Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-13/2020 04.03.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi departamentinin direktoru Elnur Nəsibov xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 962150,77 (doqquz yüz altmış iki min yüz əlli manat yetmiş yeddi qəpik) manat əsas borc və 254242,32 (iki yüz əlli dörd min iki yüz qırx iki manat otuz iki qəpik) manat faiz borcu olmaqla cəmi 1216393,09 (bir milyon iki yüz on altı min üç yüz doxsan üç manat doqquz qəpik) manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş “Dizayn Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinə tam mülkiyyət hüququ üzrə məxsus olan Naxçıvan şəhəri, C.Məmməquluzadə küçəsində yerləşən 1.6182 ha torpaq sahəsində yerləşən, 2549.7 kv.m ümumi, 1880.2 kv.m əsas, 669.5.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (ofis binası və penoplast lövhələr istehsalı sexi) və Cavabdeh2nə tam mülkiyyət hüququ üzrə məxsus olan Naxçıvan MR, Naxçıvan şəhəri, Azərbaycan küçəsi 13, 1.9307 ha torpaq sahəsində yerləşən, 4442.2 kv.m ümumi, 2104.4 kv.m əsas, 2337.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlakın (müəssisənin) ilkin satış qiymətinin müəyyən edilməsi, göstərilən əmlakların (müəssisənin) açıq hərracda satılması və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdaki kimi əsaslandırır. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul edilməsi üçün bəzi şərtlər və məhdudiyyətlər müəyyən edilmişdir. Buna mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi “X1rşı” xx xxxxxx 1975-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarında qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydası tərəflər arasında mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının, 153-cü maddəsində isə iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina etmənin əsasları göstərilmişdir. Həmin maddələrdə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraat başlanmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1. və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu normanın mahiyyətindən anlaşılır ki, əqdin tərəfləri, bu əqd üzrə öhdəliyin icrası ilə bağlı yaranan fikir ayrılığı və ya ixtilafın birbaşa məhkəmə müstəvisinə çıxarılmadan, ilk növbədə özləri tərəfindən müzakirə olunmaqla həlli barədə razılığa gələ və bu cür qaydanı bağladıqları müqavildə müəyyən edə bilərlər. Tərəflər arasında bağlanmış və iddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli 29/02 nömrəli ipoteka müqaviləsinin 7.1.20-ci maddəsində qeyd edilmişdir ki, həmin kredit müqaviləsinin şərtlərini pozduqda, bank qarşısında olan öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədikdə, bank tərəfindən verilmiş kredit üzrə qrafikə əməl etmədikdə ipoteka saxlayan məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında mübahisəsiz qaydada ipoteka predmetinə tutmanı yönəltmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, həmin mübahisədən irəli gələn məsələlərin həlli müvafiq Notariusa müraciət edilməklə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli Qərarı ilə “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”na, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxxxx 2018-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən “Bildirişin forması”nın təsdiq edilməsi barədə Kollegiya Qərarına və s. uyğun olaraq aparılmalıdır. Müəyyən olundu ki, iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli barədə müqavilə üzrə müəyyən edilmiş qaydaya əməl etməmiş, bu qaydanı tətbiq etmək imkanı isə itirilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş “Bildirişlərdə” onun göndərilməsi barədə tarix qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi qanunla və ya müqavilə üzrə mübahisənin nizama salınması üçün pretenziya qaydası müəyyən edilmişsə, yalnız bu qaydaya əməl edildikdən sonra işin məhkəmə icraatı mümkündür. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 150.0 və 150.0.7-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə İddiaçıın Mərkəzi filialına ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Аçıq Səhmdar Cəmiyyətinin Mərkəzi filialına xx xxxxxx 2019-cu il tarixdə ödənilmiş 30.00 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-2(123)-13/2020
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-13/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver