Məhkəmə qərarları › İş №2-2(121)-722/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-722/2021

07.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-722/2021 07.07.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 7.404,4 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7.434,04 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhərində fərdi sahibkar kimi “BEST” limonad (qazlı şirəli suyun) istehsalı ilə məşğul olur (VÖEN **********). Cavabdeh oğlunu 2017-ci tanıyır. Cavabdeh ondan satış məqsədilə imkanı daxilində nəğd, imkanı olmayanda nisyə “limonad” qazlı suyunu alırdı. 20.05.2017-ci ildən 16.09.2018-ci ilə qədər cavabdeh ayrı-ayrı kassa mədaxil orderi əsasında 39.299,41 manatlıq “Limonad” almış, aldığı məhsuldan 31.895 manatının dəyərini ödəmişdir. Hal-hazırda cavabdehin ona ödənilməmiş 7.404,4 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən borclu qaldığı 7.404,4 manatı tələb etsə də o, borcunu ödəməkdən yayınmışdır. Cavabdehin günahı üzündən fərdi sahibkar kimi fəaliyyətini dayandırmış, alınan malların dəyəri ödənilmədiyinə görə işçilərə əmək haqqı ödəyə bilməmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh oğlundan 7.404,4 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7.434,04 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, geri qaytarılan malların qəbul edilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olduğunu, bununla bağlı cavabdehin həyətində olan geri qaytarılan malların dəyəri kimi 542 manat borcdan çıxılmalı olduğu halda çıxılmadığını və 542 manat pulun hal-hazırda tələb etdikləri borcdan çıxılmaqla, 6.570,41 manat pulun tələb edildiyini bildirmiş, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, həyətində olan geri qaytarılan malların dəyərinin 542 manat olması ilə razıdır, 2.000 manat borcundan həmin məbləğ çıxılmaqla, 1.458 manat borcu qəbul edir və ödəyəcəkdir. İddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təsdiq edilmiş cədvəldə qeyd olunmuşdur ki, Cavabdeh oğluna ümumilikdə 39.299,41 manat dəyərində mal verilmiş, onun tərəfindən 32.187 manat ödəniş edilmiş və 7.112,41 manat borcu qalmışdır. İş materiallarında olan qaimə fakturalarda, kassa mədaxil orderlərində və təqdim olunmuş qaimələrdə qeyd olunur ki, Cavabdeh oğluna müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə mallar təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh oğlu tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunmuşdur ki, iddia əsasızdır. 2017-ci ildə İddiaçı onunla əlaqə quraraq bildirmişdi ki, “Best Meləm”, düşes su məhsullarını istesal edir. Salyan rayonunda şadlıq saraylarına və mağazalara, paylamasını, ona müəyyən faiz verəcəyini və vaxtı keçmiş mallara cavabdeh olduğunu bildirmişdir. Onunla aralarında şifahi razılaşma ilə işə başlamış və 40.000 min manat su düşes mallarını satıb pulunu vermişdir. 2019-cı ilin axırlarında İddiaçı ona al-verin zəif olduğunu bildirmiş, ondan nə qədər nborcu olduğunu soruşmuş, o isə 2.000 min manat borcunun olduğunu bildirmişdir. O həmçinin bildirmişdir ki, həyətində 2.200 manat dəyərində vaxtı keçmiş və geri qaytarılmış mal vardır. İddiaçı isə ona həmin malları yığmasını, həyətə gələrək haqq-hesab edəcəyini bildirimişdir. Lakin mallar eləcə də qalmış, hal-hazırda onun həyətində 2.200 manatlıq düşes malları vardır. İş materiallarında olan Cavabdeh oğlunun məhkəməyə ünvanladığı 02.06.2021-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, o, Sumqayıt şəhərindəki “BEST” düşes müəssisənin direktoru İddiaçılə aralarında miqdarı təxmini 50.000-dən çox malları satış nöqtələrinə satmışdır. Malların pullarını sürücu ilə göndərmişdir. Aralarında 2.000 manat pul qalmış və o, həyətində olan geri qaytarılmalı malların dəyərini 2.000 manatdan çıxıldıqdan sonra, qalıq məbləği ödəyəcəyini bildirmişdir. Bu məsələdə ona köməklik edilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2017-ci ildən başlayaraq əməkdaşlıq etmiş, iddiaçı tərəfindən istehsal olunan limonad (qazlı su) məhsullarının satışı ilə məşğul olmaq barədə şifahi qaydada razılığa gəlmişlər. Hazırda iddiaçı limonad (qazlı su) məhsullarının satışından cavabdehin 7.404,4 manat borcu qaldığını bildirirərək həmin pulun ödənilməsini tələb edir. Cavabdeh isə ona 2.000 manat borcu qaldığını, həyətindəki geri qaytarılmalı olan malların dəyəri 2.000 manatdan çıxıldıqdan sonra, qalıq pulun ödəniləcəyini bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməli olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair şifahi qaydada müqavilə bağlamışlar. Həmin şifahi müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə özünün istehsal etdiyi limonad (qazlı su) məhsullarını vermişdir. İddiaçı iddia ərizəsində 20.05.2017-ci ildən 16.09.2018-ci ilə qədər cavabdehə 39.299,41 manat dəyərində mal verildiyini, cavabdeh tərəfindən 31.895 manat ödənildiyini, 7.404,4 manat borcu qaldığını bildirir. Qeyd olunan halları təsdiq edən sübutlar kimi iddiaçı tərəfindən məhkəməyə cədvəl, qaimələr, qaimə fakturalar və kassa mədaxil orderləri təqdim olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin cədvəl, qaimələr, qaimə fakturalar və kassa mədaxil orderlərini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədlər 39.299,41 manat dəyərində malın cavabdehə verildiyini təsdiq edən sübutlar deyildir. Qeyd olunan cədvəl iddiaçı tərəfindən akt şəklində tərtib və təsdiq olunmuşdur. Cavabdeh həmin cədvəli imzalamamışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş qaimələr, qaimə fakturalar və kassa mədaxil orderlərində də yalnız iddiaçıya aid qrafalar doldurulmuş, cavabdeh həmin sənədləri imzalamamışdır. İddiaçı tərəfindən təqdim edilmiş 292 manat ödənişə poçt qəbzini isə məhkəmə mötəbər sübut kimi qəbul edir. Qeyd olunan qəbzdən görünür ki, Cavabdeh oğlu tərəfindən İddiaçı nümayəndəsi X2 30.05.2019-cu il tarixdə 292 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd olunan məbləğin ödənildiyini qəbul etmişdir. Lakin bununla belə, Cavabdeh oğlu tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə iddiaçıdan 40.000 min manat dəyərində mal aldığını, həmin malları sataraq pulunu ödədiyini, bundan başqa məhkəmə iclasında iddiaçıdan təqribən 50.000 manat dəyərində mal qəbul edərək, satış nöqtələrinə satdığını və pullarını sürücü ilə göndərdiyini bildirmiş, daha sonra oxşar məzmunlu 02.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan ən azı 40.000 min manat dəyərində mal aldığını etiraf etmiş, lakin aldığı mallarının dəyərinin iddiaçıya ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 7.404,4 manat borcu qaldığını bildirirərkən, Cavabdeh oğlu tərəfindən 30.05.2019-cu il tarixdə poçt vasitəsilə aparılmış 292 manat ödənişi nəzərə almamışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında geri qaytarılan malların qəbul edilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olduğunu, bununla bağlı cavabdehin həyətində olan geri qaytarılan malların dəyəri kimi 542 manat borcdan çıxılmalı olduğu halda çıxılmadığını və 542 manat pulun hal-hazırda tələb etdikləri borcdan çıxılmaqla, 6.570,41 manat pulun tələb edildiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu da izahatında həyətində olan geri qaytarılan malların dəyərinin 542 manat olması ilə razı olduğunu, 2.000 manat borcundan həmin məbləğ çıxılmaqla, 1.458 manat borcu qəbul etdiyini və ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 3,38 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 26,62 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 6.570,41 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,62 manat olmaqla, cəmi 6.597,03 (altı min beş yüz doxsan yeddi manat, üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 6.570,41 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,62 manat olmaqla, cəmi 6.597,03 (altı min beş yüz doxsan yeddi manat, üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar