Məhkəmə qərarları › İş №2-2(121)-805/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-805/2020

16.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-805/2020 16.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 360.000 manat dəymiş ziyan və 10.000 manat xidmət haqqı olmaqla, ümumilikdə 370.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(017)-298/2020 saylı qərardadı ilə, əsl olmayan cavabdeh X8 əsl Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə əvəz edilmiş və mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, ailəsini dolandırmaq məqsədi ilə sarımsaq bitkisi əkib-becərməklə məşğul olur. O, sarımsaq bitkisi əkərək, 80 ton miqdarında sarımsaq məhsulu yığmış və dekabr-yanvar aylarında yığılmış məhsulu satmaq məqsədilə xx.xx.2019-cu il tarixdə “X2 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil vermişdir. Məhsulu ərzaq saxlama kamerasına yerləşdirən zaman, məhsulun orada saxlanması üçün 10.000 manat xidmət haqqı vermişdir. xx.xx.2019-cu il tarixdə “X2 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinə təhvil verdiyi 80 ton sarımsaq bitkisini götürmək üçün getdikdə soyuducudan axan su səbəbindən məhsulun tam yararsız olduğunu görmüşdür. Bundan sonra 360.000 manat dəyərində olan istifadəyə yararlı sarımsaq bitkisini yararsız hala salan saxlama kamerasının rəhbəri ilə əlaqə yaradıb danışıqlar aparsa da, onun bu məsələyə heç bir aidiyyətinin olmadığını və zəmanət vermədiyini bildirmişdir. Bundan sonra, ona dəymiş ziyanın və çəkdiyi xərclərin geri ödənilməsi üçün cavabdeh barəsində Ağcabədi Rayon Prokurorluğuna şikayət etmişdir. Prokurorluqdan ona yazılı olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X5 izahat verərək bildirmişdir ki, iddiaçı, X8 ilə danışıb, öz aralarında şifahi razılaşma ilə malı ona təhvil vermişdir. İş materiallarından, eləcə də iddiaçının izahatlarından da məlum olur ki, iddiaçı ilə cavabdeh təşkilat olan Cavabdeh arasında hər hansı bir müqavilə və ya rəsmi razılaşma əldə olunmamışdır. Ümumiyyətlə şirkətin malın orda saxlanılmasından da xəbəri olmamışdır. Mal xarab olandan sonra X8 ilə iddiaçı arasında problemlər yaranmış və o zaman müəssisənin bundan xəbəri olmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən dəvət olunmuş mütəxəssisin də məhkəmənin və tərəflərin suallarına vermiş olduğu cavablarda sarımsağın saxlanma qaydası hansı dövrdə, necə saxlanılmalıdır, hansı vaxtda artıq əgər qışda fevral və mart ayında satışa çıxarılacaq sarımsağın saxlanma qaydası və nə zaman soyuducuya qoyula biləcəyi ilə bağlı məlumatlar vermişdir ki, bu yalnız ən geci avqust ayının sonuna kimi ola bilər. Yəni, bunlarla bağlı mütəxəssis geniş şəkildə izahat vermişdir. Düzdur, bunların müəssisəyə aidiyyəti yoxdur. Çünki onlar, Cavabdeh olaraq malı qəbul etməmişdirlər. İddia tələbindən görünür ki, ilkin olaraq iddia X7 qarşı verilmişdir. Şəxsin özü də məhkəmə iclaslarında qeyd etmişdir ki, Rizvanla danışmışdır. Tərəf qeyd edir ki, malı soyuducuya qoyduqdan sonra xarab olmuşdur. Bunu sübut etmək tərəfin üzərinə düşür. Bununla bağlı da, iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Tərəf özü də qeyd etmişdir ki, onun həmin müəssisədə sarımsaqdan əlavə, soğanı da saxlanılmış və normal şəkildə saxlanılaraq ona təhvil verilmişdir. Yəni hansısa bir problem olsaydı soğanda da olardı, hətta bügunə qədər Cavabdehnə məxsus soyuducularda saxlanılan mallarda problem olsaydı, digər şəxslərlə də problem olardı və bununla bağlı məhkəmələrdə bir iddia olardı. Hesab edirlər ki, iddia əsassızdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi Rayon Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, İddiaçı “X2 və təchizatı” ASC-nin Ağcabədi rayonunda yerləşən regional idarəsinin rəhbəri X8 barəsində Ağcabədi Rayon Prokurorluğuna müraciət edərək, ona dəymiş 100.000 manat ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 553Ş-19 saylı məktubdan görünür ki, İddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsinə dair tələblərlə aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, AZ0400/********** saylı teleqramın surətində qeyd olunur ki, 2019-cu ilin sentyabr ayının 25-də İddiaçı müraciəti əsasında, təxminən 40-50 ton sarımsaq və 50 ton soğanı dekabr 2019-cu il tarixədək soyuducu kamerada saxlanılması üçün qəbul etmişdir. Malı qəbul edərkən, onun içərisində müəyyən qədər keyfiyyəti aşağı, cücərməmiş formada sarımsaq olmuş və bu barədə İddiaçı məlumatı olmuşdur. Bundan başqa iş otağında olan danışığa bir tərəfli qaydada gələcəkdə baş verə biləcək hər hansı bir problemə görə öhdəliyi İddiaçı öz üzərinə götürmüşdür. Ötən müddət ərzində həmin malların saxlanılmasına müntəzəm olaraq nəzarət olunmuş, elektrik və digər avadanlıqlar normal surətdə işləmişdir. İddiaçı dəfələrlə müraciət olunaraq kameraya qoymuş olduğu malları götürməsi bildirilsə də, həmin mallar geri götürülməmişdir. Aralarında olan danışığa əsasən xx xxxxxx 2019-cu il tarixdə İddiaçı götürdüyü kameranın aylıq kirayə haqqının vaxtı olduğu üçün kirayə haqqının ödənilməsi ondan tələb olunmuş, 3 gün müddətinə həmin mallaırı təhvil götürmədiyi təqdirdə gələcəkdə baş verən hər hansı bir neqativ vəziyyətə görə məsuliyyət şəxsən özü daşıması barədə İddiaçı məlumatlandırılmışdır. İş materiallarında olan Bərdə şəhər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bərdə rayon Vəkil Bürosunun vəkili Müşfiq Mehdiyevə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 08 saylı məktubda qeyd olunur ki, Bərdə şəhəri “xxxx” MMC-nin bazarında 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiyməti 360.000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, FM/F-02-20 saylı arayışında qeyd olunur ki, X8 həqiqətən də Cavabdehndə 2018-ci ilin yanvar ayından təchizat üzrə menecer vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnaməsindən görünür ki, həmin etibarnamə ilə Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən notariat kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2021-ci il tarixədək X7 etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 04/1-47 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 04/1-64 saylı məktublarda qeyd olunur ki, 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramın ölkə üzrə orta pərakəndə satış qiyməti 1,31 manat təşkil edir. Beynəlxalq təcrübədə mövcud olmadığı üçün Dövlət Statistika Komitəsi məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsini aparmır. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 686 xid-20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki, Ağdam rayonu, Ergi qəsəbəsində təsərrüfatla, sarımsaq əkini ilə məşğul olur. 2019-cu ilin iyun ayında sahədən 80 ton sarımsaq yığıb məhsulu Ergi qəsəbəsində təsərrüfatının olduğu yerdə çardağın altında saxlamışdır. Sonradan məhsulun soyuducu şəraitində saxlanılmasını qərara almışdır və xx.xx.2019-cu il tarixdə həmin 80 ton sarımsağı Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən “X2 və təchizatı” ASC-nin X4 vermişdir. Bu məqsədlə həmin müəssisənin nümayəndəsi Rizvan adlı şəxslə məhsulun 3 ay müddətinə saxlanılması üçün 12 min manat xidmət haqqına razılaşmışdır. Həmin xidmət haqqının 10 min manatınıhissə-hissə 2 dəfə 4 min manat, bir dəfə isə 2 min manat olmaqla Rizvana ödəmişdir. Şərtlərinə əsasən mal soyuducu kameralarda 2 dərəcə temperaturda saxlanmalı idi. Malı “X2 və təchizatı” ASC-nin X4 təhvil verdikdən təxminən 20 gün sonra Rizvan malda yüngülvari göyərmə olduğunu bildirmişdir. O, gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malısoyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan mütəmadi olaraq gəlib malını anbardançıxarmağı bildirmişdir. xx.xx.2019-cu il tarixdə o,“X2 və Təchizatı” ASC-nin X4 gedib mala baxdıqda anbara yerləşdirdiyi 80 ton sarımsağın tamamilə göyərib yararsız vəziyyətə düşdüyünü, malın da onun xəbəri olmadanbaşqa kameraya yığıldığını öyrənmişdir. Yəqin ki, əvvəlki kamera uzun müddət işləmədiyindən məhsul xarab olmuş, Rizvan da sonradan malı başqa kameraya yığmışdır. Bunun nəticəsində ona ziyan dəymişdir. Lakin bunun pulla dəyərini deyə bilmir, bunun üçün ekspertiza təyin olunub qiymət qoyulmalıdır. Həmin məhsulun yetişdirilməsi üçün 50-60 ailədən adamlar işləmiş, onlara pul ödənilmişdir. O“X2 və Təchizatı” ASC-nin AğcabədiRegional idarəsində onun malının yığıldığı soyuducu kameranın monitorunun şəklini çəkmişdir, soyuducu 2 dərəcə işləməli olduğu halda 7,4 dərəcədə işləmişdir. Bununla bağlı Rizvana bildirdikdə heç nəyə zəmanət vermədiyini bildirmişdir. Rizvan söhbəti bağlamaq üçün ona ödədiyi 10 min manatı təklif edir, o isə bununla razılaşmır. O 80 ton sarımsağı “X2 və Təchizatı” ASC-nin X4 rəsmi yazılı şəkildə təhvil verməmişdir, yalnız müəssisənin müdiri Rizvan adlı şəxslə şifahi razılaşması olmuşdur. Hətta xidmət haqqı kimi ödədiyi 10 min manat üçün də, ona heç bir qəbz təqdim olunmamışdır. O, sahədən yığılmış sarımsağı qurutmaq məqsədilə bir neçə ay müddətində çardaq altında soyuducu şəraitində olmadan saxlamışdır. Hesab edir ki, həmin müddətdə məhsul xarab ola bilməzdi. Sarımsağı əkdiyi müddətdə məhsula lazımi qaydada aqrotexniki qulluq olunmuş, xəstəliklərə qarşı bütün dərmanlar verilmişdir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin İddiaçı Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd olunur ki,malın hissə-hissə gətirilməsinin məhsulun keyfiyyətinə heç bir dəxli yoxdur. Səksən ton məhsulu o 10 gün ərzində daşıyaraq soyuducuya yığmışdır. Onun malların soyuducuda saxlanması şəraiti barədə heç bir məlumatı yoxdur. Malın saxlanma qaydasını Rizvan yaxşı bilir, o da ona inanıb malı təhvil vermişdir. Hansı şərait yaxşı idisə Rizvan malı həmin şəraitdə saxlamalı idi. Onun malı anbara yerləşdirilən zaman malda təxminən hər kisədə bir sarımsaq göyərə bilərdi. Bu isə normal haldır. O bunu nəzərə alaraq malını anbardan götürməmişdir. Rizvan onunla telefon danışığı zamanı sonradan gətirəcəyi malı götürməyəcəyi barədə xəbərdarlıq etmişdir, həmin vaxt o sonradan anbara yenə mal gətirməyi planlaşdırmışdır. Lakin mümkün olmadığından daha mal gətirə bilməmişdir. Rizvan onun malını xarab edəndən sonra, ona zəng edərək malı anbardan çıxarmağını bildirmişdir. Rizvan onu xx.xx.2019-cu il tarixdə anbara dəvət etmiş, anbarın yuxarısında havanın temperaturunu yoxlamışlar, hava soyuq olmuşdur. Rizvan xx.xx.2019-cu il tarixdə malın yerini dəyişmiş, usta çağırıb soyuducunu təmin etdirmiş, sonradan onu dəvət etmişdir. Əgər o haqlıdırsa, soyuducunu çağırmamış onu çağırmalı idi. Onun malın təhvil-təslimindən başı çıxmır. Rizvan malı qəbul edən şəxsdir, malı qəbul edəndə sənəd imzalamağı ona təklif etməmişdir. O, onun xidmət haqqını hər ayın əvvəlində ödəyib malını soyuducuda saxlamışdır. Rizvan onun malını meyvə üçün nəzərdə tutulmuş müsbət tempraturlu kamerada saxlamışdır, əslində isə sarımsaq mənfi dərəcəli temperaturda saxlanılmalı idi. İş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 686 xid-20 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş X6 Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, İddiaçı əvvəllər tanımamışdır. Cavabdeh MMC-də menecer vəzifəsində işləyir. Həmin müəssisənin Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində beş min tonluq soyuducu anbarı vardır. Anbarda xidmət haqqı müqabilində ərzaq məhsullarının saxlanılması nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq təxminən 10-15 gün müddətində hissə-hissə təxminən 50-60 ton çəkidə sarımsaq gətirərək anbara yerləşdirmiş, malın 2019-cu ilin dekabr ayına qədər saxlanılması üçün xidmət haqqı kimi on min manatı ödəmiş, iki min manat da borclu qalmışdır. Malın hissə-hissə gətirilərək yerləşdirilməsinin məhsula ziyan olduğunu, daha əvvəl yerləşdirilmiş məhsulun artıq müəyyən temperaturda soyumasını, sonradan gələn malın həmin temperaturu götürməsinin müəyyən vaxt tələb etdiyini, bunun isə eyni yerdə saxlanılan məhsul üçün mənfi nəticə verə biləcəyini İddiaçı izah etmiş, malın bütöv halda soyuducuya yerləşdirməsini məsləhət görmüşdür. Lakin Mütəllim “daha ondan keçib” deyərək malı eyni qaydada soyuducuya yerləşdirmişdir. Hətta o Mütəllimə malı anbarın arxa tərəfində adi temperaturlu şərait olduğunu, malın hissə-hissə həmin yerdə toplanmasını, axırda cəm halında soyuducuya vurulmasını da məsləhət görmüş, lakin Mütəllim buna da razı olmamış, hər dəfə ona deyəndə işinin alınmadığını, ona görə ləngidiyini demişdir. Bundan başqa, İddiaçı ilk gündən malı anbara gətirən zaman onun məhsulunda cücərmə müşahidə olunmuşdur. O, bununla bağlı aqronomla da məsləhətləşmişdir, aqronom həmin malın soyuducuya yerləşdirilməsini məsləhət görməmiş, məhsulun zay olacağını bildirmişdir. Bu barədə də o Mütəllimə bildirmiş, malın sonrakı aqibəti üçün cavabdeh olmadığını, ondan xidmət haqqını tam istəmədiyini, həmin pulu fəhləyə və maşına verib malını daşımağı bildirmişdir. Mütəllim tezliklə malını soyuducudan çıxaracağını deyərək vaxtı yubatmışdır. Bundan başqa, Mütəllim 2019-cu ilin may ayında məhsulu sahədən yığmış, isti açıq şəraitdə uzun müddət saxlamış, sonradan cücərdiyini görüb soyuducuya yerləşdirməyi qərara almışdır. Halbuki soyuducu şəraiti çıxış yolu deyil, soyuducu məhsulu müəyyən müddət saxlamaq imkanındadır. Lakin Mütəllim kimdənsə əsassız sözlər eşidib guya malın mənfi 2 dərəcə temperaturda saxlanılmalı olduğunu iddia edir. Halbuki məhsul mənfi 2 dərəcədə saxlanılsa idi, donub sonradan havaya çıxarılanda tamamilə məhv olacaqdı. O, Mütəllimlə aralarında olan telefon danışıqlarının əks olunduğu diski və Mütəllimin malının anbara yığılarkən ilkin görüntülərini könüllü olaraq izahatına əlavə edir. Həmin danışıqlarda onun Mütəllimə malının əvvəlcədən cücərməsini bildirməyi, Mütəllimin də malına tez-tez nəzarət götürüb aparacağını deməsi təsdiq olunur. Lakin Mütəllim vaxtında malını anbardan çıxarmamış, vədlərinə əməl etməmiş, sonda onu şantaj etmişdir. Mütəllimin malında əvvəlcədən cücərmə baş vermişdir. Məhsul isə xx.xx.2019-cu il tarixdə başqa soyuducuya yığılmışdır. Bunun səbəbi isə soyuducunun təmperaturunun müsbət iki dərəcəyə enməsi idi. O, bununla bağlı usta da çağırmış, usta soyuducunun mühərrikində problem olmadığını, içəridəki məhsulda qızışma getdiyini, ona görə də temperaturun nizamlanmadığını bildirmişdir. xx.xx.2019-cu il tarixdən əvvəl soyuducuda heç bir problem olmamışdır. Başqa soyuducuya yığıldıqdan sonra da məhsulda qızışma getdiyi, malın keyfiyyətini itirdiyi təsdiq olundu. O, həmin günlərdə Mütəllimlə birlikdə anbarın yuxarısına çıxıb ona soyuducunun radiatorundan çıxan havanın temperaturunu yoxlamağı bildirmiş, həqiqətən də soyuducunun buz kimi soyuq havanı vurduğu məlum olmuşdur. Həm də Mütəllim anbara səksən deyil, təxminən 50-60 ton sarımsaq yığmışdır. İddiaçıla sarımsağın soyuducuya təhvil verilməsi barədə heç bir rəsmi yazılı sənəd tərtib olunmamışdır. Malı yığmamışdan əvvəl Mütəllim tanışlıq verib uzaq qohumluqlarının olduğunu bildirmiş, o da el-oba olduğunu nəzərə alaraq ona inanmışdır. X1 Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, Cavabdeh MMC üç ildir ki, “xxxx” ASC və “xxxx” MMC ilə əməkdaşlıq edir, həmin təşkilatlar Cavabdeh MMC-yə məxsus soyuduculara xeylı mal yerləşdirmişdirlər. İndiyə qədər həmin təşkilatlara məxsus mallarda heç bir problem yaranmamış, heç bir şəxs onlardan şikayət etməmişdir. Bundan başqa İddiaçı sarımsaqla bərabər xx.xx.2019-cu il tarixdə təxminən 50 ton çəkidə soğanı da Cavabdeh MMC-yə məxsus soyuducuya yerləşdirmiş, soğan indiyə qədər normal vəziyyətdə qalmışdır. İddiaçı soğanla bağlı heç bir şikayəti yoxdur. Necə ola bilər ki, eyni soyuducuda soğan yaxşı vəziyyətdə qalır, sarımsaq isə xarab olur. Bu da İddiaçı böhtançı olduğunu bir daha təsdiq edir. İddiaçı məxsus soğan və sarımsaq fərqli otaqlarda saxlanılır, lakin həmin otaqların soyuducu sistemi eyni mühərrikə və qurğuya malikdir. Yəni ümumi soyuducuda problem olsa idi, soğanda da problem yaşanardı. Mütəllimin anbara yığdığı soğan başqa adama, Mütəllimin şərikinə məxsusdur. Təxminən on gün əvvəl soğanın sahibləri anbara gələrək Mütəllimin onlara kələk gəldiyini, guya sarımsağı anbardan çıxardığını onlara dediyini bildirmişdirlər. İddiaçı yerləşdirdiyi soğan rəsmi yazılı şəkildə təhvil alınmamışdır. Rəsmi razılaşmanın olmamasının səbəbi Mütəllimlə uzaq qohumluq və tanışlıq münasibətlərinin olması, ona olan inamı olmuşdur. Onun Mütəllimlə qərəzi olsaydı ona məxsus soğanada ziyan vurardı. Əksinə o maraqlıdır ki, müştərinin malını keyfiyyətli saxlasın, o da daimi olaraq onun soyuducusundan istifadə etsin. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayonu, Rəncbər kəndində yerləşən, ümumi sahəsi 7.309 m2, torpaq sahəsi 1,4 hektardan ibarət olan ticarət təyinatlı əmlak kompleksi kimi müəssisəyə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, sarımsaq yığılandan sonra əgər əkinə gedəcəksə, onda onun kökləri təmizlənmir, başı 5 sm qədər kəsilir, sonra talvar altında qurudulur və əkin müddəti gələndə dişlərindən ayrılır və əkilir. Sarımsağın əkin müddəti sentyabr ayının 20-dən oktyabr ayının 25-nə qədərdir. Sarımsaq yığılır, düzgün sərilib qurudulur və bu zaman, sarımsaqda sentyabr ayının 15-nə qədər cücərmə olmur. Əgər sarımsaq nəm çəkirsə, o zaman ayılır və cücərməyə başlayır. Ona görə də oktyabr ayının 25-nə qədər onu əkib qurtarmaq lazımdır. Əgər oktyabr ayının 25-dən sonra əkilərsə o zaman sarımsağın cücərmiş hissəsi qırılır və əkindən yaxşı nəticə alınmır. Lakin satış məqsədilə, uzun müddət saxlamaqdan ötrü, mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallardada onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Sonra da onu sərirlər, qurudurlar biraz sonra isə onu soyuducuya yığırlar. Soyuducuda bunun tempuraturu əgər konteynerə vurub saxlayırlarsa, mənfi 1-2 dərəcə arası olmalıdır. Həmin saxlama kamerasının, yəni otağın nəmliyi 75-80 faiz dərəcəsində olmalıdır. Bu, hər gün yoxlanılmalıdır. Sarımsağı soyuducuya qoymamışdan qabaq 8 saat ərzində 40 dərəcə tempuraturda onu qızdırmaq lazımdır. O zaman həmin sarımsaq uzunmüddətli qala bilir. Kisə şəklində saxlanıldıqda sarımsaq 3-4 ay ərzində saxlanılır. Yəni 3-4 aydan sonra o cücərməyə başlayır və xarab olur. Sarımsaq əsasən iyun ayının axırı, iyul aylarında yığılır. Sentyabr ayına qədər sarımsağı sərib saxlamaq olar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsağı yığılandan sonra elə sahənin özündə, yaxud da talvara sərib qurudulur. Sentyabrın 20-nə qədər sarımsaq demək olar ki, cücərmir. Əgər məhsul bir soyuducudan çıxarılıb digər soyuducuya qoyulursa tempuratur əgər eyni deyilsə oyanma baş verə bilər. 1 günə belə sarımsaqda oyanma baş verib cücərə bilər. Cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Sarımsağı anbarda saxlamağa verən adam məhsulu soyuducuda saxlayacaq adamla əlaqə saxlamalıdır ki, siz hansı şəraitdə məhsulu saxlayırsız. Məsələn konteynerdəmi, açıq havadamı, yeşikdəmi, torbadamı. Ondan sonra məhsulu həmin şəxsə təhvil verməlidir. Həmin şəxs də tez-tez nəzarət etməlidir. Cücərmiş, zədələnmiş sarımsaqlar varsa, onları seçib çıxarmalıdır. Cücərmiş və zədələnmiş sarmısaq orada qalarsa, o biri sarımsaqları da zədələməyə başlayacaq. Sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Sarımsağı soyuducuya qoymazdan əvvəl baxmaq lazımdır ki, cücərib ya yox, əgər cücərmiş sarımsaq vardırsa, onları seçib çıxarırsan, cücərməyənləri isə soyuducuda 3-4 ay saxlamaq olar. Anbarda məhsul olduğu müddətdə ora tez-tez məhsul yığılması anbarada saxlanılan məhsula ziyan vura bilər. Bunun üçün anbara nəzarət olunmalıdır. Cücərmiş məhsulu anbarda saxlamaq mümükün deyil. Hesab edir ki, sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə qalan məhsulun cücərməsinə səbəb olar. Beləliklə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı sarımsaq bitkisini becərərək, dekabr-yanvar aylarında yığılmış məhsulu satmaq məqsədilə xx.xx.2019-cu il tarixdə X7 təhvil vermiş, bunun üçün 12 min manat xidmət haqqına razılaşmış, xidmət haqqının 10.000 manatını ödəmişdir. Sarımsaq məhsulu Cavabdehnə məxsus anbarda saxlanılmış və 2019-cu ilin dekabr ayında məhsulun xarab olması aşkar olunmuşdur. Cavabdehnə məxsus anbara təhvil verilmiş sarımsaq məhsulunun həcmi və dəyəri, malın X7 fiziki şəxs kimi, yoxsa Cavabdeh işçisi kimi təhvil verilməsi, xidmət haqqının kimə ödənilməsi, mal təhvil verilərkən onun vəziyyəti, məhsulun zay olmasında X6 və (və ya) Cavabdeh təqsirinin olub-olmaması və s. iş üzrə mübahisəli hallardır. Məhkəmə işin materiallarında olan sənədləri araşdıraraq, tərəfləri və mütəxəssisi dinləyərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məhkəmə təhvil verilmiş sarımsağın həcminə münasibətdə bildirir ki, iddiaçı X7 80 ton sarımsaq təhvil verdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli teleqramda ona 40- 50 ton, Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2020-ci il tarixli izahatında isə 50-60 ton sarımsaq təhvil verildiyi etiraf edilir. İddiaçı tərəfindən hər-hansı sübut təqdim edilmədiyindən, X6 etirafı əsasında, məhkəmə iddiaçı tərəfindən X7 orta hesabla 50 ton sarımsaq təhvil verildiyi qənaətinə gəlir. Təhvil verilmiş sarımsağın dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Ağcabədi Rayon Prokurorluğuna etdiyi müraciətində ona 100.000 manat ziyan dəydiyini qeyd edir, daha sonra Ağcabədi Rayon Prokurorluğuna verdiyi xx.xx.2019-cu il tarixli izahatında onadəymiş ziyanın məbləğini (həcmini) bilmədiyini qeyd edir. Daha sonra isə “xxxx” MMCnin məktubuna əsasən, 2019-cu il üçün 80 ton sarımsaq bitkisinin real bazar qiymətini 360.000 manat müəyyən edərək, dəymiş ziyanı qeyd olunan həcmdə qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 04/1-47 saylı və xx xxxxxxx 2020-ci il tarixli, 04/1-64 saylı məktublarda 2019-cu ilin dekabr ayında yerli istehsal olan sarımsağın bir kiloqramın ölkə üzrə orta pərakəndə satış qiymətinin 1,31 manat təşkil etdiyi, beynəlxalq təcrübədə mövcud olmadığı üçün məhsulların topdansatış qiymətlərinin statistik müşahidəsinin aparılmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən, məhsulun 2019-cu ilin dekabr ayında anbardan çıxarılacağı nəzərə alınmaqla, onun bütün il boyu olan qiyməti deyil, məhz həmin dövrdə (2019-cu ilin dekabr ayı) olan qiyməti nəzərə alınmalıdır. Malın iddiaçı tərəfindən X7 fiziki şəxs kimi yoxsa Cavabdeh işçisi kimi təhvil verilməsi və xidmət haqqının kimə ödənilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, sarımsaq məhsulu Cavabdeh işçisi kimi deyil, fiziki şəxs kimi X7 təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə nə X8, nə də ki, Cavabdeh arasında yazılı müqavilə bağlanılmamışdır. Bu, işin mübahisəsiz halıdır. Hazırki mübahisə üzrə şifahi müqavilə bağlanmışdır ki, bu müqavilə İddiaçı ilə məhz fiziki şəxs kimi (yəni müəssisənin işçisi kimi deyil) X8 arasında bağlanmışdır. Belə ki, tərəflər arasında bağlanılmış şifahi müqaviləyə əsasən, İddiaçı məxsus sarımsaq məhsulu 3 ay ərzində soyuducu anbarda saxlanılmalı, bunun müqabilində isə onun tərəfindən 12.000 manat xidmət haqqı ödənilməli idi. Lakin iş materiallarından X6 Cavabdeh adından belə müqavilələrin bağlanılması və pul alınması səlahiyyətinin mövcud olması müəyyən olunmur. İş materiallarında Cavabdeh tərəfindən X7 verilmiş xx xxxxxx 2019-cu il tarixli, FM/Y-01-19 saylı etibarnamə mövcuddur ki, həmin etibarnamə ilə ona Cavabdeh adından Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Notariat Kontorlarında, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində, Məhkəmə orqanlarında və digər dövlət idarə və təşkilatlarına sənədlər təqdim etməyi, alqı-satqı əməliyyatlarını həyata keçirməyi və bu sənədlərdə imza etməyi, arayışların alınması, müqavilələrin bağlanılması, hazır olan sənədləri götürməyi, tələb olunan zəruri sənədləri təqdim etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək etibar edilmişdir. Göründüyü kimi həmin etibarnamədə harada (hansı orqanlarda) Cavabdeh təmsil edilməsi səlahiyyətlərinin verildiyi dəqiq qeyd edilmişdir ki, bu etibarnamədə Cavabdeh daxilində hüquqi və fiziki şəxslərlə saxlama müqavilələrinin bağlanılması və bunun müqabilində pulun alınması səlahiyyətləri mövcud deyildir. Bundan başqa, iddiaçı nə Ağcabədi Rayon Prokurorluğuna etdiyi müraciətində, nə prokurorluqda verdiyi izahatlarında, nə də iddia ərizəsində Cavabdeh haqqında heç nə qeyd etməmişdir. Qeyd olunan sənədlərdə “X2 və təchizatı” ASC-nin və X6 adları çəkilir. Başqa sözlə, iddiaçı şifahi müqavilə bağlayarkən ümumiyyətlə Cavabdeh tanımamışdır və belə olan halda isə müqavilə Cavabdeh ilə bağlanıla bilməzdi. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, sarımsağın saxlanılması üçün 10.000 manat xidmət haqqı da, iddiaçı tərəfindən Cavabdehnə deyil, məhz X7 verilmişdir. İddiaçı məhkəmə iclasında xidmət haqqının bir hissəsini Cavabdeh rəhbəri Elnur adlı şəxsə verdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili də məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmadığını və müəssisənin hesabına pul ödənilmədiyini bildirmişdir. İddiaçı tərəfindən isə qeyd olunan halları təkzib edəcək, o cümlədən məhz Cavabdehnə pulun ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdehnə xidmət haqqı ödənilmədiyindən və yuxarıda göstərilən digər əsaslara görə, sözügedən müqavilə Cavabdeh ilə deyil, müstəqil şəkildə X8 ilə bağlanmışdır. Belə olan halda isə həmin müqavilə üzrə Cavabdeh hər-hansı öhdəliyi yaranmadığından, dəymiş ziyanın və ödənilmiş 10.000 manat xidmət haqqının Cavabdehndən tutulmasına dair iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 397.3-cü maddəsinə əsasən, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə həmçinin hesab edir ki, hətta sarımsaq məhsulunun X8 tərəfindən Cavabdeh işçisi (meneceri) qismində təhvil alındığı şərti olaraq qəbul edilsə belə, yenə də, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və iş materiallarından göründüyü kimi, iddiaçı sarımsaq məhsulunu X7 xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. Məhsul təhvil verilərkən onun 1-2 faizi xarab olmuşdur. Mal təhvil verildikdən 20 gün sonra Rizvan Əsədov malda göyərmə olduğunu iddiaçıya bildirmişdir. İddiaçı gedib məhsula baxanda 80 ton sarımsağın təxminən 2 faizinin göyərdiyini görmüşdür. Məhsulda az miqdarda göyərmə olmasını normal hesab etdiyindən o malısoyuducudan çıxarmamışdır. Lakin bir müddətdən sonra Rizvan Əsədov mütəmadi olaraq gəlib malını anbardançıxarmalı olduğunuiddiaçıya bildirmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən iclasında mütəxəssis qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, satış məqsədilə, uzun müddət saxlamaqdan ötrü, mütləq sarımsağın həm başı 4 sm kəsilir, həm də kökü yəni aşağı hissəsi saçaqlardan təmizlənir, bəzi hallardada onu yandırırlar, bəzi hallarda isə onu oyuq şəklində kəsib çıxarırlar. Əgər sarımsaq satış üçün nəzərdə tutulursa, onu sentyabrın 25-nə kimi gözləmək lazım deyil. Sarımsaq iyul ayının axırı-avqust ayının əvvəllərində anbara təhvil verilməlidir. Əgər məhsul sentyabr ayında anbara təhvil verilirsə, mütləq şəkildə cücərmiş, çürümüş hissələr təmizlənməlidir. Əgər cücərmiş və çürümüş hissələr seçilib təmizlənməsə qalan məhsulun cücərməsinə səbəb olar. İş materiallarından göründüyü kimi,İddiaçı becərdiyi sarımsaq məhsulunu soyuducuda saxlanılması məqsədilə iyul ayının axırı-avqust ayının əvvəllərində anbara yerləşdirmək üçün təhvil verilməli olduğu halda bunu etməmiş, məhsul cücərməyə başladıqdan sonra, xx.xx.2019-cu il tarixdən etibarən 10 gün müddətində hissə-hissə təhvil vermiş və məhsul təhvil verilərkən onun 1-2 faizi cücərmiş şəkildə olmuşdur. Məhsul, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən soyuducu anbara yığılması üçün təhvil verilmişdir ki, bu da öz növbəsində digər sarımsaqlarların da xarab olması ilə nəticələnmişdir. Hətta bununla bağlı, yəni sarımsağın bir hissəsinin cücərdiyi və məhsulun xarab olacağı ilə bağlı X8 tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı hər-hansı tədbir görməmiş, soyuducu anbara yerləşdirilmiş sarımsağı anbardan çıxarmamış, bununla da məhsulun xarab olmasına şərait yaratmış və buna rəvac vermişdir. İddiaçı məhsulun xarab olmasını X8 tərəfindən sarımsağın düzgün olmayan, yəni yüksək tempraturda saxladığı ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən sübut qismində üzərində saxlanma dərəcəsindən daha yüksək temperaturu özündə əks etdirən fotoşəkli təqdim etsə də, həmin fotoşəklin nə zaman çəkildiyi, hansı soyuducunun şəkli olduğu, həmin soyuducunun içərisində sarımsağın saxlanıb-saxlanmadığı və s. kimi mühüm əhəmiyyət kəsb edəcək halları müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, mütəxəssisin izahatından da göründüyü kimi, sarımsaq +2 və -1 aralığında olan temperaturda saxlanılır. Lakin cücərmiş sarımsağı soyuducuya qoyduqdan sonra cücərmə prosesi dayanmır, əksinə çürümə baş verib xarab olur. Göründüyü kimi, sarımsağın +2 və -1 aralığında olan temperaturda və ya iddiaçının iddia etdiyi kimi bundan daha yüksək tempraturda saxlanılmasından asılı olmayaraq, kökü saçaqlardan təmizlənmədən və ümumiyyətlə cücərmiş sarımsaqlar seçilib təmizlənmədən anbara yığıldığı üçün, məhsulun xarab olması qaçınılmaz olmuşdur. Belə olan halda isə, soyuducu anbara təhvil verilmiş sarımsağın xarab olması X6 deyil, məhz İddiaçı təqsirindən baş vermişdir. Başqa sözlə, sarımsağın xarab olmasında X6 (şərti olaraq Cavabdeh işçisi kimi malı təhvil aldığı qəbul olunarsa belə) təqsiri olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən,əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən,bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən,malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısızərərin qarşısıalınmaz qüvvənin təsirivə ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Həmin Məcəllənin 823.3-ci maddəsinə əsasən, tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən, əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 825.1-ci maddəsinə əsasən, saxlayıcı şərtləşdirilmiş saxlama növünü dəyişdirmək hüququna o halda malikdir ki, tapşıranın vəziyyəti bildikdən sonra buna razı olacağını şəraiti nəzərə almaqla ehtimal edə bilsin. Buna qədər isə saxlayıcı dəyişiklik barəsində tapşırana bildiriş verməli və əgər ləngimə risklə bağlı deyildirsə, onun qərarını gözləməlidir. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki,İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdehnə qarşı 360.000 manat dəymiş ziyan və 10.000 manat xidmət haqqı olmaqla, cəmi 370.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar