Məhkəmə qərarları › İş №2-2(121)-659/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-659/2021

09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-659/2021 09.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (“xxxx” MMC-nin hüquqi varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.213,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx" MMC və cavabdeh arasında bağlanmış 26.03.2017-ci il tarixli 70 saylı müqaviləyə əsasən cavabdeh (Füzuli rayonu Bala Bəhmənli kənd ərazisində yerləşən) 33 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkməyi və yetişdirdiyi məhsulu hər hektardan 22 sentner olmaqla, 15.11.2017-ci il tarixədək "İddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar "Cavabder" "İddiaçı"dan 23676.01 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam- pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh X1 əsasında "İddiaçı" MMC tərəfindən 33.ha torpaq sahəsində 1008,90 manat dəyərində şum işləri, 33,0 ha torpaq sahəsində 571,71 manat məbləğində agır diskili mala işləri, 66,0 ha torpaq sahəsində 168,15 manat məbləğində mala işləri, 3945,00 manat məbləğində 750,0 kq toxum, 33,0 ha torpaq sahəsində 403,56 manat məbləğində səpin işləri, 33,0 ha 403,56 məbləğində səpin işləri, 76,92 ha torpaq sahəsində 1076,88 manat məbləğində kultivasiya gübrə işləri, 1360 manat məbləğində 8500 kq gübrə işləri, 396,00 manat məbləğində 18,0 litr pantera, 88,40 manat məbləğində 3,40 litr Acete super güzəşt), 336,46 manat məbləğində 33,63 litr Qarant (güzəşt), 890,00 manat məbləğində 32,0 kq Emerebeno 05 sg, 463,75 manat məbləğində 26,5 litr Kral 250 ec, 379,50 manat məbləğində 8.25 kq Dekstra, 1008,00 manat məbləğində 48,0 litr Ephtal, 1146,60 manat məbləğində 114,66 ha torpaq sahəsində dərman səpən işləri, avans olaraq ödənilən 6930 manat, yığım pulu olaraq 3093,52 manat ödənilən vəsait, ümumilikdə 23676,01 manat məbləğində vəsait sərf edilmişdir. Lakin, "Cavabdeh" müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 8462.86 manat məbləğində 18181.2 kq. xam-pambıq təhvil vermiş, bununla da "İddiaçı"ya 15213,15 manat məbləğində borcu qalmışdər. Cavabdehin borclu qalması "İddiaçı" ilə "Cavabdeh" arasında bağlanmış üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq "Cavabdeh" "İddiaçı"ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Füzuli rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(064)-713/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Nürəddin oğlundan iddiaçı “xxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə 15.213 manat 15 qəpik məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(106)-286/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(064)-713/2020 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı “xxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh Nürəddin oğluna qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia tələbi üzrə borcunu qəbul etdiyini və ödəyəcəyinə dair izahat verərək, qanunamüvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, cavabdehi dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 mart 2017-ci il tarixli, 70 saylı alq-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən bu müqavilənin şərtləri daxilində istehsalçı, yəni Cavabdeh mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən 23 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul edib onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC “xxxx” MMC-nin hüquqi varisidir. İş materiallarından olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan sənədlərdən (aktlar, məxaric orderləri, qəbzlər, qaiməfakturalar, kassa mədaxil orderləri, ödəniş tapşırıqları) görünür ki, İddiaçı MMC (“xxxx” MMC) tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. İş materiallarında olan 23 noyabr 2018-ci il tarixli üzləşmə aktından görünür ki, iddiaçının nümayəndələrinin və Cavabdeh iştirakı ilə aqrotexniki xidmətlərin göstərilməsi ilə əlaqədar akt tərtib olunmuş və imzalanmışdır. Cavabdeh iddiaçıya 15.213,15 manat borcunun olmasını imzasıyla təsdiq etmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 26 mart 2017-ci il tarixli, 70 saylı alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh məxsus 33,63 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan 14.118,16 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, “xxxx” MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış 26 mart 2017-ci il tarixli, 70 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan icarəyə götürdüyü Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən 33 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış 26 mart 2017-ci il tarixli, 70 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 23.676,01 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə cəmi 15.213,15 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış 26 mart 2018-ci il tarixli, 70 saylı alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 26 mart 2017-ci il tarixli, 70 saylı alqı-satqı müqaviləsinə əsasən 15.213,15 manat borcun olduğu iş materialları və cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə tam sübuta yetirilir. Qeyd olunan borcun ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 15.213,15 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 11.02.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 15.213,15 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 15.243,15 (on beş min iki yüz qırx üç manat, on beş) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar