Məhkəmə qərarları › İş №2-2(121)-735/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-735/2025

15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-735/2025 15.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – 5.510,98 manat borcun və 75,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən ilin sentyabr ayının 21-də cavabdeh iddiaçıdan 5.510,98 manat dəyərində malları (pvc profil və aksesuarlarını) nisyə alaraq pulunu qısa müddətdə, uzağı bir ay ərzində verəcəyini bildirmişdir. Bununla bağlı akt tərtib edilmiş və cavabdeh də həmin aktı imzalamışdır. Lakin o, həmin müddət ərzində pulu ödəməmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən cavabdeh qeyd olunan malın pulunu bu vaxtadək ödəməmişdir. Bununla bağlı iddiaçı Lənkəran ŞRPŞ-nə müraciət etməli olmuşdur. Ərizə oradan aidiyyəti üzrə Masallı RPŞ-nə göndərilmişdir. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh həqiqətən də iddiaçıdan qeyd olunan aktda göstərilən dəyərdə nisyə mal almasını bildirmiş, pulunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1098/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, 5.510,98 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 75,50 manat məbləğində pul, cəmi 5.586,48 manat Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin Cavabdeh aid edilməsi və ondan 127 manat tutularaq aşağıdakı hesaba köçürülməsi: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE******************** qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1917/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1098/2024 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın qismən qəbul edərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli qəbzdə “İmza” qrafalarında “X2” yazılarının qarşılarındakı imzalar ona məxsus deyildir. Həqiqətən İddiaçı tərəfindən ona dəyəri 5510,9 manat məbləğində olan PVC materialları və aksesuarları nisyə satılmışdır. Lakin, aldığı malların və aksesuarların bir qismini iddiaçının işçisi Mirsaleh Bağırova qaytarmışdır. Həmçinin, aldığı qeyd edilən malların və aksesuarların dəyərinin bir hissəsini iddiaçının işçisi Nərmin adlı xanıma ödəmişdir. Hazırda onun iddiaçıya 1700-2200 manat arası borcu qalmışdır. Həmin borcu da ödəyəcəkdir. Buna görə də, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən, Cavabdeh İddiaçı 5.510,98 manat məbləğində borcu vardır. Aktda qeyd olunan borc məbləğini və aktın doğruluğunu tərəflər öz imzaları ilə təsdiq etmişlər. İşdən görünür ki, Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Polis Şöbəsinə ərizə ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, aldatma yolu ilə 5.510 manat pulu ələ keçirərək, dələduzluq etmişdir. Odur ki, Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsinə, onun cinayət məsuliyyətinə cəlb edilərək mənimsənilmiş pulu qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materialında olan Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı Masallı RPŞnə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, müraciətinin səbəbi Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh ona 5.510 manat pul borclu olmasıdır. İddiaçı Masallı rayonu ərazisində yerləşən inşaat bazarında sahibkarlıqla məşğuldur və Cavabdeh 4-5 ildir ki, tanıyır. Əvvəllər ondan bir neçə dəfə qapı-pəncərəyə aid olan materiallar almış, pulunu isə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh inşaat bazarında ondan 5.510 manat dəyərində qapı-pəncərəyə aid olan materiallar götürmüş və borclu olduğu 5.510 manatla bağlı aralarında akt tərtib edilmişdir. Cavabdeh borclu olduğu pulun bir ay müddətinə qaytarmağına söz verməklə tərtib olunmuş aktda qeyd edilərək imzalamışdır. Bir ay keçdikdən sonra İddiaçı Cavabdeh borclu olduğu pulu qaytarmadığına görə onunla dəfələrlə əlaqə saxlayaraq, pulu tələb etmişdir. Lakin o, borclu olduğu pulu etiraf etsə də, tez bir zamanda qaytaracağına söz versədə, hələ də pulu qaytarmamışdır. İşə əlavə olan Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh Masallı RPŞ-nə verdiyi izahatına əsasən, 2023-cü ilin təxminən iyun ayında Masallı rayonu ərazisində yerləşən inşaat bazarında İddiaçı işlədiyi mağazadan Elşə adlı şirkətdən plastik qapıpəncərəyə aid olan materiallar götürmüşdür. Götürdüyü malların çox hissəsini vermişdir. Hal-hazırda 1.700 manat məbləğində pul borcu qalmışdır. Odur ki, İddiaçı işlədiyi mağazaya 5.510 manat pul borcu yoxdur. Barəsində deyilənlər və qeyd olunanlar doğru deyildir. İş materialında olan Masallı rayonu, Köhnə Alvadı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ünvanladığı müraciətinin yoxlanılmasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nə ünvanladığı müraciəti xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə daxil olmuşdur. Yoxlama zamanı Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı ilkin müraciətində Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh onun etibarından istifadə edərək 5.510 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Araşdırma zamanı Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı izahatı alınarkən izahatında, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Digah küçəsində yerləşən tikinti materialları mağazasından, Lənkəran rayonu Boladı kənd sakini Cavabdeh 5.510 manat dəyərində qapı-pəncərəyə aid olan materiallar almış, bir ay müddətinə pulunu ödəyəcəyinə söz versə də, hələdə pulunu vermədiyini bildirmişdir. Araşdırma zamanı Lənkəran rayonu, Boladı kənd sakini Cavabdeh izahatı alınarkən izahatında, Masallı rayonu, Köhnə Alvadı kənd sakini, İddiaçı 5.510 manat deyil, 1.700 manat pul borcu qaldığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı, Cavabdeh qarşı iddia və tələbi polis orqanlarının səlahiyyətlərinə aid deyildir, mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə rəsmi məktubla bildirilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, qəbzdə müxtəlif materialların adları qeyd edilmiş və qəbzin “Təhvil aldı” hissəsi “Mirsaleh Bağırov” adlı şəxs tərəfindən imzalanmışdır. İşdə olan “Müştəri hərəkət raportu (xüsusi)” adlı sənədin surətindən görünür ki, Cavabdeh verilmiş mallar və aksesuarlar üzrə qalıq borcunun 5.683,68 manat olması müəyyən olunur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/565 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli qəbzdə “İmza” qrafalarında “X2” yazılarının qarşılarındakı imzaların – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 127 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları ilə, tərəflərin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, hazırda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdehin malların və aksesuarların nisyə alınması ilə əlaqədar iddiaçıya 5.510,98 manat borcunun qalması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında (şifahi qaydada) bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pvc materialları və aksesuarları nisyə satılmışdır. Lakin, cavabdeh tərəfindən pvc materiallarının və aksesuarlarının dəyəri iddiaçıya ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət olmadığından, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd edilən Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan pvc materialları və aksesuarları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin pvc materiallarının və aksesuarlarının qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında pvc materialları və aksesuarları almasına dair hüququndan istifadə etmiş, lakin həmin materialların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış 5.510,98 manat borcu tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 75,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin iddiaya qismən etirazının dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh 1700-2200 manat arası borcunun qalmasını bildirirsə, qalan məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Odur ki, göstərilən halın iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən məbləğdə pul vəsaitinin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan müqavilə(lər)ə əsasən malların və aksesuarların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq borcunu iddiaçıya tam şəkildə ona ödəməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 5.510,98 manat məbləğində borc və 75,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar