Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-12/2022 24.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının X1” Publik hüquqi şəxsinə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 23 fevral 2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə bağlanmış 10 oktyabr 2012-ci il tarixli, 26F12 nömrəli kredit müqaviləsinə əsasən götürülmüş kreditin ödənilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasının X2 (indiki X1 Publik hüquqi şəxsi) ona təqdim etdiyi Azərbaycan Respublikası Mərkəzi X3 Respublikası Baş İdarəsindəki AZ61NABZ******************** nömrəli hesablaşma hesabına ödədiyi 18244,27 (on səkkiz min iki yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pulun ona qaytarılması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci və 10-1.3cü maddələrinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı tərəfindən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə ünvanlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununun tələblərinə əməl edilməmiş və nəticədə sübutların siyahısı iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.2-ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Bununla əlaqədar məhkəmə bildirir ki, hazırki iş üzrə qanunvericiliyin bu tələbinə də riayət edilməmiş və işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Lakin İddiaçı tərəfindən məhkəməyə müraciət etmədən öncə iddia tələbi ilə bağlı cavabdeh “Naxçıvan Muxtar Respublikasının X1” Publik hüquqi şəxsinə müraciət etdiyini və beləliklə, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmiş sənədlərdə mövcud deyil. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci və 4.6-cı maddələrinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1-ci və 150.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədən məhkəməyə müraciət etmişdir. Göstərilənlə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci, 152.1.1-ci, 152.1.4-cü, 152.1.5-ci, 152.1.6-cı, 152.1.6-1-ci və 152.1.10-cu maddələrinə əsasən Hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının X1” Publik hüquqi şəxsinə qarşı pul tələbi barədə iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunmadığından, iddia ərizəsinə sübutların siyahısı, iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sənəd, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Əlavə olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizənin geri qaytarılması zamanı dövlət rüsumunun qaytarılması məsələsinə münasibət bildirmir, ona görə ki, iddia ərizəsi təqdim olunarkən iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının X1” Publik hüquqi şəxsinə qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №2-2(123)-12/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-12/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver