Məhkəmə qərarları › İş №2-2(123)-44/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-44/2022

29.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-44/2022 29.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbi barədə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2022-ci il tarixli, e-2(102)-2010/2022 saylı qərarını nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Qanuni nümayəndə 24 dekabr 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********7691 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı” na əsasən Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən köşkdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 29.12.2019-cu il tarixli, VN 000074 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə 29.12.2019-cu il tarixli, VN 000074 nömrəli akt tərtib edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11.01.2022-ci il tarixli, e-2-2(123)-03/2022 saylı qərardada əsasən iş aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilmiş, Şahbuz Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, e- 2(090)-50/2022 saylı qərardadı ilə iş aidiyyət məsələsinin həll edilməsi üçün Kassasiya İnstansiya Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.02.2022-ci il tarixli, e-2(102)-2010/2022 saylı qərarına əsasən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 mart 2022-ci il tarixli, e-2(102)- 2010/2022 saylı qərarına əsasən mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM ilə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğun olduğu halda mülki prosesə tətbiq oluna bilər. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinin tələbinə əsasən bu məsələyə qiymət verərkən iş materiallarından da göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən rəis müavini Qanuni nümayəndə 24 dekabr 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini nəzərə alaraq, iddiaçının iddia qaldırmaqda məqsədinin qanunvericiliklə müəyyən olunmuş qaydada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının təşkil edilməsi olduğunu göz önündə tutaraq iddiaçıya törədilmiş əməlin dispozisiyasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə (misal olaraq İXM-451) uyğun olunduğunu müəyyən edərək, qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi prosessual tələbləri, prosessual müddət daxilinə (inzibati protokol tərtib etmə) yerinə yetirərək aidiyyəti üzrə rayon-şəhər məhkəmələrinə müraciət edilməsi tövsiyyə olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 307,5 manat olan 72 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar