcə bəhanələrlə aldatmış, sonradan isə ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. Pulunu tələb edərkən hətta 2021-ci ilin oktyabr ayında Salyan şəhərində öz mağazasının yanında üzərinə bıçaq çəkərək onu öldürməklə hədələmişdir. Sadəcə olaraq Əlövsətin qızı və onu bacısı oğlu nişanlı olduğuna görə bacısıgilin xahişi ilə şikayət etməmişdir. Lakin sonradan bacısı oğlunun nişanı pozulduğuna görə Cavabdeh barəsində şikayət etmək qərarına gəlmişdir. Məsələ ilə bağlı 2022-ci ildə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Araşdırma nəticəsində toplanmış HK-1/2001 saylı materialda Cavabdeh özü etiraf etmişdir ki, qarşılıqlı razılıq əsasında Pərviz qardaşı Elşənin yanında Bakı şəhərindəki çayxanalarda birində ona 30000 ABŞ dolları vermiş və o da, həmin pulu dövriyyəyə buraxaraq alver etməyə başlamışdır. Türkiyədən, Bakıdakı “Binə” ticarət mərkəzindən müxtəlif qadın geyimləri gətirib satmış, həmin il hər ay 5000 manat qazanc əldə edərək qazancdan da, bir il ərzində hər ay 1500-2000 manat, sonradan isə alver zəiflədiyindən hər ay Pərvizə 1000 manat pul vermiş, ümumilikdə Pərvizə sonuncunun alver məqsədi ilə ona verdiyi 30000 ABŞ dollarının qarşılığında 100000 manat pul vermişdir. Sonradan isə alver olmadığından daha qazanc əldə edə bilməmiş, bu səbəbdən də Pərvizə daha pul verməmişdir. Göründüyü kimi cavabdeh etiraf etmişdir ki, 30000 ABŞ dollarını almış və ona ayırdığı 100000 manat qazanc əldə etmişdir. Belə çixir ki, qazanc 200000 olmuşdur və bu pulun 30000 ABŞ dollarına aidiyyatı yoxdur. Lakin əsas məbləğ, qazanc ona verilmədiyi kimi cavabdehin dediklərini təsdiq edəcək heç bir sübut olmamışdır. Araşdırma zamanı istintaqa Cavabdeh ilə aralarında olan telefon danışıqları zamanı qeydə alınmış səs yazısını əks etdirən CD disk təqdim etmişdir. Dəfələrlə cavabdehdən pullarının qaytarılmasını tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə qətnaməsinin elanı üçün təyin edilmiş iclasda tərəflər iştirak etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hər iki tərəf sahibkarlıq subyekti kimi dövlət reyestrində qeydiyyata alınmışlar. İş materiallarında olan Binəqədi RPİ-nin “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti əsasında araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında ailəsi ilə birlikdə Salyan şəhərində yaşamaqla 2010-cu ildən Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən Dalğa adlı geyim paltarları satılan mağaza işlətmiş və mağazada əsasən qadın geyimləri satılır. İddiaçı 2016-cı ildən tanımış, həmin vaxtdan onunla aralarında münasibət yaranmış qeyd edilən dövrdə onun qızı Səriyyə Pərvizin bacısı oğlu Vüsala nişanlanmışdır. Vüsalın ata babası həm də onun qaynatasının atasıdır. Qohum kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir narazıçılıq, ədavət olmamışdır. 2018-ci ilin iyul ayında Pərviz qardaşı Elşənlə birlikdə ona müraciət edib maşın alveri ilə məşğul olduqlarını lakin qazanc əldə edə bilmədiklərini, onunla şərik olub birlikdə alver etmək istədiklərini, ona pul verib birlikdə qazanc əldə etmək isətdiklərini bildirmişdir. Ondan sonra qarşılıqlı razılıq əsasında Pərviz qardaşı Elşənin yanında Bakı şəhərindəki çayxanaların birində ona 30000 ABŞ dolları vermiş və həmin pulu dövriyyəyə buraxaraq alver etməyə başlamışdır. Türkiyədən. Bakıdakı Binə ticarət mərkəzindən müxtəlif qadın geyimləri gətirib satmış, həmin il hər ay 500 manat qazanc əldə edərək, qazancdan da bir il ərzində hər ay Pərvizə 2500 manat pul vermişdir. Pandemiya dövründə bir il ərzində hər ay 2000-1500 manat, sonradan isə alver zəiflədiyindən hər ay Pərvizə 1000 manat pul vermiş, ümumilikdə Pərviz sonuncun alver məqsədilə ona verdiyi 30000 ABŞ dollarının qarşılığında 100000 manat pul vermişdir. Sonradan isə alver olmadığından daha qazanc əldə edə bilməməyi səbəbindən Pərvizə daha pul verməmişdir. Buna görə də aralarında narazılıq yaranmış və narazılığa görə Pərvizin bacısı oğlu onun qızı ilə olan nişanı da pozulmuşdur. Pandemiya dövründə ziyana düşdüyündən sonradan mağazası da bağlanmışdır. Məhkəmənin, iş materiallarında olan sənədlərə və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı 2019-cu ilin iyul ayında cavabdehə birgə alver edib qazanc əldə etmək məqsədi ilə 30000 ABŞ dolları məbləğində pul vermiş, cavabdeh həmin pulla və həmçinin özündə olan vəsaitlə alver etmək məqsədi ilə mal gətirib satmış və əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh aldığı 30000 ABŞ dolları müqabilində iddiaçıya əldə etdiyi qazancı bərabər şəkildə bölüb verməyi, 30000 ABŞ dolları isə iddiaçının xəbərdarlığından sonra qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı hazırki tələbində cavabdehin aralarında olan razılaşmaya əməl etməyərək ondan aldığı 30000 ABŞ dolları məbləğində vəsaiti geri qaytarmadığını iddia edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclaslarda iştirak etməmişdir, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti göstərilməsi barədə şifahi razılaşmanın olduğu, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 30000 ABŞ dolları məbləğində pul vəsaitinin verildiyi, cavabdehin ona verilmiş 30000 ABŞ dolları məbləğində pula təminat verdiyi və iddiaçının tələbi ilə həmin pul vəsaitini geri qaytarmaqla bağlı üzərinə öhdəlik götürdüyü işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını cavabdehin birgə ticarət fəaliyyəti üçün iddiaçıdan aldığı pul vəsaitini birgə biznesin şəriklərinin gəlirdə olduğu kimi, ziyanda da bərabər iştirak etmələrinin tələb olunduğuna istinad edərək geri qaytarmamasına dair etirazı təşkil edir. Məhkəmə, cavabdehin etirazının əsasını təşkil edən dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa şərikli ticarət (biznes) fəaliyyəti ilə bağlı münbasibətləri tənzimləyən müqavilə konstruksiyası nəzərdə tutulmamışdır. Lakin, Mülki Məcəllənin 6.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. Məhkəmə müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Həmin razılaşmanın şərtlərindən birini də, cavabdehin şərikli biznes aparılması məqsədi ilə iddiaçıdan aldığı pul vəsaitinə təminat verməsi, biznes fəaliyyətinin uğursuz olması halında həmin vəsaiti iddiaçıya geri qaytarması barədə öhdəlik götürməsi təşkil etmişdir. Göründüyü kimi, tərəflərin razılaşmasına əsasən iddiaçının şərikli ticarət üçün qoyduğu mayaya (kapital) münasibətdə yalnız birgə fəaliyyət nəticəsində əldə edilən gəlirə ortaq olması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan razılaşma tərəflərin sərbəst iradəsi əsasında yaranmışdır və həmin şərtin qanunvericiliyə zidd olmasına və ya etibarsızlığına dəlalət edən hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddianın maddi hüquqi əsaslandırılması ilə əlaqədar qeyd edir ki, işin hallarına əsasən tərəflər arasında şifahi qaydada bağlanmış müqavilə üzrə hüquq və vəzifələr yarandığına görə, mübahisəyə öhdəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh 30000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində pul və ödənilmiş 240 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar