Məhkəmə qərarları › İş №2-2(121)-531/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-531/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-531/2021 18.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair iş materiallarını nəzərdən keçirərək müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Göstərilən iddia tələbi əsasında mülki iş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Beyləqan Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi “xxxx” MMC-yə qarşı deyil, fiziki şəxs olan Cavabdeh qarşı irəli sürülmüşdür. Kommersiya mübahisələrinə dair işlər (mülki işlər) üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğu nəzərdə tutur (MPM-nin 50.3-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, İddiaçı, “xxxx” MMC-yə qarşı tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. İş materiallarına əlavə edilən İddiaçı Beyləqan Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi üzrə cavabdeh qismində Cavabdeh göstərmiş, sonradan isə iş üzrə cavabdeh olan Cavabdeh əsl olan cavabdeh “xxxx” MMC ilə əvəz olunmasını xahiş etməmişdir. Yəni, iddiaçının tələbi məhz Cavabdeh qarşıdır. Lakin, işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı MPM-nin 26.1, 26.2, 31.1, 45.2 və 45.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olması və hazırki iddia tələbinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması müəyyən edilmişdir. Buna görə də, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud mübahisə üzrə cavabdeh fiziki şəxs olduğundan, o cümlədən fərdi sahibkar statusuna malik olmadığından, işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırki iş üzrə Cavabdeh fərdi sahibkar statusu olmayan fiziki şəxs olduğundan, vergi ödəyicisi kimi qeydiyyata alınmadığından, iş Beyləqan Rayon Məhkəməsinin icraatına qəbul edilərkən aidiyyət qaydalarına riayət edildiyindən və cavabdeh Qılıcov X1 şəhəri, S.Qazıyeva küçəsi, ev 9, mənzil 10 ünvanında qeydiyyatda olduğundan, məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Digər tərəfdən, hazırki iş üzrə cavabdeh olan Cavabdeh “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) olması onun fərdi sahibkar statusu olan fiziki şəxs olması anlamına gəlmir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar münasibətlər “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nizamlanır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında” Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsində göstərilir ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Bundan əlavə, cavabdeh əsl olan cavabdehlə əvəz etmiş olsa da belə, iddiaçı Əzimov X2 Rayon Məhkəməsinə mövcud iddia ərizəsi ilə müraciət edərkən konkret olaraq Cavabdeh qarşı tələb irəli sürmüş olduğundan, bununla da, həmin vaxt iddia ərizəsi aidiyyat qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, sonradan cavabdeh əsl olan cavabdehlə əvəz edilsə də, işə həmin məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 32.7 və 263- 264-cü maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsasında işin icraata qəbul edilməsindən imtina edilsin. İşin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar