Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(3-10)-34/2026 19.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, zaminin öhdəliyi, sübutların qiymətləndirilməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1805/2025 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə kredit sazişi-biznes krediti və girov barədə 025R********** nömrəli qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 25 % оlmaqla, 8000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 **********110892 nömrəli hesabına bank tərəfindən 8000 manat məbləğində pul köçürülmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişibiznes krediti və girov barədə razılaşmaya əlavə olaraq imzalanmış ödəniş planında tərəflər arasında ödəniş qrafiki müəyyən edilmiş və zaminlər tərəfindən təsdiq etmişdir. İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 5827,57 manat məbləğində krеdit bоrcu, 858,04 manat məbləğində faiz bоrcu və 271,57 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 6957,18 manat məbləğində bоrcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 025R********** saylı krеdit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5827.57 manat məbləğində krеdit bоrcu, 858.04 manat məbləğində faiz bоrcu və 271.57 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 6957,18 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89.57 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 AccеssBank QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 025L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 AccеssBank QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 025R********** saylıkrеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 2172.43 manat ödəmiş, onun 5827.57 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 233 gün üçün hesablanmış faiz borcu 858.04 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 233 gün üçün hеsablanmış cərimə 271.57 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1805/2025 nömrəli (hakim: E.Hüseynova) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli krеdit razılaşması üzrə 5827,57 manat məbləğində krеdit bоrcu, 811,80 manat məbləğində faiz bоrcu və 271,57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6910,94 manat məbləğində pul və ödənilmiş 89,1 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia Cavabdeh3 münasibətdə və qalan hissədə rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 3500 manat məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 811,8 manat məbləğində faiz bоrcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi üzrə faiz borcu xəbərdalıq məktubunda qeyd olunan məbləğdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh3 qarşı zamin qismində iddia tələbi ilə müraciət edilsə də, həmin şəxsin zamin olmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 428.4, 442, 448.2, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741, 743.1, 743.2 və 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 284-6.2, -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə rədd edilmiş hissədə ləğv edilməsi və həmin hissədə tələbin təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış, iş materiallarına əlavə edilmiş sənədlərdən zaminin qoşulması barədə sənədlər texniki olaraq məhkəmə elektron sisteminə yüklənmədiyi üçün məhkəmə tərəfindən təhlil edilməmiş, zamin cavabdehə göndərilən xəbərdarlıq məktubları nəzərə alınmamış, nəticədə zaminlik müqaviləsinin qüvvədə olması faktına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən göründüyü kimi, tərəflər arasında zaminlik müqaviləsi ilə zaminin öhdəliyi 100000 manat məbləğində, 120 ay müddətində aylıq 2.0833% dərəcəsi ilə müəyyən edilmiş və razılaşdırılmışdır. Digər şərtə, yəni zaminlik müqaviləsində göstərilmiş müddətin bitməs işərtinə gəldikdə isə, bildirir ki, yuxarıda qeyd etdildiyi kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti daxilində, iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin, iddia ərizəsi və əlavə olunmuş sənədlərin tərkibində skan olunarkən texniki səhv olaraq zaminlik və kredit müqavilələrinin surəti əlavə olunmamış lakin, hazırki apellyasiya şikayətinə əlavə edilmişdir. Hazırki qətnamənin ləğvi üçün və zaminə münasibətdə də tam təmin olunması üçün əsaslı və qanunauyğun sənəd hesab olunur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Odur ki, məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxaraq yekun məhkəmə qətnaməsi qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “.... hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 025R********** saylı krеdit sazişi biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5827.57 manat məbləğində krеdit bоrcu, 858.04 manat məbləğində faiz bоrcu və 271.57 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 6957,18 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 89.57 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsi isə ikitərəfli müqavilə olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllə 470 və 472). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli 025L**********70 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Lakin, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin Cavabdeh3 münasibətdə iddia tələbinin təmin edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh3 qarşı zamin qismində iddia tələbi ilə müraciət edilsə də, həmin şəxsin zamin olmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf nə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edən zaman nədəki iş məhkəmənin icraatında olan dövrdə Cavabdeh3 münasibətdə onun zamin olmasını təsdiq edən müqaviləni və digər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, tərəf işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh3 münasibətdə heç bir sənədi və ya sübutu məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəmədinə təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM 372.2). Hazırki işdən isə görünür ki, iddiaçı tərəf Cavabdeh3 münasibətdə heç bir sənədi və ya sübutu birinci instansiya məhkəməsinə təqdim edilməməsini sadəcə texniki hallarla əsaslandırmışdır. Kollegiya həmin hala münasibətdə qeyd edir ki, həmin fakt iddiaçıya işə məhkəmədə baxılarkən məlum olmuş lakin, sübutu məhkəmə prosessinin gedişində təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək olmaz. Yəni, həmin sübutlar işə məhkəmədə baxlarkən iddiaçıda olmuş, o iddia ərizəsində və apellyasiya şikayətində bu fakta istinad etmiş, lakin bu faktı təsdiq edən sübutu birinci instansiya məhkəməsinin gedişində deyil, sonradan təqdim etmişdir. Buna görə də istinad edilən hal sübutun təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmaması hesab edilə bilməz. Bundan başqa, apellyasiya şikayətin iddiaçı tərəf özü də texniki səhv üzündən zaminlik müqaviləsinin sistemə yükləmədiklərini bildirmişdir. Kollegiya bildirir ki, qeyd edilən hal texniki və ya başqa bir səbəbdən başqa versədə faktiki olaraq müqavilə birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmin sənədin sonradan apellyasiya məhkəməsinə təqdim edilməsi isə heç bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə səbəb ola bilməz. Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən, sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda isə kollegiya qeyd edir ki, yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli və araşdırılmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsidə Cavabdeh3 münasibətdə iddia tələbini sonuncunun zamin olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə təmin etməmişdir. Yəni, birinci instansiya məhkəməsi iddia tələbini apellyasiya şikayətində qeyd edilmiş əsaslarla deyil, həmin cavabdehə münasibətdə yalnız zaminlik müqaviləsinin təqdim edilməməsi əsası ilə rədd etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2026-cı il tarixli, e-2-2(117)-1805/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.