Məhkəmə qərarları › İş №2-2(123)-278/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-278/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-278/2025 04.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı 16 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12645 (on iki min altı yüz qırx beş) manat pulun, həmçinin ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun zamandır ki, tanıyır. Belə ki, o iddiaçının keçmiş əri Babək rayon Xəlilli kənd sakini Şahid2 xalasıdır. Evli olduqları vaxt və hətta ondan sonra da yaxşı münasibətləri olmuş, birgə ticarəti fəaliyyət göstərmişlər. Belə ki, evli olduğu vaxtlarda iddiaçı onlayn satışla məşğul olmuş, cavabdeh ona bu işdə yardımçı olur, gəlir əldə edirdi. Nikahı pozulduqdan sonra isə hətta iddiaçı özünə məxsus cehiz əşyalarını yaşadığı İsmayıllı rayonuna aparmamaq üçün cavabdehə satmış, cavabdeh də həmin əşyaları artıq qiymətə satdıqdan sonra pulunu ona geri ödəmişdir. Qeyd etdiyi kimi nikahları pozulmuş və o İsmayıllı rayonuna valideynlərinin yanına qayıtmışdır. Burada da özü uşaqlarının tələbatını ödəmək üçün onlayn ticarətlə məşğul olmağa başlamışdır ki, bu işdə cavabdehlə birgə fəaliyyətləri davam etmişdir. Belə ki, 2023-cü ildən o cavabdehə poçt vasitəsilə kiçik həcmli cehiz, kosmetika, bjuteriya və qızıl-zinət əşyaları göndərir, cavabdeh də həmin bağlamaları qəbul edib satır və öz gəlirini götürür. Onlar bu minvalla iki ilə yaxın müddətdə birgə fəaliyyət göstərmişdir. Cavabdeh ona olan etibarından istifadə etməklə pulunu mənimsəmişdir. Onların birgə fəaliyyət göstərdikləri müddətdə ticarət dövriyyələri təqribən 20000 manat civarında olmuşdur ki, hazırda cavabdehin ona 12000 manata yaxın borcu vardır. İlk əvvəllər cavabdeh müxtəlif bəhanələrlə borcunu tez bir zamanda ödəyəcəyini bildirsə də, sonradan o verdiyi vədə əməl etməmiş və nəticədə borcunu ödəməkdən ümumiyyətlə yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən Naxçıvan şəhər Polis İdarəsinə müraciət edilmiş və bu müraciət nəticəsində cavabdeh həmin orqana dəvət edilərək izahatı alınmış, həmçinin borcunu hər ay 1000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin zaman keçdikdən sonra yenə cavabdeh vədinə əmələ etməyərək öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Cavabdehin ona hal-hazırda 11745 manat məbləğində borcu vardır. Bu borcun əldə edilməsi üçün isə iddiaçı 3 dəfə Naxçıvan şəhərinə gəlib qayıtmalı olmuşdur ki, hər gəlişində də cavabdeh ona 200 manat olmaqla ümumilikdə 600 manat əlavə ziyan vurub. Bundan başqa cavabdehin qanunsuz əməlinə görə vəkil xidməti üçün 300 manat ödəməklə əlavə xərc çəkməli olmuşdur. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməyə məcburdur. Hesab edir ki, iddia tələbi təmin edilməli, 11745 manat borc, 900 manat əlavə xərc olmaqla, ümumilikdə 12645 manat məbləğində pul Cavabdeh alınaraq onun xeyrinə ödənilməlidir. İddiaçı ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 449.1-ci, 449.4-cü, 600.1-ci, 600.2-ci, 600.5-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında, iddia tələbinin iddia ərizəsində qeyd olunduğunu, tərəflər arasında vaxtı ilə qohumluq münasibətləri olduğunu, belə ki, cavabdehin iddiaçının keçmiş həyat yoldaşının xalası olduğundan aralarında qohumluq münasibətləri olduğunu, bu münasibətə dayanaraq tərəflərin ticarət fəaliyyəti ilə məşğul olduğunu, iddiaçının əri ilə ailə münasibəti pozulduqdan sonra iddiaçının valideyinlərinin yanına qayıtdığını və yaşadığı ünvandan cavabdehə bir sıra bəzək, bujiteriya, cehiz əşyalarını satması üçün göndərdiyini, vaxtaşırı cavabdehin əşyaların bir qisminin pulunu ödəsə də, hazırda iddiaçıya 12.000 manata yaxın borcu qaldığını, bununla bağlı iddiaçının polis orqanlarına müraciət etdiyini və polis orqanlarından təqdim edilmiş arayışda mübahisənin barışıqla həll olunduğunu və cavabdehin borcu hissə-hissə ödəyəcəyi ilə bağlı öhdəlik götürdüyünü, buna baxmayaraq, ötən müddət ərzində cavabdehin öhdəliyi yerinə yetirmədiyini və borcu ödəmədiyinə görə iddiaçı tərəfin məhkəməyə müraciət etdiyini, hal-hazırda da bu iddianı müdafiə etdiklərini qeyd edərək 12.000 manata yaxın pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında, iddiaçının iddia ərizəsində 20.000 manat civarında, yəni 20.000 manatdan artıq olmayan dövriyyəsinin olduğunu bildirərək, cavabdehin ona 12.000 manata yaxın borcu olduğunu göstərdiyini, özünün Şəhər Məhkəməsində də vəsatət verdiyini, həmin o Rauf adlı polis işçisindən ödəniş qəbzlərinin hamısının əldə olunduğunu, həmin şəxsin Naxçıvan Şəhər Polis İdarəsinə aid olmayan səlahiyyəti icra etdiyini, vətəndaşdan zorla izahat aldığını, belə ki, onların mülki xarakterli işlərdə ümumiyyətlə vətəndaşları dindirmək ixtiyarı olmadıqlarını, onun gözünün qabağında həmin qadının hər gün tezdəndən axşama kimi Polis Şöbəsində olduğunu bildirmişdir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 verilən sualların cavabında isə, Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə getməmişdən qabaq onun yanına bir çanta qəbz gətirdiyini, onun otağında da köməkçisi Fizzənin olduğunu, onun həmin qəbzləri hesabladığı vaxt, 31.997 manat pul vəsaiti etdiyini, hamısının polis işçisində saxlanıldığını, 2 ay cavabdehi süründürdüklərini, hamısının onun gözünün qabağında olan məsələlər olduğunu, 31.997 manat pul vəsaitini cavabdehin Ayselə ödədiyini, cavabdehə Polis orqanı tərəfindən edilən təzyiqə görə heç bir orqana şikayət etmədiklərini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatında əlavə olaraq iddia ərizəsində şərti olaraq tərəflər arasındakı dövriyyənin 20.000 manat olaraq göstərilsə də, bu məbləğin iddiaçının özünə də məlum olmadığını, bəlkə də bu dövriyyənin 60.000 manat təşkil etdiyini, lakin şərti olaraq iddia ərizəsində bu məbləğin 20.000 manat qeyd olunduğunu, cavabdeh tərəfin Naxçıvan Şəhər Məhkəməsində verdiyi izahatında guya ki, borcunun olduğunu bildirsə də, tərəflərindən təqdim olunmuş sübutlardan da hal-hazırda iddiaçıya 12.000 manata yaxın borcu olduğunun göründüyünü bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 verilən sualların cavabında isə cavabdehin iddiaçıya təxmini 11.800-ə yaxın pul borclu olduğunu, bununla bağlı təqdim olunmuş səs yazılarında, həmçinin cavabdehin özünün imzaladığı yazıda da borcunun olduğunu etiraf etdiyini, bu baxımdan iddiaçının tələbi əsaslı olduğundan təmin olunmalı və müvafiq borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməli olduğunu hesab etdiklərini, cavabdeh Naxçıvan Şəhər Məhkəməsində olarkən borcu barədə nə “hə”, nə də ki “yox” dediyini, sonrakı mərhələlərdə də işə vəkil cəlb olunduğunu, etirafının sadəcə təqdim edilmiş sübutlarda olduğunu, iş Kommersiya Məhkəməsinin icraatında olarkən də ümumiyyətlə iştirak etmədiyini, nə səs yazıları, nə də ki imza etdiyi sənədlə bağlı hər hansı bir fikir bildirmədiyini, lakin şahid qismində dəvət etdikləri cavabdehin bacısının oğlunun da bu hadisələrin bilavasitə şahidi olduğunu bildirmişdir. Şahid2 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində iddiaçı və cavabdeh arasında pul məsələləri başlayanda alverin getdiyini, belə ki, malın verildiyini bildiyini, bir qisminin pulunun ödənildiyini, ödənilmədiyi halda isə mübahisəli vəziyyətə gətirib çıxardığını, müəyyən bir müddətdə isə çox mübahisəli bir vəziyyətə çevrildiyini, xalasının da ona tez-tez zəng vurub pulun ödəniləcəyini bildirdiyini, hər dəfə pulun ödəniləcəyini “pulu ödəyəcəm, imkanım yoxdur, şikayət olunmasın, kiməsə deyilməsin” dediyini, dəfələrlə özünün müdaxilə etdiyini, pulun ödənilməsi haqqında evdə də dediyini, bu prosesin çox çəkdiyini, sonra pulu yenə ödəmədiyi halda xalasının onlara gəlib, anasıyla onun yanında “mən bir qol kağızı yazım, hər ay 500 manat pul ödəyəcəm” dediyini, onların da Ayseli gücü olmadığına və pulu bu qaydada ödəməsinə razı saldıqlarını, xalasının da oturub onlarda qol kağızı yazdığını, həmin kağızda da ödənişi aylara böldüklərini, hansısa aya qədər ayda 500 manat ödəyəcəyinin qeyd olunduğunu, həmin kağızın hələ də öz evlərində qaldığını, nəticədə həmin aya qədər ayda 500 manat ödəyəcəyinə söz verdiyini, bu barədə qol da çəkdiyini, 1 ay o pulu ödədiyini, çünki səssizlik olduğunu və problem yaranmadığını, sonra yenə xalasının pulu ödəməməyə başladığını, sonra bu məsələnin polisə getdiyini, polisdə də gəlib izahat verib “pulu ödəyəcəm.” dediyini, sonra yenə 1 ay keçdiyini və pulu ödəmədiyi üçün bu mübahisəli vəziyyətin davam etdiyini, sonra da “mənə pul verilməyib, mən heç kimdən mal götürməmişəm.” deyərək borcu boynundan atdığını, nəticədə də işin gəlib məhkəməyə çıxdığını bidlrimişdir. Şahid2 verilən sualların cavabında isə iddiaçı ilə cavabdehin arasındakı münasibətin əvvəlcədən olduğunu, belə ki, gediş-gəliş olduğunu, onların da gedib-gəldiyini, aralarındakı ticarət münasibətlərinin nə vaxt başlamasının dəqiq yadında olmadığını, pulun ödənilməməsi barədə məlumatı olduqdan sonra, mübahisənin yarandığını, belə ki, malların gəldiyini, xalasının da götürüb apardığını bildiyini, çox vaxt da sumkalarının onlarda olduğunu, xalasının da gəlib onlardan götürüb apardığını, həmin vaxt Aysellə ayrı olduqlarını, Ayselin çantaları onlara da göndərdiyi vaxtların olduğunu, xalasının özünə də poçtla göndərdiyini, onun da gedib götürdüyünü, çox vaxt da özünün adına göndərildiyini, özünün götürüb xalasına verdiyini və ya anasının adına göndərildiyini, beləliklə xalasının gəlib onlardan götürdüyünü, mübahisənin onların evində getmədiyini, ancaq bu mübahisə ilə bağlı xalasının hər dəfə ona zəng etdiyini və “sən onu sakitləşdir, hələ ki, imkanım yoxdur. 5 aya, 3 aya bankdan kredit götürəcəm, pensiyamın puluyla düzəldib ödəyəcəm.” dediyini, onun da mümkün qədər bu məsələnin qaydaya düşməsinə çalışdığını, bir ay məsələn, 1000 manat ödənilməliydisə özünün Aysellə danışdığını 500 manata razılaşdıqlarını, özünün də Aysellə danışdığını belə ki, “1000 manata gücü çatmır, 500 manata razılaş aybaay ödəyə biləcək” dediyini, xalasından da ödəyə biləcəyini soruşduqda, xalasının razı olduğunu, Ayselin də “bir qol kağızı yazsın ki, mən hər ay 500 manat pul ödəyəcəm.” dediyini, xalasının da gəlib onlarda anasının yanında oturduğunu və qol kağızı yazaraq qol çəkib getdiyini, ilk 1 ay ödədiyini, ondan sonra yenə ödəmədiyini bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında tədqiq olunmuş sübutlarla habelə şahid ifadələri ilə iddia tələbinin əsaslı olmasının sübuta yetirildiyini qeyd edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Naxçıvan ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən imzalanmış, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Babək rayon Xəlilli kəndində yaşayan İddiaçı, xx.xx.20224-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2024-cü ilin iyun ayında İsmayıllı rayonunda yerləşən geyim və cehiz mağazasından Naxçıvan şəhər Tumbul kəndində yaşayan Cavabdeh 11789 manat dəyərində qarışıq mal alaraq pulunu geri qaytarmadığını bildirmişdir. Aparılan araşdırmalar nəticəsində vətəndaş İddiaçı və vətəndaş Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə çağırılmış və hər iki şəxsin arasında barışıq elan olunmuşdur. WhatsApp yazışmalarına dair CD disk və fotoşəkillərdən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında təxminən əlli-altmış min manat məbləğində alqı-satqı münasibətləri mövcud olmuş, cavabdeh öhdəliyi üzrə ödənişi həyata keçirmədiyindən tərəflər arasında pul mübahisəsi yaranmışdır. Həmçinin iş materiallarında olan etiraf ərizəsinin yazılması prosesi səs yazısı ilə qeydə alınmışdır. 436202597 nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli poçt qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin ünvanına bağlamalar göndərilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunan etiraf ərizəsindən görünür ki, Cavabdeh ümumilikdə 11740 manat təşkil edən məbləği İddiaçı ödəyəcəyini bildirməklə iddiaçıya borcunun olmasını etiraf etmişdir. Ərizə iddiaçı və cavabdehin imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən tərtib olunan cavabdehə göndərilmiş sonuncu malların siyahısından görünür ki, həmin malların ümumi dəyəri 12329 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə təxminən qırx-əlli min manat məbləğində mal göndərilmişdir. Bu hallar iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayış, WhatsApp yazışmalarına dair CD disk və fotoşəkillər, poçt və ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şifahi alqı-satqı müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etsə də, Cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini, cavabdehin ona 11745 manat məbləğində borcunun olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd olunanlara əsasən bildirir ki, iddiaçının cavabdehə qarşı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. İddiaçı iddia ərizəsində Cavabdeh ona 11745 manat məbləğində borclu olduğunu bildirmişdir. Lakin iş materiallarında olan etiraf ərizəsinin tədqiqindən aydın olur ki, cavabdeh iddiaçıya 11740 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə iddianın pul tələbi hissəsinin yalnız 11740 manat məbləğində təmin edilməsinin qanuna müvafiq olduğu qənaətinə gəlir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş malların siyahısı məhkəməyə sübut kimi təqdim edilmişdir. Lakin həmin siyahı hər hansı imza, möhür və ya digər təsdiqedici rekvizitlərlə rəsmiləşdirilmədiyindən sübut əhəmiyyəti yoxdur. Bundan başqa, siyahı iddiaçının özü tərəfindən tərtib edildiyindən, o, istədiyi məzmun və formada hazırlana bilər ki, bu da onun obyektiv sübut kimi qəbul edilməsinə mane olur. Həmçinin cavabdehin vəkili-nümayəndəsi Vəkil2 izahatında qeyd etdiyi, cavabdeh tərəfindən iddiaçıya edilən ödənişləri təsdiq edən qəbzlər də (iş materiallarının 164-210-cu vərəqləri) məhkəməyə təqdim edilmişdir. Lakin həmin qəbzlərin tarixlərinin təhlilindən aydın olur ki, göstərilən ödənişlər cavabdehin etiraf ərizəsini tərtib etmə tarixindən əvvəl həyata keçirilmişdir. Bu səbəbdən etiraf ərizəsində göstərilən məbləğin düzgünlüyünə, real borc məbləğini əks etdirdiyinə və aralarında olan alqı-satqı olmasına dair məhkəmədə hər hansı şübhə qalmır. Eyni zamanda, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona ümumilikdə 600 manat əlavə ziyan vurulduğunu göstərmişdir. Lakin məhkəməyə bu tələbi təsdiq edən heç bir mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının əlavə ziyanın ödənilməsi barədə tələbi təmin edilməməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 95,1% əsaslı olduğundan qismən təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 12345 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən 130 (yüz otuz manat) manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 120,82 (yüz iyirmi manat 82 qəpik) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 6,22 (altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 2,96 (iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə EM-1909VK-13700/24 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədə İddiaçı Vəkil1 ödəyəcəyi hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (üç yüz manat) manat ödənilmişdir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən hüquqi yardıma görə ödənilən məbləğin iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 285,3 (iki yüz səksən beş manat 30 qəpik) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 14,7 (on dörd manat 70 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdеh Cavabdeh 11740 (on bir min yeddi yüz qırx manat 00 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı ödənilməli; 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 120,82 (yüz iyirmi manat 82 qəpik) manat məbləği cavabdеh Cavabdeh tutularaq İddiaçı ödənilməli; 6,22 (altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli; iddiaçı tərəfindən artıq ödənilmiş 2,96 (iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı; 300 (üç yüz) manat məbləğində hüquqi yardıma görə ödənilən haqq iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 285,3 (iki yüz səksən beş manat 30 qəpik) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməli; qalan 14,7 (on dörd manat 70 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеh Cavabdeh (AA*******; FİN: xxxxxxx, VÖEN: **********) 11740 (on bir min yeddi yüz qırx manat 00 qəpik) manat məbləğində pul alınaraq İddiaçı (AA*******; FİN: xxxxxxx, VÖEN: ********** ) ödənilsin. 127,04 (yüz iyirmi yeddi manat 04 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 120,82 (yüz iyirmi manat 82 qəpik) manat məbləği cavabdеh Cavabdeh tutularaq İddiaçı ödənilsin və 6,22 (altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 2,96 (iki manat 96 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. 300 (üç yüz) manat məbləğində hüquqi yardıma görə ödənilən haqq iddianın təmin olunmuş hissəsinə, yəni 95,1% hissəsinə mütənasib olaraq 285,3 (iki yüz səksən beş manat 30 qəpik) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin və qalan 14,7 (on dörd manat 70 qəpik) manat məbləğində hüquqi yardım haqqının hissəsi iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar