Məhkəmə qərarları › İş №2-2(3-10)-7/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-7/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(3-10)-7/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2-2(117)- 1004/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 007L**********68 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh3 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1ci bəndinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

2. İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında xx.xx.2022-ci il tarixli 007R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 17 % оlmaqla 26000 manat məbləğində kredit verilmişdir.

3. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və xx.xx.2025ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı QSC-yə 007R********** saylı krеdit razılaşması üzrə 12637,85 manat məbləğində krеdit bоrcu, 607,26 manat məbləğində faiz bоrcu və 235,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13480,98 manat məbləğində bоrcu yaranmışdır.

4. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh3 **********927576 nömrəli bank hesabına bank tərəfindən 26000 manat məbləğində pul köçürülmüşdür.

5. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı AccеssBank Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 007R********** saylı krеdit razılaşması üzrə 12637.85 manat məbləğində krеdit bоrcu, 607.26 manat məbləğində faiz bоrcu və 235.87 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 13480,98 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.44 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3, zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə AccеssBank QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 007L**********68 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 AccеssBank QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 007R********** saylıkrеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 13362.15 manat ödəmiş, onun 12637.85 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 607.26 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-cü il tarixə 126 gün üçün hеsablanmış cərimə 235.87 manat təşkiledir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdеhlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

8. Birinci instansiya məhkəməsin iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, əvvələr də Accessbank QSC-dən kredit götürüb və vaxtıvaxtında ödənişləri həyata keçirib. O, təsərrüfatla məşğul olur. İşçiləri var və işçilərinə maaş ödəyir. Bankdan kredit götürən zaman ən aşağı faizlə kredit verəcəklərini bildirdilər. Ümumiyyətlə kredit müqaviləsini oxuyub tanış olmayıb. Sonuncu dəfə 3 ay bundan əvvəl banka ödənişlər edib. Banka müraciət edərək, faiz dərəcəsinin çox olduğunu və müəyyən güzəştlər tətbiq etmələrini xahiş edib. Deyiblər ki, ödənişlər edin güzəşt tətbiq ediləcək. Lakin 1000 manat bir, 800 manat bir ödəniş edib, bank tərəfindən heç bir güzəşt tətbiq edilməyib. Əvvəlki məhkəmə iclasından sonra bankla əlaqə saxlasa da bank tərəfindən heç bir razılıq əldə olunmadı.

9. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 18 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1004/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 007R********** saylı krеdit razılaşması üzrə 12637.85 manat məbləğində krеdit bоrcu, 585,39 manat məbləğində faiz bоrcu və 235.87 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 13459,11 manat məbləğində bоrc pul və ödənilmiş 130,38 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından iddia əsas borcunun tələb edilməsi hissəsində əsaslı, faiz və cərimə borcunun tələb edilməsində isə qismən əsaslıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 739.1, 741, 743.1, 743.2, 470.1, 472.1, 472.2, 462.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikаyəti vermişdir. II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 007L**********68 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən mənə 120 (yüz iyirmi) ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə o, "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 007R********** saylı krеdit sazişi- biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə hissə qaytarmaq şərti ilə 26 000 (iyirmi altı min) manat məbləğində krеdit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. O, borcunun xeyli hissəsini ödəniş etsə də, sonradan maddi vəziyyəti pisləşməsindən ödənişlər etməkdə problemlər yaranmışdır. O, təsərrüfatla məşğul olur. İşçiləri var və işçilərinə maaş ödəyir. Onun hal-hazırda maddi vəziyyətində müvəqqəti olaraq problemlər yaranmışdır. Borcunun bir hissəsini ödəmişdir, qalan hissəsini də ödəməkdən boyun qaçırmır. İddia tələbində göstərilən faiz borcu və cərimə həqiqəti əks etdirmir. Bank birtərəfli qaydada razılıq olmadan mənafe üstünlüyündən çıxış edərək məhkəməyə müraciət etmə müddətini əsassız olaraq uzatmışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e- 2-2(117)-1004/2025 saylı qətnaməsinin tutulmalı olan kreditin faiz və cərimə hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

15. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən kredit müqaviləsi üzrə faiz və cərimə borcu hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

27. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

29. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1004/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 26000 manat məbləğində pulu müxtəlif vaxtlarda Cavabdeh3 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş qalan məbləği isə ödəməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

45. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

46. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsas və cərimə borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən təmin edilməlidir.

47. Apellyasiya şikayətinin başlıca dəlilləri faiz və cərimə borclarının yüksək hesablanması ilə bağlıdır.

48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslandırılmamış, apellyator faiz və cərimə borcu ilə bağlı hansı halların müəyyən edilməsinin vacibliyinə aydınlıq gətirməmişdir.

49. Tərəflər arasında bağlanmış Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 126 gün üçün hesablanmış faiz borcu 607.26 manat təşkil edir.

50. Göründüyü kimi, Cavabdeh3 kredit razılaşmaları üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və kredit razılaşmalarının məzmununu mübahisələndirməmişdir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində cərimə borcunun yüksək olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin kredit razılaşması üzrə əsas borca münasibətdə cərimənin həcmi heç 2%-ni belə təşkil etmir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tutulmuş cərimə pulunun tənasübsüz surətdə yüksək olması anlamına gəlmir.

52. Belə olan halda şikayətin həmin dəlili də əsassız hesab edilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

54. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

56. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

57. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2-2(117)-1004/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Qətnamənin mübahisələndirilən hissəsi on min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2-2(117)- 1004/2025 saylı qətnаməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar