Məhkəmə qərarları › İş №2-2(121)-532/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-532/2025

27.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-532/2025 27.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borca görə 3936,24 manat, hesablanmış cəriməyə görə 1896,0 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5862,24 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC-nin nümayəndəsi X4 “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 934,75 manat, hesablanmış cəriməyə görə 1896,0 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia onunla əsaslandırılmışdır ki, MKT İstehsalat Kommersiya” MMC, “MKT- Sabirabad” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17 *** **** saylı müqaviləyə əsəsən cavabdeh 10,0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə, 20,0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4425,43 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini – müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, nəticədə isə cavabdeh 489,19 manat məbləğində 1040,82 kq xam-pambıq təhvil vermişdir ki, bu müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 3936,24 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Sabirabad” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1896,0 manat təşkil edir. Müqavilə üzrə təhvil verilməli idi: 20,0 ton verilib: 1,040 ton. Verilməmişdir: (20,0 t -1,040 t) x 500 manat = 9480,0 manat x 20% = 1896,0 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına da cavab verilməmişdir. Beləliklə cavabdeh 3936,24 manat əsas borcdan əlavə 1896,0 manat cərimə ödəməlidir. Ümumi ödəniləcək borcun məbləği 5832,24 manat təşkil edir.

4. “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin borclu Cavabdeh Səxavət oğluna qarşı pul tələbinə dair e-2-2(121)-532/2025 saylı iş vardır. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əsasən maliyyə-mühasibat sənədlərində imzaların bir qismi borclu Cavabdeh Səxavət oğluna aiddir. Həmin sənədlər üzrə pul məbləği 934,75 manat təşkil edir. Cərimə borcu 1896 manatdır.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İş üzrə məhkəməxəttşünaslıq ekspertizasının rəyinə əsasən maliyyə-mühasibat sənədlərində imzaların bir qismi borclu Cavabdeh Səxavət oğluna aiddir. Həmin sənədlər üzrə pul məbləği 934,75 manat, cərimə borcu isə 1896 manat təşkil edir. O, iddiaçı tərəf olaraq ekspert rəyinə etiraz etmədiklərini və ekspert rəyi ilə razı olduqlarını əlavə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, iş materiallarında olan müqaviləyə və qəbzlərə imza etməmişdir. O, “iddiaçıdan hər hansı məbləğdə və miqdarda avans götürməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İddia ərizəsinə etiraz:

7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. Cavabdeh tərəfindən MKT İstehsalat Kommersiya” ASC-yə ünvanlanmış 06.01,2017-ci il tarixli, 17279 5451 nömrəli ərizədən görünür ki, ərizəçi, Bu ərizə ilə o, 10,00 hektar sahədə pambıq əkib və hər hektara görə şirkətə 20 sentnerdən az olmayaraq mövcud standartlara cavab verən xam-pambıq təhvil verməyi, bunun müqabilində ardıcıllıq prinsipinə uyğun olaraq ona avans olaraq toxumluq çiyid, gübrə, dərman, digər avans malları və digər vəsaitlərin, habelə zəruri aqrotexniki xidmətlərin (şum və sair xidmətlər) verilməsini xahiş etmiş, həmin vəsaitlərin və Cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürür.

9. İddiaçı “MKT-İmişli” filialı ilə (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17 *** **** saylı xam pambığın alqı-satqısına dair Müqavilənin: - 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti 2017-ci il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı sahəsində tərəflərin öhdəlikləri üzrə hüquq və vəzifələrinin tənzimlənməsindən ibarətdir; - 2.1.2-ci bəndinə əsasən, “Satıcı” 10 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və “Tədarükçü”-də saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə təhvil verir. - 2.1.4-cü bəndinə əsasən, Satıcının Alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı Alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda Satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotxniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması nəticəsində Satısının Alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur; -2.3.1-ci maddəsinə əsasən, ”Alıcı” bu müqavilənin icrası ilə əlaqədar “Tədarükçü” vasitəsi ilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın və pul vəsaitinin “Tədarükçü” iştirakı ilə “Təsərrüfaf’a verilməsini öhdəsinə götürür. - 2.1.5-ci bəndinə əsasən, “Təsərrüfat”, “Tədarükçü” vasitəsi ilə “Alıcı”-dan alınan avansı( hər formada göstərilən xidmətlərin dəyəri daxi olmaqla) təsarük mövsümü vaxtı “Alıcı”-ya xam pambıq verməklə ödəyir. - 4.1-ci bəndinə əsasən, “Alıcı” bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,01% miqdarında, lakin ödənilməyən məbləğin 0.5%-dən artıq olmamaq şərti ilə, “Təsərrüfat”a cərimə ödəyir.

10. İş materiallarında olan 25 noyabr 2016-cı il tarixli, 15 nömrəli “torpaq icarə müqavilə”sindən görünür ki, Cavabdeh 10 ha torpaq sahəsi icarəyə verilmişdir.

11. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə xx.xx.2019-cü il tarixli 2(056)-1679-2019 saylı qətnaməsində İddiaçı MMC və “MKT Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı üçtərəfli Müqavilədən yaranmış 3936,24 manat əsas borc, 10 manat cərimə, ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi, ümumilikdə isə 3961,24 (üç min doqquz yüz bir manat iyirmi dörd qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub iddiaçı "xxxx"MMC-yə ödənilməsi qət edilmişdir.

12. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(056)-1679-2019 saylı qətnaməsindən Apellyasiya şikayəti vermişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarddaı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 21 noyabrr 2019-cü il tarixli, 2(056)-1679-2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli məxaric orderlərindən görünür ki, 10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir.

15. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli becərmə traktorla göstərilmiş avans xidmətlər barədə “aktl”ardan görünür ki, 10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir.

16. İş materiallarında olan 018896 saylı, “X6”indən görünür ki, 10 hektar torpaq sahəsində xam-pambıq əkilməsi məqsədilə İddiaçı MMC tərəfindən fermer Cavabdeh avans xidmətlər göstərilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 4/308 nömrəli ekpsert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Ekspertizaya təqdim edilmiş, işin 125-ci vərəqində olan 06.01,2017-ci il tarixli, 17279 5451 nömrəli ərizədə “Cavabdeh” adının qarşısındakı imza; 128- 132-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli AV 1 025 819 nömrəli, xx.xx.2017-ci il tarixli 1 025 526 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 990 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 625 nömrəli, xx.xx.2017-ci il tarixil AV 1 023 952 nömrəli Məxaric orderlərində “Təhvil aldım" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 5-ci və 127-ci vərəqlərində olan “2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 06 yanvar 2017-eä il tarixli 17 *** **** nömrəli müqavilələrdə “Təsərrüfat” hissəsində “Cavabdeh” qrafasının əvvəlindəki və “(imza)” qrafasındakı imzalar;133-138-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli AV 1 028 727 nömrəli, xx.xx.2017- ci il tarixli AV 1 028 004 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 516 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 380 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 031 660 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 029 911 nömrəli Məxaric orderlərində “Təhvil aldım” qrafalarındakı imzalar;139-142ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli 1 016 657 nömrəli, 19.05,2017-ci il tarixli 1 008 755 nömrəli, 20.05,2017-ci il tarixli 1 009 174 nömrəli, xx.xx.2017-ci il tarixli 1 013 966 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər barədə Aktlarda “Aktın doğruluğunun imzamızla təsdiq edirik:” qrafasında 5-ci sırada “Hətəmov” yazısının önündəki imzalar;143-cü vərəqində olan 27 oktyabr 2017-ci il tarixli GZM seriyalı 018896 nömrəli “X6i”ndə “Təhvil verdi: Fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi” qrafası qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

18. İş materiallarında olan 128- 132-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli AV 1 025 819 nömrəli, xx.xx.2017-ci il tarixli 1 025 526 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 990 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 625 nömrəli, xx.xx.2017-ci il tarixil AV 1 023 952 nömrəli Məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən cəmi 934,75 manat məbləğində avans verilmişdir.

19. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli xüsusi qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə baxışı zamanı cinayət əməlinin əlamətlərinin aşkara çıxarılması barədə Sabirabad Rayon Prokuroruna xəbər verilmişdir.

20. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 31 may 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC-nin “MKT-Sabirabad” filialı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun pretenziya alındığı vaxtdan ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

21. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

22. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri 126 manatdır.

b) Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 324.1--ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 329.4-ci maddəsinə əsasən, Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. - 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. - 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il qərarı:

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar qanunvericiliyin mülki-hüquqi öhdəliklərin yaranmasının ən mühüm əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən yalan əqdlərin əhəmiyyətsizliyi ilə bağlı normalarının açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

27. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

28. Məhkəmə, ilk öncə tərəflər arasındakı bağlanmış müqavilənin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir və qeyd edir ki, İddiaçı “MKT-İmişli” filialı ilə (müqavilədə “Alıcı”) və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17 *** **** saylı xam pambığın alqı-satqısına dair Müqavilə etibarsızdır. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 4/308 nömrəli ekpsert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, işin 5-ci və 127-ci vərəqlərində olan “2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 06 yanvar 2017-eä il tarixli 17 *** **** nömrəli müqavilələrdə “Təsərrüfat” hissəsində “Cavabdeh” qrafasının əvvəlindəki və “(imza)” qrafasındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17 *** **** saylı xam pambığın alqı-satqısına dair Müqavilə etibarsızdır. Odur ki, hazirki iş üzrə iddianın əsası kimi mötəbər dəlil hesab edilə bilməz.

29. Məhkəmə, eyni zamanda tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17 *** **** saylı xam pambığın alqı-satqısına dair müqavilə etibarsız olsa da, onlar arasında faktiki olaraq bağlanmış, müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçıya müraciət edərək, 10,00 hektar sahədə pambıq əkib və hər hektara görə iddiaçıya 20 sentnerdən az olmayaraq mövcud standartlara cavab verən xam-pambıq təhvil verməyi, bunun müqabilində ardıcıllıq prinsipinə uyğun olaraq ona avans olaraq toxumluq çiyid, gübrə, dərman, digər avans malları və digər vəsaitlərin, habelə zəruri aqrotexniki xidmətlərin (şum və sair xidmətlər) verilməsini xahiş etmiş, hətta iddiaçı tərəsindən verilmiş müəyyən avansları qəbul etmiş, həmçinin vəsaitlərin və Cəmiyyət tərəfindən görülmüş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma, mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməli və nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Alğı-satqı haqqında ümumi müddəaları nəzərdə tutan 29-cu fəsilin 1-ci paraqrafında alqı-satqı müqaviləsinə dair xüsusi forma şərti nəzərdə tutulmamışdır.

30. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 934,75 manat vəsait almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 4/308 nömrəli ekpsert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Ekspertizaya təqdim edilmiş, işin 125-ci vərəqində olan 06.01,2017-ci il tarixli, 17279 5451 nömrəli ərizədə “Cavabdeh” adının qarşısındakı imza; 128- 132-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli AV 1 025 819 nömrəli, xx.xx.2017-ci il tarixli 1 025 526 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 990 nömrəli, xx.xx.2017-ci il tarixli AV 1 024 625 nömrəli, xx.xx.2017-ci il tarixil AV 1 023 952 nömrəli Məxaric orderlərində “Təhvil aldım" qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.

31. Eyni zamanda iş materiallarında olan xx.xx.2017-ci il tarixli AV 1 028 727 nömrəli, xx.xx.2017- ci il tarixli AV 1 028 004 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 516 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 380 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 031 660 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 029 911 nömrəli məxaric orderlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən cəmi 934,75 manat məbləğində avans verilmişdir.

32. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddia əsas borca münasibətdə 934,75 manat həcmdə əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddiaçıdan hər hansı məbləğdə avans götürmədiyini və bu barədə hər hansı qəbzə imza etmədiyi bildirsə də, cavabdehin dəlilləri iddiaçı tərəfindən ona 934,75 manat məbləğində avans verilməsinə aid hissədə əsaslı deyil. Məhkəmə bu qənaətə gələrkən, yuxarıda qeyd olunan ekspert rəyini nəzərə alır.

34. Məhkəmə araşdırması zamanı, həmçinin müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, işin 5-ci və 127-ci vərəqlərində olan “2017-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 06 yanvar 2017-eä il tarixli 17 *** **** nömrəli müqavilələrdə “Təsərrüfat” hissəsində “Cavabdeh” qrafasının əvvəlindəki və “(imza)” qrafasındakı imzalar; 133-138-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli AV 1 028 727 nömrəli, xx.xx.2017- ci il tarixli AV 1 028 004 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 516 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 032 380 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 031 660 nömrəli, xx.xx.2017-ci il tarixli AB 1 029 911 nömrəli Məxaric orderlərində “Təhvil aldım” qrafalarındakı imzalar; 139-142-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli 1 016 657 nömrəli, 19.05,2017-ci il tarixli 1 008 755 nömrəli, 20.05,2017-ci il tarixli 1 009 174 nömrəli, xx.xx.2017-ci il tarixli 1 013 966 nömrəli becərmə traktorla göstərilmiş avans xidmətlər barədə Aktlarda “Aktın doğruluğunun imzamızla təsdiq edirik:” qrafasında 5-ci sırada “Hətəmov” yazısının önündəki imzalar; 143cü vərəqində olan 27 oktyabr 2017-ci il tarixli GZM seriyalı 018896 nömrəli “X6i”ndə “Təhvil verdi: Fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi” qrafası qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

35. Göründüyü kimi, sözügedən müqavilədə və aktlarda imzanın Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Ona görə də, məhkəmənin xx.xx.2025-ci il tarixli xüsusi qərardadı iləİddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə baxışı zamanı cinayət əməlinin əlamətlərinin aşkara çıxarılması barədə Sabirabad Rayon Prokuroruna xəbər verilməsi qərara alınmışdır.

36. Məhkəmə iddiaçı tərəfin “iddianın dəqiqləşdirilməsi” barədə ərizəsi ilə iddianın həcmi azaldılaraq, yalnız Cavabdeh tərəfindən imza edilmiş orderlər üzrə müvafiq məbləğin tələb edilməsini nəzərə alaraq, cavabdeh tərəfindən imza edilməyən digər qəbzlər üzrə iddia tələbinə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından lüzum görmür.

37. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır.

38. Lakin məhkəmə, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 1896 manat məbləğində cərimənin tutulması hissəsində tam əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

Məhkəmə xərcləri:

39. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Nəticə:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 934,75 manat əsas borc, 30 manat məbləğində cərimə olmaqla, cəmi 964,75 (doqquz yüz iyirmi altmış dörd manat, yetmiş beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə, 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar