Məhkəmə qərarları › İş №2-2(121)-890/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-890/2023

10.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-890/2023 10.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 manat borc məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 132 manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 mart 2022-ci il tarixdə iddiaçıdan dəyəri 7000 manat olan 750 əyyarlı qızıl əşyalarını satmaq məqsədi ilə götürmüşdür. Bundan sonra cavabdeh 29 aprel 2022-ci il tarixdə yenidən iddiaçının dəyəri 7000 manat olan 750 əyyarlı qızıl əşyalarını satmaq məqsədi ilə aparmışdır. Cavabdeh dəfələrlə tələb edilməsinə baxmayaraq qızılların pulunu iddiaçıya geri ödəməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)-014\2023 nömrəli qərardadı ilə mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdadırlar, yəni onlar fərdi sahibkar statusu olan fiziki şəxslərdir. Bundan başqa, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq hazırki “pul” tələbi üzrə mübahisə tərəflərin ayrı-ayrılıqda və (və ya) birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlirsə işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.Eləcə də fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı nəzərə alınmaqla, mübahisənin xarakteri kommersiya mübahisəsidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci, 24.2-ci, 25.1-ci, 26.1-ci maddələri və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarının müvafiq bəndləri ilə əsaslandırmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə mübahisəyə, tərəflərin birgə və (və ya) ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi kommersiya məhkəmələrində baxılması, məhkəmə aidiyyətinə dair qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə mümkün deyildir. Məhkəmə, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayaraq qeyd edir ki, hazırki tələbə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla ümumi məhkəmədə baxılmalıdır. İlk növbədə tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisənin həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi halında işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmasına dair mövqe ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, “2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.” Göründüyü kimi, fiziki şəxslərin iştirakçıları olduqları mülki mübahisələrə kommersiya məhkəmələrində baxıla bilməsinin əsas qaydası həmin şəxslərin fərdi sahibkar statusuna malik olmaları, yəni sahibkarlıq subyektləri hesab edilmələrindən ibarətdir. Bu qaydadan istisna kimi yuxarıda adı çəkilən Plenum qərarında iki hal müəyyən edilmişdir. Sözügedən qərarın 26-cı bəndində göstərilmişdir ki, “Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.” Məhkəmə qeyd edir ki, hazırki işdə yuxarıda sadalanan hallardan heç biri olmadığına görə mübahisəyə kommersiya məhkəmələrində baxılması üçün tərəflərin hər ikisinin sahibkarlıq subyekti olması zəruri şərtdir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlərə əsasən onu da qeyd edir ki, hazırki mübahisənin tərəflərinin hər ikisi fərdi sahibkar statusuna malikdirlər. Lakin, mövcud qanunvericilik normalarının tələblərinə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının tövsiyələrinə uyğun olaraq hazırki mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mübahisə tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri düzgün müəyyən edilməlidir. İşin hazırki vaxta kimi müəyyən edilmiş hallarından görünür ki, mübahisənin predmetini iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən cavabdehə verilmiş tapşırığın sonuncu tərəfindən lazımınca icra edilməməsindən, yaxud da iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısına dair razılaşmadan yaranan iddiaçının subyektiv hüququ təşkil edir. Belə ki, iddia ərizəsinin məzmununa, tərəflərin izahatlarına, işdə olan sənədlərə əsasən müəyyən olunan işin faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında nisyə alğı-satqı və ya tapşırıq müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının tələbi, əgər tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlandığı qəbul edilərsə cavabdehin aldığı əşyanın dəyərini razılaşdırılmış müddətdə iddiaçıya ödəməməsindən, tapşırıq müqaviləsinin bağlandığı halda isə cavabdehin ona verilmiş tapşırığın (qızıl-zinət əşyalarının satışının həyata keçirilməsi) icrası nəticəsində əldə etdiklərini (pul vəsaitini) iddiaçıya verməməsindən irəli gələn mülki-hüquqi tələblərdir. Bu baxımdan məhkəmə hesab edir ki, hər iki tələb kommersiya mübahisəsinin predmetinə uyğun tələblərdir və həmin tələblər üzrə işlərə kommersiya məhkəmələrində baxıla bilər. Məhkəmə, yuxarıda şərh olunan xüsusatları nəzərə almaqla mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən əsas və həlledici meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd edir ki, hazırki işdə cavabdehin fəaliyyət sahəsi nəzərə alındıqda, onun hərəkətlərini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu iddiaçı haqqında söyləmək olmaz. Belə ki, iddia ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında və qərardaddan verdiyi şikayətdə iddiaçı satılması üçün cavabdehə verdiyi qızıl-zinət əşyalarının ona məxsus olduğunu, həmin əşyaların satılmasından əsas məqsədinin gəlir əldə etmək olmadığını, fəaliyyət sahəsi olan lombard fəaliyyətinin cavabdehlə aralarında yaranmış mübahisəyə heç bir aidiyyətinin olmadığını bildirir. İşin müəyyən edilmiş hallarından da iddiaçının peşə fəaliyyəti şəklində qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olması aşkar edilmir. Əksinə iddiaçının ona məxsus olduğunu bildirdiyi qızıl-zinət əşyalarını özgəninkiləşdirmək üçün başqa şəxsə (cavabdehə) müraciət etdiyi müəyyən olunur ki, bu xüsusat da onun həmin əşyaların realizə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına dəlalət edir. İddiaçının fəaliyyət sahəsini təşkil edən lombard fəaliyyəti isə öz xarakter və məzmunu etibarı ilə hazırki mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin müəyyən edilməsində xüsusi rol oynamır. Beləliklə, sadalananlara əsasən məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.” Həmin Qərarın 12-ci bəndində göstərilir ki, “Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar