Məhkəmə qərarları › İş №2-2(121)-537/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-537/2022

26.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-537/2022 26.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib olunmuş 04.02.2021-ci il tarixli, R 040534 nömrəli akta əsasən qanunsuz olaraq (abonent kodu:**********61033) hesablanmış 21.049,20 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırılmasında qeyd edilmişdir ki, o, Füzuli rayonu, Qayıdış-1 qəsəbəsində yaşayır və məcburi köçkündür. Füzuli rayonunda Haramı deyilən ərazidə Alxanlı kəndinin yaxınlığında atası X1 məxsus ferması var. Həmin fermada quraşdırılmış elektrik sayğacı onun adınadır və elektrik enerjisinə görə ödəmələri o, həyata keçirir. İşlətdiyi elektrik enerjisinin dəyərini qəbz təqdim olunduqdan sonra vaxtı-vaxtında ödəyir. Cavabdehin nümayəndələri 2021-ci ilin fevral ayının 4-də fermaya gələrək, elektrik transformatoruna sayğacdan kənar qanunsuz xətt qoşulduğunu bildirdilər. Halbuki o heç bir qanunsuz xəttdən istifadə etməmişdir. Bunu həmin ərazidə yerləşən digər 3 fermanın sakinləri və digər şəxslər də təsdiq edə bilərlər. Cavabdeh təşkilatın nümayəndələri qanunsuz xətt qoşulmaqla bağlı akt tərtib edəcəklərini ona bildirmişlər, o, etirazını bildirimiş və onlara demişdir ki, aktı yerində tərtib etsinlər, o da həmin akta öz qeydlərini etsin. Lakin cavabdeh təşkilatın nümayəndələri aktı sonra tərtib edəcəklərini deyib getmişlər. Sonradan 2021-ci ilin fevral ayının 9-da o, həmin təşkilatın İmişli Regional İdarəsinə getmiş, orada ona 04.02.2021-ci il tarixli, R 040534 saylı atkı təqdim etmişlər. Ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq sonradan onun barəsində akt tərtib etmişlər və akta əsasən o, fantastik plçüdə cərimə yazılmışdır. Bu zaman o, cavabdeh təşkilatın nümayəndələrinə bildirmişdir ki, onların yerli nümayəndələri Rəhimli Nazif (satış müdiri), Rəhmanov Şahin (nəzarətçi), Nadirov Elburus (montyor) və Hüseynov Mobil (usta) dəfələrlə gəlib həmin sayğacı yoxlamışlar və hər ay sayğacın sərfiyyatını E.Nadirov gəlib yoxlamış və pulu ödəmək üçün qəbz təqdim etmiş, o, da vaxtında borcunu ödəmişdir. X3 ilə bağlı transformatorun yaxınlığında hərbi əməliyyatlar başlayanda lakator quraşdırılmışdı, onlar həmin ərazidən atışma ilə bağlı köçmüşlər. Həmin ərazidə iki ay müddətinə 10.000 kv-lıq xətt ayrılmış və ərazidə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Həmçinin cavabdeh təşkilatın nümayəndələrinin dediklərinə görə yazılan yüksək miqdarda cərimənin əsas hissəsini qonşu fermada yerləşən və istifadə olunan böyül su nasosuna görə yazılmışdır. Həmin su nasosu nə onun fermasında yerləşir, nə də onun istifadəsindədir. O, bu məsələ ilə əlaqədar İmişli REŞ-ə müraciət edərək hesablanmış cərimənin əsassız və qanunsuz olduğunu onlara bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın nümayəndələri heç bir nəticəsi olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “Elektrik enerjisindən istifadə qaydalar”ının tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona problemin aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akt tərtib etmişlər. Hesab edir ki, həmin akt qanunsuz tərtib olunduğundan ləğv olunmalıdır. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müaciət edərək, 04.02.2021-ci il tarixli, R № 040534 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən əsassız olaraq hesablanmış 21.508,38 manat məbləğində cərimənin silinməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(064)-555/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 04.02.2021-ci il tarixli, R № 040534 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 21.508,38 manat borcun silinməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(106)-3384/2021 saylı qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Füzuli Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(064)- 555/2011 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı eyni zamanda bildirdi ki, 01 fevral 2021-ci il tarixli müqavilə onun iştirakı olmadan rəsmiləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, iddia ərizəsinə əlavə edilmiş sənədləri, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilən 01 fevral 2021-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, abonent İddiaçı müqaviləni imzalamaqdan imtina etmişdir. İş materiallarında olan "xxxx" ASC X4 Təchizatı və Satış İdarəsinin 04.02.2021-ci il tarixli, R № 040534 aktında göstərilmişdir ki, abonent İddiaçı məxsus Füzuli rayonu, Alıxanlı kəndi yaxınlığındakı fermada yoxlama zamanı məlum olmuşdur ki, abonent elektrik hesabat sayğacı xətdən kənarlaşdıraraq transformatorun şitindən birbaşa xətt götürərək elektrik enerjisini sayğacdan kənar istifadə etmişdir. Abonent ona məxsus olan fermalarda sayğacdan kənar istifadə edir. İş materiallarında olan abonent İddiaçı barəsində olan abunə haqqında çıxarışdan görünür ki, R № 040534 saylı akta əsasən 21.508,38 manat borc yazılmışdır. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş R № 040534 saylı aktdan göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisi uçotu və EEİ Qaydalarına riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın (baxışın) nəticəsi 04.02.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya ümumilikdə 21.508,38 manat məbləğində borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1-20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu hal iş materiallarında öz təsdiqini tapmır. Digər tərəfdən, sözügedən elektrik sayğacının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin struktur vahidləri tərəfindən quraşdırıldığı, hər ay olmaqla istehlakçının enerji təsərrüfatına baxış keçirildiyi halda, mübahisələndirilən aktlarda göstərilən pozuntu və qüsurda iddiaçının hansı əsasla təqsirli olduğu təqdim olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, abonent tərəfindən hər-hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulmasını müəyyən edən foto və ya video görüntü, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər-hansı mötəbər sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə, cavabdeh tərəfindən 04 fevral 2021-ci il tarixli, R 040534 nömrəli akta əsasən iddiaçıya borcun hesablanmasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 04 fevral 2021-ci il tarixli, R 040534 nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc İddiaçı hesabından (abonent kodu **********61033) silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 fevral 2021-ci il tarixli, R № 040534 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 21.508,38 manat borc İddiaçı abonent hesabından (abonent kodu **********61033) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar