Məhkəmə qərarları › İş №2-2(121)-514/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-514/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-514/2021 02.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.413,20 manat, hesablanmış cərimə borcuna görə 1.700,6 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7.143,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC, “MKT-Sabirabad” filialı və cavabdeh arasında bağlanmış 10.01.2017-ci il tarixli 17 234 5634 saylı müqaviləyə əsasən cavabdeh 10,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 20,0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 6882,60 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 1469,40 manat məbləğində 2994,67 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilə də nəzərdə tutulan miqdarda az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Son nəticəsə cavabdehin avans vəsaitə görə iddiaçıya 5413,20 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Sabirabad” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavil nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1700,6 manat təşkil edir. Cavabdeh 5413,20 manat əsas borcdan əlavə 1700,6 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 7.113,80 manat təşkil edir. Şirvan Şəhər Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(032)-1118/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borca görə 5.413,20 manat, hesablanmış cərimə borcuna görə 1.700,6 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 7.143,8 manat pulun alınması barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(106)3589/2019 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(032)- 1118/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MMCnin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilmişdir. Cababdeh Cavabdeh 5.413,20 manat əsas borc, 17 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 5.460,20 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(102)-2935/20 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3589/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin aidiyyəti üzrə göndərilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(106)-795/2021 saylı qərardadı ilə İddiaçı MMC-i tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(032)- 1118/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında 2017ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 10.01.2017-ci il tarixdə ********* saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən 10,00 ha sahədə pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və 27.08.2007-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı ilə tərəfindən hazırlanmış “Tədarükçü”-də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə təhvil verir. Müqavilənin 2.1.3-cü bəndinə görə təsərrüfatın təhvil verəcəyi xam-pambığın nəmliyinin və zibilliyinin yuxarı həddi aşağıda qeyd edilən normalardan artıq olmamalıdır. 1-ci növ nəmlik-9.0% zibillik-3.0%, 2-ci növ nəmlik 10.0% zibillik-5.0%, 3-cü növ nəmlik 11.0% zibillik-8.0%, 4-cü növ nəmlik-13% zibillik 16.0%. Müqavilənin 2.1.5 və 2.1.6-cı bəndlərində göstərilmişdir ki, “Təsərrüfat”, “tədarükçü” vasitəsi ilə “Alıcı”-dan alınan avansı (hər hansı formada göstərilən xidətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı “Alıcı”-ya xam-pambıq verməklə ödəyir, “Təsərrüfat” torpağın şumlanmasından başlayaraq pambığın yığılmasına qədər bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndən göstərilmişdir ki, “Tədarükçü” aqrotexniki normaların tələblərinə uyğun “Alıcı” tərəfindən “Təsərrüfata” avans kimi toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr və nəğd pul verə bilər, həmçinin şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. Aqrotexniki işlər apara bilər. İş materiallarında olan 21.04.2017-ci il tarixli ******* nömrəli, 16.05.2017-ci il tarixli ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli, 04.09.2017-ci il tarixli ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli, 04.09.2017-ci il tarixli, ******* nömrəli qaimələrdən görünür ki, 1.000 manat dəyərində 200 kq 5003 toxumluq çiyid ağ qızıl 3 R1 (lifsiz), 500 manat dəyərində 100 kq 5105 toxumluq çiyid ağ qızıl 7 R1 (lifsiz) (təkrar səpin), 150 manat dəyərində 5 litr 5127 Aganta 5 SC (5 % Emamectin benzoate) 0,4 kq, 33 manat dəyərində 2 kq 4662 PASCAL 20 SP, 33 manat dəyərində 2 kq 5110 MOSTAR 20SP (ASETAMİTRİT 200/KQ), 90 manat dəyərində 30 ştuk 1233 BARDAN, 100 manat dəyərində 2 kq 5095 LADİCARB (THİODİCARB 80%), 157.20 manat dəyərində 5.24 kq 5093 EMAREBENO (emamectin benzoate 5%), 592 manat dəyərində 20 litr 1391 DESİS İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 10.03.2017-ci il tarixli ******* nömrəli, 16.01.2017-ci il tarixli ******* nömrəli, 08.05.2017-ci il tarixli, ******* nömrəli, 24.07.2017-ci il tarixli, ******* nömrəli, 05.09.2017-ci il tarixli, ******* nömrəli, 24.08.2017-ci il tarixli, ******* nömrəli, 15.06.2017-ci il tarixli, ******* nömrəli məxaric orderlərindən görünür ki, 380 manat 2017ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 300 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 310 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 600 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 42,84 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 428,57 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans, 500 manat 2017-ci il mövsümündə xam-pambığın dəyərinin ödənilməsi üçün avans İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 20 aprel 2017-ci il tarixli, ******* nömrəli, 10 may 2017-ci il tarixli, ******* nömrəli, 19 may 2017-ci il tarixli, ******* nömrəli, 04 iyun 2017-ci il tarixli ******* nömrəli, 20 iyun 2017-ci il tarixli, ******* nömrəli, 10 iyul 2017-ci il tarixli, ******* nömrəli, 10 iyul 2017-ci il tarixli, ******* nömrəli, 10 iyul 2017-ci il tarixli, ******* nömrəli, 14 iyul 2017-ci il tarixli, ******* nömrəli, 20 iyul 2017-ci il tarixli, ******* nömrəli, 20 iyul 2017-ci il tarixli, ******* nömrəli, 02 avqust 2017-ci il tarixli ******* nömrəli, 17 avqust 2017-ci il tarixli ******* nömrəli, 21 avqust 2017-ci il tarixli ******* nömrəli, 05 oktyabr 2017-ci il tarixli, ******* nömrəli aktlardan görünür ki, xam pambığın alqı-satqısına dair “xxxx” MMC, “MKT- SABİRABAD” FİLİAL və “Təsərrüfat” arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq “Təsərrüfat”-a ümumi məbləği 1.196 manat olmaqla avans xidmətləri göstərilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 10.01.2017-ci il tarixdə ********* saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 6.882,60 manat məbləğində avans vəsait götürmüşdür. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə 5.413,20 manat əsas borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 10.01.2017-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 10.01.2017-ci il tarixdə ********* saylı alqı-satqı müqaviləsinə əsasən 5.413,20 manat əsas borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh 5.413,20 manat təşkil edən malların və xidmətlərin ona təhvil verilməsini təkzib edən mötəbər sübutları məhkəmə araşdırmasına təqdim etməmişdir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan" sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 5.413,20 manat əsas borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi həmin hissədə təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 10.01.2017-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 5.143,20 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 1.700,6 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 2017-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilənin 4.2-ci bəndinə əsasən, “Təsərrüfat” (Cavabdeh) üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəəyərinin 20 % miqdarında (birinci növ qiyməti ilə) “Alıcı”ya və yaxud “Alıcı”nın razılığı ilə “Tədarükçü”yə cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin bəzi hallarda müəyyənləşdirilən dəbbə pulu miqdarı borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə borcun 5.413,20 manat təşkil etməsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7 manatı iddiaçıya aid edilməli, 23 manatı isə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.413,20 (beş min dörd yüz on üç manat iyirmi qəpik) manat əsas borc, 50 (əlli) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat olmaqla, ümumilikdə 5.486,20 (beş min dörd yüz səksən altı manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar