Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-478/2022 20.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 10480 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mağazada qızıl əşyalarının satışı ilə məşğul olur. Mağazanın qonşuluğunda gözəllik salonunda işləyən, əvvəllər Mehparə adı ilə tanıdığı, əslində isə soyadı, adı və ata adı Cavabdeh ilə tanış olmuşdur. 2020-ci ilin mart ayında Cavabdeh işlədiyi qızıl mağazasına gələrək ondan xahiş etdi ki, ona alver etməsi üçün nisyə qızıl əşyaları versin, o, isə qızıl əşyalarını hissə-hissə satdıqca dəyərini ödəyəcəkdir. Mehparənin qonşuluqda olan gözəllik salonunda işləməsini və rayon sakini olmasını nəzərə alaraq onunla razılaşmışdır. Beləliklə, Mehparə ondan nisyə olaraq qızıl əşyaları götürərək hissə-hissə sataraq pulunu ödəyib, yenidən qızıl əşyaları götürməyə başlamışdır. Mehparənin yaxşı alver etdiyini görərək ona etibarı biraz da artmışdır. Lakin Mehparə 2020-ci ilin sentyabr ayından nisyə olaraq götürdüyü qızıl əşyalarının pulunu yaxın vaxtlarda ödəyəcəyini bildirərək ondan bir neçə dəfə dəyərini ödəmədən qızıl əşyaları götürmüşdür. Mehparənin nisyə olaraq götürdüyü qızıl əşyalarının dəyərinin artdığını görərək ona daha qızıl əşyaları verə bilməyəcəyini bildirmiş və ondan nisyə olaraq götürdüyü qızılların pulunu istəmişdir. Mehparə ümumilikdə ondan nisyə olaraq götürdüyü 12500 manat puldan 2020 manat ona qaytararaq 10480 manat borclu qalmışdır. Bundan sonra Mehparənin gözəllik salonundan çıxaraq Bakı şəhərinə işləmək üçün getdiyini eşitmiş və ona telefonla zəng etmişdir. Mehparə Bakı şəhərində işlədiyini bildirərək aldığı maaşla ona olan 10480 manat borcunu ödəyəcəyini bildirsə də, bu günə kimi ona heç bir ödəniş etməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq bu barədə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-1178/2021 saylı, 13.09.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 10480 manat borc və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-325/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindı verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-1178/2021 saylı, 13.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, X1 Ruslan Əhliman oğluna məxsus qızıl mağazasından dəyəri 12500 manat olan qızıl-zinət əşyaları götürmüş, lakin pulu ödəyə bilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus qızıl mağazadan dəyəri 12500 manat olan qızılzinət əşyalarının hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən götürülməsi iş materiallarına əlavə edilən sənədlərlə müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdə iddiaçıya məxsus qızıl mağazadan dəyəri 12500 manat olan qızıl-zinət əşyalarının X2 tərəfindən götürülməsi qeyd edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 12500 manat məbləğində qızıl-zinət əşyalarının hazırki iş üzrə cavabdehə verilməsini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin yaranması sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbz cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmasını təsdiq etmir və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, cavabdeh göstərilən qəbz əsasında iddiaçı qarşısında hər hansı bir vəzifələrin daşıyıcısı olmadığından, bununla da, cavabdehin vəzifələrini icra etməyərək, öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmədiyindən, mövcud iddia tələbi göstərilən hissədə əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan və buna görə də rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. Odur ki, iddianın 30 manat dövlət rüsumunun ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 10480 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-478/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-478/2022
20.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver