Məhkəmə qərarları › İş №2-2(121)-45/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-45/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-45/2021 07.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı texnikaların qaytarılması və pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinin ləğv edilməsi, 2 ədəd tikinti texnikasının ona qaytarılması və 13.720 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlanaraq, Cavabdeh iki ədəd tikinti (qaldırıcı) texnikanın alınıb iddiaçıya qaytarılması, 01 sentyabr 2018-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək 16.800 manat icarə haqqı borcunun, 2.555 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 19.355 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, 01 avqust 2018-ci il tarixdə Cavabdeh ilə “tikinti texnikasının kirayəsi” müqaviləsi bağlayıb ona məxsus olan 2 ədəd “Tikinti fasad qaldırıcı texnikası”nı cavabdehə kirayəyə vermişdir. Bu barədə aralarında 01 avqust 2018-ci il tarixli müqavilə və müqaviləyə 2 əlavə akt tərtib olunmuş və imzalanmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh hər texnikanın bir ay kirayəsinə görə 350 manat olmaqla, aya 700 manat kirayə haqqı ödəməli idi. Cavabdeh 1 ay üçün kirayə haqqını ödəmiş və texnikanı aparmışdır. Sonradan isə müqavilənin heç bir şərtinə əməl etməmiş, eləcə də kirayə haqqını ödəməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb kirayə haqqını ödəməyi və müqavilənin şərtlərini pozduğuna görə müqaviləni ləğv edəcəyini bildirmiş və texnikanı qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh sözlərinə əhəmiyyət verməmiş və üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən, icarə haqqının gecikdirilməsinə görə icarəçi hər gecikdirilmiş gün üçün razılığa gələn icarə haqqının ümumi miqdarından 0.5%-i qədər cərimə ödəyir. Odur ki, Cavabdeh iki ədəd tikinti (qaldırıcı) texnikanın alınıb iddiaçıya qaytarılması, 01 sentyabr 2018-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək 16.800 manat icarə haqqı borcunun, 2.555 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 19.355 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o ilk ayı 700 manat ödəyərək, texnikaları kirayə götürmüşdür. 2-ci ayın kirayə haqqını vermək üçün İddiaçı zəng etmiş, o isə Moskvada olduğunu, orada 3-4 aylıq işi olduğunu, 3-4 aydan sonra gələcəyini bildirmişdir. O, 2-ci ayın kirayə haqqını İddiaçı məxsus texnikaların ustasına vermək istəmiş, lakin o, pulu qəbul etməkdən imtina etmişdir. 2018-ci ildə İddiaçı gəldikdən sonra, ona zəng edərək, pulu və texnikaları vermək istəmiş, İddiaçı ona vaxtının olmadığını, sonra gəlib baxacağını demişdir. Lakin İddiaçı gəlmədiyi üçün o, həmin əmlakları təhvil verə bilməmişdir. Onun qaldırdığı iddia əsassızdır. Həmin texnikalar ondadır, İddiaçı nə vaxt istəsə, qaytara bilər. Əmlakların qaytarılması hissəsində iddianı qəbul edir. Lakin pul hissəsində iddianı qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı məhkəmənin elektron poçt ünvanına ərizə göndərərək, koronovirusa yoluxduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı “İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsindən görünür ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəyə götürən) arasında icarəyə verənə məxsus tikinti texnikasını müvəqqəti sahiblik və istifadəsi üçün ödəniş əsasında icarəyə götürənə icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “İcarəyə verən” müqavilənin əlavələrində qeyd olunmuş xüsusi texnikanı icarəçiyə işlək, işə yararlı vəziyyətdə verməyi, “İcarəyə götürən” isə xüsusi texnikanı onun təyinatı və əməliyyat parametirinə uyğun istifadə etməyi və tərəflərin razılaşdırdığı tarixdə xüsusi texnikanın istifadəsi üçün icarə haqqını verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.08.2018-ci il tarixli xüsusi texnikanın təhvil-təslim aktlarından görünür ki, texnikalar Cavabdeh təhvil verilmiş və tərəflər arasında təhviltəslim aktları imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 27.08.2019-cu il tarixli tələbnamədən görünür ki, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinə əsasən, borcun ödənilməsi və texnikaların qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan 04.03.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş işin 6-7-ci vərəqlərində olan 1 avqust 2018-ci il tarixli tikinti texnikasının kirayəsi müqaviləsinin sonunda “İCARƏYƏ GÖTÜRƏN” qrafasında “Гəдимов Илдырым” yazılarının qarşısındakı imzanın, 8-ci səhifədə olan 1 avqust 2018-ci il tarixli xüsusi texnikanın təhvil-təslim aktında “TƏHVİL ALDİ” qrafasında “Гəдимов И” yazılarının qarşısındakı imzanın və 9-cu səhifədəki 1 avqust 2018-ci il tarixli xüsusi texnikanın təhviltəslim aktında “TƏHVİL ALDİ” qrafasında “Гəдимов И” yazılarının qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. İş materiallarında olan 30.11.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsi bağlanılmış və 2 ədəd texnika Cavabdeh təhvil verilmişdir. Cavabdeh həmin texnikaların hər birinə aylıq 350 manat olmaqla, cəmi 700 manat kirayə (icarə) haqqı ödəməli olmasına baxmayaraq, 01 avqust 2018-ci il tarixdən başlayaraq, cəmi 700 manat ödəniş etmiş, lakin qalıq kirayə (icarə) haqqı borcunu ödəməmişdir. İddiaçı tərəfindən Cavabdeh müaciət olunaraq, tərəflər arasında bağlanmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinə əsasən, borcun ödənilməsi və texnikaların qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. Borc ödənilmədiyindən və texnikalar qaytarılmadığından, məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsindən irəli gəlir. Həmin müqavilə üzrə 2 ədəd texnikanın iddiaçı tərəfindən cavabdehə verildiyi, hazırda da həmin texnikaların cavabdehdə olduğu, yəni iddiaçıya qaytarılmadığı, cavabdeh tərəfindən isə iddiaçıya cəmi 700 manat kirayə (icarə) haqqı ödənildiyi iş materiallarında olan təhvil-təslim aktları, o cümlədən tərəflərin izahatları ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, 01 sentyabr 2018-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək 16.800 manat icarə haqqı borcunun tutulması hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Tərəflər arasında müqavilə 01.08.2018-ci il tarixdə bağlanılmış, cavabdeh 1 aylıq icarə (kirayə) haqqı borcunu ödəmiş, 01.09.2019-cu il tarixdən hesablanmağa başlamış icarə haqqını ödəməmiş və texnikanı iddiaçıya təhvil verməyərək, özündə saxlamışdır. Ona görə də, 01 sentyabr 2018-ci il tarixdən 01 sentyabr 2020-ci il tarixədək hesablanmış 16.800 manat (24 ay X 700 manat = 16.800 manat) icarə haqqı borcu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə iddianın 2.555 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinin 3.4-cü bəndinə əsasən, icarə haqqının gecikdirilməsinə görə, icarəçi hər gecikən gün üçün razılığa gəlinən icarə haqqının ümumi miqdarının 0,5%-i qədər cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 2.555 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə Cavabdeh iki ədəd tikinti (qaldırıcı) texnikanın alınıb iddiaçıya qaytarılması tələbinə münasibətdə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsinin 5.1-ci bəndinə əsasən, hazırki müqavilə onun imzalandığı andan qüvvəyə minir və müqavilənin 3.2-ci bəndinə əsasən icarənin bitdiyi tarixə qədər qüvvədədir. Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə pulunun alınması tarixi bu müqavilənin 1.4cü bəndinə əsasən xüsusi texnikanın tikinti meydançasına gətirilməsi haqda təhvil-təslim aktı ilə qeydə alınır. Müqavilənin 1.4-cü bəndinə əsasən, xüsusi texnikanın icarəçiyə verilməsi və qaytarılması tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-təslim aktının tərtib edilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 689.2-ci maddəsinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Həmin Məcəllənin 690.2-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Tərəflər arasında bağlanılmış 01 avqust 2018-ci il tarixli “Tikinti texnikasının kirayəsi” müqaviləsindən görünür ki, həmin müqavilənin qüvvədə olduğu müddət müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, texnikalar cavabdehə təhvil verilmiş, hazırda cavabdehin istifadəsindədir və iddiaçıya geri qaytarılmamışdır. Həmçinin iddiaçı tərəfindən müqavilənin ləğvinə dair cavabdehə bildiriş göndərilməsi və tərəflər arasında bağlanılmış müqavilənin ləğv olunması iş materialları ilə müəyyən olunmur. Belə olan halda isə, yəni tərəflər arasında bağlanılmış müqavilə qüvvədə olduğu halda, qanunverciliyin yuxarıda qeyd olunan normalarına və müqavilənin göstərilən bəndlərinə əsasən, Cavabdeh iki ədəd tikinti (qaldırıcı) texnikanın alınıb iddiaçıya qaytarılması tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, 26 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.800 manat əsas borc, 100 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 16.926 (on altı min doqquz yüz iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar