Məhkəmə qərarları › İş №2-2(3-10)-32/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-32/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-32/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu və 51,79 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. ##.##.2014-cü il tarixdə İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ***-** saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır.

2. ## ##### 2017-ci il tarixdə İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə * nömrəli Əlavə saziş əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsinin “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc) 1474 manat təşkil edən qalığının kreditə çevrilməsi, kreditin müddətinin ##.##.2022-ci il tarixədək təşkil etməsi müəyyənləşdirilmişdir. 3.3-cü bəndinə görə kreditin istifadəsinə görə borcalan kreditora illik 15% faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15 faiz təşkil edir. 4.1-ci bəndinə görə borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir.

3. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh ##.##.2017-ci il tarixindən ##.##.2022-ci il tarixinədək hər ay 35.07 manat, sonuncu ay olan ##.##.2022-ci il tarixdə isə 34.78 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2025-ci il tarixinə 1353.04 manat əsas, 983.77 manat faiz, 647.79 manat cərimə və 5 faizlə hesablanmış 193.80 manat borcu vardır.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu və 51,79 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmiş, bundan sonra Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və iş ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadla məhkəmənin icraatına qəbul edilmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ***-** nömrəli ##.##.2014-cü il tarixli Kredit Kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən cavabdeh üçün 36 ay müddətinə 2.000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə cavabdeh Cavabdeh arasında * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyi 1.474 Manat təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 15 faiz ödəməli idi. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3.178,40 manat təşkil edir. Bundan 1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu təşkil edir. Cəmi borcu 3.178,40 manat - bundan 1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu və iş üzrə ödənilmiş 51,79 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ilə razı deyil, 2014cü ildə “xxxx” ASC tərəfindən ona dəmir kart verilmişdir. O da üzərinə düşən öhdəliyi yerinə yetirərək, 3-4 ay ardıcıllıqla kredit borcunu ödəmişdir. Onun həmin banka cəmi 800 manat kredit borcu qalmışdır. İddia ərizəsində qeyd edilən məbləğ şişirdilmişdir. Daha sonra xxxx bağlandı. Kredit borcunu hansı hesaba ödəməyi üçün sözügedən bankın əməkdaşları ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq onlar ona kreditin ödənilməsi üçün hesab verməmişdir. Üzərindən 11 il keçməsinə baxmayaraq bank indi onu məhkəməyə vermişdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd etdiklərini və qanunvericiliyin tələblərini əsas tutaraq verilmiş iddiadan imtina barədə qərar qəbul edilməsini və ya iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etdiyi məktubda qeyd etmişdir ki, əlavə sazişə əsasən kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadıldığından qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti ##.##.2025-ci il tarixdə bitmiş, bank tərəfindən iddia ərizəsi isə iddia müddəti bitməmiş, yəni ##.##.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmişdir. Həmçinin, hazırda mübahisələndirilən kredit öhdəliyinin Azərbaycan Pespublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə daxil olub-olmaması ilə bağlı məlumat Azərbaycan Pespublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində aşkar edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, sənədlərdən və cədvəllərdən göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün onlar tərəfindən işin həll edilməsi üzrə məhkəməyə müraciət edilmişdir. Cavabdeh borcunun olduğunu etiraf edir. İddiaçı ASC-nin əməkdaşı Elnur bəydən aldığı məlumata əsasən o, cavabdehlə borcla bağlı əlaqə yaratmışdır. Qarşılığında isə cavabdeh borcunu ödəməyəcəyini bildirmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəni də qəbul etmirlər, çünki hələ müddət bitməyib, qarşı tərəf ödənişlə bağlı heç bir cəhd etməyib, dedikləri sadəcə bəhanədir. Hər hansı filiala yaxınlaşaraq bu məsələni aydınlaşdıra bilərdi. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, 2014-cü ildə İddiaçı ASC-dən kredit kartı almış, həmin kartdan 3 dəfə istifadə etmiş, 3 ay sonra isə xxxx öz fəaliyyətini dayandırmışdır. Borcunu necə ödəyəcəyilə bağlı məlumat almaq məqsədilə bank işçisinə müraciət etmiş, bank işçisi isə bununla bağlı gözləməli olduğunu bildirmişdir. 2017-ci ildə ona borcunun ödənilməsi ilə bağlı zəng gəlmiş, onlar hesab nömrəsi verərək milliön aparatı vasitəsilə ödəməli olduğunu bildirmişdilər. Lakin bu ödənişin dəqiq şəkildə borcundan silinib-silinməyəcəyi ilə bağlı şübhələri olduğu üçün işin məhkəməyə verilməsini istəmişdir. Məhkəmədə verilən qərara əsasən ödənişin məbləği və necə ödənilməsi ilə bağlı məlumatların düzgünlüyünə inanır və deyilən məbləği ödəməyə hazırdır. Bundan əlavə olaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizə də təqdim etmişdir. Borcu var, lakin həmin borcun müddətinin bitdiyini düşünür. Bu ərizə 3-cü dəfə olan borcu ilə əlaqəlidir. Hazırda əsas borcu ilə razı olsa da, digər borcları qəbul etmir. Əsas borcunu ödəyəcək, lakin faiz və cərimə borcunu qəbul etmir.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh 1.353,04 manat əsas borc, 895.01 manat faiz borcu, 67.7 manat cərimə borcu, Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu, cəmi 2509,55 manat və 40.89 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilməsi, iddianın qalan hissədə rədd ediləsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

12. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Komersiya Məhkəməsi cavabdeh Cavabdeh hüquqlarını kobud surətdə pozaraq cavabdeh keçən müddət ərzində kredit borcunu hansı hesaba ödəməyi üçün sözügedən bankın əməkdaşları ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq onlar ona kreditin ödənilməsi üçün hesab verməmişdir. Üzərindən 11 il keçməsinə baxmayaraq bank 2025-ci ildə onu məhkəməyə vermişdir. Bütün bunlara baxmayaraq, məhkəmə iddiaçının verdiyi iddianı qismən təmin etmişdir. Şəki Kommersiya Məhkəməsinin15.01.2026-ci il tarixli, 2-2(117)-942/2026 iş nömrəli qətnaməsi qanunsuz, ədalətsiz və əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnızmübahisə tərəfininməhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə cavabdeh Cavabdeh məhkəmədə verdiyi izahat zamanı, bankın təqdim etdiyi ## ##### 2017-ci il tarixli əlavə sazişdə qeyd olunan imzanın onun tərəfindən imzalanmadığını, imzanın saxta olduğunu və bu səbəbdən xətşünaslıq ekspertizasının təyin edilməsinin vacib olduğunu və ekspertiza təyin edilməsinin xahiş etməsinə baxmayaraq, məhkəmə tərəfindən qeyd edilmiş hallar ətraflı araşdırmamışdır. X1 Məhkəməsi işi ətraflı araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya məhkəməsini ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərərək Şəki Kommersiya məhkəməsini ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

41. Müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilə ilə bank tərəfindən cavabdehə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmış, bundan sonra həmin müqavilə üzrə ## ##### 2017ci il tarixdə Əlavə Saziş bağlanmış, müqaviləyə müvafiq dəyişikliklər edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc) 1474 manat təşkil edən qalığının kreditə çevrilməsi, kreditin müddətinin ##.##.2022-ci il tarixədək uzadılması müəyyənləşdirilmişdir.

42. İş materiallarından göründüyü kimi cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır.

43. Birinci instansiya məhkəməsi təqdim edilmiş iş materialları ilə ekspert rəyini birlikdə araşdıraraq hesab etmişdir ki, iddia tələbi əsas borca və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna münasibətdə tam təmin edilməli, faiz borcuna münasibətdə isə ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin rəy əsas götürülərək qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 1.353,04 manat əsas borc, 895.01 manat faiz borcu tələb etməkdə haqlıdır.

44. Bundan əlavə iddiaçı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu tələb edir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyinə qeyd edilən illik 5% hesablanmış faiz borcu ##.##.2025-ci il tarixə 189,05 manat təşkil edir. İddiaçı ##.##.2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət etdiyindən həmin tarixə olan 5% hesablanmış faiz borcu 189,05 manat məbləğdən çox olduğundan iddiaçının tələb etdiyi 193,80 manat faiz borcunun olmasını qəbul edir. Belə ki, ekspert rəyində ##.##.2025-ci il tarixə qeyd edilən faiz borcu iddia tələbindən artıq, yəni 218,96 manat təşkil edir.

45. Beləliklə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

46. Apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi barədədir.

47. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əlavə sazişdən müqavilənin müddətinin sonuncu dəfə ##.##.2022-ci il tarixədək uzadıldığı və öhdəliyin icrasının son gününün həmin tarix olaraq razılaşdırıldığı müəyyən edilir. Göründüyü kimi müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ##.##.2025-ci il tarixdə bitmiş, lakin iddiaçı tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixdə iddia müddəti keçmədən müraciət edildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

48. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (AR Mülki Məcəlləsinin: 372.1. 372.2. 373.2)

49. Belə olan halda şikayətin göstərilən (iddia müddətiilə bağlı) dəlilləri əsassızdır.

50. Apellyasiya şikayətinin başqa bir dəlili də ondan ibarət olmuşdur ki, ... işə birinci instansiya məhkəməsində baxılan zaman bankın təqdim etdiyi ## ##### 2017-ci il tarixli əlavə sazişdə qeyd olunan imzanın cavabdeh tərəfindən imzalanmadığını, imzanın saxta olduğunu və bu səbəbdən xətşünaslıq ekspertizasının təyin edilməsinin vacib olduğunu və ekspertiza təyin edilməsinin xahiş etməsinə baxmayaraq, məhkəmə tərəfindən qeyd edilmiş hallar ətraflı araşdırmamışdır.

51. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ##### 2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, */*** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyində qeyd olunur ki; - Ekspertizaya təqdim edilmiş, “xxxx” ASC-nin Zaqtala filialı ilə Cavabdeh arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə ***-** nömrəli ##.##.2014-cü il tarixli müqaviləyə dair ##.##.2017-ci il tarixli 1№-li əlavə sazişin 1-6-cı səhifələrinin aşağı sağ hissəsindəki və 7-ci səhifəsində “Borcalan” bölməsindəki imzalar - Cavabdeh tərəfindən icra edilmişdir. - Ekspertizaya təqdim olunmuş, “xxxx” ASC-nin Zaqtala filialı ilə Cavabdeh arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə ***-** nömrəli ##.##.2014-cü il tarixli müqaviləyə dair ##.##.2017-ci il tarixli 1№-li əlavə sazişin 1-6-cı səhifələrinin aşağı sağ hissəsindəki və 7-ci səhifəsində “Borcalan” bölməsindəki imzaların Cavabdeh tərəfindən qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilmədi.

53. Beləliklə apellyasiya şikayətinin cavabdeh Cavabdeh ***-** nömrəli ##.##.2014-cü il tarixli müqaviləyə dair ##.##.2017-ci il tarixli 1№-li əlavə sazişin 1-6-cı səhifələrinin aşağı sağ hissəsindəki və 7-ci səhifəsində “Borcalan” bölməsindəki imzaların ona məxsus olmaması barədə dəlilləri iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.

54. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

55. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

57. “X2rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

58. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

59. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

60. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

66. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 200 (iki yüz) manat məbləğində pul cаvаbdeh Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir.

67. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ 5 (beş) min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 37-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 200 (iki yüz) manat məbləğində pul cаvаbdeh Cavabdeh tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN ***********, müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar