Məhkəmə qərarları › İş №2-2(121)-424/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-424/2025

06.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-424/2025 06.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 39.200 manat olmaqla, cəmi 74.200 manat pulun və dövlət rüsumuna görə ödədiyi 312 manat olmaqla, ümumilikdə 74.512 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndlisi olan Cavabdeh xx.xx.2023-cü il tarixdə ona yaxınlaşıb ehtiyacı olduğuna görə ondan 35.000 manat borc pul istəmişdir. O cavabdehin həmkəndlisi olmasını və onun həqiqətəndə pula ehtiyacının olmasına görə cavabdehə 35.000 manat pul vermişdir. Cavabdeh X2 pulu ondan aldıqdan sonra o, borc aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmişdir. O, cavabdehə əgər borc aldığı pulu vaxtında qaytara bilməsə hər gecikdirdiyi günə görə ondan əlavə 350 manat pul alacağını bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35.000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə borc aldığı 35.000 manat pulun 1% həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüşdür və bu barədə hər iki tərəfin iştirakı ilə qəbz yazıb ona vermişdir. Cavabdeh X1 ondan borc aldığı 35.000 manat pulu qaytaracağına söz verdiyi müddət bitəndən sonra onunla əlaqə saxlamış, Cavabdeh ondan əlavə vaxt istəmiş, sonradan isə müxtəlif bəhanələr gətirərək qaytarmağa pulunun olmadığını bildirmiş borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o 04.11,2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35.000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68600 manat pulun qaytarılması üçün Cavabdeh qeydiyyatda olduğu ünvana ona borclu olduğu gecikdirilmiş günlərə görə hesablanmış faizlə birlikdə 68600 manat pulun qaytarılması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh T.X.Şıxəliyev xəbərdarlıq məktubunu alqıdan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirib toydan yığdığı pulu toplayıb borcunun bir hissəsini ödəyəcəyinə söz versə də, sonradan həmin sözünə əməl etməmişdir. Hazırda Cavabdeh ona xəbərdarlıq məktubunun göndərilməsindən sonra keçən günlərə görə hesablanmış faizlə birlikdə 74.200 manat borcu vardır. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçıdan bir dəfə 5000 manat borc aldığını, həmin borcunu isə qaytardığını, borcun bur hissəsini iddiaçının oğlunun bank kartına ödədiyini, qalan məbləği isə nağd qaydada iddiaçıya ödədiyini, iddiaçıdan 35000 manat məbləğində borc aldığına dair qəbzi iddiaçıya inanaraq imzaladığını, əslində isə həmin məbləğdə borc almadığını bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sadə formada yazılmış qəbzin surətindən görünür ki, o, ehtiyacı olduğu üçün həmkəndlisi İddiaçı xx.xx.2023-cü il tarixdə 35.000 manat borc pul almış, həmin borcu 30 iyul 2023-cü il tarixdə qaytaracağına söz vermiş və həmin tarixdə borcu qaytara bilməsə gecikdirdliyi hər gün üçün borcun (35.000) bir faizi qədərində əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Götürdüyü öhdəliyin məsuliyyətini başa düşərək qanunda nəzərdə tutulmuş qaydada vəzifəsini bilərək qəbzin hüquqi sənəd olduğunu təsdiq edərək qəbzin doğruluğunu imzası ilə təsdiqlədiyini qeyd etmişdir. Həmin qəbzdə Cavabdeh Ağabala oğlu İddiaçı 35.000 manat pulu sayıb qəbul ediyini qeyd edib təhvil aldı qrafasına imza etmiş, təhvil verdi qrafasına isə İddiaçı imza etmişdir. İş materiallarına olan qəbzin surətindən görünür ki, Kürdəmir rayonu, Xəlsə kəndində yaşayan Cavabdeh 16 may 2023-cü il tarixdə həmkəndilisi İddiaçı borc qismində 5000 manat almışdır. Borc aldığı həmin məbləği 16 iyun 2023-cü il tarixdə qaytarmağı, əks halda həmin borcu vaxtında qaytarmadıqda, həmin borcla birlikdə əlavə olaraq borcun 40%-ni gecikdirdiyi hər ay üçün ödəməyi üzərinə götürərəcəyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu 68600 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan karta mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində dörd dəfə olmaqla son dörd rəqəmi 5465 olan bank kartına ümumilkdə cəmi 785 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı həmkəndlisi olan Cavabdeh xx.xx.2023-cü il tarixdə 35000 manat məbləğində borc pul verdiyini, razılaşmalarına əsasən borcun qaytarılmasının gecikdirilməsi halında cavabdehin əlavə pul ödəyəcəyi barədə üzərinə əlavə öhdəlik götürdüyünü, cavabdeh tərəfindən bu barədə qəbz yazılaraq ona verildiyini, lakin cavabdehin borcu müəyyənləşdirilmiş müddətdə qaytarmadığını iddia edir, cavabdeh isə iddiaçıdan cəmi bir dəfə 5000 manat məbləğində borc pul aldığını, həmin pulu isə tam şəkildə qaytardığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında pul vəsaitinin borc verilməsinə dair müqavilə bağlandığı (qeyd olunmalıdır ki, işdə olan borcun verilməsinə dair sənəd “qəbz” adlandırılsa da, həmin sənədin məzmun və forma etibarı ilə borc müqaviləsi olduğu aşkardır), cavabdeh tərəfindən iddiaçının oğlunun (tərəflərin bildirdiklərinə əsasən) bank kartına 785 manat məbləğində pul vəsaitinin mədaxil edildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddiaçı tərəfindən cavabdehə verilmiş borcun məbləğinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı cavabdehə 35000 manat məbləğində borc pul verdiyini və cavabdehin həmin borcu qaytarmadığını, cavabdeh isə iddiaçıdan bir dəfə olmaqla 5000 manat məbləğində borc pul aldığını və borcunu tam şəkildə qaytardığını iddia edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi baxılan işin əsas mübahisəli məqamı tərəflər arasında mövcud olmuş borc münasibətləri üzrə verilmiş borcun məbləği ilə bağlıdır. İddiaçı ərizəsində göstərdiyi məbləğdə (35000 manat) pul borc verdiyinə dair tələbinin əsası kimi hər iki tərəfin imzası ilə təsdiq etdikləri sənədə və borcun etirafına dair cavabdehin özü tərəfindən yazılaraq yenə hər iki tərəfin imzası ilə təsdiq edilmiş qəbzə istinad edir. Cavabdeh isə adı çəkilən sənədlərin onun tərəfindən imzalandığını, həmçinin qəbzin yenə onun tərəfindən yazılaraq imzalandığını etiraf etsə də, bunu iddiaçının təkidi ilə ona inanaraq etdiyinə istinad edir. Tərəflərin yuxarıda göstərilən istinadlarına və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, baxılan iş üzrə mübahisənin həlli üçün adı çəkilən sənəd və qəbzə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda artıq tərəflər arasında pul vəsaitinin borc verilməsinə dair sənəd “Qəbz” adlandırılsa da, həmin sənədin məzmun və forma etibarı ilə borc müqaviləsi olduğu şərh olunmuşdur. Məhkəmə, cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzin hüquqi mahiyyətinə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, həmin sənəd mahiyyət etibarı ilə özündə borcun etirafına dair cavabdehin iradə ifadəsini ehtiva edir. Qeyd edilməlidir ki, işdə olan cavabdehin özü tərəfindən yazılaraq yenə hər iki tərəfin imzası ilə təsdiq edilmiş qəbz adlandırılan sənəd də onun məzmunu nəzərə alındıqda mahiyyət etibarı ilə əqddir və buna görə də mülki qanunvericilikdə əqdlərin etibarlı hesab edilməsi üçün nəzərdə tutulmuş bütün məcburi göstərişlər və normativ tələblər həmin sənədə də şamil edilməlidir. Mülki qanunvericilikdə əqdlərin etibarlılığı ilə əlaqədar nəzərdə tutulan subyekt, məzmun, sərbəst və həqiqi iradə ifadələrinin bəyanı və onların bir-birinə uyğunluğu kimi əsas tələblər borcun etirafına dair əqdin etibarlı şəkildə bağlanmış hesab edilməsi üçün zəruri tələblərdir. Lakin qeyd edilməlidir ki, borcun etirafına dair əqdin digər əqdlərdən əsas fərqləndirici əlaməti, onun özlüyündə yeni və müstəqil mülki hüquq və vəzifələr yaratması xüsusiyyətindən çox, həmin sənədi tərtib edənlər arasında artıq mövcud olan mülki hüquq münasibətlərindən yaranan öhdəliyin etirafı xarakterində olmasıdır. Məhkəmə qeyd edir ki, işdə olan borc müqaviləsi və cavabdehin borcun etirafına dair iradə ifadəsini əks etdirən qəbz cavabdeh tərəfindən o əsasla mübahisələndirilir ki, həmin sənədləri o, iddiaçının təkidi ilə aldalınaraq imzalamışdır (yazmışdır). Məhkəmə, cavabdehin öz etirazının əsası kimi gətirdiyi dəlilə işin müəyyən edilmiş faktiki hallarına əsasən qiymət verərək bu qənaətə gəlir ki, həmin dəlil əsassızdır. Belə ki, əvvəla cavabdeh yuxarıda qeyd olunan sənədləri iddiaçının tələbinə əsasən ona inandığına görə yazdığını və imzaladığını bildirməsinə baxmayaraq bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, həmin sənədlərin tərtib edilməsindən sonra iddiaçı tərəfindən aldadılmasını mübahisələndirməsinə, bu barədə hər hansı bir orqana müraciət etməsinə dair sübutu da cavabdeh təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan cəmi bir dəfə 5000 manat məbləğində borc pul aldığına, həmin pulu isə tam şəkildə qaytardığına dair izahat verməsinə baxmayaraq, baxılan iş üzrə Kürdəmir Rayon Məhkəməsində keçirilmiş iclasda verdiyi izahatında iddiaçıdan ümumilikdə 16000 manat borc pul aldığını və borc aldığı 16.000 manat pula görə iddiaçıya 26000 manat pul ödədiyini bildirmişdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, işdə olan borc müqaviləsi və cavabdehin borcun etirafına dair iradə ifadəsini əks etdirən qəbzin etibarsızlığına dair cavabdehin etirazının əsası kimi gətirdiyi dəlilin öz təsdiqini tapmadığı aşkar edilir. Buna görə də, adı çəkilən sənədlərin məzmunları ilə müəyyən edilən xüsusatlar işin mübahisəsiz halları kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borcunu etiraf etdiyinə və onun tərəfindən yazılaraq imzalanması sübut olunan, özündə borcun etirafına dair iradə ifadəsini ehtiva edən qəbz mövcud olduğuna görə həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. Cavabdeh isə adı çəkilən sənədlərin məzmununu onun iradəsinə uyğun olmaması əsası ilə mübahisələndirsə də, həmin xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, qeyd olunan qəbzlə müəyyən edilmiş hal, yəni cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 35000 manat məbləğində borcunun olması işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qəbzin mötəbərliliyi müəyyən edildikdən sonra, baxılan işin mübahisəli halı, yəni iddiaçı tərəfindən cavabdehə borc verilmiş pulun tam və ya qismən qaytarılmasının müəyyən edilməsi artıq işin mübahisəsiz halı kimi qəbul edilən xx.xx.2023-cü il tarixli qəbzə əsasən cavabdehin həmin tarixə iddiaçıya 35000 manat məbləğində borcunun olması faktı nəzərə alınmaqla araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdən sonra borcun tam və ya qismən ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən yalnız 785 manat məbləğində pulun iddiaçıya ödənilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı 35000 manat məbləğində pulu cavabdehə borc olaraq versə də, cavabdeh həmin məbləğdən cəmi 785 manat pulu geri qaytarmışdır. Nəticədə cavabdehin aldığı borca görə geri qaytarılmamış 34215 manat məbləğində iddiaçıya borcu qalmışdır. Buna görə də, iddiaçının borc müqaviləsi üzrə yaranmış əsas borcun tutulması tələbinə dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbini müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 350 manat olmaqla 39200 manat məbləğində əlavə ödənişin tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, əvvəla tərəflər arasında olan razılaşmada həmin əlavə ödənişin öhdəliyin icrasının təmini üsulu kimi cərimə formasında və ya gecikdirmə faizi formasında nəzərdə tutulduğu qeyd olunmamışdır. Buna görə də, həmin əlavə ödənişin təyinatını və hüquqi əsasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən qısa müddət ərzində qaytarılması nəzərdə tutulmuş kifayət qədər böyük məbləğdə pulun vaxtında qaytarılmadığı halda gecikdirilən hər gün üçün ümumi məbləğin 1 %-i həcmində əlavə ödənişin müqavilədə nəzərdə tutulması mülki hüquqda xüsusi yer tutan etimad və vicdanlılıq, hüquqdan sui-istifadə edilməsinə yol verilməməsi prinsiplərinə zidd hesab edilməlidir. Məhkəmə, son şərh olunan hala analogiya tətbiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsində göstərildiyi kimi, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119 və 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 34215 manat məbləğində pul və ödənilmiş 192,64 manat dövlət rüsumu olmaqla, cəmi 34407,64 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 119,36 manat dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar