Məhkəmə qərarları › İş №2-2(3-10)-3/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-3/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-3/2026 19.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16943,24 (on altı min doqquz yüz qırx üç manat 24 qəpik) manat və faiz borcuna görə 1084,74 (bir min səksən dörd manat 74 qəpik) manat olmaqla, cəmi 18027,98 (on səkkiz min iyirmi yeddi manat 98 qəpik) manat məbləğində pul vəsaitinin və 145 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ######## 2024-cü il tarixli, SKM**** saylı kredit müqaviləsinə əsasən illik 19 % (on doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq ## ######## 2024-cü il tarixdə İddiaçı ASC-nin Şəki filialı ilə digər cavabdehlər cavabdeh2 və cavabdeh3 arasında Zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq hər ay 733,13 (yeddi yüz otuz üç manat 13 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh cavabdeh1 ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 16943,24 (on altı min doqquz yüz qırx üç manat 24 qəpik) manat və faiz borcuna görə 1084,74 (bir min səksən dörd manat 74 qəpik) manat olmaqla, borcun cəmi məbləği 18027,98 (on səkkiz min iyirmi yeddi manat 98 qəpik) manat təşkil edir (Iddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi Kredit müqaviləsi, Zaminlik müqavilələri, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim olunmuşdur). Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini borcalan vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16943,24 manat və faiz borcuna görə 1084,74 manat pul tutulmalıdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 445-ci maddələri ilə əsaslandırılmışdır).

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 ## ######## 2024-cü il tarixli, SKM-**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16943,24 manat, faiz borcuna görə 1084,74 manat olmaqla, cəmi 18027,98 manat məbləğində pul vəsaitinin və ödənilmiş 145 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Elnarə Hüseynova). Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, borcverən İddiaçı ASC ilə borcalan cavabdeh1 arasında “kredit məhsulları və bank xidmətlərinin göstərilməsinə dair” ****** nömrəli ümumi şərtlər imzalanmışdır. Həmin şərtlərə əsasən müştəri cavabdeh1 bank tərəfindən təqdim edilən kredit və digər məhsulların növləri göstərilmiş və ondan istifadə qaydaları və öhdəlikləri qeyd olunmuşdur. Borcverən İddiaçı ASC ilə borcalan cavabdeh1 arasında “kredit məhsulları və bank xidmətlərinin göstərilməsinə dair” ****** nömrəli ümumi şərtlərə əsasən ##.##.2024-cü il tarixdə SKM-**** saylı razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh1 36 ay müddətinə, illik 19 % olmaqla, 20000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 3.1-ci bəndinə əsasən müştəri cavabdeh1 aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəlləri” nə uyğun olaraq banka qaytarmağı və kreditin istifadəyə görə hesablanmış fazizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh3 arasında ##.##.2024-cü il tarixli SKM-**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh3, İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanan ##.##.2024-cü il tarixdə SKM-**** saylı kredit razılaşmasında irəli gələn öhdəliklərinin icra edilməsində bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2024-cü il tarixli SKM-**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh2, İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanan ##.##.2024-cü il tarixdə SKM-**** saylı kredit razılaşmasında irəli gələn öhdəliklərinin icra edilməsində bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 İddiaçı ASC-yə ##.##.2024-cü il tarixdə SKM-**** saylı kreditin verilməsinə dair razılaşma üzrə 16943,24 manat məbləğində əsas bоrc 1084,74 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 18027,98 manat məbləğində bоrcu yaranmışdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli məxaric orderindən görünür ki, cavabdeh1 bank tərəfindən 20000 manat məbləğində pul verilmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 20000 manat məbləği cavabdeh cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır, ##.##.2024-cü il tarixdə SKM-**** saylı kreditin verilməsinə dair razılaşma üzrə 16943,24 manat əsas borc, 1084,74 manat faiz borcu olmaqla, ümumilikdə 18027,98 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 145 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 145 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 472.2, 739.1, 741, 743.1 və 743.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəki Kommersiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən narazıdır. Həmin mülki işə düzgün baxılmamışdır. Onun iddiaçı Banka tələb edilən məbləğdə əsas borcu yoxdur. Hesab edir ki, borcunun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi. Çünki, Bank tərəfindən onun etdiyi ödənişlər nəzərə alınmamışdır və məhkəmə tərəfindən də bununla bağlı ətraflı araşdırılma aparılmadan iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Bundan başqa Bank məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliklə müəyyən edilmiş pritenziya ilə bağlı tələbə riayət etməmiş, məhkəmə tərəfindən işin bu halı nəzərə alınmamışdır (bundan sonra şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 399.1, 385.1, 425.1, 442, 448.2 və 739-cu maddələrinin məzmunu qeyd olunmuşdur). Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq, iş üzrə hesablanmış borc tamamilə azaldıla bilər. Bütün göstərilənlərə əsasən iddianın əsaslı olduğu öz təsdiqini tapmır. Lakin, məhkəmə tərəfindən iddia təmin edilmişdir. Onu da qeyd edir ki, məhkəmə iddianı təmin etməsini məhkəmə qətnaməsində lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nitəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırkı qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasının aparılmasını şübhə altına alır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq, apellyasiya şikayəti təmin edilərəcəkdir. Belə ki, iddia tələbinə hüquq normalarının müddəaları düzgün tətbiq edilməmişdir. Onu da qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, zidiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. Iş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## ###### 2026-cı il tarixinə və ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla və işin konkret halları ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 ## ######## 2024-cü il tarixli, SKM-**** nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 16943,24 manat və faiz borcuna görə 1084,74 manat olmaqla, cəmi 18027,98 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, apellyasiya şikayətinin “borcun dəqiqləşdirilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilməli idi” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (maddə 97.1.). Lakin, hazırkı işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı, həmçinin apellyasiya icraatı zamanı işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin edilməsinə müvafiq əsas yaranmamış və eləcə də, cavabdeh tərəfindən məhkəməyə ekspertiza təyin edilməsi ilə bağlı hər hansı bir əsaslandırılmış vəsatət və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyinə təsir edən sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi - cavabdeh cavabdeh1 hazırkı apellyasiya şikayətində mübahisələndirdiyi hissələrdə iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar