Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-2(3-10)-52/2026 03.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Kərimov Əyyub Vaqif oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borc tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 fevral 2026-cı il tarixli, e-2-2(117)- 1283/2025 saylı “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə qərаrdаdındаn iddiaçının nümayəndəsi və vəkili İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 fevral 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə ödənilməmiş 230000 manat icarə haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1283/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətindən 24.02.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı və ödənilmiş 519,22 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi və ödənilməmiş 0,78 manat dövlət rüsumunun əvəzi cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1283/2025 saylı qətnaməsi 17.12.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin məhkəmə qətnaməsindən elektron kabinet vasitəsilə 03.02.2026-cı il tarixdə apellyasiya şikayəti və qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin pretenziyasına cavab məktubu göndərdikləri 08.10.2024-cü il tarixdən müəssisə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən bütün işçilər azad olunmuşdur, tək direktor qalmışdır. Həmin tarixdən asan imza nömrəsi işləməmiş və nəticədə istifadə olunmadığı üçün yanmışdır. Bu səbəbdən sözügedən məhkəmə işi ilə bağlı heç bir məlumatları olmamışdır. Hətta məhkəmə iclasları barədə direktorun əlaqə telefonuna sms belə göndərilməmişdir. 03.02.2026-cı il tarixdə tərəflərindən yeni asan nömrə alınmışdır. Elə 03.02.2026-cı il tarixdə məhkəmədə 2 əlavə işləri olduğu, həmiş işlərin məhkəmənin icraatında olduğu məlum olmuşdur. Yeni asan imzaya daxil olduqda elektron məhkəmə kabinetində olan bildirişləri oxumaq mümkün olmamışdır. Çünki asan imza fəaliyyət göstərməmişdir. İcraatda olan e-2-2(117)-1283/2025 saylı iş üzrə qəbul olunmuş qətnamədən indi, yəni asan imza nömrəsi yeniləndikdən məlumatları olduğundan, qətnamədən apallyasiya şikayəti verməyə indi imkanları olmuşdur. Ona görədə hesab edirlər ki, Şəki Kommersiya Məhkəməsinin 08.12.2025-ci il tarixli, e-2-2(117)-1283/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi hüquqları bərpa olunmalı və ötürülmüş prosessual müddət bərpa edilməlidir. İddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili prosessual müddətin bərpa edilməsi barədə ərizəyə etirazla birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdehin məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyindən məlumatı olmuşdur. Cavabdehə 04.09.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, cavabdeh də həmin məktuba 08.10.2024-cü il tarixli məktubla cavab vermişdir. Məhz cavabdeh öz ərizəsində də pretenziya məktubundan məlumatlı olduğunu qeyd etmişdir. Bu da cavabdehin məhkəməyə veriləcəyindən məlumatı olduğunu sübut edir. “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Vəkilsov Paşa Kazım oğlu Mega Trade şirkətinin idarə edən Ramin Mürsəlov arasında “whatsapp” mobil tətbiqində yazışma olmuşdur. Ramin Mürsəlov Paşa Kazımova səs yazısı göndərmişdir. Həmin səs yazısında həm şirkətinin rəsmi direktoru olan Cəfərov İsmayıl İbrahim oğlunun, həm də Mega Trade şirkətinin faktiki sahibkarı olan Azər Yusifovun adı kəçilir. Səs yazısında konkret şəkildə bildirilir ki, məhkəməyə müraciət edildiyi ona bildirilib. Ayrıca özü səs yazısına qeyd edir ki, həm direktor olan İsamyıla, həm də təsisçi Azər Yusifova bu barədə xəbər verib, o da öz növbəsində bildirib ki, iş hüquqşünasa ötürülüb. Bununla yanaşı cavabdehin məhkəmə qətnaməsinin çıxarıldığından və iddia tələbinin təmin edildiyindən məlumatı olmuş, hətta iddiaçı ilə cavabdeh arasında borcun cavabdehin bank hesabına olan pul vəsaiti hesabına ödənilməsi barədə danışıqlar olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət üzürsüz səbəbdən ötürülmüşdür. Cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassızdır, buna görə də təmin edilməməlidir və apellyasiya şikayəti geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iştirak edərək izahatında bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, e-2- 2(117)-1283/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətindən 24 fevral 2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı və ödənilmiş 519 manat 22 qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Belə bir məhkəmə qətnaməsinin mövcudluğundan yalnız 03 fevral 2026-cı il tarixində iddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri Azər Yusifova göndərdiyi məhkəmə qətnaməsindən sonra məlumatı olmuşdur. Belə ki, iddiaçı “Nur Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinin pretenziyasına cavab məktubu göndərdikləri 08 oktyabr 2024-cü il tarixindən müəssisə fəaliyyətini dayandırmış və tək direktor qalmışdır. Həmin tarixdən asan imza nömrəsi işlənməmiş və artıq əhəmiyyətsiz olduğu üçün istifadə etməmişlər. 03 fevral 2026cı il tarixində tərəflərindən yeni asan nömrə alınmışdır. Bu iş üzrə yeni asan imza nömrəsi yenilədikdən sonra məlumatları olduğundan, qətnamədən apellyasiya şikayəti vermək imkanları olmuşdur. Şəki Kommersiya Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 25 fevral 2026-cı il tarixli, e- 2-2(117)-1283/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Şəki Kommersiya Məhkəməsinin 08.12.2025-ci il tarixli, e-2-2(117)-1283/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə bərpa edilməsi, Şəki Kommersiya Məhkəməsinin 25.02.2026-cı il tarixli, e-2- 2(117)-1283/2025 saylı qərardadı qanuni qüvvəyə mindikdən sonra 7 gün müddətində Şəki Kommersiya Məhkəməsinin 08.12.2025-ci il tarixli, e-2-2(117)-1283/2025 saylı qətnaməsindən cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili İsmayılov Riçard Zamil oğlu tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarılmışdır. Buna görə də, həmin qərardad ləğv edilməlidir. Məhkəmənin apellyasiya şikayəti verilməsi prososesində müddəti bərpa etməsi iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün üzərinə düşən vəzifələri icra etməmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti vermə müddəti heç bir üzrlü səbəb olmadan buraxılmışdır. Lakin məhkəmə müddətin bərpa edilməsi barədə qərardad çıxarmışdır, bu da iddiaçının vəziyyətini xeyli pisləşdirir, onun hüquqlarını pozur. Prosessual müddətin bərpa edilməsilə bağlı cavabdeh “Mega Trade” MMCnin ərizəsinin təmin olunması ilə əlaqədar çıxarılmış, qərardad mülki işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən MPM-in 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə şikayətin müddətinin ötürülməsinin üzrlü olub-olmamasını dəqiqliklə araşdırmalı və yalnız bundan sonra hər hansı nəticəyə gəlməli idi. Belə ki, cavabdeh “Mega Trade” MMC müddətin bərpasına dair ərizəsində qeyd etmişdir ki, "Nur Süd" MMC-nin pretenziyasına cavab məktubu göndərdikləri 08.10.2024-cü il tarixdən müəssisə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən bütün işçilər işdən azad olunmuş, tək direktor qalmışdır. Həmin tarixdən asan imza nömrəsi işlənməmiş və nəticədə istifadə olunmadığı üçün yanmışdır. Bu səbəbdən sözügedən məhkəmə işi ilə bağlı heç bir məlumatları olmamamışdır. Hətta məhkəmə iclasları barədə direktorun əlaqə telefonuna SMS belə göndərilməmişdir. 03.02.2026-cı il tarixdə tərəflərindən yeni asan nömrə alınmışdır. Elə 03.02.2026-cı il tarixdə məhkəmədə əlavə daha 2 işləri olduğu, həmin işlərin hakimlər Elnarə Hüseynova və Mübariz Hüseynovun icraatında olduğu məlum olmuşdur. Yeni asan imzaya daxil olduqda elektron məhkəmə kabinetində olan bildirişləri oxumaq mümkün olmamışdır. Çünki onlarda asan imza fəaliyyət göstərməmişdir”. Göründüyü kimi, cavabdehin əsaslandırması formaldır və yalnız cəfəngiyyatdan ibarətdir. Belə ki, cavabdeh yaranan texniki problem ilə bağlı sənəd və ya məktub təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən asan imzada olan xətanın (problemin) nədən ibarət olduğunu belə izah etməmişdir. Həmçinin cavabdeh özü yeni Asan imza alaraq məhkəmə sisteminə daxil ola bildiklərini və bu zaman da Şəki Kommersiya Məhkəməsinin hakimi Elnarə Hüseynovanın icraatında işləri olduqlarını bildiklərini qeyd etmişdir. Lakin asan imza fəaliyyət göstərmədiyindən bildirişləri oxuya bilmədiklərini qeyd etmişdir. Necə ola bilər ki, həmin vaxt Asan imza fəaliyyət göstərmiş və məhkəmə sisteminə daxil ola bilmişlər, ancaq birdən asan imza fəaliyyət göstərməmiş və bildirişləri oxuya bilməmişlər? Məhkəmə sisteminə daxil olduqdan sonra, şəxsi kabinetə gələn bildirişləri oxumaq üçün asan imzaya ehtiyac yoxdur. Asan imza yalnız məhkəmə sisteminə daxil olmaq üçün lazımdır. Göründüyü kimi ərizdə qeyd olunanlar tamamilə uydurmadır və burada hər hansı bir üzrlü səbəb yoxdur. Hesab edir ki, məhkəmənin mövqeyi qüsurludur. Ümumiyyətlə qərardad sadəcə cavabdeh tərəfin mülahizələrinə əsaslanmışdır. Qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxması üzrsüz hesab edilməli, müddətin bərpası haqqındakı xahiş təmin olunmamalıdır. Hazırkı iş üzrə apellyasiya şikayətinin MPM-də nəzərdə tutulmuş müddətdə verilməməsi cavabdehin iradəsindən asılı olmasına baxmayaraq, həmin müddət ərzində şikayət verilməmişdir. Problemin aradan qaldırılması imkanı mövcud olmuşdur. Belə ki, ASAN imzada da problem olsa, bunu apellyasiya şikayəti müddətində həll etmək mümkündür. Asan imzanın yanması əsası tamamilə absurddur. Cavabdeh məhkəməyə ümumiyyətlə, asan imzada olan xətanın (problemin) nədən ibarət olduğunu belə izah etməmişdir. Cavabdeh ilk öncə Mobil operatoru ilə əlaqə saxlaya bilərdi, əgər PUK kod bloka düşmüşdüsə, bu zaman aid olduğu mobil operatora müraciət edərək, “Asan İmza” nömrəsinin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə edə bilərdi, PİN 1 və PİN 2 kodları bloka düşmüşdüsə, PİN kodları Asan İmza PUK kodu vasitəsilə blokdan çıxarmaq mümkün idi, “Asan İmza” PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” ÇağrıMərkəzi ilə əlaqə saxlayaraq problemi həll etmək imkanı da olmuşdur. Bunlarla yanaşı nəzərə almaq lazımdır ki, “iş” və ya “dövlət” tipli “Asan imza” sertifikatlarinin onlayn əldə edilməsi də mümkündür. Göründüyü kimi, problemin mümkün həlli alternativləri çoxdur. Cavabdehin isə müvafiq hərəkətin yerinə yetirilməsinə (vaxtında apellyasiya şikayətinin verilməsinə) maneə törədən və ya məhdudiyyət yaradan problemlərin aradan qaldırılması imkanı mövcud olmuşdur. Bununla belə müddət ötürülmüşdür və bu heç bir halda üzürlü səbəb sayıla bilməz. Məhkəmə müddətin buraxılması ilə nəticələnmiş səbəbi əsaslı hesab edərək buraxılmış prosessual müddət bərpa etmişdir. Məhkəmə həm də bununla bağlı heç bir akt və ya təsdiqedici sənəd olmadan bu nəticəyə gəlmişdir. Hesab edir ki, bu hissədə məhkəmənin mövqeyi yanlışdır. Məhkəməyə ASAN imzanın işləməməsinə dair cavabdeh tərəfindən hər hansı akt və ya digər təsdiqedici sübutlar təqdim etməmişdir. Bununla belə məhkəmə qərardadda qeyd etmişdir ki, “cavabdehə qeyd olunan qətnamə iddiaçı tərəfindən 03.02.2026-cı il tarixdə “Whatsapp” vasitəsilə göndərildikdən sonra asan imza nömrəsini yeniləmiş və istifadə etmişdir”. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən “Whatsapp” mesajlarını sübut kimi qəbul edərək, həmin mesajların həqiqiliyi, kim tərəfindən göndərilməsin araşdırmamışdır. Lakin tərəfindən təqdim edilən “Whatsapp” mesajlarını ümumiyyətlə, nəzərə almamış, tərəfindən səs yazılarının da təqdim edilməsi üçün şərait yaradılmamışdır. Sonda cavabdeh “Mega Trade” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əsassız olduğundan, Şəki Kommersiya Məhkəməsinin 25.02.2026-cı il tarixli, e-2-2(117)1283/2025-029 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 mart 2026-cı il tarixli, e-2-2(117)-1283/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 25 fevral 2026-cı il tarixli, e-2-2(117)-1283/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici prosessual müddətin buraxılmasının üzrlü hesab edildiyi hallarda onun bərpası mexanizmini müəyyən etsə də, konkret hansı səbəblərin üzrlü sayılmasının qiymətləndirilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə, məhkəmə təcrübəsinə əsasən prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblər prosessual hüquq və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun tərəfindən dəf edilməsi mümkün olmasın, müvafiq prosessual hərəkətin vaxtında həyata keçirilməsinə real maneə yaratsın və ya bu imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırsın. Göründüyü kimi cavabdehə qeyd olunan qətnamə iddiaçı tərəfindən 03.02.2026-cı il tarixdə “whatsapp” vasitəsilə göndərildikdən sonra asan imza nömrəsini yeniləmiş və istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamədən cavabdeh “Mega Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli və cavabdehin apellyasiya şikayəti hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 25 fevral 2026-cı il tarixli, e-2-2(117)-1283/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 25 fevral 2026-cı il tarixli, e-2-2(117)-1283/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(3-10)-52/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-10)-52/2026
03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver