Məhkəmə qərarları › İş №2-2(121)-361/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-361/2021

17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-361/2021 17.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun iştirakları ilə, İddiaçı1 cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsinə və iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlundan brilyant qaşları olan bir cüt sırğanın, 1 ədəd qızıl üzüyün, 1 ədəd kulon boyunbağının, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasının, moruq adlanan brilyant qaşlı bir cüt sırğanın və 1 ədəd qızıl üzüyün və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən icarə əsasında işlətdiyi dükanda qızıl əşyalarının satışı ilə məşğul olur. 20 may 2019-cu il tarixdə Masallı rayonu, Xıl kəndində yaşayan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlundan nisyə 20 ədəd 10-luq qızıl almış və həmin qızılın müqabilində onun mülkiyyətində olan brilyant qaşlı bir cüt sırğanı, 1 ədəd qızıl üzüyü, 1 ədəd kulon boyunbağı, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasını, əlavə olaraq moruq adlanan brilyant qaşlı olan bir cüt sırğanı və 1 ədəd qızıl üzüyü girov olaraq, Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna vermişdir. 20 iyul 2019-cu il tarixdə cavabdehə borclu qaldığı pulu hissəhissə olaraq, tam ödəmiş və girov qoyduğu qızıl əşyaları ondan geri tələb etmişdir. Lakin Cavabdeh2 həmin qızıl əşyaları ona qaytarmaqdan imtina etmişdir. Həmin qızıl əmlaklar onun mülkiyyətində olmaqla ona məxsus olmuşdur. Lakin cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu onun mülkiyyətində olan qızılları geri verməmiş və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 7.527 manat və 17.508 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin may ayında İddiaçı1 ona 20 ədəd 10-luq qızıl lazım olduğunu, lakin pulunu satdıqdan sonra qaytaracağını bildirmişdir. İddiaçı1 əvvəlki alış-verişdən ona borcu qaldığından Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu onunla razılaşmamış və bu zaman İddiaçı1 10-luq qızılların əvəzində ona 4.000 manat dəyərində qızıl-zinət əşyası verəcəyini, əvəzində ona 10-luq qızıl verməsini istəmişdir. Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu onunla razılaşmışdır. Həmin vaxt İddiaçı1 4.073 manat dəyərində birliyant qaşlı 1 cüt sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd klon boyunbağı, 1 ədəd qızıl üzük ümumi çəkisi 39,13 qram (750 əyarlı), 1 ədəd qolbağı 9,67 qram (583 əyarlı) və 1 cüt birliyant qaşlı moruq adlanan sırğa komplekti 15,7 qram çəkidə (750 əyarlı) olmaqla ümumilikdə 64,5 qram qarşıq qızılları Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna vermişdir. Həmin qızılların bazar qiyməti 1 qramı 43 manat olmaqla 2.773 manat ümumi qızıllar və 1.300 manat isə brilyantlar hesablanmışdır. İddiaçı1 qızıl-zinət əşyalarını gətirib verdikdən sonra Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu ona 20 ədəd 10-luq qızıl vermişdir. 10-luq qızılın bir ədədini 580 manat olmaqla 20 ədəd 10-luq qızılın dəyəri ümumilikdə 11.600 manat təşkil etmiş, həmin məbləğdən 4.073 manat çxdıqdan sonra yerdə qalan 7.527 manat pulu isə qızıllarını satdıqdan sonra qaytaracağını vəd vermişdir. Lakin həmin vaxtdan İddiaçı1 ona qalan pulu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən qalan borcu tələb etsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməmişdir. Bundan başqa Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun Masallı şəhərində “Xan-Çinar” bazarında Rəhman adlı qızıl məmulatları satan şəxslə alış-verişi olmuş, Rəhman üçün Bakı şəhərindən Türk qızıllarını gətirmiş, Rəhmanın isə ona 31.700 ABŞ dolları borcu yaranmış, lakin Rəhman borcunu qayatmamış və Rəhman həmin pulun 17.508 ABŞ dollarının İddiaçı1 olmasını və Asifdən həmin pulu ala bilmədiyini bildirmişdir. Hazırda Rəhmanın ona qaytaracağı pulun bir hissəsi Asifdə olduğundan həmin pulun da Asifdən alınıb ona verilməsini xahiş edir. Qeyd olunanlara əsasən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən 19.11.2019cu il tarixdə İddiaçı1 ünvanlanmış məktubda qeyd edilir ki, İddiaçı1 20 may 2019-cu il tarixdə Masallı rayonu, Xıl kəndində yaşayan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlundan nisyə 20 ədəd 10-luq qızıl almış və həmin qızılın müqabilində onun mülkiyyətində olan brilyant qaşları olan bir cüt sırğanı, 1 ədəd qızıl üzüyü, 1 ədəd kulon boyunbağını, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasını, əlavə olaraq brilyant qaşları olan moruq adlanan bir cüt sırğanı və 1 ədəd qızıl üzüyü girov olaraq Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna vermişdir. Bir müddət sonra 20 iyul 2019-cu il tarixdə cavabdehə borclu qaldığı pulu hissə-hissə olaraq tam ödəmiş və girov qoyduğu qızıl əşyaları ondan geri tələb etmişdir. Lakin Cavabdeh2 həmin qızıl əşyaları ona qaytarmaqdan imtina etmişdir. Həmin xüsusat mülki xarakterli olduğundan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu şifahi əqd əsasında üzərinə götürdüyü mülki öhdəliyi yerinə yetirmədiyindən həmin qızıl-zinət əşyalarının geri qayatarılması tələbi ilə İddiaçı1 məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan İddiaçı1 Cəlilabad Rayon Polis Şöbəsinə verdiyi izahatında qeyd olunur ki, 20 may 2019-cu il tarixdə Masallı rayonu, Xıl kəndində yaşayan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlundan nisyə 20 ədəd 10-luq qızıl almış, qızılın bir ədədi 660 manat olmaqla, qızılların cəmi dəyəri 13.200 manat təşkil etmiş və həmin qızılın müqabilində onun mülkiyyətində olan brilyant qaşları olan bir cüt sırğanı, 1 ədəd qızıl üzüyü, 1 ədəd kulon boyunbağı, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasını, əlavə olaraq moruq adlanan brilyant qaşlı bir cüt sırğanı və 1 ədəd qızıl üzüyü girov olaraq Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna vermişdir. Həmin zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və bir ədəd qolbağının dəyəri 14.500 manat olmuş, digər bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzük 2.500 manat dəyərində olmuşdur. Bir müddət sonra 20 iyul 2019-cu il tarixdə cavabdehə borclu qaldığı 13.200 manat pulu hissə-hissə olaraq tam ödəmiş və girov qoyduğu qızıl əşyaları ondan geri tələb etmişdir. Lakin Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu həmin qızıl əşyaları ona qaytarmaqdan imtina etmişdir. Girov qoyduğu qızıl əşyalarının dəyəri 17.000 manat təşkil edir. İş materiallarında olan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun Cəlilabad Rayon Polis Şöbəsinə verdiyi izahatında qeyd olunur ki, İddiaçı1 ona 20 ədəd 10-luq qızıl lazım olduğunu bildirmiş, o isə 20 ədəd 10-luq qızıl əşyasının bir ədədini 550 manata satdığını bildirmişdir. Asif həmin 20 ədəd 10-luq qızılları bir günlük nisyə alıb aparacağını və sabahısı gün müştəriyə satıb 11.000 manat pulu ona ödəyəcəyini demişdir. 2 gün sonra Asif ona zəng edib qızılların pulunu ayın axırına qədər verəcəyini dedikdə, o, narazılığını bildirmiş və İddiaçı1 nisyə satdığı qızılların qaytarılmasını tələb etmiş, Asif isə əvəzində girov olaraq qiymətli əşya qoymaq istədiyini bildirmiş və onlar razılığa gəlmişlər. İddiaçı1 zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və bir ədəd qolbağısı ilə birlikdə qızıl-zinət əşyası, bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzüyü girov olaraq ona vermişdir. Həmin zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və bir ədəd qolbağının dəyəri 3.500 manat dəyərində olmuş, digər bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzük isə 1.100 manat dəyərində olmuşdur. Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu həmin qızıl-zinət əşyaları 10-luq qızılları nisyə aldığı Masallı rayonu, Xıl kənd sakini X5 girov vermiş, çünki Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu da 10-luq adlanan qızılları Ağayev Rəhmandan bir günlük nisyə almışdır. Aralarında olan razılaşmaya əsasən İddiaçı1 satmaq üçün nisyə aldığı 10-luq qızılları satdıqdan sonra, pulunu geri qaytardıqda girov qoyduğu həmin qızıl-zinət əşyalarını ona qaytaracaqdır. Lakin 2019-cu ilin may ayının sonuna kimi Asif borclu qaldığı 11.000 manat pulu ödəyə bilmədikdə, girov verdiyi qızılzinət əşyalarının onun tərəfindən satılaraq borclu qaldığı puldan çıxmağı bildirmiş, İddiaçı1 həmin vaxtdan sonra 20 avqust 2019-cu il tarixinədək Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna borclu qaldığı 11.000 manat pulu hissə-hissə olaraq qaytarmış və Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu həmin pullan borclu olduğu Rəhmana hissəhissə vermişdir. İddiaçı1 ona girov olaraq verdiyi həmin zümrüd dəst, yəni brilyant qaşlan olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və qolbağısı ilə birlikdə qizılzinət əşyasını, bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzük X2 qalmışdır. Rəhman Ağayev həmin qızıl-zinət əşyalarını Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna geri verməmiş, çünki İddiaçı1 Rəhman Ağayevə 17.500 ABŞ dolları borclu qalmış, buna görə də Rəhman Ağayev girov verdiyi qızıl-zinət əşyalarını 3.500 ABŞ dolları qiymətinə sataraq Asifin ona borclu qaldığı puldan çıxmışdır. Həmçinin İddiaçı1 Ağayev Rəhmana 14.000 ABŞ dolları məbləğində borclu qaldığından, İddiaçı1 girov götürdüyü zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və qolbağısı ilə birlikdə qızıl-zinət əşyasını, bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzüyü geri qaytara bilməyəcəyini bildirmişdir. İş materiallarında olan X3 Cəlilabad Rayon Polis Şöbəsinə verdiyi izahatında qeyd olunur ki, İddiaçı1 ilə aralarında 17 ildir qızıl-zinət əşyalarının nisyə şəkildə alqı-satqısı olmuş, qızıl-zinət əşyalarını nisyə olaraq Asifə satmış, Asif isə ona verilmiş qızılları sataraq borcunu hissə-hissə qaytarmışdır. 18 may 2019-cu il tarixdə həmkəndlisi Hüseynov (Hüseynli) Elsəvər Ağahəsən oğlunun ondan, nisyə olaraq 20 ədəd 10-luq qızılları bir günlük nisyə alıb aparacağını və sabahısı gün müştəriyə satıb 10.800 manat pulu ona ödəyəcəyini demişdir. 3 gün sonra isə X7 işlədiyi Masallı rayonunda yerləşən “Xan Çinar” bazarına gəlib həmin qızılların əvəzində müştəridən aldığı zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və bir ədəd qolbağısı ilə birlikdə qızıl-zinət əşyasını, bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzüyü girov olaraq ona vermiş və müştərisi olan qızılçı Asif 2019-cu ilin may ayının axırında pulu ona qaytardıqdan sonra gəlib girov qoyduğu qızıl-zinət əşyalarını götürəcəyini bildirmişdir. Rəhman Ağayev 3 gün ərzində 10-luq qızılların pulunu tam ödənilmədiyi halda, girov verilən qızıl-zinət əşyalarını satıb, Bakıdan nisyə aldığı şəxsə göndərəcəyini Elsəvər Hüseynova bildirmişdir. Ağayev Rəhman təxminən 3-4 gün sonra Elsəvərin ona girov verdiyi həmin qızıl-zinət əşyalarını 4.592 manata satıb pulu Bakıdakı şəxsə göndərmişdir. Həmin qızıl-zinət əşyaları olan zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və bir ədəd qolbağı, digər bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzük ümumilikdə təxminən 2.700 ABŞ dollan dəyərində olmuşdur. Hüseynov (Hüseynli) Elsəvər Ağahəsən oğlu nisyə satdığı 20 ədəd 10-luq qızılın müqabilində İddiaçı1 ümumilikdə ona hissə-hissə olaraq 13.200 manat deyil, cəmi 11.000 manat pul ödəmişdir. Hüseynov (Hüseynli) Elsəvərin İddiaçı1 girov götürdüyü zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı və qolbağısı ilə birlikdə qızıl-zinət əşyasının 39,13 qramı 750 əyarlı qızıl, 9,67 qramı isə 583 əyarlı qızıl olmuş, həmin dəstin brilyant qaşları isə 4 karat olmuşdur. Bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzüyün ümumi çəkisi 15,7 qram 750 əyar olmuş, brilyant qaşı isə 1 karat olmuşdur. Bu qızıl-zinət əşyalarını Hüseynov (Hüseynli) Elsəvər Ağahəsən oğlu ilə birlikdə çəkib ölçüdüyünü, buna görə qızılzinət əşyalarının ümumi dəyəri 4.592 manat olsa da, artıq hesablayıb 6.000 manat olaraq dəyərləndirmiş və İddiaçı1 ona borclu qaldığı puldan çıxdığını bildirmişdir. Həmçinin Hüseynov (Hüseynli) X4 Asif Adil oğlundan girov aldığı həmin qızıl-zinət əşyalarını Elsevər tərəfindən ona girov verdiyini, lakin İddiaçı1 qızıl-zinət əşyası alqı-satqısı ilə bağlı ona 17.500 ABŞ dolları borclu qaldığı üçün həmin qızılları 6.000 manat dəyərində hesablayıb satdığını, Asifin isə hazırda ona 14.000 ABŞ dolları məbləğində borclu qaldığını, buna görə də İddiaçı1 Elsəvər Hüseynovun girov götürdüyü zümrüd dəst, yəni brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı yə qolbağısı ilə birlikdə qızılzinət əşyasını, bundan əlavə bir dəst yəni, brilyant qaşları olan moruq adlanan bir cüt sırğa və bir ədəd üzüyü geri qaytara bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun sorğusu əsasında qızıl-zinət əşyalarının 2019-cu il nəzərə alınmaqla, indiki bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair ekspert rəyindən görünür ki, ümumilikdə 64,5 qram çəkidə brilyant qaşları olan bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulon boyunbağı, bir ədəd qolbağı və bir dəst yəni, brilyant qaşları olan moruq tipli bir cüt sırğa və bir ədəd üzük 4.100 manat məbləğində dəyərləndirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 və cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu arasında şifahi qaydada bağlanılmış nisyə alqı-satqı müqaviləsinə əsasən, İmanov X6 (Hüseynli) Elsevər Ağahəsən oğlundan 20 ədəd 10-luq qızıl-zinət əşyası almış və həmin qızıl-zinət əşyalarının müqabilində özünə məxsus brilyant qaşları olan bir cüt sırğanı, 1 ədəd qızıl üzüyü, 1 ədəd kulon boyunbağını, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasını, brilyant qaşları olan moruq adlanan bir cüt sırğanı və 1 ədəd qızıl üzüyü girov olaraq Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna vermişdir. Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu həmin 20 ədəd 10-luq qızıl-zinət əşyasını X1 götürərək, İddiaçı1 vermiş və İddiaçı1 ona girov olaraq verdiyi qızıl-zinət əşyalarını X5 vermişdir. Sonradan İddiaçı1 20 ədəd 10-luq qızıl-zinət əşyasının dəyərini Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna ödəyərək, girov verdiyi qızıl-zinət əşyalarının geri qaytarılmasını ondan tələb etmiş, lakin həmin qızıl-zinət əşyaları Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu tərəfindən X5 verildiyi, sonuncu tərəfindən isə onların satıldığı səbəbindən, girov olaraq götürülmüş brilyant qaşları olan bir cüt sırğanın, 1 ədəd qızıl üzüyün, 1 ədəd kulon boyunbağının, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyasının, brilyant qaşları olan moruq adlanan bir cüt sırğanın və 1 ədəd qızıl üzüyün İddiaçı1 geri qaytarılması mümkün olmamışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, həm ilk həm də qarşılıqlı iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Həmin Məcəllənin 437.2-ci maddəsinə əsasən, əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.4-cü maddəsinə əsasən, bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Həmin Məcəllənin 283.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir; girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər görməlidir; girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir. Həmin Məcəllənin 285.2-ci maddəsinə əsasən, girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi üçün, məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır. Həmin Məcəllənin 285.3-cü maddəsinə əsasən, girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, ilk iddia üzrə iddia predmeti olan brilyant qaşları olan bir cüt sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd kulon boyunbağı, 1 ədəd qolbağısı ilə birlikdə qızıl əşyası, moruq adlanan brilyant qaşlı bir cüt sırğa və 1 ədəd qızıl üzük hal-hazırda Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunda deyildir. Həmin qızıl-zinət əşyaları Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu tərəfindən X5 verilmiş, sonuncu tərəfindən isə onlar satılmışdır. Məhkəmə hesab edir ki, sözügedən qızıl-zinət əşyaları ilk iddia üzrə İddiaçı1 üçün xüsusi mənəvi əhəmiyyəti olmasına və həmin əşyaların fərdi-müəyyən əşya hesab edilməsinə baxmayaraq, qeyd olunan əşyalar satıldığı üçün onların qaytarılması mümkün deyildir. Belə olan halda isə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, sözügedən qızıl-zinət əşyalarının dəyəri tələb edilə bilər. Lakin ilk iddia üzrə iddiaçı həmin qızıl-zinət əşyalarının dəyərini deyil, əşyaların özünü tələb etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, tələb olunan qızıl-zinət əşyaları ilk iddia üzrə cavabdehdə olmadığından və həmin əşyaların ilk iddia üzrə iddiaçıya qaytarılması mümkün olmadığından ilk iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu cavabdeh İddiaçı1 qarşı 7.527 manat və17.508 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı1 alınıb ona verilməsnə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun Cəlilabad Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, İddiaçı1 verdiyi 20 ədəd 10-luq qızıl-zinət əşyasının dəyərini İddiaçı1 aldığını etiraf etmişdir. Belə olan halda, həmin qızıl-zinət əşyalarının dəyərinin bir hissəsini təşkil edən 7.527 manat pulun təkrarən İddiaçı1 Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun xeyrinə tutulması mümkün deyildir. Qarşılıqlı iddianın 17.508 ABŞ dolları məbləğində pulun tutulması hissəsini də məhkəmə əsassız hesab edir. Belə ki, İddiaçı1 Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna qeyd olunan məbləğdə pul borclu olmasına dair iş materiallarında hər-hansı sənəd mövcud deyildir. Həmçinin İddiaçı1 X5 borclu olduğu iddia edilən məbləğin Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlu tərəfindən tələb edilməsinə onun subyektiv hüququ da yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi və iddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 cavabdeh Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğluna qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Hüseynov (Hüseynli) Elsevər Ağahəsən oğlunun cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar