Məhkəmə qərarları › İş №2-2(121)-467/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-467/2022

14.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-467/2022 14.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” X1 X3 İdarəsinə qarşı aktın ləğv edilməsi və abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akta əsasən hesablanmış 1.857,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Şirvan şəhəri, X2 küçəsində yerləşən qeyri-yaşayış sahəsinə Qaz istismar idarəsi tərəfindən Planet restoranına 2017-ci il tarixdə idarə tərəfindən G-4 markalı, 05072551 nömrəli qaz sayğacı quraşdırılmışdır. 2021ci ilin avqust ayında ona məlum olmuşdur ki, qaz idarəsi tərəfindən barəsində Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur, həmin akt barəsində ona heç bir məlumat və ya rəsmi qaydada təqdim edilməmişdir. 2021-ci ilin sentyabr ayında Salyan X3 idarəsinə müraciət edərək aktı əldə etmişdir. Akta əsasən bildirmişdilər ki 22 sentyabr 2017-ci il tarixində Şirvan Xidmət sahəsinin nümayəndələri tərəfindən ona məxsus Planet restoranına baxış keçirilən zaman əhali xəttindən yeni qaz xətti çəkərək istifadənizdə olan G-4 markalı, 05072551 nömrəli qaz sayğacının giriş-çıxış yivli birləmələrinin həmin xəttə tərs birləşdirildiyi üçün, qaz sayğacının istifadə olunan qazın sərfiyyatının qeydə alınmadığı müəyyən olunmuşdur və bu səbəbdən 1857,60 manat borc yaranmışdır. Həmin sayğac idarə trəfindən qoyulmuşdur və sayğaca heç bir müdaxilə olunmamışdır. Təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli ******* saylı aktla müəyyən olunmuş halları təsdiq edən hər hansı sübut əlavə edilməmiş, həmin hesabat hər hansl normativ hüquqi akta əsasən aparılmamış, belə ki, tərəfindən itirilmiş qazın bərpası kimi hesablanmış müəssisədə istifad olunan qaz işlədicisinin hesabat müddətinin məhz 180 gün qəbul edilməsi, itirilmiş qazım miqdarının müəyyən edilməsi üçün 3.5 və 0.8 rəqəminə vurulması (hasili) hər hansl normativ akta əsaslanmır, abonent saldosuna görə o 2010-cu ilin oktyabr ayından 2017-ci ilin oktyabr ayına kimi 4.258,30 manat məbləğində ödəniş etmişən, bu səbəbdən əlavə olaraq mübahisələndirilən borc hesablanmışdır ki, beş aylıq dövr ərzində restoranın fəaliyyəri ilə məşğul olduğu dövrdə cəmi 1857,60 manat dəyərində qazdan istifadə etmişdir. Beş ay ərzində cəmi 1857,60 manat dəyərində qazdan istifadə edə bilmək gücünün olmasına dair hər hansı sübut təqdim olunmamış, Qaz idarəsu ona məxsus obyektdə qaz təchizatını və qaz sayğacının vəziyyətini yoxlamaq məqsədi ilə keçirdiyi baxışı – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeyd olunan tələblərinə riayət etməmiş, iddiaçıya məxsus obyektdə yoxlamanı (baxışı) əvvəlcədən Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə aldırmamışdır. Şirvan Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(032)-1354/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nin Salyan X3ı İdarəsinə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış cərimənin silinməsi barədə iddia ərizəsi təmin edilərək cavabdeh “Azəriqaz” İB-nin Salyan X3 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və akta əsasən hesablanmış 1.857,60 manat cərimə borcunun silinməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(106)-401/2022 saylı qərardadı ilə cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Şirvan Şəhər Məhkəməsinin 2(032)-1354/2021 nömrəli 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktda qeyd edilmişdir ki, abonent təbii qazdan istifadə etmək üçün əhali xəttindən yeni xətt çəkərək G-4 markalı 05072511 nömrəli qaz sayğacını xəttə giriş çıxış yivli birləşməsini tərs qoşaraq qazdan istifadə edir. Nəticədə sayğacdan keçən qaz qeydiyyata alınmır. Hesablanmış dəymiş ziyan ödənilsin. İş materiallarında olan “Azəriqaz” X1 RQİİ-nin xx.xx.2017-ci il tarixli tələbnamənin surətindən görünür ki, abonent İddiaçı məxsus “Planet” restoranında qaz işlədicilərindən restoran tipli PQ-4-ün maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün; PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İtirilmiş qazın həcmi 9.288 m3 müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (abonent:**********01640) 2017-ci ilin oktyabr ayı üzrə akta əsasən 1.857,60 manat borc hesablanmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda abonentə məxsus G-4, 05072551 saylı qaz sayğacına əhali xəttindən yeni xətt çəkilərək sayğacın giriş çıxış yivli birlməsini tərs qoşularaq qazdan istifadə edilməsi aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində xx.xx.2017-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən, xx.xx.2017-ci il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi 9.288 m3 müəyyən edilmiş və nəticədə 2017-ci ilin oktyabr ayında iddiaçıya 1.857,60 manat məbləğində borc hesablanmışdır. İddiaçı hesablanmış borcla razılaşmır, aktın ləğv edilməli və akt əsasında hesablanmış borcun silinməli olduğunu bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, iş materialları və cavabdeh tərəfindən tərtib olunmuş sənədlərdə də öz əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.857,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1.857,60 manat borc İddiaçı abonent hesabından (abonent kodu **********01640) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar