Məhkəmə qərarları › İş №2-2(121)-830/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-830/2020

30.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-830/2020 30.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsindən hissə-hissə götürdüyü 4.850 manat məbləğində yanacaq pulunun və 30 ödənilmiş dövlət rüsumununun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra Cavabdeh özünə məxsus qum-çınqıl karxanasını ona göstərmişdir və ondan oranı işlətmək üçün yanacaq verməyini xahiş etmişdir. O cavabdehin səmimiliyinə inanaraq 2013-cü ildə ona İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsindən yanacaq verməyə başlamışdır. Cavabdeh hər dəfə götürdüyü yanacaq pulunu dediyi vaxtda qaytarmışdır. Lakin sonradan hissə-hissə götürdüyü 4.850 manat dəyərində olan yanacağın pullarını dediyi vaxtdan bu günə kimi qaytarmamışdır. O Cavabdeh dəfələrlə yanacağın pulunu qaytarmasını deməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. O, Cavabdeh səmimiliyinə inanaraq onunla şifahi formada razılaşmışdır. Cavabdeh şifahi olaraq götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçını dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Mehdi Hüseynzadə tərəfindən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı heç bir borcunun olmadığını, xatırlamadığı tarixlərdə bir neçə dəfə Qaçayın yanacaqdoldurma məntəqəsindən borca yanacaq götürdüyünü, daha sonra həmin yanacağın pulunu verdiyini, bəzən isə həmin yanacağın pulu müqabilində Qaçayın ondan qum-çınqıl aldığını bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Həmin ərizədə həmçinin qeyd edilmişdir ki, həqiqətən də o, iddiaçı ilə 2013-cü ildə kommersiya işləri ilə əlaqədar tanış olmuş və aralarında iş münasibətləri yaranmışdır. Aralarında olan razılığa əsasən iddiaçı ona yanacaq, o isə bunun əvəzində ona qum-çınqıl verməyi öhdəsinə götürmüşdür. 2013-cü il ərzində iddiaçı ona verdiyi yanacağın əvəzinə dəfələrlə gəlib qum aparmışdır. Həmin vaxt iddiaçının ondan nə qədər qum götürməsini, onun isə iddiaçıdan nə qədər yanacaq götürməyi yadında qalmamışdır. Lakin dəqiq bilir ki, iddiaçı ona verdiyi yanacağın əvəzinə hər dəfə gəlib qum götürüb aparmışdır. Lakin sonradan karyeri iflasa uğramış və o iddiaçıya xəbər göndərmişdir ki, əgər borcu qalıbsa gəlib əvəzinə qumu götürsün. Lakin iddiaçı hər dəfə üstünə adam göndərmiş və pul istəmişdir. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən o iddiaçıya verdiyi yanacaq əvəzinə pul deyil, qum verməli idi. Lakin iddiaçı həmin vaxt qumu gəlib götürməmiş və üstündən 6 il keçəndən sonra ona qarşı məhkəmədə iddia qaldırmışdır. Onun iddiaçı qarşısında hər-hansı pul öhdəliyi yoxdur və bu səbəbdən onun iddiası əsassızdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-1230/2020 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2809/2019 saylı qətnaməsini ləğv edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, həmin qərardadda Cavabdeh ilə hazırki mübahisə üzrə sahibkarlıq fəaliyyətini İddiaçı fərdi sahibkar kimi, yoxsa onun qanuni təmsilçisi olduğu “Əlibala” firması adından həyata keçirilməsinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməsi göstərişi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh ilə yanacağın nisyə alğısatqısı ilə bağlı razılığa gəlmiş, İddiaçı tərəfindən 2013-cü ildə Cavabdeh yanacaq verilmişdir. Bu işin mübahisəsiz hallarıdır. İddiaçı verdiyi yanacağın müqabilində cavabdehin ona 4.850 manat məbləğində borcu qaldığını bildirir. Cavabdeh isə iddiaçıdan hansı həcmdə və dəyərdə yanacaq aldığını xatırlamadığını, lakin aldığı yanacağın pulunu qumun verilməsi ilə ödədiyini bildirir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “alğı-satqı” müqaviləsi (“nisyə satılmış əşyanın ödənilməsi” və “əşyanın hissə-hissə ödənilməsi”) təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh yanacaq verildiyi müəyyən olunsa da, verilmiş yanacağa görə cavabdehin məhz 4.850 manat borclu olması, yəni iddiaçı tərəfindən cavabdehə 4.850 manat dəyərində yanacağın verildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Əlibala” firması və 3 yanacaq doldurma məntəqəsi ona məxsus olmuşdur. Yanacaq doldurma məntəqələrini 3 il əvvəl satmış, firmanı isə artıq bağlamışdır. Cavabdehə verdiyi yanacaq şəxsən ona məxsus olmuşdur. İddiaçı tərəfindən qeyd olunan dəlilləri ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim olunmasa da, kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, “Əlibala” firması mövcuddur, fəaliyyət göstərir, qanuni təmsilçisi İddiaçıdur. İddiaçı ona məxsus yanacaqdoldurma məntəqələrinin 3 il öncə satdığını bildirdiyinə, lakin bununla belə “Əlibala” firmasının hazırda fəaliyyət göstərdiyinə, o cümlədən iddiaçının cavabdehə verdiyi yanacağın şəxsən ona məxsus olduğunu bildirdiyinə, həmçinin də cavabdehin yanacağın “Əlibala” firmasından deyil, İddiaçı aldığını bildirməsinə əsasən (halbuki bununla bağlı hər-hansı sübut iş materiallarında yoxdur) məhkəmə güman edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş yanacaq “Əlibala” firmasına deyil, fərdi sahibkar kimi ona məxsus olmuşdur. Bundan başqa, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, nisyə satılmış və hissə-hissə ödənilməli olan yanacağın haqqının 2013-cü ilin sonunadək ödənilməsinə dair tərəflər arasında qarşılıqlı şifahi razılıq əldə edilməsinə baxmayaraq, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə həm müqavilə öhdəlikləri üzrə, həm də müqavilədənkənar öhdəliklərin icrası üzrə iddia müddəti bitdikdən sonra xx xxxxxxx 2019-cu il tarixdə müraciət etmiş və cavabdeh tərəf (mübahisə tərəfi) məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Lakin İddiaçı həm müqavilə öhdəlikləri üzrə, həm də müqavilədənkənar öhdəliklərin icrası üzrə iddia müddəti bitdikdən sonra Cavabdeh qarşı pul tələbini irəli sürmüşdür. Belə olduğu təqdirdə iddia, iddia müddəti ötürüldüyü üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001ci il tarixli qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Həmin Qərarda qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası iddia müddəti ötürüldüyünə görə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinəapelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar