Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-456/2025 15.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14700 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad rayonunun Maşlıq kəndində kartof əkib-becərib satmaqla məşğul olur. Rusiya Federasiyasında müxtəlif növ toxumluq kartof gətirərək, bir hissəsini özü əkib-becərmək üçün saxlamış, digər hissəsini də toxumluq kartof istəyən şəxslərə satmışdır. 2022-ci ilin oktyabr ayında Cavabdeh onun yaşadığı Cəlilabad rayon Maşlıq kəndinə gələrək ondan toxumluq kartof almaq istəmişdir. Bu müqabildə cavabdeh Rahim Xubalıyeva müxtəlif vaxtlarda 3.5 ton "Kemerov" sortu bir kiloqramı 0.90 qəpikdən olmaqla cəmi 3150 manat, 7 ton “Arizona" bir kiloqramı 1 manat 25 qəpikdən olmaqla cəmi 8750 manat, 4 ton 100 bir kiloqramı 0.85 qəpikdən olmaqla cəmi 3400 manat, 4 ton bir kiloqramı 1 manat 20 qəpikdən olmaqla 4800 manat və 4 ton bir kiloqramı 0.85 qəpikdən olmaqla cəmi 3400 manat məbləğində toxumluq kartof vermişdir, bununla da aralarında olan cəmi borc 23500 manat məbləğində olmuşdur. Cavabdeh Rahin Xubalıyevlə aralarında olan ilkin razılaşmaya görə ilk öncə verdiyi 3.5 ton "Kemerov" sortu bir kiloqramı 0.90 qəpikdən olmaqla cəmi 3150 manat, 7 ton "Arizona" bir kiloqramı 1 manat 25 qəpikdən olmaqla cəmi 8750 manat ümumi borc, 11900 manatı borcdan yenə müxtəlif vaxtlarda onun adına olan Kapital Bankın “BirBank” kart hesabına (4169-7388-2091-2123) hesabına 8800 manat göndərmiş, ilk göndərdiyi kartofdan 3100 manat qalmışdır. Bundan əlavə sonrakı partiya verdiyi kartofdan da 11600 manat olmaqla cəmi 14700 manat borcu qalmışdır. Cavabdeh Rahim Xubalıyevdən dəfələrlə borcunu istəsə də müxtəlif bəhanələr gətirərək borcu verməkdən yayındığı üçün məcbur qalaraq Cəlilabad rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Cəlilabad rayon Polis şöbəsində də cavabdeh aralarında nisyə kartofun almasını və həmin kartofun pulunu ona məxsus BirBank kart hesabına (4169-7388- 2091-2123) köçürdüyünü bildirmişdir. Cavabdehlə aralarında 23500 manat borcdan cavabdeh Rahim Xubalıyev onun hesabına 8800 manatını ödəmiş, 14700 manat borcu qalmışdır. Həmin kartofların cavabdehə verilməsində istər fəhlələr istər yükü daşıyan şoferlər, istərsə də kənd vətəndaşları da şahiddirlər və istənilən vaxt məhkəmədə dindirilə bilərlər. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehin ona 14700 manat məbləğində borcu qaldığını, cavabdehin anasında məxsus olan bank kartından ona məxsus olan bank kartına hər hansı bir ödəniş həyata keçirilmədiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin anasına məxsus olan bank kartından onun bank kartına olan ödənişlərin başqa təyinatlı olduğunu bildirdi və cavabdehə təhvil verdiyi kartofun ümumi dəyərini təşkil edən 23500 manat məbləğindən bank kartına ödənilən ümumilikdə 17230 manat məbləğin çıxılaraq qalan məbləğdə borcun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, həqiqətən iddiaçıdan bir kiloqramı 1,25 manat olan 7000 kq.çəkidə, bir kiloqramı 0,90 manat olan 7000 kq. çəkidə və bir kiloqramı 0,85 manat olan 3500 kq. çəkidə üç dəfə olmaqla ümumilkdə 18025 manat dəyərində 17500 kq. çəkidə toxumluq kartof aldığını, aldığı kartofun dəyərini hissə-hissə olmaqla tam şəkildə iddiaçıya ödədiyini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehin izahatına uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, işdə iştirak edən şəxslərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2009cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, ünvan 2i ünvanında qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı 14 700 manat pul tələbi barədə şikayəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və şikayətçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 416973***2123 nömrəli kart hesabına 640 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/7313 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Nümayəndə2 məxsus olan 416973***5833 nömrəli kart hesabından İddiaçı məxsus olan 416973***2123 nömrəli kart hesabına ümumilikdə cəmi 17230 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tədarük etdiyi məhsulu cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı məhsulun qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə ümumi dəyəri 23500 manat təşkil edən 22500 kq. çəkidə kartof məhsulunu təhvil verdiyini, lakin cavabdeh tərəfindən ona cəmi 8800 manat pul ödənildiyini, nəticədə cavabdehin ona 14700 manat məbləğində borcunun qaldığını, cavabdeh isə iddiaçıdan nisyə olaraq 18025 manat dəyərində 17500 kq. çəkidə toxumluq kartof aldığını, aldığı kartofun dəyərini hissəhissə olmaqla tam şəkildə iddiaçıya ödədiyini iddia edirlər. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan şifahi alğı-satqı müqaviləsinin bağlandığı, cavabdeh tərəfindən ümumilikdə 17870 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş məhsulun ümumi miqdarının və cəmi dəyərinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı cavabdehə ümumi dəyəri 23500 manat təşkil edən 22500 kq. çəkidə kartof məhsulunu təhvil verdiyini, cavabdeh isə iddiaçıdan ümumilkdə 18025 manat dəyərində 17500 kq. çəkidə toxumluq kartof aldığını bildirirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini satılan malın miqdarının və dəyərinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə, tərəflər arasında alğı-satqı müqaviləsindən yaranan münasibətlər mövcud olduğuna görə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsinin müəyyən edilməsi zamanı mülki qanunvericiliyin alğı-satqı münasibətlərini tənzimləyən normalarının da tələblərinin nəzərə alınmasını və həmin normalarına əsasən işin hallarının tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətlərinə dair mülki hüquq normalarının tələblərinə əsasən, satılan malı alıcıya təhvil vermək vəzifəsinin daşıyıcısı olaraq satıcı (baxılan işdə - iddiaçı) təhvil-təslimin həyata keçirildiyini sübut etməklə mükəlləfdir. Baxılan işdə də iddiaçı satdığı malın onun tərəfindən alıcıya təhvil verildiyini mötəbər və yetərli dəlillərlə sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 570.1 və 570.1.1-ci maddələrinə əsasən, əgər müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Sadalanan maddi hüququ normalarının məzmunundan görünür ki, satılan malı şərtləşdirilmiş müddətdə və qaydada alıcıya təhvil vermək vəzifəsi satıcıya məxsusdur və əgər satılan əşyanın alıcıya çatdırılma şəklində təhvil verilməsi nəzərdə tutulmuşsa əşyanın ona təhvil verildiyi məqamda həmin vəzifə icra edilmiş hesab olunur. Buradan belə nəticə hasil olur ki, müqavilə obyekti olan malın razılaşdırılmış miqdarda və ya dəyərdə təhvil verilməsini (çatdırılmasını, göndərilməsini və s.) sübut etmə yükü satıcının (baxılan işdə iddiaçının) üzərinə düşür. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi qarşılıqlı (sinallaqmatik) müqavilə olduğuna görə, müqavilənin iştirakçıları olan satıcı və alıcı bir-birlərinə qarşı həm kreditor, həm də borclu kmi çıxış edirlər. Yuxarıda şərh olunanlardan aydın olur ki, satılan malın tam şəkildə təhvil verilməsi baxımından satıcı müqavilə üzrə borclunun vəzifələrinin daşıyıcısıdır. Buna görə də, malın təhvil verilməsi borclunun (baxılan işdə iddiaçının) risk dairəsinə daxil olan öhdəliklərə daxildir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında alqı-satqı obyekti olan malların təhvil verilməsini özündə əks etdirən yazılı sübut, cavabdeh tərəfindən faktın etirafına dair səs və ya video yazı və ya bu qəbildən olan digər dəlillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia etdiyi çəkidə və dəyərdə məhsulu cavabdehə təhvil verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halların sübutu qismində üçüncü şəxslərin şahidliyinə əsaslanmışdır. Cəlilabad Rayon Məhkəməsində işin araşdırılması zamanı dindirilmiş şahidlərdən yalnız iddiaçının qardaşı olduğunu bəyan edən X2 verdiyi ifadəsində iddiaçıya məxsus 23500 (iyirmi üç in beş yüz) manat dəyərində toxumluq kartofun cavabdehə verildiyini bildirmişdir. Digər şahidlər isə ifadələrində qeyd olunan fakt barədə məlumatlı olmadıqlarını qeyd etmişlər. Məhkəmə, yuxarıda qeyd edilən şahid ifadələrini iddiaçının cavabdehə ümumi dəyəri 23500 manat təşkil edən 22500 kq. çəkidə kartof məhsulunu təhvil verdiyinə dair iddiasının təsdiqi üçün yetərli sübut olaraq qəbul etmir. Belə ki, göstərildiyi kimi şahidlərdən yalnız biri iddiaçı tərəfindən cavabdehə iddia edildiyi dəyərdə məhsul təhvil verildiyini təsdiq etmiş, digər şahidlər isə bu faktı təsdiq etməmişlər. Araşdırılan faktı təsdiq edən şahid isə iddiaçının qardaşı olduğuna görə, onun izahatının mötəbər sübut qismində qiymətləndirilməsini məhkəmə məqbul hesab etmir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu qənaətə gəlir ki, təhvil verilmiş malın (məhsulun) çəkisi və dəyərinin müəyyən edilməsində işin mübahisəsiz hallarından biri kimi qəbul edilə biləcək halın – cavabdehə təhvil verilmiş məhsulun ümumi çəkisinin 17500 kq, dəyərinin isə 18025 manat məbləğində olması barədə iş üzrə cavabdehin etirafının əsas götürülməsi əsaslı hesab edilməlidir. Belə ki, həmin fakt cavabdeh tərəfindən etiraf edilmişdir, iddiaçı tərəfindən isə həmin faktın əsassız olmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində gəlinən nəticəyə əsasən, iddiaçı 18025 manat dəyərində 17500 kq. çəkidə toxumluq kartof məhsulunu cavabdehin müılkiyyətinə vermişdir, bunun müqabilində isə cavabdeh cəmi 17870 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Nəticədə cavabdehin aldığı mallara görə iddiaçıya ödənilməmiş 155 manat məbləğində borcu qalmışdır. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, artıq ödənlmiş hissəsi isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.1 və 114.2-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 155 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 185 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 105 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №2-2(121)-456/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-456/2025
15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver