Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(3-10)-25/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibаrət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 014R********** saylı kredit razılaşması üzrə 3802.83 manat krеdit bоrcu, 489.80 manat faiz bоrcu, 133.88 manat cərimə borcu olmaqla, cəmi 4426.51 manat məbləğində bоrcun və 64.27 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1766/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 3802.83 manat məbləğində krеdit bоrcu, 489.80 manat məbləğində faiz bоrcu, 133.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4426.51 manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 64.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şəki Kommersiya Məhkəməsinin (hakim M.Hüseynov) 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1766/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli 014R********** nömrəli razılaşma üzrə 3802.83 manat əsas bоrc, 489.80 manat faiz bоrcu, 133.88 manat cərimə borcu olmaqla, ümumilikdə 4426.51 manat məbləğində borcun və 64.27 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən narazı qalan Cavabdeh1 14 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, “apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1766/2025 saylı, 17 dekabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini” xahiş etmişdir.
4. Apellyasiya şikayəti 26 yanvar 2026-cı il tarixdə baxılması üçün kоmmersiyа işi ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini kоmmersiyа mübahisəsinə dair iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır: 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
7. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1766/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır:
8. -1. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)- 1766/2025 nömrəli qətnaməsindən 14 yanvar 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçinin apellyasiya instansiyasından tələbi - “apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1766/2025 saylı, 17 dekabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi” kimi ifadə olunmuşdur. Yəni, apellyasiya şikayətində cavabdeh tərəfin mübahisələndirdiyi qətnamənin “... ləğv edilməsi” xahiş edilsə də, apellyasiya şikayətini vermiş cavabdehin şikayətdə iddia tələbinin həlli ilə bağlı münasibəti öz əksini tapmamış və cavabdeh - apellyasiyada “iddia tələbinin necə həll olunması” barədə tələbini göstərməmişdir.
9. Halbuki, apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməli və eyni zamanda, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin, hazırkı apellyasiya şikayətində “qətnamənin ləğv edilməsi” xahiş olunsa da, şikayətçi tərəfindən məlum mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi, yəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə “iddia tələbinin rədd olunması və yaxud qismən təmin olunması və s.” barədə tələbi öz əksini tapmamışdır (MPM-in 361.1.4-cü maddəsi və “Əlavə 2”-nin 12-ci bəndi).
10. Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında da qeyd olunur ki, hüquqi müəyyənlik tələbi “res judikata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin.
11. - 2. Apellyasiya şikayətində onu verən Cavabdeh1 ünvanı və şikayət olunan qətnamənin qəbul edilmə tarixi apellyasiya şikayətinin 1-ci və 4-cü bəndlərinin müvafiq yarımbəndlərində göstərilməmişdir (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.5-ci və 4.2-ci yarımbəndləri).
12. - 3. Apellyasiya şikayətində onu verən Cavabdeh1 prosessual vəziyyəti düzgün qeyd olunmamışdır (MPM-in 361.1.2-ci maddəsi və “Əlavə 2”-nin 1.8-ci yarımbəndi). Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh1 hazırkı kommersiya mübahisəsinə dair iş üzrə prosessual vəziyyəti “cavabdeh” olduğu halda, apellyasiya şikayətinin 1.8-ci yarımbəndində o, “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onun MPM-in 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini əks etdirmir. Çünki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud, üçüncü şəxslər olduğundan, həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də şikayət verən şəxsin iddiaçı, cavabdeh və yaxud üçüncü şəxs olmasının (hazırkı halda - “cavabdeh”) qeyd olunmasını tələb edir.
13. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir.
14. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ - məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur.
15. Eyni zamanda, Mülki Prosessual Məcəllənin apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayəti verilərkən şikayətçinin etməli olduğu hərəkətləri təsbit edir və bu kimi hərəkətlər edilmədikdə və yaxud, düzgün yerinə yetirilmədikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq apellyasiya şikayəti geri qaytarılır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuş və həmin Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən apellyasiya şikayətlərinin qaytarılması institutu nəzərdə tutulmuşdur (apellyasiya şikayəti - Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı mümkündür).
18. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli olduğundan - proses iştirakçıları tərəfindən ərizə və şikayətlər verilərkən Mülki Prosessual Qanunvericiliyin tələblərinə düzgün riayət olunması məhkəmələr tərəfindən təmin edilməlidir.
19. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1766/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir.
20. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2 və 402.2.1-ci maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1766/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kommersiya mübahisəsinə dair iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.