Məhkəmə qərarları › İş №2-2(123)-4/2020

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-4/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-4/2020 22.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, Şirəliyeva Nərmin Zöhrab qızının məhkəmə iclas katibliyi ilə, X3 Sanayi və Ticaret Limited şirkətinin vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, X3 Sanayi və Ticaret Limited şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Sanayi və Ticaret Limited şirkətinin vəkili və nümayəndəsi Vəkil xx xxxxxx 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41559.14 (qırx bir min beş yüz əlli doqquz tam yüzdə on dörd) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb X5 və Ticaret Limited şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 Sanayi və Ticaret Limited şirkətinin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X5 və Ticaret Limited şirkətindən satması üçün ümumi çəkisi 2770.33 qram təşkil edən, 79099 (yetmiş doqquz min doxsan doqquz) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə götürdüyünü və həmin tarixdə bağlanmış müqavilə əsasında götürülmüş malların dəyərinin 26366 ABŞ dollarını xx.xx.2015-ci il tarixə, 26366 ABŞ dollarını xx.xx.2015-ci il tarixə, 26366 ABŞ dollarını isə xx.xx.2015-ci il tarixə ödəməli olduğunu, lakin Cavabdeh bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini və xx xxxxxx 2015-ci il tarixə onun şirkətə 49147 (qırx doqquz min bir yüz qırx yeddi) ABŞ dolları ödənilməmiş borcu qaldığını, təkrarən Cavabdeh iddiaçı tərəfindən güzəşt edilərək borcun ödənilməsinin razılaşdırıldığını və Cavabdeh borcun 16000 (on altı min) ABŞ dollarını xx.xx.2016-cı il tarixə, 16000 (on altı min) ABŞ dollarını xx.xx.2016-cı il tarixə, qalan 17147 (on yeddi min bir yüz qırx yeddi) ABŞ dollarını isə xx.xx.2016-cı il tarixə ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin sözünə əməl etməyərək, borcun bir qismini ödəsə də 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları məbləğində borcunun ödənilməmiş qaldığını, Cavabdeh 2016-cı ilin 31 mart tarixinə X5 və Ticaret Limited şirkətinə borcunu ödəməli olduğu halda ödəmədiyini, bu səbəbdən də onun həmin tarixə 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları ödənilməmiş borcu qaldığını, keçən 42 ay ərzində ödənilməmiş borcun bank xərclərinin 12292.14 (on iki min iki yüz doxsan iki tam yüzdə on dörd) ABŞ dolları təşkil etdiyini, ümumilikdə Cavabdeh 41559.14 (qırx bir min beş yüz əlli doqquz tam yüzdə on dörd) ABŞ dolları borcu yarandığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 Sanayi və Ticaret Limited şirkətinin vəkil və nümayəndəsi Vəkil xx xxxxxx 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğin 29267 ABŞ dollarının əsas borc, 12292.14 ABŞ dollarının isə cərimə borcu təşkil etdiyini, ona görə də iddia tələbinin dəqiqləşdirilərək Cavabdeh 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları əsas borcun və 12292.14 (on iki min iki yüz doxsan iki tam yüzdə on dörd) ABŞ dolları cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb X3 Sanayi və Ticaret Limited şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(123)- 04/2020 nömrəli qərardadı ilə iddiaçı təşkilatın vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə əizəsi təmin olunmuş, iddia tələbinə Cavabdeh 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları borcun və 12292.14 (on iki min iki yüz doxsan iki tam yüzdə on dörd) ABŞ dolları cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb X3 Sanayi və Ticaret Limited şirkətinə ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. X3 Sanayi və Ticaret Limited şirkətinin vəkil və nümayəndəsi Vəkil məhkəmə baxışı iclasında verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verərək 2015-ci ilin dekabr ayında Cavabdehla iddiaçı təşkilat arasında müqavilə bağlanıldığını, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh satması üçün ümumi çəkisi 2770.33 qram qızıl-zinət əşyalarının verildiyini, həmin qızıl-zinət əşyalarının dəyərinin 79099 ABŞ dolları olduğunu, Cavabdeh pulu 2015-ci ilin yanvar, fevral və mart aylarında ödəyəcəyi barədə razılaşdığını, lakin 2015cı ilin dekabr ayına onun şirkətə 49147 ABŞ dolları ödənilməmiş borcu qaldığını, sonra Cavabdeh 3 ay ərzində həmin pulu ödəməsinə dair razılıq əldə olunduğunu, lakin Cavabdeh təkrar borcun bir qismini ödədiyini, 29267 ABŞ dolları borcunun isə qaldığını qeyd edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini, X8 fiziki şəxs kimi qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X5 və Ticaret Limited şirkətindən nisyə aldığı qızıl-zinət əşyalarını Naxçıvanda satdığını, satılan malın pulunu isə İstanbula gedən bazarda alverlə məşğul olan şəxslərlə 5-6 ay müddətində şirkətin nümayəndəsi Hüseynə göndərdiyini, 2015-ci ilin fevral ayında Azərbaycanda devalvasiya olduğunu, bu səbəbdən də ödənişlərdə gecikmə olduğunu, şirkətin nümayəndəsi Hüseynlə danışdığını və ödəmə müddətinin artırılması barədə razılaşdıqlarını, bir müddət keçdikdən sonra şirkətin nümayəndəsi İksana adlı qadının zəng vuraraq onun borca dair müqaviləsinin olduğunu və həmin müqaviləyə əsasən borcunu göndərməsini tələb etdiyini, 15 gün sonra həmin qadının Naxçıvana gəldiyini və onunla görüşərək Hüseynin şirkətin bir milyon dollar pulunu mənimsədiyini bildirdiyini, borclu olduğu məbləği bundan sonra onlara göndərməli olduğunu dediyini, bu danışıqdan sonra şirkətə 10000 ABŞ dolları pul göndərdiyini, bir müddət sonra da Nəcəf adlı bazarda qızıl satan şəxsin həmin şirkətə gedəndə 220 qram qızılı da onunla göndərdiyini, 2015-ci ilin dekabr ayının 28-də manat təkrar devalvasiya olduqdan sonra həmin şirkətin səlahiyyətli şəxsi X2 gəldiyini, onların X8 görüşdüklərini və ona imkanının yaxşı olmadığını bildirəndə Haşmet Topaloğlunun ona verilmiş qızıl-zinət əşyalarını geri qaytarmasını istədiyini, X5 və Ticaret Limited şirkətindən aldığı qızılıdan 630 qramını geri qaytardığını, Haşmet Topaloğlunun təkrar xx xxxxxx 2016-cı ildə Naxçıvana gəldiyini, həmin vaxt isə Haşmet Topaloğluna 310 qram qızıl verdiyini, qızılları geri qaytaranda borcundan çıxıldığını düşündüyünü, lakin həmin qızılların şirkət tərəfindən inventar kimi qiymətləndirildiyini, 2016-cı ilin mart ayının 9-da Nəcəfin onun yanına gələrək satmaq üçün şirkətdən aldığı qızılları Haşmet Topaloğlunun istədiyini bildirdiyini, vitrindəki bütün qızılları, yəni 595 qram qızılı Nəcəfə verdiyini, 2016-cı ilin iyun ayında Haşmet Topaloğlu təkrar onun yanına gələndə isə müştərilərin satın alıb pulunu ödəyə bilmədikləri qızılları yığdığını və təxminən 9000 manat da nəğd pulunun olduğunu, həmin vaxt Haşmet Topaloğluna 120 qram qızıl və 5000 dollar verdiyini, X5 və Ticaret Limited şirkətindən iki kiloqram, yeddi yüz yetmiş qram qızıl-zinət əşylarını alsa da, bir kilo səkkiz yüz qramından çoxunu geri qaytardığını və 15000 ABŞ dollar da nəğd pul verdiyini, Haşmet Topaloğluna cəmi 10000 və ya 12000 ABŞ dolları borcunun olduğunu, onun da 6000 ABŞ dollarını Haşmet Topaloğlunun tələbi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin işçisinə verdiyini, ancaq pulun Haşmet Topaloğluna çatmadığını, qızılın çəki ilə bir qramını 28 dollara aldığını, şirkətdən aldığı qızılları geri qaytararkən buna dair qəbz və ya sənəd almadığını, müqavilədə müəyyəndəşdirilmiş miqdarda və qaydada qızıl-zinət əşyalarını həmin şirkətdən aldığını, qeyd edərək, ədadətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək ərizədə xx xxxxxx 2014-cü il tarixdə ümumi çəkisi 2770,33 qram olan 7900,99 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını Naxçıvan şəhərində yerləşən X8 satışını həyata keçirmək üçün nisyə götürdüyünü, həmin məbləği 6-8 ay müddətində iddiaçıya qaytarmalı olduğunu, manatın devalvasiyası nəticəsində iddiaçıya pulu qaytara bilmədiyini, 2015-ci ildə həmin məbləğdən 10.000 ABŞ dollarını ödədiyini, sonra satılmadığı üçün 220 qram qızılı Nəcəflə təşkilata geri qaytardığını, ikinci devalvasiyadan sonra, 2015-ci ilin 12-ci ayında dükanına iki nəfərin gəldiyini, onları tanımadığını və onlarla iş görmədiyini, tanışlıq verərək İtalqoldun sahibləri olduqlarını və bizim ya malımızı, ya da pulumuzu ver dediklərini, onun da mal hələlik satılmayıb dediyini və əlavə olaraq dükandan onlara 630 qram qızıl verdiyini, 2016-cı ilin fevral ayının 22-də Haşmetin gəldiyini və 310 qram qızılı götürdüyünü, sonra Türkiyədən zəng vuraraq nə varsa ver Nəcəfə gətirsin dediyini, onun da xx xxxx 2016-cı il tarixdə dükanında olan cəmi 595 qram qızılı yığıb Nəcəfə verdiyini, 2016-cı ilin Ramazan ayında Haşmetin Naxçıvana gəldiyini, onun bu müddətə qədər nisyə payladığı mallardan 5000 ABŞ dollarını və pulunu ödəyə bilməyən müştərilərindən 120 qram qızılı toplayaraq Haşmetə verdiyini, bu minvalla Türkiyəyə təqribən 1,880 qram qızıl qaytardığını, bütün qaytardığı qızıllar nəzərə alınarsa və ödədiyi nağd pullar da çıxılarsa onun Türkiyəyə təqribən 10000 və ya 12000 ABŞ dolları borcunun qaldığını, əgər iddiaçı tərəf razı olarsa həmin məbləği hissəhissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X9 ifadəsində Cavabdeh onun qaynı olduğunu, onun da cavabdeh kimi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X5 və Ticaret Limited şirkətindən qızıl-zinət əşyalarını alaraq Naxçıvanda satdığını, təqribən 5-6 ildir ki, həmin şirkətlə işlədiyini, Ə.İlhamın verdiyi qızılları cəmi 3 dəfə X5 və Ticaret Limited şirkətinə apardığını, lakin qızılların çəkisini bilmədiyini, iki il bundan qabaq şirkətin səlahiyyətli şəxsi X2 gəldiyini, həmin vaxt X1 Türkiyəyə deyil, Bakıya gedəcəyinə görə Ə.İlhamla onun evinə gələrək İlhamın Haşmetə qaytardığı qızılları Türkiyədə şirkətə aparması üçün ona verdiyini, ikinci dəfə Ə.İlhamın şirkətə aparması üçün ona aeroportda qızıl verdiyini, üçüncü dəfə isə Haşmet Topaloğlunun ona zəng edərək Ə.İlhamın geri qaytaracağı qızılları şirkətə aparmasını istədiyini, bu səbəbdən də Ə.İlhamın yanına gedərək Haşmet Topaloğlunun qızılları istədiyini bildirdiyini, Ə.X6 aparması üçün qızılları ona verdiyini, Ə.İlhamın şirkətə borclu olduğunu bildiyini və bir neçə dəfə də Ə.İlhama şirkətə olan borcunu ödəməsini bildirdiyini, şirkətə apardığı qızılların çəkisini bilmədiyini, Ə.X4 Sanayi və Ticaret Limited şirkətinə nə qədər borcu olduğunu dəqiq bilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş: xx xxxxxx 2014-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən X5 və Ticaret Limited şirkətindən cavabdehə 26366 ABŞ dollarını xx xxxxxx 2015-ci il tarixə, 26366 ABŞ dollarını xx xxxxxx 2015-ci il tarixə, 26366 ABŞ dollarını xx xxxx 2015-ci il tarixə ödəməsi şərti ilə 79099 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları nisyə verilmişdir. Həmin müqavilənin arxasında qeyd olunan razılaşmadan da görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə şirkətə 49147 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Cavabdeh borcun 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 17147 ABŞ dollarını xx xxxx 2016-cı il tarixə ödəməsi barədə öhdəlik götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli, 007321 nömrəli sifariş çekinin surətindən görünür ki, Cavabdeh ümumi çəkisi 2770.33 qram təşkil edən qızıl-zinət əşyalarını almış, onun şirkətə 79099 ABŞ dolları borcu qalmışdır. Cavabdeh məxsus olan ümumvətəndaş pasportun surətinin kənarında aparılmış qeyddən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İtalqold şirkətindən 79.099 ABŞ dolları borc aldığını və onu 3 aya qədər ödəyəcəyini imzası ilə təsdiq etmişdir. Türk dilindən tərcümə olunmuş xx.xx.2014-cü il tarixli, 000866 nömrəli xüsusi fakturadan aydın olunur ki, X5 və Ticaret Limited şirkəti tərəfindən cəmi 153.117,22 Türk lirəsi məbləğində, 2770.33 qram miqdarda qızıldan hazırlanmış məmulatlar Cavabdeh verilmişdir. Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh (VÖEN:**********) xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi Babək rayon Vergilər İdarəsində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini iş materialları ilə əlaqəli araşdırıb, işdə olan sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 9.2-ci maddəsinin tələbinə görə, mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı iş üzrə mübahisəli borc məbləği tam ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli Qərarında qeyd edilir: Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqavilənin arxasında yazılmış və tərəflərin imzası ilə təsdiq edilmiş razılaşmadan da görünür ki, iş üzrə Cavabdeh şirkətə olan borcunun 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 17147 ABŞ dollarını isə xx xxxx 2016-cı ilə tarixlərdə ödəyəcəyi barədə iddiaçı ilə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-cı maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Tərəflər arasında ikitərəfli qaydada təsdiq edilmiş həmin sənəd öz formasına və məzmununa görə yuxarıda göstərilən qanun nomalarının dispozisiya şərtlərini ödəyir. Cavabdeh həm məhkəməyə verdiyi izahatında, həm də məhkəməyə təqdim etdiyi ərizəsində xx xxxxxx 2014-cü il tarixdə ümumi çəkisi 2770,33 qram olan 7900,99 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının Naxçıvan şəhərində yerləşən X8 satışını həyata keçirmək üçün nisyə götürdüyünü, həmin məbləğin 6-8 ay müddətində iddiaçıya qaytarmalı olduğunu, həmin məbləğin bir hissəsini pul və naturada qaytardığını, manatın devalvasiyası nəticəsində iddiaçıya pulu qaytara bilmədiyini, kreditora təqribən 10000 və ya 12000 ABŞ dolları borcunun qaldığını, əgər iddiaçı tərəf razı olarsa həmin məbləği hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Tərəflər arasında müqavilə münasibətlərinin və cavabdehin iddiaçıya borcunun olması işin mübahisəsiz halıdır. İş üzrə cavabdehin borcu qaytarmamasına səbəb olan əsas kimi gətirdiyi devalvasiyanın baş verməsi və Azərbaycan manatının ABŞ dolları qarşısında dəyərini itirməsi halını borcalan əvvəlcədən görə bilməzdi. Lakin məhkəmənin qənaətinə görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi faktı özlüyündə cavabdehin göstərdiyi qaydada müqavilənin icra edilməməsi üçün əsas ola bilməz. Çünki müqavilə hüququ hər bir halda müqavilə iştirakçılarının sərbəst iradə ifadəsi, tərəflərin bərabərliyi, onların müqavilə üzrə maraqlarını qorumaq prinsipinə riayət edilməsini tələb edir. Qanuni əsaslarla bağlanmış müqavilənin mövcud olması o deməkdir ki, müqavilə iştirakçıları ortaq marağa malikdirlər və müqavilə tələblərindən irəli gələn öhdəlik daşıyırlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. X10 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh öz sərbəst iradə ifadələrini bildirərək, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun satış müqaviləsi bağlamışlar. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən qızıl məmulatlarını cavabdehə vermiş, bunun nəticəsində cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyin icrasını tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Öhdəlik icra edilmədiyinə görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X10 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla təsdiq edir. İş üzrə Cavabdeh məhkəməyə verdiyi izahatında tələb olunan məbləği qaytardığını qeyd etsə də, öz etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edəcək, həmin hallara birbaşa əlaqənin olmasına dəlalət edən hər hansı əsaslı sübut növünü, yəni kreditorla hesablaşmaların hərəkətini özündə əks etdirən mühasibat sənədlərini məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məzmunundan da göründüyü kimi borclunun kreditordan və yaxud onun nümayəndəsindən icranı qəbul etməsinə dair sənədləri tələb etməməsinin nəticələri onun üzərinə düşür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində Cavabdeh ona verdiyi qızılları X3 Sanayi və Ticaret Limited şirkətinə apardığını göstərsə də məhkəmə həmin xüsusatı mötəbər sübut kimi qəbul etmir. Çünki, şahid Nəcəfov Nəcəf cavabdehin qohumu olmaqla onunla yaxın münasibətdə olmuş və iddiaçi şirkətə ayrı-ayrı vaxtlarda apardığı qızıl məmulatlarının ümumi çəkisini bilmədiyini qeyd etmiş, həmçinin qızıl məmulatlarını iddiaçı şirkətə kimə və hansı qaydada təhvil verməsi barədə məhkəməyə dəqiq məlumat verməmişdir. Halbuki işdə olan 007321 nömrəli müqavilənin 10-cu bəndində qeyd olunur ki, alıcı pul məbləğini müəyyən şəxslə göndərdikdə, o, bizim firmaya bu şəxsin pul məbləği aldığını təsdiq edən və pulların göndərilməsi tarixini göstərən, onun şəxsi imzası ilə təsdiq edilmiş sənədi təqdim etməlidir. Belə olan halda onun qərəzsizliyinə şübhə doğuran əsaslar olduğundan məhkəmə şahidin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqe belədir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 89-cu maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, X3 Sanayi və Ticaret Limited şirkəti ilə Cavabdeh arasında zərgərlik məmulatlarının alqı-satqısına dair müqavilə imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamışdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iş üzrə Cavabdeh iddiaçı kreditor qarşısında borcun 16000 ABŞ dollarını xx.xx.2016-cı il tarixə, 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 17147 ABŞ dollarını isə xx xxxx 2016-cı ilə tarixə ödəməsi barədə öhdəlik götürmüşdür. Bu hal hazırki iş üzrə tərəflər arasında, məhkəmə baxışı çərçivəsində işin mübahisəsiz halı kimi qəbul edilir. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbinin əsasını sübutu kimi istinad etdiyi halları sübut etmiş, lakin cavabdeh iddiaçı ilə aralarında olan hüquq münasibəti ilə bağlı iddianı təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də hazırki iş üzrə təqdim edilən sübutlarla iddia tələbi əsas borca dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə əsas borca hesablanmış faizə dair hissədə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə faiz borcunu tələb etməsinin qanuni əsası olmamışdur. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqavilənin arxasında sonradan yazılan razılaşmadan da görünür ki, iş üzrə Cavabdeh borcun 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 16000 ABŞ dollarını xx xxxxxx 2016-cı il tarixə, 17147 ABŞ dollarını isə xx xxxx 2016-cı ilə tarixə ödəməsi barədə öhdəlik götürmüş, lakin tərəflər ödəmənin lazımi qaydada aparılmadığı təqdirdə dəbbə və ya faiz növündə əlavə sanksiyaların tətbiq edilməsi barədə razılığa gəlməmişlər. Ona görə də iddia tələbinin zərərin faiz formasında hesablanmasına dair hissəsi cavabdehin üzərinə götürmədiyi öhdəliklə bağlı olduğu üçün, kreditora dəyməsi ehtimal edilən zərərin əvəznin ödənilməsi əsaslı və qanuni sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin edildiyi üçün X3 Sanayi və Ticaret Limited şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 21 (iyirmi bir) manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1, 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları məbləğdə pul alınaraq X3 Sanayi və Ticaret Limited şirkətinə ödənilsin. Cavabdeh X3 Sanayi və Ticaret Limited şirkətinin xeyrinə tutulacaq 29267 (iyirmi doqquz min iki yüz altmış yeddi) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı təşkilatın nümayəndəsi və vəkili Vəkil tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialına xx xxxxxx 2019-cu il tarixdə TT**********75530 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olan 21 (iyirmi bir) manatı cavabdehdən alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar