Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-89/2022 14.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Məhkəmə Orqanları ilə İş şöbəsinin müdiri Nümayəndə tərəfindən məhkəməyə poçt vasitəsilə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş həmin iddia ərizəsi ilə əlaqəli sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Məhkəmə Orqanları ilə İş şöbəsinin müdiri Nümayəndə 12 oktyabr 2022-ci il tarixdə poçt vasitəsilə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını, iddia ərizəsinə əlavə edilmiş ərizədə Bankın Cavabdeh1 və qeyrilərinə qarşı olan iddiasının icraata götürülməsinə dair aidiyyəti göstəriş verilməsini məhkəmədən xahiş etmiş, 13 oktyabr 2022-ci il tarixdə isə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə həmin iddia ərizəsi ilə əlaqəli digər sənədləri məhkəməyə göndərmişdir. Poçt vasitəsilə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş həmin iddia ərizəsi ilə əlaqəli digər sənədlər nəzərdən keçirilərkən iddia ərizəsinin geri qaytarılmasını zəruri edən hallar müəyyən edilmişdir. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin tələblərə dair məhkəmə iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırkı vəziyyətdə isə iddia ərizəsi elektron qaydada deyil, Elektron Məhkəmə İnformasiya Sistemində imtina edilmiş statuslu sənəd kimi poçt vasitəsilə məhkəməyə göndərilmiş, eləcə də qanunvericiliyin icrası məcburi göstərişlərinə riayət edilməyərək iddia ərizəsinə əlavə edilməli olan sənədlər əlavə olunmamışdır. MPM-in 150.1-ci və 150.1.3-cü maddələrinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla), 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.2-ci maddəsinə əsasən, Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı vəziyyətdə isə iddia ərizəsinə hüquqi şəxsin mövcudluğu və fəaliyyətini, həmçinin nümayəndənin səlahiyyətini, eyni zamanda iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin MPM-in 150.2-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənədlər əlavə olunmamışdır. Ərizəyə əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, işdə iştirak edən digər şəxslərə çatdırılmalı sənədlər, onların hər birinə göndərilməlidir. MPM-in 150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1-ci və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, “Dövlət rüsumu haqqında” azərbaycan Respublikasının Qanununun 5.1-ci və 5.1.2-ci maddələrinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarının 4.1-ci bəndinə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borcun tutulması tələbi barədə 12 oktyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə poçt vasitəsilə daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş həmin iddia ərizəsi ilə əlaqəli sənədlər qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalı, bu səbəbdən də İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia qaldırılarkən Hökumət ödəniş portalında və ya Asan Pay vasitəsilə ********* nömrəli qəbzlə xx.xx.2022-ci il tarixdə ödədiyi 4,00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməsə də, iddia ərizəsində öz əksini tapmış dövlət rüsumunun ödənilməsi haqqında məlumat əsasında dövlət rüsumu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı iddiaçının diqqətinə çatdırılmalıdır. Əlavə olaraq, məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinə əlavə edərək məhkəməyə poçt vasitəsilə ünvanladığı ərizəsində elektron qaydada iddia ərizəsinə sənədlərin əslini scan formada əlavə etmək üçün əlavə olunan sənədlərin ümumi həcminin 10 MB-dan artıq olmamasının zəruri olması, belə olan halda sənədləri yalnız iş icraata götürüldükdən sonra işə əlaqəli yeni sənəd kimi əlavə edə biləcəklərini qeyd etməsinə münasibətdə bildirir ki, həmin sənədlərin həcmini azaltmaqla Elektron Məhkəmə İnformasiya Sistemində bütün sənədlərin eyni vaxtda məhkəməyə göndərilməsi mümkündür. Məhkəməyə ünvanlanmış iddia ərizəsinin qərardadla deyil, bilavasitə Elektron Məhkəmə İnformasiya Sistemində geri qaytarılmasına dair məhkəmə qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edildiyində ödənilmiş dövlət rüsumunun da iddiaçıya qaytarılması məsələsi həmin qərardadla həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarının 3.1-ci bəndinə uyğun olaraq düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə görə isə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. İddia ərizəsinin Elektron Məhkəmə İnformasiya Sistemindən birbaşa geri qaytarılması isə dövlət rüsumunun ödənildiyini təsdiq edən eyni qəbzlə nöqsanlar aradan qaldırıldıqdan sonra dərhal məhkəməyə müraciət edilməsinə şərait yaradılmasını, prosessual baxımdan zamana qənaət edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı borcun tutulması tələbi barədə poçt vasitəsilə göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə göndərilmiş həmin iddia ərizəsi ilə əlaqəli sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia qaldırılarkən Hökumət ödəniş portalında və ya Asan Pay vasitəsilə ********* nömrəli qəbzlə xx.xx.2022-ci il tarixdə ödədiyi 4,00 AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №2-2(123)-89/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-89/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver