Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(3-10)-8/2026 28.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixli 766M saylı kredit müqaviləsi üzrə 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902117,24 manat borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin İddiaçı QSC-yə girov qoyulmuş cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütünə yönəldilməsi; girov predmeti olan 296 ton qurudulmuş tütünün girov qoyanın sahibliyindən çıxarılaraq girov saxlayan İddiaçı QSC-nin sahibliyinə verilməsi; girov predmetinin satışından əldə edilən vəsaitdən borcun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tutmanın yönəldilməsi,) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1295/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, kredit təşkilatı borcalana əsas borcun ödənişi müddətin sonunda, faiz borcunun ödənişi kredit müddətinin son 3 ayında olmaqla 12 ay müddətinə qaytarmaq şərtilə 920 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti, həmin kreditə görə hesablanmış faizləri və müqavilədə göstərilən digər ödənişləri kredit təşkilatına ödəməyi öz öhdələrinə götürmüşlər. 1.2-ci bəndinə əsasən, kredit sahbikarlıq fəaliyyətinin həyata keçirilməsi, tütün tədarükü və əməliyyat xərclərinin ödənilməsi məqsədi üçün götürülür. 1.3-cü bəndinə əsasən, borcalan bu kreditdən istifadəyə görə illik 10% olmaqla faiz ödəyir. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 766T/R1 nömrəli girov müqaviləsinin: 1.1-ci bəndinə əsasən, xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borc tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Toplamda girovun ümumi bazar dəyəri 1 206 400 manat təşkil edir. Girov qoyulmuş tütün ünvan 1 ünvanında yerləşən “X7” ASC-nin anbarında saxlanılacaqdır. 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə girov saxlayan tələbinin ödənilməsi üçün məhkəmədə iddia qaldıra (və ya məhkəmə əmri üçün ərizə verə), notariat kontorundan icra qeydi ala, yaxud da məhkəməyə müraciət etmədən və notariusun icra qeydini almadan da girov predmetinə tutma başlaya və/və ya onu sahibliyinə götürə və sata bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ərizələrdən göründüyü kimi krediti gecikdirdiyi təqdirdə girov müqaviləsinə əsasən girov predmetinin kreditor tərəfindən qeyd şərtsiz satılıb kredit borcunun, ona hesablanmış faizlərin və gecikmiş faizlərin ödənilməsinə razılıq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixli 766M saylı kredit müqaviləsi üzrə 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902117,24 manat borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin İddiaçı QSC-yə girov qoyulmuş cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütünə yönəldilməsi; girov predmeti olan 296 ton qurudulmuş tütünün girov qoyanın sahibliyindən çıxarılaraq girov saxlayan İddiaçı QSC-nin sahibliyinə verilməsi; girov predmetinin satışından əldə edilən vəsaitdən 902117,24 manat borcun və ödənilmiş 1192,12 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Şəki filialı ilə Cavabdeh arasında 12 iyul 2024-cü il tarixli 766M saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, tütün tədarükü və əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə, əsas borcun ödənişi müddətin sonunda, faiz borcunun ödənişi kredit müddətinin son 3 ayında olmaq şərti ilə 12 ay müddətinə, illik 10 faiz hesablanmaqla 920.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçının Şəki filialı ilə cavabdeh arasında 12 iyul 2024-cü il tarixli 766T saylı Girov müqaviləsi bağlanmışdır.Girov müqaviləsinin 1.1-ci bəndinə əsasən girov qoyan (cavabdeh) layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borca dair tələb hüququnu girov saxlayanın (iddiaçının) xeyrinə girov qoyur. Belə ki, 25 ton İ növ qurudulmuş tütünün hər kiloqramı 4,8 manat-120.000.0 manat; 170 ton İİ növ qurudulmuş tütünün hər kiloqramı 4,4 manat -748.000,0 manat; 69 ton İİİ növ qurudulmuş tütünün hər kiloqramı 3,6 manat, 248.400,0 manat; 30 ton İV növ qurudulmuş tütünün hər kiloqramı 3 manat-90.000,0 manat müəyyənləşdirilmişdir. Toplamda girovun ümumi bazar dəyəri 1.206.400 manat təşkil etdiyi və girov qoyulmuş tütünün ünvan 1 ünvanında yerləşən “Şəki Toxucu-Xırdavat” ASC-nin anbarında saxlanılması qeyd olunmuşdur. İddiaçı tərəfindən müqavilədə göstərilən vəsait cavabdehin hesabına köçürülmüş və cavabdeh həmin vəsaiti tam istifadə etmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənişini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 5% olmaqla cərimə faizi ödəyir. Kredit təşkilatı eyni zamanda ağlabatan məbləğdə pul tələb edə bilər. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdehin iddiaçıya əsas borcu 893431,11 manat, faiz borcu 8686,13 manat olmaqla, cəmi borcu 902117,24 manat təşkil edir. Cavabadehlə bağlanmış 12 iyul 2024-cü il tarixli 766 T saylı Girov müqaviləsinin müddəti başa çatdığından, 12 iyul 2024-cü il tarixli 766M saylı Kredit müqaviləsinin təminatı olaraq cavabdehlə yenidən eyni məzmunda 20 iyun 2025-ci il tarixli 766T/Rİ saylı Girov müqaviləsi bağlanmış və həmin müqavilə Daşınar əşyaların yüklülük reyestrində qeydiyyata alınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, girov predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş, lakin xəbərdarlıq və bildiriş nəticəsiz qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə fərdi sahibkar olan cavabdeh arasında 12 iyul 2024-cü il tarixli 766M saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, tütün tədarükü və əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə, əsas borcun ödənişi müddətin sonunda, faiz borcunun ödənişi kredit müddətinin son 3 ayında olmaq şərtilə 12 ay müddətinə, illik 10 faiz hesablanmaqla 920 000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçının Şəki filialı ilə cavabdeh arasında 12 iyul 2024-cü il tarixli 766T saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinin 1.1-ci bəndinə əsasən girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borca dair tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Tütünün girov qoyulduğu yer Aqrarkreditin tabeliyindədir. Bu yaxında monitorinq aparılıb, tütün hazırda orda saxlanılır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs bir neçə dəfə bankdan kredit götürmüş və həmin borcları da ödəmişdir. Hazırkı iş üzrə borcun ödənilməməsi isə tütünün satılmasında yaranan problemlərlə əlaqədar olmuşdur. Cavabdeh əsas borcdan 26 500 manat, faiz borcundan isə 71 231 manat ödəniş etmişdir. İddia tələbi ilə razı deyillər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 920 000 manat əsas borcdan 26 568,89 manat ödənilmiş, 893 431,11 manat hissəsi ödənilməmiş, 79 917,24 manat faiz borcundan 71 231,11 manat ödənilmiş, 8686,13 manat hissəsi isə ödənilməmiş və cavabdehin ümumilikdə 902 117,24 manat ödənilməmiş borcu qalmışdır. Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1295/2025 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, cəmi 902117,24 manat borc və 1192.2 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi, tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, girov predmeti iddiaçının sahibliyinə verilməsi, həmin əmlakın satışından əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış girov müqaviləsinin şərtlərinə, eyni zamanda “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanununa əsasən, məhkəmə qeyd edir ki, borcun ödənilməsi üçün tutma cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməli, həmin girov predmeti iddiaçının sahibliyinə verilməli, satışdan əldə edilmiş vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait cavabdehin özünə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 296, 385.1, 442, 448.1, 739.1 və 739.2, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13, 16, 18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əğv edilərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 920 000 manat əsas borcdan 26 568,89 manat, 79 917,24 manat faiz isə borcundan 71231,11 manat ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 97830 manat ödəniş edilmişdir. Kreditorun xeyrinə qoyulmuş girov predmetinin, 294 ton tütünün ümumi dəyəri müqavilə bağlandığı gün üzrə 1.206.400 manat təşkil etmişdir. Təxminən bir kiloqramı ortalama 4,1 manat kimi dəyərləndirilmişdir. Ümumi borc məbləğindən ödənişlər edilmiş, qalıq borc 902 117,24 manat qalmışdır. Belə olan halda tutmanın ümumi 294 tona deyil təxminə 220-230 ton hissəsinə tutma yönəldilə bilər. Bu gün bazar qiyməti üzrə 230 ton tütünün dəyəri ilə ümumi borc, icra, hərrac xərcləri qarşılandığı halda nə üçün 294 ton tütünətutma yönəldilməlidir. Hətta yönəldilmə edilməklə yanaşı həmin girov predmetinin iddiaçının sahibliyinə verilməsi qərara alınmışdır. Buda artıq qalan 64 tondan çox tütünə (girov predmetinə) cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Eyni zamanda tərəflər arasında olan bağlanmış 20 iyun 2025-ci il tarixli 766T/Rİ saylı Girov müqaviləsində girov predmetinin iddiaçının sahibliyinə verilməsi nəzərdə tutulmamyıb. Müqavilə üzrə girov predmeti girov qoyanda saxlanılmalı, bütün məsuliyyətidə girov qaoyan daşımalıdır. Buna görə də hesab edir ki, yüklülüyü qeydə alınmış bir girov əmlakının qətnamə ilə kreditorun sahibliyinə verilməsi əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasını iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, girov olaraq 294 ton məhsul qoyulmuş və anbarın yeri Şəki şəhəri olmuşdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasından əvvəl şifahi olaraq məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: https://e-qanun.az/framework/46944https://e-qanun.az/framework/********.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. Yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 18.1. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 18.1.1. yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 18.1.2. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 18.1.3. yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin ödənilməsinə; 18.1.4. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 18.2. Yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. 18.3. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixli 766M saylı kredit müqaviləsi üzrə 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902117,24 manat borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin İddiaçı QSC-yə girov qoyulmuş cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütünə yönəldilməsi; girov predmeti olan 296 ton qurudulmuş tütünün girov qoyanın sahibliyindən çıxarılaraq girov saxlayan İddiaçı QSC-nin sahibliyinə verilməsi; girov predmetinin satışından əldə edilən vəsaitdən 902117,24 manat borcun və ödənilmiş 1192,12 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, gorov predmetinin iddiaçının sahibliyinə verilməsi, həmin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, hazırda mübahisəli qətnamə üzrə tərəflər arasında fikir ayrılığı tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, girov predmetinin iddiaçının sahibliyinə verilməsi, həmin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması ilə bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyator birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi, girov predmetinin iddiaçının sahibliyinə verilməsi, həmin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması ilə bağlı hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında kredit verilmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, tütün tədarükü və əməliyyat xərclərinin ödənilməsi” məqsədilə ilə verilmiş kredit üzrə ödənilməmiş 893431,11 manat əsas borc, 8686,13 manat faiz borcu olmaqla, ümumilikdə 902117,24 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan girov predmetinin iddiaçının sahibliyinə verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyator şikatində cavabdehin nə müqavilə üzrə girov predmetini iddiaçının sahibliyinə verilməsi ilə bağlı öhdəlik götürmədiyini, nədə qanunvericilikdə belə bir normanın olmadığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kredit təşkilatı borcalana əsas borcun ödənişi müddətin sonunda, faiz borcunun ödənişi kredit müddətinin son 3 ayında olmaqla 12 ay müddətinə qaytarmaq şərtilə 920 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti, həmin kreditə görə hesablanmış faizləri və müqavilədə göstərilən digər ödənişləri kredit təşkilatına ödəməyi öz öhdələrinə götürmüşlər. Eyni zamanda, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 766T/R1 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borc tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Toplamda girovun ümumi bazar dəyəri 1 206 400 manat təşkil edir. Girov qoyulmuş tütün ünvan 1 ünvanında yerləşən “X7” ASC-nin anbarında saxlanılacaqdır. Həmin müqavilənin 4.1-ci bəndində isə qeyd edilmişdir ki, bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə girov saxlayan tələbinin ödənilməsi üçün məhkəmədə iddia qaldıra (və ya məhkəmə əmri üçün ərizə verə), notariat kontorundan icra qeydi ala, yaxud da məhkəməyə müraciət etmədən və notariusun icra qeydini almadan da girov predmetinə tutma başlaya və/və ya onu sahibliyinə götürə və sata bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ərizələrdən göründüyü kimi, krediti gecikdirdiyi təqdirdə girov müqaviləsinə əsasən girov predmetinin kreditor tərəfindən qeyd şərtsiz satılıb kredit borcunun, ona hesablanmış faizlərin və gecikmiş faizlərin ödənilməsinə razılıq vermişdir. Bundan başqa, Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1. və 13.1.2-ci maddələrinin tələbinə əsasən, yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək yüklülük sahibi yüklülük predmetinə tutma yönəldə bilər. Göründüyü kimi, həm tərəflər arasında bağlanmış müqavilədə həmdə qanunvericilikdə gorov predmetinin iddiaçının sahibliyinə verilməsi halları müəyyən edilmişdi. Birinci instansiya məhkəməsidə qanunvericiliyin qeyd edilən tələblərinə riayət etmişdir. Odur ki, şikayət həmin hissədə əsasslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinin tələblərinə görə isə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Belə olan halda məhkəmə kollegoyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Mülki Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: https://eqanun.az/framework/46944https://e-qanun.az/framework/********.1.1. girov qoyulmuş əşyanın
saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə daha sonra qeyd edir ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinin tələbinə görə, yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 18.1.1. yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 18.1.2. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 18.1.3. yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin ödənilməsinə; 18.1.4. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Həmin Qanunun 18.2-ci və 18.3-cü maddələrinə görə isə, yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır. Kollegiya cavabdehin borcunu qismən ödədiyindən girov predmetinə yönəldilmənin qismən təmin edilməli olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissə ilə bağlıda düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı vəziyyətdə girov predmetinin qiyməti müəyyən edilə bilmədiyindən, girov predmeti satıldıqdan sonra, ilkin olaraq əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait isə cavabdehə qaytarılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gorov predmetinin iddiaçının sahibliyinə verilməsi, əmlakın satışından əldə edilmiş vəsaitin cavabdehin borcunun ödənilməsinə yönəldilməsi və artıq qalmış vəsaitin cavabdehin özünə qaytarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Yuxarıda qeyd edilənlərə yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi hissəsində dəyişdirilmədir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Kollegiya şikayətin həmin dəlillərinə münasibətdə bildirir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış 766T/R1 nömrəli girov müqaviləsinin 1.1-ci bəndinə əsasən, xx.xx.2024-ci il tarixli 766M nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi girov qoyan layihə üzrə əldə edəcəyi 294 ton quru tütünü, habelə ayrı-ayrı şəxslərə satılmış məhsullardan daxil olan pul vəsaiti üzrə borc tələb hüququnu girov saxlayanın xeyrinə girov qoyur. Toplamda girovun ümumi bazar dəyəri 1 206 400 manat təşkil edir. Girov qoyulmuş tütün ünvan 1 ünvanında yerləşən “X7” ASC-nin anbarında saxlanılacaqdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Şəki şəhərində olan 296 ton qurudulmuş tütün məhsulu girov ilə yüklü edilmişdir. Bundan başqa, Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2- 2(117)-1295/2025 nömrəli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində də məhkəmə tutmanın yönəldilməli olan tütünün çəkisini 294 ton, girov qoyulmuş tütünün saxlanıldığı yeri isə ünvan 1 ünvanında yerləşən “X7” ASC-nin anbar olaraq qeyd etmişdir. Lakin, mübahisəli qətnamənin nəticə hissəsində tutmanın yönəldilməli olan tütünün çəkisini 296 ton, girov qoyulmuş tütünün saxlanıldığı yeri isə ünvan 4 ünvanı kimi göstərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hissələrlə bağlı yekun nəticəyə gələn zaman qisməndə olsa yanlışlığa yol vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi - hissəsində dəyişdirilərək tutma cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli, e-2-2(117)-1295/2025 nömrəli qətnaməsi - tutmanın cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən çəkisi 296 ton olan qurudulmuş tütün məhsuluna yönəldilməsi - hissəsində dəyişdirilərək tutma cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən çəkisi 294 ton olan qurudulmuş tütün məhsuluna yönəldilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.