Məhkəmə qərarları › İş №2-2(3-10)-51/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-51/2026

15.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-51/2026 15.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı X5 cavabdeh Göyçəyev Amil Nazim oğluna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Göyçəyev Amil Nazim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı X5 iddiasına görə, cavabdeh Göyçəyev Amil Nazim oğlunun keyfiyyətsiz iş görməsi nəticəsində ona 4925 manat zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı X5 cavabdeh Göyçəyev Amil Nazim oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 maddi zərərin əvəzi olaraq 4925 manat, vəkilə ödənilmiş 400 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat pulun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 usta kimi tanıyır və X3 ona məxsus Qəbələ şəhərində yerləşən qeyri yaşayış sahəsində 105 kvadrat metr talvarın yığılması işini gördürüb. Cavabdeh ilə qabaqcadan həmin talvarın tikinti normalarına və Qəbələ rayonu üzrə illik orta qar və yağış yağıntı normaları nəzərə alınmaqla 2000 manat usta pulu, 6000 manat isə tikinti materialları pulu olmaqla ümumilikdə 8000 manata ümumi sahəsi 105 kvadrat metr talvar tikintisi, habelə gördüyü işə isə 10 il müddətinə zəmanət verdiyi barədə razılağa gəliblər. Təxminən 2023-cü ilin axırları, 2024-cü ilin əvvəllərində cavabdeh Qəbələ şəhərində yerləşən ona məxsus qeyri yaşayış sahəsində təxminən uzunluğu 15 metr eni isə 7 metr olan talvar yığmağa başladı. Talvarın tikintisi başa çatdırılıb ona təhvil verilmiş, lakin qısa müddət sonra həmin təlvar normalarına və Qəbələ rayonu üzrə illik orta qar və yağış yağıntı normaları nəzərə alınmadan tikildiyinə görə çökməyə başladı. Dəfələrlə cavabdehi dəvət edib həmin tikdiyi talvarın tikintisində yol verilmiş qüsurların və həmin qüsurlar nəticəsində ona dəymiş ziyanın aradan qaldırılmasını tələb etsə də, cavabdeh həmin öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Buna görə də tərəfindən cavabdeh tərəfindən inşa edilmiş ümumi sahəsi 105 kvadrat metr sahəsi olan talvarın tikinti normalarına uyğun inşa edilib-edilmədiyini və həmin talvarın çökməsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəsis tərəfindən dəmir kontruksiyalı talvara baxış keçirilmiş və talvara dəymiş zərərin baş vermə səbəbi araşdırılmışdır. Müəyyən edilmişdir ki, talvarda baş verən əyilmə və çökmələrin səbəbi qar yağıntısının dam üzərində yığılması olmuşdur. Talvarın quraşdırılması zamanı qar yükünün tələbləri nəzərə alınmamışdır. AzDTN 2.1-1 Dəniz səviyyəsindən 1500 m-dən çox olmayan hündürlükdə yerləşmiş meydançaların 1 m2 üfüqi yer səthi sahəsi üçün Sg qar örtüyünün çəkisi Azərbaycan Respublikasının qar rayonlarının cədvəl 10.1-də verilmiş göstəricilərindən asılı olaraq qəbul edilir. Beləliklə, bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində Qəbələ şəhəri, Heydər Əliyev prospekti, döngə 30 ünvanında yerləşən dəmir konstruksiyalı talvara dəymiş maddi ziyanın dəyəri yuvarlaq olaraq ## ### 2025-ci il tarixində 4925,00 manat təşkil edir. “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-**/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyində aparılmış araşdırma əsasında qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya dəyən zərərin səbəbi talvarın layihə və montaj işlərinin normativ tələblərə uyğun aparılmaması olmuşdur. Talvarın maillik bucağı normadan az, atmalar və laqalar arası məsafələr normativdən artıq, istifadə edilən dəmir profillərin qalınlığı isə nəzərdə tutulan ağırlığa hesablanmamışdır. Nəticədə konstruktor elementləri yüklənməyə qarşı dayanıqsız olmuş, bu da talvarın deformasiya və zədələnməsinə gətirib çıxarmışdır. İddiaçı X5 məxsus Qəbələ şəhəri, Heydər Əliyev prospekti, döngə 30 ünvanında yerləşən dəmir konstruksiyalı talvara dəymiş maddi ziyanın dəyəri tikinti standartlarına uyğun xammalın qiymətləri nəzərə alınmaqla 4813 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi qismən təmin edilərək, vavabdeh Göyçəyev Amil Nazim oğlundan 4813 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat və 68,13 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ilk iddiaya münasibətdə ondan ibarət olmuşdur ki, iddiaçı X5 iddia tələbində cavabdeh tərəfindən sifarişi əsasında görülmüş işin keyfiyyətsiz olmasını, bunun nəticəsində tikiliyə (talvar) ziyan dəyməsini və bu ziyanın cavabdehin təqsiri ucbatından baş verməsini iddia edir. Cavabdeh isə işi görüdüyünü, həmçinin talvarın yararsız hala düşdüyünü qəbul edir. Iddia tələbi bu hissədə mübahisəsizdir. Lakin cavabdeh iddiaçıya dəymiş ziyanın iddiaçının özünün təqsirli hərəkətindən yarandığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10, 329, 385, 386, 442, 448, 752, 756, 1769, 770, 1096, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Göyçəyev Amil Nazim oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, materialın keyfiyyətsizliyi barədə sifarişçiyə xəbərdarlıq edilsə də o, işin dayandırılmasını tələb etməmişdir. Bu hal sifarişin iddiaçı tərəfindən qəbul edilməsi ilə sübut edilir. Qaynaq işləri şərtləşdirilmiş keyfiyyətə uyğun aparıldığı üçün işin təhvil verilməsindən imtina edilməmiş və ya hər hansı qüsura dair iddia verilməmişdir. Həmçinin məhkəmə podrat müqaviləsi üzrə məsuliyyəti düzgün müəyyən etməmişdir. Podratçı yalnız özünün təmin etdiyi material və ya işin keyfiyyəti üçün məsuliyyət daşıyır. Materiallar sifarişçi tərəfindən verildiyi halda, qüsur materialın keyfiyyətsizliyindən qaynaqlanırsa, podratçı buna görə məsuliyyət daşıya bilməz. Daha sonra məhkəmə ekspert rəyini yeganə və mütləq sübut kimi qəbul etmişdir. Halbuki rəydə talvarın sahəsi (105 kv.m) yanlış göstərilib (faktiki təxmini 70 kv.m). Məhkəmə bu ziddiyyəti araşdırmamış, rəyi digər sübutlarla (məsələn, materialın kim tərəfindən alınması faktı ilə) qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Tikintidə istifadə olunan dəmir profillərin kim tərəfindən, haradan və hansı texniki göstəricilərlə alındığı araşdırılmamışdır. Materialı iddiaçı alıbsa, dözümlülük hesablamasına görə o məsuliyyət daşıyır. Həmçinin Ekspert rəyində göstərilən 105 kv.m sahə ilə faktiki tikilən sahə arasındakı fərq (35 kv.m) ziyanın məbləğinə birbaşa təsir edir, lakin bu hal məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Bundan başqa iddiaçı 8000 manat ödədiyini iddia etsə də, buna dair heç bir maliyyə sənədi (qəbz, köçürmə və s.) təqdim etməmişdir. Bir məqam da qeyd edir ki, məhkəmə iddiaçının "10 il zəmanət verildi" iddiasını heç bir yazılı sübut olmadan qəbul etmişdir. Ziyanın məhz qaynaq qüsurundan yarandığı sübut olunmamışdır. Ekspert rəyi daha çox materialın nazikliyinə və layihəyə istinad edir, hansıki, mən sadəcə icraçı usta olmuşam, mühəndis-layihəçi deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz İddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Belə ki, iddiaçı X5 cavabdeh Göyçəyev Amil Nazim oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 maddi zərərin əvəzi olaraq 4925 manat, vəkilə ödənilmiş 400 manat xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat pulun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən yəni, iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsini xidmətlərin göstərilməsi haqqında müqavilələrdən fərqləndirən başlıca meyar təqdim edilən nəticə ilə bağlıdır və podrat müqaviləsi üzrə sifarişçiyə mütləq qaydada görülən işin nəticəsi təqdim edilməlidir. Bu nəticə adətən maddi xarakterli olur və istənilən əşyanın hazırlanması və ya emalı, yaxud təmir edilməsi və ya əşya üzərində hər hansı digər əməyin görülməsini nəzərdə tutur. Bununla belə podrat müqaviləsinin nəticəsini yalnız maddi obyektlərlə əlaqələndirmək də yanlış olar. Belə ki, bəzən elə hallara rast gəlinir ki, podratın nəticəsi maddi bir obyekt olmasa da, görülən işin maddi şəkildə nəticəsi olur (məsələn, layihələndirmə xidmətləri üzrə layihənin hazırlanması, proqram təminatının yazılması və s.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 ilə cavabdeh Göyçəyev Amil Nazim oğluna arasında şifahi podrat müqaviləsi münasibətləri olmuşdur. Həmin podrat müqaviləsi əsasında cavabdeh “podratçı” qismində iştirak edərək cavabdehə talvar (altıaçıq tikili) inşa etməyi, iddiaçı isə “sifarişçi” qismində iştirak etməklə podratçı tərəfindən görülmüş işin dəyərini ona ödəməyi öhdəlik kimi qəbul etmişdir. Tərəflər arasında olan podrat münasibətləri ilə bağlı məhkəməyə hər-hansı yazılı formada müqavilə və.s təqdim edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında podrat münasibətlərinin mövcudluğu tərəflərin izahatları ilə müəyyən edilmişdir. Nəticədə podrat münasibətlərinin öhdəlik şərtlərinə uyğun olaraq tərəflərin bundan irəli gələn hüquları və vəzifələri yaranmışdır. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin işlərin cavabdeh tərəfindən yerinə yetirilməsinin sübuta yetirilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyator şikayətində iddiaçının işlərin cavabdeh tərəfindən yerinə yetirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirən zaman Mülki Prosessual Məcəllənin 88 və 106-cı maddələrini də nəzərə alaraq qeyd edir ki, cаvаbdеh Göyçəyev Amil Nazim oğlu apellyasiya şikayətində işlərin onun tərəfindən yerinə yetirilməsini mübahisələndirsə də, nə iddia tələbinə qarşı verdiyi etiraz ərizəsində, nədəki birinci instansiya məhkəməsində vermiş olduğu izahatında mübahisələndirməmişdir. Göründüyü kimi, cаvаbdеh Göyçəyev Amil Nazim oğlu birinci instansiya məhkəməsində işlərin onun tərəfindən görülməsini mübahisələndirməmiş əksinə, həmin işləri gördüyünü lakin materialların keyfiyyətsiz olduğunu bildirmişdir. Kollegiya əlavə olaraq eyd edir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM 372.2). Kollegiyası qeyd edir ki, hakim tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edilir. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Mülki Prosessual Məcəllə 78, 85, 167, 184). Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən, sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda isə kollegiya qeyd edir ki, yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli və araşdırılmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin materialların keyfiyyətsizliyi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəf materialların keyfiyyətsiz olduğunu və bunu iddiaçıya bildirdiyini qeyd etdiyi halda həmin halın sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə qoyula bilməz. Cavabdeh tərəf isə materialların keyfiyyətsiz olması və bu halın onun tərəfindən iddiaçıya bildirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, materialların keyfiyyətsiz olması və bu halın cavabdeh tərəfindən iddiaçıya bildirilməsi ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Bundan başqa, “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-**/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya dəyən zərərin səbəbi talvarın layihə və montaj işlərinin normativ tələblərə uyğun aparılmaması olmuşdur. Talvarın maillik bucağı normadan az, atmalar və laqalar arası məsafələr normativdən artıq, istifadə edilən dəmir profillərin qalınlığı isə nəzərdə tutulan ağırlığa hesablanmamışdır. Nəticədə konstruktor elementləri yüklənməyə qarşı dayanıqsız olmuş, bu da talvarın deformasiya və zədələnməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, hadisənin baş verməsinə səbəb materialların keyfiyyətsizliyi deyil, talvarın maillik bucağı normadan az, atmalar və laqalar arası məsafələr normativdən artıq, istifadə edilən dəmir profillərin qalınlığı isə nəzərdə tutulan ağırlığa hesablanmaması olmuşdur. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin zərərin dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-**/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyində aparılmış araşdırma əsasında qeyd olunmuşdur ki, iddiaçı X5 məxsus Qəbələ şəhəri, Heydər Əliyev prospekti, döngə 30 ünvanında yerləşən dəmir konstruksiyalı talvara dəymiş maddi ziyanın dəyəri tikinti standartlarına uyğun xammalın qiymətləri nəzərə alınmaqla 4813 manat təşkil edir. Kollegiya hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X8rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Göründüyü kimi, cаvаbdеh Göyçəyev Amil Nazim oğlunun keyfiyyətsiz iş görməsi nəticəsində iddiaçıya məhz 4813 manat zərər dəymişdir. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qüsurlu işlə bağlı bir ildən sonra iddia irəli sürməsinin düzgün olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq işlərin qəbul edilməsi ilə bağlı qeyd edir ki, podrat münasibətlərində vacib məsələlərdən birini sifarişçinin yerinə yetirilmiş işin qəbul edilməsi təşkil edir. İşin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləndirildiyi halda keyfiyyətə, şərtləndirilmədiyi halda istifadəyə yararlığa uyğun olub-olmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər. Eyni zamanda, yerinə yetirilmiş işin qəbul edilməsi sifarişçinin hüququ deyil, vəzifəsidir. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsinin və ya qəbul edilmiş hesab edilməsinin vacib əhəmiyyət daşıması ondan irəli gəlir ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Belə ki, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir (müqavilədə hissə-hissə və ya əvvəlcədən ödəmə nəzərdə tutulmamışdırsa). Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sifarişçinin qüsurlarla bağlı tələb hüququ da işin qəbul edilməsi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 773-cü maddəsində müəyyən edilmişdir ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tətbiq edilməsi üçün bütün şərtlərin mövcud olması tələb olunur. Yəni işin nəticəsinin qüsurlu olması sifarişçiyə aşkar şəkildə bəlli olmalı və o, heç bir pretenziya irəli sürmədən işi qəbul etməlidir. Qüsurların gizli olması və sonradan aşkar edilməsi, habelə işin qəbul edilməsi zamanı sifarişçi tərəfindən işin keyfiyyəti və ya kəmiyyəti ilə bağlı qeyd-şərtin bildirməsi həmin maddənin tətbiq edilməsini istisna edir. Podratçının əşyanın qüsurunu bilərəkdən gizlətdiyi hallarda isə sifarişçinin qüsurlarla bağlı tələb hüququ hər bir halda qüvvədə olur. Belə ki, Mülki Məcəllənin 775-ci maddəsinə əsasən, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Qeyd olunan maddənin məzmununda tərəflərə aid sübut etmə vəzifəsini müəyyən edən müddəalar nəzərdə tutulmasa da, Mülki Məcəllənin 762-ci maddəsində podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi podratçıya aid edilmişdir. Ona görə də, podratçı sübut etməlidir ki, əşyanın qüsuru barədə məlumatsız olmuşdur. Əks halda qəbul edilməlidir ki, o, əşyanın qüsurlu olduğunu bilmiş və onu bilərəkdən gizlətmişdir. Kollegiya şikayətin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, qanunvericilikdə podrat müqaviləsi üzrə xüsusi iddia müddətləri yalnız icranın qüsuru barəsində tələblər üzrə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsindən irəli gələn tələblərə, yəni müqavilə üzrə işlərin yerinə yetirilməsinin tələb edilməsi və ya muzdun ödənilməsi ilə bağlı tələblərə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilən iddia müddətləri, icranın qüsuru barəsində tələblərə isə Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilən iddia müddətləri tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 776-cı maddəsində icranın qüsuru barəsində tələblər üzrə iddia müddətinin axımının başlanması işin qəbul edildiyi günlə müəyyən edilmişdir. Bu baxımdan izah edilir ki, həmin tələblərə dair iddia müddətinin axımının başlanması Mülki Məcəllənin 377.1- 377.3-cü maddələrinə əsasən deyil, xüsusi norma olan Mülki Məcəllənin 776-cı maddəsinə əsasən müəyyən edilməlidir. Bununla yanaşı, işin qəbul edilməsi zamanı sifarişçi tərəfindən aşkar edilməsi çətin, bəzi hallarda isə qeyri-mümkün olan qüsurların (gizli qüsurların) mövcud olması da istisna edilə bilməz. Belə hallarda Mülki Məcəllənin 775-ci maddəsinin tələbləri nəzərə alınmalı və podratçının əşyanın qüsurunu bilərəkdən gizlətdiyi müəyyən edildikdə iddia müddətinin axımının başlaması işin qəbulu günündən deyil, qüsurun aşkar edildiyi gündən hesablanmalıdır. Qeyd edilən yanaşma Mülki Məcəllənin 425-ci maddəsində müəyyən edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipindən və Mülki Məcəllənin 775-ci maddəsinin tələblərindən irəli gəlir. Podrat münasibətlərində podratçının məmulata qarantiya müddəti üzrə öhdəlik götürməsi də nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 774-cü maddəsi). Nəzərə alınmalıdır ki, tərəflərin razılaşması ilə qarantiya istənilən, o cümlədə qanunla müəyyən edilən iddia müddətindən artıq müddətə müəyyən edilə bilər və onun hüquqi qüvvəsi qanunla müəyyən edilən iddia müddəti ilə bağlı deyildir. Ona görə də, podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürdüyü və həmin müddət qanunla müəyyən edilən iddia müddətindən artıq olduğu hallarda, sifarişçi qüsurla bağlı hüquqlarını iddia müddəti dövründə deyil, qarantiya müddəti ərzində həyata keçirə bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, həm podrat müqaviləsindən irəli gələn tələblərə, həm də icranın qüsuru barəsində tələblərə dair Mülki Məcəllənin 373.2 və 776-cı maddəsində qeyd edilən müddətlər və onların hesablanması qaydası yalnız o vaxt tətbiq edilə bilər ki, müqavilədə başqa hal müəyyən edilməmiş olsun. Göründüyü kimi, işin qəbul edilməsi zamanı sifarişçi tərəfindən aşkar edilməsi çətin və bəzi hallarda isə qeyri-mümkün olan qüsurlar olduqda iddia müddətinin axımının başlanması qüsurun aşkar edildiyi gündən hesablanır. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, podratçının gördüyü işlərə 10 il qarantiya verməsi iş materialları ilə öz təsdiqini tapmasada, cavabdeh tərəf özüdə apellyasiya şikayətində işləri keyfiyyətli görəcəyi ilə bağlı söz verdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən məhkəməyə layihə-smeta sənədinin təqdim edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməmişdir. Ona görə də, podrat müqaviləsi Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Bundan başqa, podrat münasibətlərindən irəli gələn mübahisələrdə tərəflərdən hər hansı biri müqavilənin bağlanması halını mübahisələndirərkən tərəflərin müqaviləni müəyyən formada bağlamaq barəsində razılaşmasının olub-olmaması müəyyən edilməlidir. Belə razılaşmanın mövcud olması, lakin tərəflərin həmin razılaşmaya riayət etməməsi isə birmənalı olaraq müqavilənin bağlanmaması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 407.1, 408.1, 409.1, 409.4-cü maddələrində müəyyən edilmişdir ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Oferta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Bundan başqa, tərəflərin konklyudent hərəkətlərindən onların faktiki podrat münasibətlərinə daxil olduğu (sifarişçinin podrat işlərinin yerinə yetirilməsi üçün şərait yaratması, görülməli olan işlərin texniki göstəriciləri barədə məlumat verməsi və s., eyni zamanda podratçının işlərin görülməsinə faktiki başlaması və ya bunun üçün müvafiq materialların əldə etməsi, texnikaların icarəyə götürülməsi və s.) müəyyən edildiyi halda isə qəbul edilməlidir ki, Mülki Məcəllənin 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq sifarişçi ofertanı vermiş, podratçı həmin ofertanı aksept etmiş və onlar arasında podrat müqaviləsi bağlanmışdır. Hazırki işdən isə görünür ki, cаvаbdеh Göyçəyev Amil Nazim oğlu birinci instansiya məhkəməsində işlərin görülməsini mübahisələndirməmiş və qeyd edilən işlərin onun tərəfindən görüldüyünü bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, podrat müqaviləsinin şifahi qaydada bağlanması heç bir halda həmin müqavilə üzrə dəymiş zərərin tələbi ilə bağlı iddianın rədd edilməsinə əsas ola bilməz. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, podratçının əşyanın qüsurunu bilərəkdən gizlətdiyi hallarda isə sifarişçinin qüsurlarla bağlı tələb hüququ hər bir halda qüvvədə olur. Belə ki, Mülki Məcəllənin 775-ci maddəsinə əsasən, əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Qeyd olunan maddənin məzmununda tərəflərə aid sübut etmə vəzifəsini müəyyən edən müddəalar nəzərdə tutulmasa da, Mülki Məcəllənin 762-ci maddəsində podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi podratçıya aid edilmişdir. Ona görə də, podratçı sübut etməlidir ki, əşyanın qüsuru barədə məlumatsız olmuşdur. Əks halda qəbul edilməlidir ki, o, əşyanın qüsurlu olduğunu bilmiş və onu bilərəkdən gizlətmişdir. “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB-**/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya dəyən zərərin səbəbi talvarın layihə və montaj işlərinin normativ tələblərə uyğun aparılmaması olmuşdur. Talvarın maillik bucağı normadan az, atmalar və laqalar arası məsafələr normativdən artıq, istifadə edilən dəmir profillərin qalınlığı isə nəzərdə tutulan ağırlığa hesablanmamışdır. Nəticədə konstruktor elementləri yüklənməyə qarşı dayanıqsız olmuş, bu da talvarın deformasiya və zədələnməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, mütəxəssis tərəfindən verilmiş rəy ilə işlərin qüsurlu görülməsi müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi podratçıya aid olduğu üçün, sonun işin qüsurlu olduğunu ya bilərəkdən gizlətmiş və ya bilməli olduğu halda bunu bilməmişdir. Hər iki halda isə məsuliyyət podratçının üzərinə olmuşdur. Kollegiya son olaraq işlərin qüsurlu olmasının sifarişçi tərəfindən podratçıya bildirilməməsinə münasibətdə isə qeyd edir ki, sifarişçinin işin qüsuru ilə bağlı podratçıya məlumat verməsi iş materialları ilə öz təsdiqini tapmasda həmin hal iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Belə ki, işdən podratçı tərəfindən işlərin qüsurlu görülməsi nəticəsində sifarişçiyə zərər dəyməsi sübuta yetirilmişdir. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Göyçəyev Amil Nazim oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar