Məhkəmə qərarları › İş №2-2(121)-565/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-565/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-565/2024 08.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı- pul tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 2016-cı ildə 10.901 manat pul borca almışdır. Ona demişdir ki, borcunu qısa bir müddətdə verəcək. Bir neçə dəfə ondan borcunu tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən boyun qaçırmışdır. O axırıncı dəfə cavabdehlə söhbət edən zaman cavabdeh ona bildirmişdir ki, pulunu hissə-hissə qaytaracaq. Lakin cavabdeh ona verdiyi vədi yerinə yetirməmişdir. Odur ki, 10.901 manat pulunun cavabdehdən alınıb ona verilməsi məqsədə müvafiq hesab edilməlidir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.901 manat məbləğində korella mallarını və yaxud onların dəyərini, yəni 10.901 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iddiaya dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı 10901 manat pulun və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə iddia ərizəsini rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 10901 manat pul və ya başqa bir məbləğdə borc almamışdır. İddiaçı Cavabdeh 2016-cı ildə 10901 manat borca pul vermiş olsa 6 il ərzində o pulun alınması barədə ən azı ona borcun qaytarılması üçün müraciət edərdi. Cavabdeh bildirdiyinə görə o, iddiaçıdan heç bir vəsait almamışdır və onlar müəyyən bir müddət eyni yerdə işlədiyindən onun adına saxta sənədlər hazırlaya biləcəyini guya borc pul aldığını iddia edə bilər. Onların arasında hər hansı bir razılaşma, borc müqaviləsi olmamışdır. Sonradan Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 yenidən iddiaya dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10901 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya İddiaçı müdafiə etdiyi Cavabdeh 2016-cı ildə 10901 manat borca pul vermişdir. Cavabdeh bildirdiyinə görə o, iddiaçıdan heç bir vəsait almamışdır. Qeyd etmək istəyir ki, iddiaçının bildirdiyinə görə o, müdafiə etdiyi Cavabdeh 2016-cı ildə 10901 manat borca pul verdiyini bildirsə də, sonradan həmin borc pul yox, nisyə mal satdığını bildirmiş və heç bir ciddi hesabat blankı sayılmayan adi vərəqlərdə qeyd edilmiş məbləğlər olan sübutlar işə əlavə etmişdir. Əvvəlcə onu qeyd etmək istəyir ki, sübutların mötəbərliyi baxımından həmin sənədlərin heç bir qüvvəsi yoxdur və təqdim edilmiş sübutların özləri də bir çox ziddiyyətli məqamları özündə cəmləşdirir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən 2014-cü ilin noyabr ayının cümə yazıları olan ilk vərəqdə iddiaçı iddia ərizəsində qeyd etdiklərinin əksinə manat və ya dollar olduğunu qeyd edilməyən məbləğlərin cəmi kimi 8425 (xx.xx.2015), 4777.70 (xx.xx.2016) mal verdiyini, 6454.50 ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının çərşənbə axşamı yazıları olan vərəqdə xx.xx.2018-ci ildə 7747.80, 79.80 və 252.50 manat və ya dollar olduğunu qeyd edilməyən məbləğlərin cəmi kimi 8080.10 mal verdiyini, cavabdehi isə həmin vərəqdə qeyd edilmiş tarixlərdə (xx.xx.2018-xx.xx.2018) 2300 ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının şənbə günü yazıları olan vərəqdə 2016-cı ildə 1864.5 mal verildiyi (xx.xx.2016), 4868.20 ödəniş edildiyi (xx.xx.2016-xx.xx.2016), elə həmin vərəqdə əlavə olaraq 1050 (xx.xx.2017-xx.xx.2017) ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının bazarertəsi yazıları olan vərəqdə 2350 ödəniş edildiyi (xx.xx.2017xx.xx.2017), xx.xx.2018-ci ildə 189 mal verildiyi, 2014-cü ilin oktyabr ayının cümə günü yazıları olan vərəqdə 568 ödəniş edildiyi qeyd edilmişdir. Sübut kimi təqdim edilən həmin vərəqlərdən də göründüyü kimi iddiaçı 2015, 2016-cı illərə aid mal verməyə dair sübutlar kimi təqdim etdiyi kağız vərəqlərdə 2015-2016-cı illərdə guya mal verdiyini istinad etsə də cavabdehin ödədiyi məbləğlərin cəmi 17590.70 (6454.50+2300+4868.20+1050+2350+568) qeyd edilmişdir. Burdan da göründüyü kimi iddiaçının iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, əvvəlki iclasda da bildirdiyim kimi Cavabdeh iddiaçıdan heç bir vəsait və ya mal almamışdır. O, anbardar vəzifəsində işlədiyindən vəzifəsi malların anbara təhvil alınması olduğundan müəyyən qaimələrə imza atmaq olmuşdur. İddiaçının təqdim etdiyi sübutlardan və iddia ərizəsinə əsasən hesablanmalı olduqda iddiaçının 10901 manat borca mal vermiş olduğu təqdirdə 17590.70 manat ona ödənilmiş sayılmalı və bu hesabla iddiaçının cavabdehə 6689.70 manat artıq ödənişi olmalı və iddiaçı cavabdehə həmin məbləği ödəməlidir. Lənkəran rayon Məhkəməsinin 2(049)-160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1834/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran rayon Məhkəməsinin 2(049)-160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin cavabdehin nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını, cavabdehin nümayəndəsi-vəkilinin etirazlarını araşdıraraq, iddiaçının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08 fevral 2018-ci il tarixli, TF ******* nömrəli qaiməfakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 7.747,80 manat məbləğində inşaat malları təhvil verilmişdir. İşdə olan 08 fevral 2018-ci il tarixli, TF ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 79.80 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan 08 fevral 2018-ci il tarixli, TF ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 252,50 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli sifariş çekindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 558,31 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli sifariş çekindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 8.425 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli sifariş çekindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4.894,50 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2 nömrəli qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 278,70 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, 093034 nömrəli qaimə fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 344,10 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, əlyazmadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4.433,60 manat məbləğində inşaat malları təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1228 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 58-60-cı və 62-69-cu vərəqələrində olan xx.xx.2018-ci il tarixli TF.0002852, TF.0002850, TF.0002849 nömrəli qaiməfakturaları “Tehvil aldı:” qrafalarındakı imzalar, xx.xx.2015-ci il tarixli 1 nömrəli qaiməfakturada “Tehvil aldı/ Mikayıl M” qrafası qarşısındakı imza, xx.xx.2015-ci il tarixli 1 nömrəli qaimə-fakturada “Tehvil aldı/ Mikayıl M” qrafasındakı imza və “8335.00” rəqəmlərinin aşağı hissəsindəki imza xx.xx.2015-ci il tarixli 2 nömrəli qaimə-fakturada “Tehvil aldı/ Mikayıl M” qrafasındakı imza və “4706.85m” rəqəmlərinin önündəki imza, xx.xx.2015-ci il tarixli 2 nömrəli qaimə-fakturada “Təhvil aldım:” qrafasındakı imza, xx.xx.2016-cı il tarixli 093034 nömrəli qaimə-fakturada “Təhvil aldı” qrafasındakı imza, xx.xx.2016-cı il tarixli 3 nömrəli qaimə-fakturada “T.Aldi: B.Mikayıl” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı boya məhsullarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədən irəli gələn öhdəliyini yerinə yetirərək cavabdehə ümumilikdə 26.914,31 manat dəyərində mal vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya cəmi 10.901 manat borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında yazılı müqavilə bağlanmasa da, onlar arasında alqı-satqı müqaviləsi üzrə münasibətlər yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, müqavilənin şərtləri iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən isə tam yerinə yetirilmədiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin bağlanması üçün mütləq qaydada yazılı müqavilənin bağlanması şərti qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1228 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, iş üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş alqı-satqı müqaviləsindən irəli gələn pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan başqa, cavabdeh tərəfindən malların ona təhvil verildiyini təkzib edən, borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, cavabdehin nümayəndəsi-vəkilinin etiraz ərizələrində qeyd etdiyi halları araşdıraraq müəyyən etdi ki, cavabdehin nümayəndəsi-vəkili cavabdehin anbardar vəzifəsində işlədiyini qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan sənədlərlə, ekspert rəyi ilə iddiaçı tərəfindən təhvil verilmiş malların cavabdeh tərəfindən təhvil alındığı, habelə təhvil verilmiş malların qiyməti və yekun borcun qaldığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin nümayəndəsi-vəkilinin etirazda göstərdiyi hallar iddianın rədd edilməsi üçün əsas deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə qeyd olunan şifahi razılaşma əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 10.901 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.901 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar