Məhkəmə qərarları › İş №2-2(123)-390/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-390/2025

24.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-390/2025 24.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 03 iyul 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 948 (doqquz yüz qırx səkkiz) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-460/2025 saylı işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2- 2(123)-390/2025 saylı qərardadı ilə, 2(079)-460/2025 saylı iş üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ərizəsində Cahan Ticarət Mərkəzində mağaza işlətdiyini, əvvəldən tanıdığı Babək rayon Sirab kənd sakini Cavabdeh ondan dəyəri 948 (doqquz yüz qırx səkkiz) manat dəyərində (siqaret, araq) götürdüyünü, əvvəlcədən nisyə mal götürəndə həmişə pulu qarşıladığını, 2023cü il tarixində Cavabdeh 948 (doqquz yüz qırx səkkiz) manat dəyərində (siqaret, araq) nisyə götürdüyünü, həmişəki qaydada bir neçə gündən sonra pulunu verəcəyini düşündüyünü, üzərindən bir neçə ay keçdikdən sonra telefonla əlaqə saxlayıb pulunu verməsini bildirdiyini, pulu yaxın zamanlarda verəcəyini bildirsə də pulunu vermədiyini, üzərindən bir neçə ay keçdikdən sonra yenə onunla əlaqə saxlayıb pulunu verməsini bildirdiyini, Cavabdeh isə pulu yaxın vaxtlarda verəcəyini bildirdiyini, təkrarən bir neçə dəfə əlaqə saxlasa da, eyni sözlərlə ona cavab verdiyini, bundan sonra onun Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, Naxçıvan Şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək mülki mübahisə olduğundan məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, hazırda Cavabdeh telefonlarına cavab vermədiyini, cavab verəndə də müxtəlif bəhanələr gətirməklə borcunu qaytarmadığını,həmin pula böyük ehtiyacı olduğunu, məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci və 740.2-ci maddələrinə, o cümlədən Mülki Prosessual Məcəllənin 4.1-ci, 149-cu və 150-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında 57 bazarında işlədiyi vaxt Cavabdeh onun yanında uzun müddət işlədiyini, sonra Türkiyəyə getdiyini, Türkiyədən gəldikdən sonra da şəhərdə dükan açdığını, arada gəlib ondan nisyə mal götürdüyünü, onun da tanış olduğuna, üstəgəl neçə il yanında işlədiyinə görə güzəşt etdiyini, bir müddət alıb-apardığını, sonra gətirib pulunu qarşılayıb ödədiyini, hər şeyin qaydasında getdiyini, bir müddət sonra axsamaların başladığını, nəticədə cavabdehin dükanı da çəkib bağladığını, özünə isə 1248 manat borcu olduğunu, 150-sini bir, digər 150-sini də bir olmaqla ödədiyini, ondan sonra ödəniş etmədiyini, nə vaxt da desə “ödəməyə imkanım yoxdur” dediyini, ancaq sonra gedib özünə tır aldığını, neçə ildir də reyslərə gedib gəldiyini, Sirabda da “qonşu qonşunun bəhsinə ev tikir, maşın alır, tır alır, şəhərə köçür” deyə bir adət olduğunu, cavabdehdən “bəs bu pulu hardan almısan ki, gedib tır aldın?” soruşanda pulu olmadığını dediyini, hələ ona “mən bilsəm pul bugün sənə vacib lazımdır, gətirib bugün verərəm.” dediyini, o pulun özünün şəxsi pulu olduğunu, lazım olub olmadığını özünün biləcəyini ona dediyini bildirmişdir. Şahid xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadəsində Vüsalın ona yaxın olduğunu, belə ki, aralarında ailəvi münasibətlərin, gediş-gəlişin olduğunu, cavabdeh tərəfin də dostu və yaxını olduğunu, yanına gəlib getdiyini, hər dəfə Elmara “proseslər belə davam edir, Vüsal məhkəməyə müraciət edir, belə olacaq falan” dedikdə, onun da özünün yanında “aparıb Vüsala 500 manat pul verəcəm.” dediyini, özünün də sonra Vüsala “İrandan yük yükləyir, qısa müddətdə sabaha ya birisigünə, gətirib sənə 500 manat pul verəcək.” Dediyini, ondan necə oldusa Elmarın gəlib yükü yükləyib, çıxıb getdiyini, Elmardan “bəs Vüsala pul verəcəkdin, noldu bəs? Məsələ nə yerdə qaldı?” soruşduqda, onun da məsələni həll edəcəm dediyini, özünün isə cavabdehə “məsələ məhkəməyə doğru gedir, verəcəksənsə, nə qədər düzəldə bilirsən düzəlt ver, məsələ bu qədər uzanmasın.” Dediyini, ancaq sonra Vüsaldan “gətirib sənə pul verdi?” deyə spruşduqda, onun da “yox verməyib.” Dediyini, hal-hazırda da çıxıb gedib Türkiyədə olduğunu, qayıdıb verəcəm dediyini, hərdən bir cavabdehlə danışdığını və məsələnin ciddiyətinin belə olduğunu ona bildiridiyini, onun isə qarşılığında “qısa bir müddətdə həll edəcəm dediyini bildirmişdir. Şahid verilən sualların cavabında isə, cavabdehin Vüsala olan borcunu qəbul etdiyini, həmin borcu danmadığını, qısa müddətdə də ödəyəcəyini bildirdiyini, ancaq nə qədər borcunun olduğunu dəqiq bilmədiyini, ancaq səhv etmirsə, 1000 manatdan yuxarı olduğunu, arada soruşanda 1000 nə qədər olduğunu dediyini, daha da aralarındakı münasibəti bilmədiyini, sadəcə Elmarın ona “mən o adama borcluyam. Neçə illər çörəyini yemişəm, ona qarşı səhvlik etmərəm.” dediyini, sadəcə ziyanlığın çox olması ya nə səbəbdəndirsə, bəlkə də neçə illər yanında işlədiyinə görə arxayın olub pulu yubatdığını, ancaq borcunu da danmadığını bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında, cavabdeh haqlıdırsa, gəlib haqlı olduğunu deməsini, haqsızdırsa da, gəlib “hə, haqsızam” deməsini, nəticədə də məhkəmənin bunu araşdırıb yekun nəticəyə gəlməsini, bəlkə elə cavabdehə şər atdığını və ya yalan dediyini, heç olmasa cavabdehin gəlib özünü müdafiə etməsini, gəlmirdisə də, bir vəkil tuta biləcəyini, vəkilin də onu təmsil edəcəyini, gəlib “İddiaçı mənə qarşı qaldırdığı iddia səhvdir və yaxudda ki, yalandır” deyə biləcəyini, burada iddia qaldırdığı başqa bir məhkəmə də olduğunu, vətəndaşın gəlib öz şəxsiyyətinə hörmət qoyaraq “hə mənim bu qədər borcum var, sadəcə maddi imkanım olmadığı üçün verə bilmirəm.” dediyini, cavabdehin də gəlib bir fikrini bildirə biləcəyini, ancaq gəlmədiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. 24 noyabr 2025-ci il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdeh tərəfin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilməsi barədə sənədlərin iş materiallarına əlavə olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, “material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərardan görünür ki, İddiaçı ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmiş, ərizəsində təxminən bir il bundan əvvəl Nehrəm kənd sakini Vətənin 1528 manat dəyərində spirtli içki və tütün məlumatları aldığını, indiyədək pulu qaytarmadığını, Sirab kənd sakini Elmarın da 948 manat pulu qaytarmadığını, Kəngərli rayon Xıncab kənd sakini Əli adlı şəxsin 2000 manat pulu qaytarmadığını, Daxili Qoşunların yaşayış binasındakı ərzaq mağazasını işlədən Müşviq adlı şəxsin 1980 manat pulunu qaytarmadığını bildirmiş, nəticədə, toplanmış material üzrə cinayət hadisəsi qeydə alınmadığından, habelə qeyd edilən məsələlər mülki qanunvericiliklə tənzimləndiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Həmçinin EMİS-dən çıxarışlardan görünür ki, İddiaçı “alkoqolsuz içkilərin pərakəndə satışı” fəaliyyət istiqaməti üzrə (VÖEN: **********), Cavabdeh isə “sair ərzaq mallarının pərakəndə satışı” fəaliyyət istiqaməti üzrə (VÖEN: 0********) vergi ödəyicisidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, əvvəlcədən aralarında mövcud olmuş tanışçılıq münasibətlərinə dayanaraq iddiaçı tərəfindən cavabdehə nisyə olaraq 1248 manat məbləğində mal (siqaret, araq) verilmiş, lakin cavabdeh həmin məbləğin 300 manatını ödəsə də, qalan 948 manatını ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəmə iclasında verdiyi izahında cavabdehin əvvəlcə onun yanında işlədiyini, daha sonra özünün ayrıca dükan açdığını və aralarında mövcud olmuş tanışçılıq münasibətlərinə dayanaraq ondan dəyəri 1248 manat məbləğində olmaqla nisyə mal (siqaret, araq) götürdüyünü, həmin məbləğin isə 150-si bir, 150-si bir olmaqla cəmi 300 manatını ödədiyini, lakin qalan 948 manatını ödəmədiyini qeyd etmiş, həmin hallar Şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Belə ki, dindirilmiş şahidin ifadəsi hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, İddiaçı izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, şahid ifadəsinin özlüyündə həqiqiliyinə təminat vermişdir. Sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan mötəbərlilik başa düşülür. Həmçinin məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh İddiaçı qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Hətta Cavabdeh Şahid ilə olan danışıqlarında İddiaçı borcunun olduğunu qəbul etdiyi şahid ifadələrindən görünməkdədir. Nəticə etibarilə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alğı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat çatdırılmasına baxmayaraq məhkəmə iclaslarındada iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtlərinə əməl etsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticə etibarilə İddiaçı 948 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə qeyd olunan Qərarda həmçinin qeyd edilir ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100cü maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 948 (doqquz yüz qırx səkkiz) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz) manat olaraq müəyyən edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеh Cavabdeh 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində bоrc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеh Cavabdeh (AA*******; FİN: xxxxxxx; VÖEN: **********) 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı (AA******* FİN: xxxxxxx; VÖEN: **********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar