Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-859/2025 01.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 6800 manat borc, 1020 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc, 472 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 52 manat və Cavabdeh3 17400 manat borc, 2572 manat əldən çıxmış fayda, dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Xocavənd kənd sakinləri Qamət, Röyal və Rahibi bir neçə ildir tanıyır. O, mal-qara alveri bazarında heyvan sataraq qazanc əldə edib ailəsini saxlayır. Hazırki iş üzrə cavabdehlərlə aralarında heyvan alqı-satqısı olmuşdur. Sonradan Qamətin vasitəsilə onun əmisi oğlu, eyni zamanda qaynı Röyalı və həmkəndlisi Rahibi tanımışdır. Bu müddət ərzində hissə-hissə olmaqla Rahibə 21600 manat, Qamətə 13500 manat və Röyala 12500 manat pul vermişdir. Onlar həmin pullar hesabına özləri heyvan alıb sataraq qazanc əldə etmiş və ona olan borclarının bir hissəsini qaytarmışlar. Hazırkı vaxtadək Rahibə verdiyi 21.660 manat puldan Rahib hissəhissə qaytarsa da bu günə 17.400 manat borcu qalmış, Qamətə verdiyi 13.500 manat puldan hissə-hissə qaytararaq 6.800 manat borcu qalmış, Röyala isə verdiyi 12.500 manat puldan hissə-hissə qaytararaq 3.150 manat borcları qalmışdır. Maddi vəziyyətilə əlaqadar Rahib, Qamət və Royaldan ona borclu olduqları pulları geri qaytarmalarını tələb etsə də, hər dəfə onlar müxtəlif bəhanələr gətirərək pulları qaytarmırlar. Bununla bağlı hətta 2022ci ilin sentyabr ayında və 2024-cü ilin fevral ayında cavabdehlər barəsində Bərdə rayon polis şöbəsinə şikayət etmişdir. Orada müvafiq olaraq xx.xx.2022-cil tarixli və xx.xx.2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaçını ilə 5-6 ildir tanıdığını, iddiaçı ilə bir müddət alver etdiklərini, iddiaçıdan dəfələrlə müxtəlif məbləğlərdə (5000, 10000, 25-30000 manat məbləğlərində) borc pul alaraq alver etdiyini, həmin borclarını qaytardığını, əldə edilmiş qazancdan iddiaçıya da verdiyini, son olaraq iddiaçıdan 20000 manata yaxın borc pul aldığını, aldığı puldan 2023-cü ildə cəmi 6800 manat borcu qaldığını, həmin borcunu da hissə-hissə iddiaçıya qaytardığını, pulu qardaşının və əmisi oğlunun (digər cavabdehlərin) yanında iddiaçıya verdyini, hazırda iddiaçıya borcunun olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə bir müddət əməkdaşlıq etdiyini, iddiaçıdan dəfələrlə müxtəlif məbləğlərdə, bəzən 20000, 30000 manat olmaqla, borc pul aldığını, həmin borclarını tam şəkildə qaytardığını, son olaraq iddiaçıdan aldığı borcun da bir hissəsini qaytardığını, həmin puldan hazırda 7000 manat borcunun qaldığını, alver edərkən ziyana düşdüyünə qalan qalan borcunu qaytarmaq fikrində olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 12500 manat məbləğində borc aldığını, həmin borcunu son olaraq 2023-cü ilin qış aylarında 9500 manat ödəyərək tam qaytardığını, ödənişləri əmisi oğullarının (digər cavabdehlərin) yanında etdiyini, iddiaçının düşdükləri ziyana şərik olmadığını, verdiyi pulu onlardan tam şəkildə tələb etdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, İddiaçı şikayəti əsasında Bərdə və Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, tərəflərin izahatları alınmışdır. Həmin qərarlardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, mal bazarında heyvan alıb satmaqla məşğul olur. 4-5 il əvvəl Bərdə mal bazarında Qamətlə tanış olmuş, sonra isə onun vasitəsilə Röyal və Rahibi tanımışdır. Bərdə, Ağcabədi və İmişli mal-qara alqı-satqı bazarında birlikdə heyvan alıb satmış, bəzi vaxtlar onlara nağd pullar da vermiş, onlar isə əvəzində ona heyvanlar vermiş, bəzən də özləri heyvan alıb-satıb ona qazanc vermişdilər. Bu müddət ərzində hissə-hissə olmaqla Rahibə 21600 manat, Qamətə 13500 manat və Röyala 12500 manat pul vermişdir. Onlar həmin pullar hesabına heyvan alıb sataraq qazanc əldə edərək ona da, pul qazandırmışlar. Hazırkı vaxtadək Rahibə verdiyi 21600 manat puldan, Rahibin hissə-hissə qaytararaq 17400 manat borclu qalmışdır, Qamət ona verilmiş 13500 manat puldan, hissə-hissə qaytararaq 6800 manat borclu qalmış, Röyal isə ona verilmiş 12500 manat puldan hissə-hissə qaytararaq, 3150 manat borclu qalmışdır. Onlardan pullarını tələb etmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışlar. Cavabdeh1 izahatında göstərmişdir ki, mal-qara alqı-satqı bazarında heyvan alıb satmışdır. Qabili təxminən 5 ildir tanımışdır. Qabillə şərikli heyvan alıb satmalı olmuşdur. Buna görə də Qabil ona ümumilikdə 13500 manat pul vermişdir. Aralarındakı razılığa əsasən pulu Qabil verməli, o isə heyvan alıb-satıb ümumi qazancı iki hissəyə bölməli olmuşlar. 2022-ci il tarixədək heyvan alıb-satıb ümumi qazancla yanaşı, Qabilə öz pulunu qaytarsa da, lakin 2022-ci il tarixdə maddi imkansızlığına görə ona ümumi qazancdan pul versə də, lakin öz pulundan qaytara bilməmişdir. Buna görə hətta onun barəsində şikayət etmişdir. Həmin ili, o, Qabillə razılaşmış və ona 3900 manat pul vermiş, ona qalan 6800 manat borcu isə 2023-cü il tarixdə 2 hissəyə ödəməklə verəcəyinə söz vermişdir. Bundan sonra 2023-cü il tarixdə heyvan alıb satdıqca Qabilə hissə-hissə olmaqla 6800 manat borcu ödəyib yekunlaşmışdır. Hazırda onun Qabilə heç bir borcu qalmamışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, mal-qara bazarında heyvan alıb satmaqla məşğul olmuşdur. Qabili təxminən 5 ildir tanımışdır. Qabil ona heyvan alıb satmaq üçün şərikli işləmək təklif etmişdir. Həmin təklifə əsasən pulu Qabil verməli, o, isə heyvan alıbsatıb ümumi qazancı yarı bölməli olmuşlar. O, da Qabillə razılaşmışdır. Buna görə Qabil Bərdə mal-qara bazarında ona heyvan almaq üçün 12500 manat pul vermişdir. 2023-cü ilin sonunadək, o, Qabilin verdiyi pulla heyvan alıb-satıb ümumi qazancla yanaşı, Qabilin öz pullarını da hissə-hissə qaytarmış və 2023-cü ilin sonunda Qabilə 2400 manat borclu qalmışdır. 2024-cü ilin yanvar - fevral aylarında o, heyvan alıb satandan sonra 2 hissə olmaqla Qabilin pullarını tamamilə qaytarmışdır. Cavabdeh3 izahatında göstərmişdir ki, Qabili təxminən 5 ildir tanıyır. Qabillə tanışlığı Bərdə mal-qara bazarında olmuşdur. Həmin vaxtlar da Qabil ona heyvan alıb-satmaq üçün pul köməklik edə biləcəyini, o, da heyvan alıb-satdıqca onun pullarını hissə-hissə ödəməklə, eyni zamanda qazancı da 2 hissəyə bölməsi təklifini etmişdir. O, da Qabilin şərtlərini qəbul etmişdir. Həmin vaxtlarda Qabil ona ümumilikdə 21600 manat pul vermişdir. O əvvəllər Qabilin dediyi şərtlərlə işləmiş, heyvan alıb-sataraq Qabilə pul qazandırmış, eyni zamanda hissə-hissə onun pullarını qaytarmışdır. 2023-cü ilin payız aylarınadək onun Qabilə 17400 manat borcu qalmışdır. Sonradan Qabil ona verdiyi pulları hissə-hissə deyil, bütöv şəkildə ona qaytarmasını demişdir. O, da 2024-cü ilin fevral ayının sonunadək Qabilin onda olan pullarına heyvanlar alıb-sataraq oradan qazanc götürmədən Qabilə 10000 manat pul qaytarmışdır. Hazırda onun Qabilə 7400 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tanışları olan cavabdehlərə iri və xırda buynuzli mal-qara alveri ilə məşğul olmaq və əldə ediləcək gəlirdən ona da müvafiq payın verilməsi məqsədi ilə ayrı-ayrılıqda borc pul verdiyini, həmin borcun bir hissəsinin cavabdehlər tərəfindən ona qaytarılmadığını, cavabdehlər isə iddiaçıdan borc olaraq aldıqları pulun tam və qismən ona qaytarıldığını iddia edirlər. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında pul vəsaitinin borc verilməsinə dair şifahi razılaşma əldə olunduğunu, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh3 21600 manat, Cavabdeh1 13500 manat və Cavabdeh2 12500 manat məbləğlərində borc pul verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə, həmçinin iddia ərizəsinin məzmununa və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən hesab edir ki, aldıqları borcdan Cavabdeh3 tərəfindən 4200 manat məbləğində, Cavabdeh1 tərəfindən 6700 manat məbləğində, Cavabdeh2 tərəfindən 9350 manat məbləğində pulun iddiaçıya geri qaytarılması da işin mübahisəsiz hallarındandır. Məhkəmə hesab edir ki, işin mübahisəli halını iddiaçı tərəfindən verilmiş borcun cavabdehlər tərəfindən tam şəkildə qaytarılıb-qaytarılmaması faktının müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı cavabdehlərin aldıqları borcları tam şəkildə ödəməmələrini, cavabdehlər isə borcu tam şəkildə (Cavabdeh3 qismən) iddiaçıya qaytardıqlarını iddia edirlər. Məhkəmə, işin müəyyən edilmiş mübahisəsiz və mübahisəli hallarını nəzərə alaraq hesab edir ki, baxılan iş üzrə mübahisə sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən, hər bir tərəfin öz tələb və etirazlarını özlərinin sübut etmələrinin tələb olunduğuna dair mülki prosessual qanunveriiliyin əsas qaydasına uyğun həll edilməlidir. Qeyd olunmalıdır ki, borc münasibətlərində mübahisəli borc məbləğinin borc alana verilməsini sübut etmək vəzifəsi borc verənin, alınmış borc məbləğinin geri qaytarılmasını sübut etmək vəzifəsi isə borc alanın üzərinə düşür. Baxılan iş üzrə mübahisəli borc məbləğlərinin iddiaçı tərəfindən cavabdehlərə verilməsi yuxarıda şərh olunduğu kimi işin mübahisəsiz halıdır və buna görə də, iddiaçı həmin faktı sübut etməkdən azaddır. Məhkəmə qeyd edir ki, alınmış borc məbləğlərinin tam və ya qismən geri qaytarılması barədə cavabdehlər etirazlarının əsası kimi yalnız öz izahatlarına və birbirlərinin şahidliyinə istinad edirlər. Məhkəmə iclasında, aldıqları borcun tam və ya qismən qaytarılmasına dair hər hansı bir sübutun (yazılı sənədin, səs və va video görüntünün, işdə marağı olmayan şahidlərin və mötəbərliliyi şübhə doğurmayan digər dəlilin) mövcud olması barədə suala cavabdehlər təkzib cavabı vermişlər. Eləcə də, iddiaçının hər bir cavabdehə, özlərinin etirafına əsasən, 20-30000 manat məbləğlərində borc verməsinə baxmayaraq, hansı səbəbdən onlardan həmin məbləğlərin deyil, daha az borc məbləğlərinin tələb edildiyinə dair suallara da cavabdehlər aydınlıq gətirə bilməmişlər. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müvafiq olaraq cavabdehlər Cavabdeh3 21600 manat, Cavabdeh1 13500 manat və Cavabdeh2 12500 manat məbləğlərində pulu borc olaraq versə də, cavabdehlər həmin borcu tam olaraq iddiaçıya geri qaytarmamışlar, nəticədə cavabdehlər Cavabdeh3 17400 manat, Cavabdeh1 6800 manat və Cavabdeh2 6800 manat məbləğlərində iddiaçıya borcları qalmışdır. Buna görə də, iddiaçının borc müqaviləsi üzrə yaranmış əsas borcun tutulması tələbinə dair iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın əldən çıxmış faydanın cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 6800 manat borc və dövlət rüsumuna görə ödənilmiş 88 manat, Cavabdeh2 3150 manat borc və dövlət rüsumuna görə ödənilmiş 51 manat, Cavabdeh3 17400 manat borc və dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №2-2(121)-859/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-859/2025
01.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver