Məhkəmə qərarları › İş №2-2(123)-445/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(123)-445/2025

17.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(123)-445/2025 17.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1836 (bir min səkkiz yüz otuz altı) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 38.36 (otuz səkkiz manat otuz altı qəpik) manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-961/2025 saylı işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 2(123)-445/2025 saylı qərardadı ilə, 2(078)-961/2025 saylı iş üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ərizəsində çörək sexi işlətdiyini və un məmulatını Cavabdeh aldığını, 2024-cü ilin may ayı un məmulatının ona gətirilməsi üçün əvvəlcədən 1836 manat pulu Cavabdeh verdiyini, qeyd olunan pulun məbləğində un məmulatını gətirdiyini, un məmulatları bitli çıxdığından geri götürülməsini tələb etdiyini, un məmulatlarının bir qismini geri götürdüyünü, bir qismini tam yararsız olduğundan aparmadığını, bundan sonra Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq 1836 manat pulu verməsini bildirsə də, hərdən bir bəhanə gətirərək pulunu vermədiyini, vatsab mobil tətbiqi vastəsi ilə yazışmalarının olduğunu, qeyd olunan pulu etiraf etsə də, pulunu qaytarmadığını, şifahi olaraq dövlət orqanlarına müraciət etdiyini, ona şifahi olaraq mübahisə mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, bu səbəbdən 1836 manat pulu Cavabdeh tələb etdiyini qeyd edərək ərizəsini əsaslandırmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 149-cu və 150-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında Nehrəmdə lavaş sexi işlətdiyini, cavabdeh tərəfdən 2 il bundan qabaq un aldıqlarını, həmin unun pulunun da verildiyini, ancaq unun bitli gəldiyini, bu bitli unlarla yapmaq olmur axı deyə etiraz etdiyini, qarşı tərəfin də gəlib unun yarısından çoxunu apardığını, pulunun da, ununun da getdiyini, neçə ildir ki, pulu ala bilmədiyini, sonra Babək rayon Polis Şöbəsinə, Daxili İşlər Nazirliyinə müraciət etdikdə ona bu məhkəmə mübahisəsidir dediklərini, iki dəfə Naxçıvan Şəhər Məhkəməsində bu məsələlərinin olduğunu, sonra isə kommersiya mübahisəsidir dediklərini və bu məhkəməyə göndərdiklərini, demək olar ki, çoxdan, haradasa 15 ilə yaxındır ki, lavaş işi ilə məşğul olduğunu, cavabdeh tərəfdən də un aldığını, həmişə də pulunun verildiyini, son zamanlar da pulu yenə verdiyini, onun da unu gətirdiyini, ancaq unların bitli çıxdığını, əlbəttə ki, bitli unla ortaya nəsə çıxartmağın mümkün olmayacağını, özünün də ona “bunlar bitlidi, bunları buradan götürmək lazımdır” deyə etiraz etdiyini və qarşı tərəfin unların əsas qismini götürüb apardığını, sonra ona gündə zəng vuraraq pulunün verilməsini tələb etdiyini, onun da gəlib bazarda kağıza yazıb qol çəkərək “sənə olan pulumu qaytaracam, 16 ədəd bitli unu da götürəcəm” qeyd etdiyini, 4 ildi bu işin üstünə düşdüyünü, qarşı tərəfin həm də ona mənəvi ziyan vurduğunu, gün boyu işlədiyini, axşam da saat 1-ə qədər gətirib pulunu versin deyə gözlədiyini, qarşı tərəfi də tapa bilmədiyini, zəng vurduğu zaman “məni polisə vermə çatıram sexə” dediyini bildirmiş, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında da eyni məzmunlu izahat vermişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında ona cavabdehin borclu olduğu 1836 manatın alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17 dekabr 2025-ci il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilməsi barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən gəlməmiş Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Etiraf ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə Zaminə olan borcunu qaytaracağını və gətirdiyi 16 ədəd bitli unu gəlib götürəcəyini bildirməklə iddiaçıya borcunun olmasını etiraf etmiş, həmin ərizə cavabdehin imzası ilə təsdiq edilmişdir. Səs yazılarına dair iddiaçı tərəfindən təqdim olunmuş CD diskdən görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçıya ünvanlanmış səs yazılarında “qardaş, narahat olma, bu gündən o yana keçməyəcək, gözləyirəm vursunlar kartıma atanda sənə xəbər edəcəm, narahat olma, arxayn ol, bugün sənin işini həll edəcəm”, “Zamin Allah sənin balanı saxlasın, sənin həmin vaxtı məni vəziyyətdən çıxartdın, un verdin gətirib unu aparıb verdim. Qurana and olsun bugünə ya sabaha söz verib ki, pulu verəcəm. Demişəm heç olmasa 1.400-ü versin ki, camaatın pulunu verim. 6646 manat pul borcu var. İndi atası bugün terminala gələcək görüşüb sənə zəng vuracam. Bilirəm da un vermişəm, un götürmüşəm sənə pul borcluyam düz deyirsən. Qoy zəng vursun sənə deyəcəm”, “Zamin Quran haqqı özüm özümdən utanıram. Dünən sənə dedim axı pul verəcəm. Dünən gəlib baxacaqdılar ancaq gəlib baxmadılar. Deyir ki, 6-cı gün iş günüydü amma qısa iş günü olub deyə gəlmədik. Birinci gün tezdən baxsınlar. Baxan kimi 1-2 saat sonra gedib pulu götürürəm. Elə bil kart verirlər gedib çəkirəm. Narahat olma sabah inşallah alınsa, sabah gətirib verəcəm gün bugünkü gün deyil ki. Bəlkə sabah başqa bir işim düşdü elə”, “Zamin belə deyim arxayn olasan ki, yalan danışmıram sənə. Srağagün kəpək vermişəm. 1800-ə yaxın pul verəcək. 200 kəpək vermişəm. İndi birdə zəng vurdum danışdım dedi ki, ayın axırıdır deyə ötüşdür bugünə sabaha verəcəm. Yəni 1-ci günə qalmayacaq. Bugünə sabaha düzəltsə, sənin pulunu verəcəm. Əsas odur sənin pulun düzəlsin qalanını mən 2-3 günə də alaram. Bilirəm ki, un götürüb, kəpək götürüb. Sabah da düşəcəm qapılarına nə olsa, alacam sənin pulunu düzəldib verəcəm”, “Zamin bugün polisə getmə, sabah Allahqoysa günortaya qədər nə olur olsun sənin pulunu tapıb gətirib verəcəm, arxayn ol”, “ Zamin bu bayramı da gözlə, bu bayram keçsin inşallah ayın 25-inə qədər sənin pulunu bağlayacam. Bir balaca səbir elə vəziyyətim çox pisdir. Ayın 25-inə, 26-sına maksimum ayın axırına qədər sənin pulunu bağlayacam” ifadələri qeyd olunmuşdur. Həmçinin EMİS-dən çıxarışlardan görünür ki, İddiaçı “çörək istehsalı; uzun müddət saxlanıla bilməyən unlu məmulatların istehsalı” fəaliyyət istiqaməti üzrə (VÖEN: **********), Cavabdeh isə “mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı” fəaliyyət istiqaməti üzrə (VÖEN: **********) vergi ödəyicisidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən un müqabilində cavabdehə ödəniş edilmiş, lakin həmin mallar yararsız vəziyyətdə olduğundan iddiaçı tərəfindən geri göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəmə iclasında verdiyi izahatında Nehrəmdə lavaş sexi işlətdiyini, cavabdeh tərəfdən də un aldığını, həmişə də pulunu verildiyini, son zamanlar da pulu yenə verdiyini, onun da unu gətirdiyini, ancaq unların bitli çıxdığını, bu səbəbdən qarşı tərəfin də gəlib unun yarısından çoxunu apardığını, lakin pulunun geri qaytarılmadığını bildirmiş, qeyd olunan hallar iş materiallarında olan CD diskdəki səs yazıları, habelə cavabdehin borcunu etiraf etdiyi vərəqlə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh iddiaçıya ünvanladığı səs yazılarında “Bilirəm da un vermişəm, un götürmüşəm sənə pul borcluyam düz deyirsən”, “Zamin bu bayramı da gözlə, bu bayram keçsin inşallah ayın 25-inə qədər sənin pulunu bağlayacam” ifadələrini işlətməklə, iddiaçıya borcunun olduğunu qəbul etmiş, habelə borcunun ödənilməsi üçün möhlət istəmişdir. Həmçinin Cavabdeh özünün imzaladığı xx.xx.2024-cü il tarixə Zaminə olan borcunu qaytaracağını və gətirdiyi 16 ədəd bitli unu gəlib götürəcəyini bildirməklə də iddiaçıya borcunun olmasını, habelə yararsız vəziyyətdə olan mal təqdim etməsini etiraf etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun qeyd olunan etiraf məktubunu yazmaqla və ona imza etməklə, habelə səs yazılarında ödəliyin icrası üçün möhlət istəməklə borcunun olduğunu təsdiq etməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh İddiaçı qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamış və məhkəmə proseslərində iştirak etməmişdir. Nəticə etibarilə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alğı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtlərinə əməl etsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticə etibarilə İddiaçı 1836 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə qeyd olunan Qərarda həmçinin qeyd edilir ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100cü maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1.836 (bir min səkkiz yüz otuz altı) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 38,36 (otuz səkkiz manat 36 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, beləliklə o həmin dövlət rüsumunu 0,64 (altmış dörd qəpik) manat artıq ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеh Cavabdeh 1.836 (bir min səkkiz yüz otuz altı) manat məbləğində bоrc və 38,36 (otuz səkkiz manat 36 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеh Cavabdeh (AA*******; FİN: xxxxxxx; VÖEN: **********) 1.836 (bir min səkkiz yüz otuz altı) manat məbləğində borc və 38,36 (otuz səkkiz manat 36 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı (AZE******* FİN: xxxxxxx; VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,64 (altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar