Məhkəmə qərarları › İş №2-2(121)-94/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-94/2021

11.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-94/2021 11.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı X11 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun tutulması və ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının yarısına payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, o, əvvəlcədən tanıdığı, uzaq qohumu olan Cavabdeh ilə bazarda şərik qızıl alış-verişi etmək məqsədilə, əvvəlcə ona 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin dövrdə cavabdehin pulu olmamış və o, cavabdehlə şərikli işləməyə başlamışdır. İlk vaxtlar al-verləri yaxşı getmişdir. Buna görə də cavabdeh alış-veriş yaxşı gedib deyərək, bazarda ikinci satış yeri açmağı ona təklif etmiş və ondan buna görə də əlavə olaraq iki dəfə 5.000 və 5.000 olmaqla, cəmi 10.000 ABŞ dolları pul almışdır. Lakin ikinci 5.000 ABŞ dollarını parfümeriya ticarəti üçün vermişdir. Cavabdeh parfümeriya alverinin yaxşı olduğunu bildirmiş və ilk günlərdə qazancından 200-300 manat ona vermiş, qalan pulları çoxaltmaq üçün yığdığını bildirmişdir. Ümumi qazancları 200.000 ABŞ dolları olanda, yəni adambaşına 100.000 ABŞ dolları olandan sonra, bölünəcəyi barədə razılaşmışlar və o da, cavabdehin vədlərinə inanmışdır. Cavabdeh bir müddətdən sonra ona bildirmişdir ki, artıq qazanc qalmır. O da, cavabdehə bildirmişdir ki, borcları çoxdur və şəriklikdən ayrılmaq istəyir. Cavabdeh, ona verəcəyi olan 100.000 ABŞ dolları borcdan əlavə 5.000 ABŞ dolları verib, şərikə Masallı şəhərində qeyri-yaşayış binası tikib onu və qardaşı Əhmədi də payçı kimi qəbul edəcəyi ilə razılaşdırmışdır. O, həmin şərtlə ona görə razılaşmışdır ki, cavabdeh ona olan 100.000 ABŞ dollarını müxtəlif bəhanələrlə verməkdən boyun qaçırmışdır. Ona görə də, onun son təklifi ilə razı olmağa məcbur olmuşdur. Buna razı olandan sonra da, ona olan borcunu vermək istəməmiş və axrıncı dəfə kəskin şəkildə cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Cavabdeh bu illər ərzində payına düşən borclarını hesablayaraq siyahı tərtib etmiş və həmin siyahıda qızılların kodu, qramı və dəyərini qeyd etmişdir. Həmin qızıl əşyaları 82.444 ABŞ dolları dəyərində hesablanıb vermişdir. O, həmin qızılları cavabdehdən alanda ona demişdir ki, əgər qızılları satıb borcunu ödəməsə, fərqi ödəməlidir. Cavabdeh isə onun bu şərti ilə razılaşmışdır. Cavabdehin ona verdiyi qızılları satmış və satdığı qızılların dəyəri 40.517 ABŞ dolları təşkil etmiş, lakin cavabdehin ona verəcəyi 82.500 ABŞ dolları borcundan, 42.000 ABŞ dolları borcu qalmışdır. Cavabdeh ona verdiyi borca görə qızıl əşyalarının qiymətlərini süni şəkildə şişirdərək ümumi olaraq 82.444 ABŞ dolları dəyərində qeyd etməklə artıq hesablanmışdır. Əslində qızıl məmulatlarının dəyəri milli valyuta ilə hesablandıqda belə, kəskin fərqin olduğu da görünür. Cavabdeh qızılın qiymətində onu aldatdığına görə ona 42.000 ABŞ dolları borcu qalmışdır. O, qızılların baha hesablandığını və çatışmayan qalan pulları cavabdehdən dəfələrlə tələb etmişdir. Hətta bu barədə rayon polis şöbəsinə də şikayət etmişdir. Cavabdehin ona yazıb verdiyi əsas mötəbər sübutlardan biri olan qızıl əşyaların ona borca görə verilməsini təsdiq edən adlar üzrə (göstəricilər barədə) dəftərdəki siyahılardır. Bu sübutlardan əlavə olaraq, cavabdehin verdiyi qızıllardan satılmamış qalan bir ədəd qızıl saat və bir sırğa-üzük dəsti qalmışdır. Həmin qızılların təxmini dəyəri mütəxəssis tərəfindən qiymətləndirilmişdir. Cavabdeh tərəfindən ona həmin qızıllar 82.500 ABŞ dolları məbləğində borcuna hesablanıb verilmişdir. Buna əsaslanaraq qeyd edir ki, verilmiş qızıl məmulatlarına görə hesablanmış dəyərlərin qiymətləri ciddi şəkildə fərqlidir. Ümumiyyətlə, Cavabdeh ona olan borcundan 40.517 ABŞ dollarını qızıl əşyaları ilə hesablayıb vermişdir. Cavabdehlə şərikliklərindən əldə etdikləri məbləğdən ona 42.000 ABŞ dolları borcu qalmışdır. Bundan əlavə cavabdeh ona Masallı şəhərində qeyriyaşayış binalarını şərikə tikdirdiyini və həmin binalara qardaşı Əhmədin həyat yoldaşının, digərinə isə onun həyat yoldaşının adına qeydiyyata alacağı barədə onunla razılıq əldə etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, həmin binanın qeydiyyatını öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi Cavabdeh əvvəlcədən əmləklarını ələ keçirtmək məqsədini güdmüşdür. Ona görə də hazırda həmin əmlakdan payını tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili X12 iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon PŞ-nin TB-nin təhqiqatçısı X9 xx.xx.2018-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, aparılmış təhqiqat araşdırılması zamanı müəyyən edilmişdir ki, 2000-ci ildə Masallı şəhəri, N.Nərimanov küçəsi, ev 21-də yaşayan və qeydiyyatda olan X11 bacısı qızının yoldaşı Cavabdeh qızıl al-veri etmək məqsədi ilə pul vermiş, 2016-cı ilədək al-ver etsələr də, onlar ayrılmışlar. 2016-cı ildə Məmmədov X4 Şəmsəddin Şaban oğluna qazandıqları pulu razılıqla siyahı əsasında qızıl-zinət əşyaları qaytarmaqla ödəmişdir. X1 bacısı qızının yoldaşı Cavabdeh şişirdilmiş qiymətlərlə qızıl zinət əşyalarını hesablamasını güman edərək şikayət etmişdir. Həmin zaman hədə faktı real olaraq təsdiqini tapmamışdır. Sözügedən qərara əsasən, X2 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh izahatında X7 tanıdığını, ona 2000ci ildə qızıl alveri etmək məqsədilə 10 min manat pul verildiyini, həmin pulla al-ver edərək, 2016-cı il tarixədək Şəmsəddin Yəhyayevə pullardan gələn gəliri verməklə 100.000 ABŞ dolları hər kəsin payına düşməklə qızıl zinət əşyalarını artırdığını, 2016-cı ildə ona razılıq və siyahı əsasında oğluna verdiyi 10.000 ABŞ dollarından və əlavə pullardan başqa 82.500 ABŞ dolları dəyərində qızıl zinət əşyalarını verdiyini, Şəmsəddin Yəyayevin ona verdiyi qızıllardan sonra razılıq etsə də, 2018-ci ildə həmin qızılları satıb qurtardıqdan sonra onu aldatmağı bəhanə gətirməklə, guya həmin vaxtı onu aldatmasını göstərdiyini, əslində belə bir hadisənin olmadığını, ona razılıq əsasında siyahı ilə malları verdiyini, Şəmsəddin Yəhyayevi öldürəcəyi ilə hədələdiyini, onun barəsində yanlış məlumat verdiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianın həm əsassız olmasına, həm də iddia müddətinin ötülməsi ilə əlaqədar iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan siyahıdan görünür ki, 153 adda qızıl-zinət əşyalarının kodu, çəkisi, əyarı, qiyməti və qısa təsvirinə dair siyahı tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 526 saylı ekspert rəyindən görünür ki, 147 adda qızılzinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 87,741.45 manat (87.741,45 manat / 1.5270 dollar = 57.460 ABŞ dolları) müəyyən edilir. Həmin 147 adda qızıl-zinət əşyalarının çəkisi, əyarı və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. 6 adda qızıl-zinət əşyalarının əyarı müəyyən olunmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, qaşların sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, tərəflər ekspertiza tədqiqatı zamanı qiymətləri verilməmiş 6 adda qızıl zinət əşyalarının bir qramının 55 manat olmaqla hesablanmasına razı olduqlarını bildirmişlər. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 290,7 kv.m. sahəsi olan qeyri-yaşayış binasına X3 və Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Masallı Rayon Məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Şəmsəddini uzun müddətdir ki, tanıyır, onun oğlu Şamxalla birlikdə Bakı şəhərində qızıl alış-verişi ilə məşğul olmuşdur. Təxminən 3 il bundan əvvəl Şamxal atası Şəmsəddində qızıl-zinət əşyaları olduğunu, həmin qızılları satmaq üçün Gənclik ticarət mərkəzində kirayə yer götürmək lazım olduğunu bildirmiş, o da, orada yer təşkil etmişdir. Daha sonra Şəmsəddin və Şamxal qızılları gətirərək orada satmağa başlamışlar. Lakin, onlar malı sata bilmədikləri üçün, ondan satmağa kömək istəmişlər, o da, tanışları vasitəsi ilə həmin qızılları 31.800 manata satmış, qızılların az hissəsi satılmamış qalmışdır. Satılmış qızılların içərisində 2.000, 3.000 və müxtəlif qiymətli mallar olmuş, qızılların əyyarı 583 və 750 olmuşdur. Lakin, həmin qızılların kimdən alınması və Ərəstunla Şəmsəddin arasında mübahisə olmasından məlumatı olmamışdır. Masallı Rayon Məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü işləyir və əvvəllər qızıl alış-verişi ilə məşğul olmuşdur. Şəmsəddini uzun müddətdir ki, tanıyır, onun oğlu Şamxalla birlikdə Bakı şəhərində qızıl alış-verişi ilə məşğul olmuşdur. Təxminən 3 il bundan əvvəl Şamxal atası Şəmsəddində qızıl-zinət əşyalarının olduğunu, həmin qızılları satmaq lazım olduğunu bildirmişdir. O da, həmkəndlisi Elburusdan köməklik istəmiş və Elburus vasitəsi ilə Gənclik ticarət mərkəzində kirayə yer götürmüşlər. Daha sonra Şəmsəddin və Şamxal qızılları gətirərək orada satmağa başlamışlar. Lakin, onlar malı sata bilməmiş, kirayə haqqı çoxalmış, buna görə də o, Elburusdan həmin qızılları satmağa köməklik etməyi xahiş etmiş və onun vasitəsi ilə həmin qızılları 31.800 manata satmışlar, qızılların az hissəsi satılmamış qalmışdır. Lakin, həmin qızılların kimdən alınması və Ərəstunla Şəmsəddin arasında mübahisə olmasından məlumatı olmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2000-ci ildə tərəflər birgə (şərikli) sahibkarlıq fəaliyyəti - qızıl-zinət əşyalarının alış-verişi ilə məşğul olmaq barədə şifahi qaydada razılığa gəlmişlər. Bu məqsədlə, X11 tərəfindən Cavabdeh 10.000 ABŞ dolları pul verilmişdir. Tərəflər 2016-cı ilədək birgə fəaliyyət göstərmiş, lakin 2016-cı ildə iddiaçı cavabdehə şəriklikdən ayrılmaq istədiyini və payına düşən pulunun verilməsini tələb etmiş, cavabdeh isə öz növbəsində tərəflərin həmin zaman ümumi qazancları olan 165.000 ABŞ dollarının iddiaçının payına düşən 82.500 ABŞ dollarına münasibətdə 153 adda qızıl-zinət əşyasını cavabdehə təqdim etmişdir. Qeyd olunan hallar işin mübahisəsiz halları olmaqla, həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq və etriaf edilir. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh onun payına düşən 82.500 ABŞ dolları məbləğində olan və ona təqdim olunmuş malların dəyərinin aşağı olduğunu, həmin qızıl-zinət əşyalarını satdığını və satışdan 40.517 ABŞ dolları əldə etdiyini bildirərək, aradakı fərqin cavabdeh tərəfindən ona ödənilməli olduğunu bildirir. Cavabdeh isə iddiaçıya təqdim edilmiş 153 adda qızıl-zinət əşyalarının dəyərinin 82.500 ABŞ dolları olduğunu bildirərək, iddiaçıya borcunun olmadığını bildirir. Digər mübahisəli hal isə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 153 adda qızıl-zinət əşyalarının təqdim edilmə anı (tarixi) ilə bağlıdır. İddiaçı həmin qızıl-zinət əşyalarının 2016-cı ilin noyabr ayında cavabdehdən qəbul etdiyini, cavabdeh isə sözügedən qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixdə iddiaçıya təqdim edildiyini, həm iddianın mahiyyəti üzrə əsassız olduğundan, həm də müddətin tətbiqi haqqında ərizə təqdim edərək, iddianın xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilməsi nəzərə alınmaqla, müddətin keçməsi əsası ilə rədd edilməli olduğunu bildirir. Növbəti mübahisəli hal isə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının yarısına payın müəyyən edilməsidir ki, iddiaçı həmin qeyri-yaşayış binasının tərəflər arasındakı şifahi razılaşmasına əsasən, cavabdeh tərəfindən yarı payının ona veriləcəyini bildirməsinə baxmayaraq, verilmədiyini qeyd edir. Cavabdeh isə belə razılaşmanın olmadığını, iddiaçının həmin qeyri-yaşayış binasına heç bir hüququnun olmadığını və iddianın bu hissədə də əsassız olduğunu bildirir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair şifahi qaydada müqavilə bağlamışlar. Həmin şifahi müqavilənin şərtlərinə əsasən, iddiaçı qızıl-zinət əşyalarının alışverişi məqsədilə cavabdehə 10.000 ABŞ dolları məbləğində pul vermiş, cavabdehin isə həmin fəaliyyət (alış-veriş) nəticəsində dövriyyərində yekun olaraq (2000-2016-cı illər ərzində) 165.000 ABŞ dolları məbləğində qızıl-zinət əşyası qalmışdır. Tərəflər toplanmış pulun bölünməsi barədə razılığa gəlmiş, lakin cavabdehdə faktiki olaraq pul deyil, qızılzinət əşyaları olduğundan, toplanmış 165.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının iddiaçıya düşən payına mütənasib olaraq, 82.500 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının iddiaçıya verilməsi barədə tərəflər razılaşmış və nəticədə cavabdeh tərəfindən iddiaçıya 153 adda qızıl-zinət əşyası verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflərin aralarında olan münasibətlərə dair Azərbaycan Respublikası Mülki Məcəlləsində xüsusi norma mövcud olmasa da, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, tərəflərə Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrin bağlanması hüququ verilmişdir ki, hazırki mübahisə üzrə tərəflərin isə birgə sahibkarılıq fəaliyyətinə dair bağladıqdarı şifahi müqavilə bu baxımdan qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-1713/2020 saylı qərardadı ilə tərəflər arasında mübahisənin məhz sahibkarlıq münasibətləri ilə əlaqədar yaranması əsası ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 153 adda qızıl-zinət əşyası verildiyi işin mübahisəsiz halıdır. Cavabdeh həmin qızıl-zinət əşyalarını birgə sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunmuş 165.000 ABŞ dollarının iddiaçıya düşən payı olan 82.500 ABŞ dollarının ekvivalenti kimi iddiaçıya verilsə də, iddiaçı ona verilmiş həmin qızıl-zinət əşyalarının dəyərinin 82.500 ABŞ dolları olduğu ilə razılaşmır, həmin əmlakları sataraq 40.517 ABŞ dolları əldə etdiyini bildirərək, aradakı fərqin cavabdeh tərəfindən ona ödənilməli olduğunu bildirir. Cavabdeh isə iddiaçıya təqdim edilmiş 153 adda qızıl-zinət əşyalarının dəyərinin 82.500 ABŞ dolları olduğunu bildirərək, iddiaçıya borcunun olmadığını bildirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, 526 saylı ekspert rəyində qeyd olunur ki, 147 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 87,741.45 manat (87.741,45 manat / 1.5270 dollar = 57.460 ABŞ dolları) müəyyən edilir. Həmin 147 adda qızıl-zinət əşyalarının çəkisi, əyarı və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. 6 adda qızıl-zinət əşyalarının əyarı müəyyən olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, qaşların sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, tərəflər ekspertiza tədqiqatı zamanı qiymət verilməmiş 6 adda qızıl zinət əşyalarının bir qramının 55 manat olmaqla hesablanmasına razı olduqlarını bildirmişlər. İş materiallarından həmçnin müəyyən olunur ki, ekspert rəyində əyarı müəyyən olmadığından qiymətləndirilməsi mümkün olmamış 6 adda qızıl-zinət əşyalarının ümumi çəkisi 47,5 qram (8,7+17,3+1+9,7+4,2+6,6) təşkil edir ki, tərəflərin razılığı əsasında həmin əşyaların bir qramının 55 manat olmaqla hesablandıqda, ümumi dəyərinin 1.710 ABŞ dolları olduğu müəyyən edilir (47,5 X 55 = 2.612,50 manat, 2.612,50 : 1,5270 = 1.710). Beləliklə müəyyən olunur ki, cavabdeh iddiaçıya 153 adda qızıl-zinət əşyası versə də, həmin qızıl-zinət əşyalarının dəyəri 82.500 ABŞ dolları deyil, 59.170 ABŞ dolları təşkil etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçıya 23.330 ABŞ dolları (82.500 – 59.170) məbləğində qızıl-zinət əşyası təhvil verilməmişdir. Təhvil verildiyi qeyd olunan brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, qaşların sayını müəyyən etmək mümkün olmadığından, həmin brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamış, həmçinin tərəflər həmin hissədə tədqiqat aparılması üçün müvafiq sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə həmçinin ekspert rəyində orta bazar qiyməti müəyyənləşdirilərkən, qiymətin təxminən hesablanmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qızıl-zinət əşyaları faktiki olaraq mövcud olmadığından (satıldığından), tərəflər həmin qızıl-zinət əşyalarını tədqiqatın aparılması üçün məhkəməyə və ekspertə təqdim etmədiklərindən (edə bilmədiklərindən), ekspert tərəfindən qiymətlərin dəqiq deyil, təxmini hesablamara əsasən müəyyən etməsi ağlabatandır. Həmin qızıl-zinət əşyaları real olaraq ekspertə təqdim edilmədən, onların qiymətlərinin dəqiq hesablanması nəzəri cəhətdən mümkün deyildir. Tərəflər qiymətlərin dəqiq müəyyən olunması üçün həmin qızıl-zinət əşyalarını, o cümlədən qızıl-zinət əşyalarının dəyərinin daha baha və ya daha ucuz olması ilə bağlı məhkəməyə hər-hansı sənəd və sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə tərəfindən əlavə ekspertizanın təyin edilməsi də mümkün olmamışdır. Bundan başqa, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş qızıl-zinət əşyalarının iddiaçı tərəfindən nə zaman, kimə və hansı məbləğə satılması iş mühüm əhəmiyyət kəsb etmir. İş üçün mühüm əhəmiyyəti olan hal cavabdeh tərəfindən iddiaçıya 82.500 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları verilməli olduğu halda, verilmiş qızıl-zinət əşyalarının 82.500 ABŞ dolları dəyərində deyil, 59.170 ABŞ dolları təşkil etməsidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəfilərin birgə sahibkarlıq fəaliyyəti dövründə (2000-2016) cavabdeh tərəfindən iddiaçıya əldə olunmuş qazancdan müəyyən pul məbləğlərinin verilməsi işin mübahisəsiz halıdır. Tərəflər qeyd olunan halı öz izahatlarında da qeyd etmişlər. Lakin hazırki mübahisə 2000-2016-cı illərdə cavabdeh tərəfindən iddiaçıya öz qazanclarından verilmiş pul məbləğləri ilə bağlı deyil, qazanclarının bir hissəsinin bu müddət ərzində bölüşdürüldükdən və 2016-cı ildə qazanclarının digər hissəsinin artaraq 165.000 ABŞ dolları təşkil etdikdən sonra, həmin pul məbləğinin iddiaçıya düşən payının (yarısının) cavabdeh tərəfindən iddiaçıya tam şəkildə verilməməsi ilə bağlıdır. Belə olan halda isə məhkəmə işin hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, hesab edir ki, 42.000 ABŞ dolları pulun tutulması hissəsində iddia qismən, yəni cavabdehdən iddiaçının xeyrinə 23.330 ABŞ dolları pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, pul tələbinə dair iddia qalan hissədə təmin edilməməlidir. İddianın ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının yarısına payın müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassızdır və təmin edilməməldir. Belə ki, iş materiallarından ünvan 2 ünvanında yerləşən 290,7 kv.m. sahəsi olan qeyri-yaşayış binasının X3 və Cavabdeh mülkiyyətində olduğu müəyyən olunsa da, həmin qeyri-yaşayış binasının iddiaçıya aidiyyəti müəyyən edilməmişdir. İddiaçı həmin qeyri-yaşayış binasının tərəflər arasındakı şifahi razılaşmasına əsasən, cavabdeh tərəfindən yarısının ona veriləcəyini bildirməsinə baxmayaraq, verilmədiyini qeyd etsə də, bununla bağlı, o cümlədən həmin qeyri-yaşayış binasının ona aidiyyətinin olmasına, iddiaçının həmin əmlaka dair hər-hansı hüququnun olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh isə öz növbəsində iddiaçı ilə razılaşmasının olmadığını, iddiaçının həmin qeyri-yaşayış binasına heç bir hüququnun olmadığını və iddianın bu hissədə də əsassız olduğunu bildirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının yarısına payın müəyyən edilməsi tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Ona görə də, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Kostitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası “İnsan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqlarının və X10 haqqında” Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə, məhkəmə hesab edir ki, iddia müddət tətbiq edilməklə iddianın rədd edilməsinə dair cavabdehin ərizəsi əsassızdır. Belə ki, işin mübahisəli hallarından biri də, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 153 adda qızıl-zinət əşyalarının təqdim edilmə anı (tarixi) ilə bağlıdır. İddiaçı həmin qızıl-zinət əşyalarının 2016-cı ilin noyabr ayında cavabdehdən qəbul etdiyini, cavabdeh isə sözügedən qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixdə iddiaçıya təqdim edildiyini bildirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud vəziyyətdə qızılzinət əşyalarının məhz xx.xx.2016-cı il tarixdə iddiaçıya təqdim edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı özü tərəfindən tərtib edilmiş siyahını məhkəməyə təqdim edərək, həmin siyahıda xx.xx.2016-cı il tarixinin əks edildiyini bildirsə də, həmin qeyd, qızıl-zinət əşyalarının iddiaçıya məhz həmin tarixdə verildiyini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında cavabdeh öz izahatında tarixə dair “xx.xx.2016-cı il” qeydinin iddiaçı tərəfindən deyil, məhz özü tərəfindən yazıldığını bildirmişdir. Ümumiyyətlə tərəflər həmin siyahıda iddiaçıya məxsus (iddiaçı tərəfindən yazılan) hər-hansı qeydin olmadığını bildirmişlər. Digər tərəfdən, cavabdeh tərəfindən qızıl-zinət əşyalarının iddiaçıya təqdim edilməsi anını (tarixini) sübut edəcək hər-hansı sənəd (təhvil-təslim aktı, qəbz və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə öz növbəsində həmin əmlakların 2016-cı ilin noyabr ayında qəbul etdiyini bildirir. Belə olan halda isə iddia müddəti ötürülməmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından tərəflər arasında birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair şifahi qaydada müqavilə bağlanıldığı müəyyən edildiyindən, tərəflər arasında mövcud olmuş və həmin müqavilədən irəli gələn mübahisələrlə bağlı iddia müddəti qanunvericiliyin tələblərinə əsasən 3 il təşkil edir. İddiaçı tərəfindən qızıl-zinət əşyalarını 2016-cı ilin noyabr ayında qəbul etdiyini bildirildiyi (etirafı), həmçinin cavabdeh tərəfindən qızıl-zinət əşyalarının iddiaçıya məhz xx.xx.2016-cı il tarixdə və ya hər-hansı digər tarixdə təqdim edilməsinə dair məhkəmə hər-hansı sübutu təqdim edilmədiyi, iddia ərizəsinin isə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olduğu nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir (Əgər qızıl-zinət əşyalarının iddiaçıya xx.xx.2016-cı il tarixdə verildiyi müəyyən olunsa idi, iddia müddəti ötürülmüş olardı). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqinə dair ərizədə cavabdehin istinad etdiyi Mülki Məcəllənin 589.2-ci maddəsinin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, tərəflər arasında alqı-satqı münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb edilmədiyindən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 120 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23.330 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23.330 (iyirmi üç min üç yüz otuz) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar