Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-10/2026 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı1 Cavabdeh İB-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. DƏDRX-dən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
2. İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 4,76 ha olan ərazi iddiaçının sahiblik və istifadəsinə verilmişdir.
3. İddiaçı və cavabdeh arasında xx.xx.2021-ci ildə qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış, həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
4. Müqavilənin 2.2.7.3-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə paylayıcı istehlakçıya qazın verilişini dayandırmaq hüququna malikdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının abonent saldosundan görünür ki, iddiaçının təbii qazdan istifadə ilə bağlı yaranmış və ödənilməmiş borcu 2025-ci ilin iyun ayına 564468,96 manat təşkil edir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən xx.xx.2025-ci il tarixinə iddiaçının 539946,52 manat borcu vardır. Həmin borc 5 iş günü müddətində ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən iddiaçı həmin xəbərdarlığı qəbul etməkdən imtina etmişdir.
7. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Razılaşmaya əsasən iddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu xx.xx.2024-cü il tarixinə qədər tam şəkildə ödəməyi öhdəsinə götürür.
8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış yazılı ərizədə yaranmış borcun xx.xx.2024-cü il tarixinə qədər tam şəkildə ödəniləcəyi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Bakı Kommersiya Məhkəməsindəki icraat
9. İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən və **********00086 saylı abonent kodu olan istixanaya qanunsuz olaraq qazın verilməsinin dayandırılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq 353730 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 644 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, AMX- 5441/21 saylı müqavilə əsasında mənə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsini (İstixana) təbii qazla təchiz edir. İstifadə edilmiş qazın dəyəri daim tərəfimdən ödənilmişdir. İlk olaraq onu qeyd etmək istəyirəm ki, 2024-2025-ci il əkin mövsümündə istixanamda pomidor əkini olmuşdur. İstixana yalnız təbii qaz vasitəsi ilə isidilirdi, yəni istixanada alternativ yanacaqla çalışan cihaz yoxdur. Əkinin becərilməsi sırf təbii qazın verilməsindən asılı idi. Cavabdeh təşkilatın əməkdaşları mənə heç bir məlumat və xəbərdarlıq etmədən xx.xx.2025-ci il tarixdə istixanaya təbii qazın verilməsini dayandırmışlar. Tərəfimdən dərhal rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdeh təşkilata müraciət edilmiş və təxirəsalınmadan qaz təchizatının bərpa edilməsi tələb edilmişdir. Məktubda bildirilmişdir ki, əgər təcili olaraq qaz təchizatı bərpa edilməsə istixanadakı əkin tamamilə məhv olacaq və mən küllü miqdarda maddi zərərə uğrayacam. Cavabdeh təşkilat mənim rəsmi müraciətimə heç cavab verməyə belə lüzum duymadı və istixanaya qazın verilməsini bərpa etmədi. Təbii nəticə olaraq istixanada olan əkin tamamilə məhv oldu. Belə ki, soyuq aylarda əkinin məhv olması üçün bir-iki gün kifayət edir. Zərərin məbləğini müəyyən etmək məqsədi ilə tərəfimdən AECS MMC-yə müraciət edildi və qiymətləndirici tərəfindən aparılmış hərtərəfli araşdırmada qaz təchizatının dayandırılması nəticəsində vurulmuş maddi ziyanın məbləği 353730 (üç yüz əlli üç min yeddi yüz otuz) manat müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi istixanada mövcud olan “Pink Champion F1” pomidor sortunun 1 iyun tarixinədək davam edir. xx.xx.2025-ci il tarixdə isə, yəni havaların kifayət qədər soyuq olan aylarda, qazın verilməsinin dayandırılması əkini tamamilə məhv etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.1.4-cü bəndinə əsasən qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməlidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı stehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə.... xx.xx.2025-ci il tarixli kəsim aktından göründüyü kimi qazın verilməsinin dayandırılmasına debitor borcun mövcudluğu olmuşdur. Göründüyü kimi qanunverici isə debitor borcun ödənilməməsinə görə qazın verilməsinin dayandırılması qaydasını konkret olaraq müəyyən etmişdir. Yəni qaz paylayıcı təbii qazın verilməsini dayandırmazdan ən azı 5 gün əvvəl mənə xəbərdarlıq etməli olduğu halda bunu etməmiş və öz mövqeyindən sui istifadə edərək qazın verilməsini qəfil və qanunsuz olaraq dayandırmışdır. Bunun nəticəsində isə istixanada olan məhsul tamamən məhv olmuşdur. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimdən xx.xx.2025-ci il tarixdə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə vurulmuş zərərin əvəzini tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.
11. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz verib, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, 2024- 2025-ci il əkin mövsümündə ona məxsus istixanada pomidor əkini olmuş, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh İB-nin əməkdaşları tərəfindən istixanaya qazın verilməsi dayandırılmışdır. Nəticədə istixanada olan əkin tamamilə məhv olmuş və dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC Qiymətləndirici təşkilata müraciət edilmişdir. Qiymətləndirici təşkilat tərəfindən aparılmış araşdırmanın nəticəsində vurulmuş maddi ziyan məbləğinin 353730,00 (üç yüz əlli üç min yeddi yüz otuz) manat olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı1 iddia ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək debitor borca görə təbii qazın verilişinin dayandırılması barədə azı 5 (beş) gün əvvəl ona xəbərdarlıq edilməli olduğunu, lakin bu xəbərdarlığın edilmədiyini bildirmiş, qaz təminatının qəfil və qanunsuz olaraq dayandırılması nəticəsində istixanada yetişdirdiyi məhsulunun tam məhv olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi (istixana) Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli AMX-5441/21 saylı müqavilə əsasında təbii qazla təchiz edilir və “Azəriqaz“ İB-nin Sumqayıt RQİİ-də qeyri-əhali abonenti kimi qeydiyyatdadır ( Abonent kodu : **********00086 ) Abonentin 2024-cü ilin yanvar ayının 1-dək olan istehlak etdiyi təbii qaza görə olan borcu 283725,86 (iki yüz səksən üç min yeddi yüz iyirmi beş manat, 86 qəpik) manat təşkil etmişdir. İddiaçı1 ümumilikdə 2024-cü il ərzində 216911,42 (iki yüz on altı min doqquz yüz on bir manat, 42 qəpik) manat dəyərində təbii qazdan istifadə etmiş lakin il ərzində heç bir ödəniş etməmişdir. Borcunun ödənilməsi barədə abonentə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Halbuki tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqavilənin 2.1.11 və 2.2.5-ci bəndində göstərilmişdir ki, istifadə olunan təbii qazın dəyəri bir ay müddətində tam ödənilməlidir, əks halda qaz təminatı dayandırılacaqdır. İddiaçının iddia ərizəsində və qeyd etdiklərimizdən görünür ki, abonent tərəfindən təbii qazdan istifadə olunmuş lakin dəyəri vaxtında ödənilməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, abonent 2024-cü il ərzində təbii qazdan istifadə etsə də ümumiyyətlə heç bir ödəniş etməmişdir. Abonent debitor borcunun mövcudluğundan, eləcə də borcunu tam həcmdə ödəməyəcəyi təqdirdə ona məxsus istixanaya qaz təminatının dayandırılacağından xəbərdar olmuşdur. Belə ki, həm abonentlə bağlanmış təbii qazın alqı-satqısı barədə müqavilədə həm də abonentə hər ay təqdim edilən Hesab-Fakturada istifadə olunan təbii qazın dəyərinin bir ay müddətində tam şəkildə ödənilməsi əks təqdirdə qaz təminatının dayandırılacağı barədə xəbərdarlıq öz əksini tapmışdır. Azərbaycan Respublikasının “Qaz Təchizatı haqqında” Qanununun və digər aidiyyatı normativ hüquqi aktların tələblərinə əsasən, qaz təchizatı üzrə istehlakçının əsas öhdəliklərindən biri istehlak etdiyi qazın dəyərini vaxtında və tam həcmdə ödəməkdən ibarətdir. Abonent isə bu öhdəliyini kobud şəkildə pozaraq, qanunvericiliyin tələblərinə zidd şəkildə debitor borcunu ödəməmişdir. Qanunvericilik həmçinin nəzərdə tutur ki, qazın sayğac üzrə müəyyən edilmiş dəyəri istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilmədiyi halda, qaz paylayıcısı tərəfindən qaz təchizatın dayandırılması hüquqi cəhətdən tam əsaslıdır. Abonent bu riskdən xəbərdar edilmiş və qaz təminatının dayandırılması nəticəsində yarana biləcək bütün mənfi hüquqi, maliyyə və istehsalat nəticələrinə görə şəxsən özü məsuliyyət daşıyır. Beləliklə abonentin debitor borcunu ödəməməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və onun üzərinə həm borcun tam ödənilməsi, həm də qaz təminatının dayandırılması ilə bağlı bütün hüquqi və maliyyə risklərinin daşınması öhdəliyi qoyur. Həmçinin abonent İddiaçı1 ilə təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli “Razılaşma Protokolu” bağlanmış və imzalanmışdır. Həmin protokola əsasən İddiaçı1 təbii qazdan istifadəyə görə Cavabdehnə xx.xx.2024-cü il tarixinə 436573,28 (dörd yüz otuz altı min beş yüz yetmiş üç manat 28 qəpik) manat məbləğində debitor borcunun olmasını qəbul etmiş həmin borcun 250000,00 (iki yüz əlli min) manat hissəsini xx.xx.2024-cü il tarixinədək, qalan 186573,28 (yüz səksən altı min beş yüz yetmiş üç manat 28 qəpik) manat hissəsini isə xx.xx.2024-cü il tarixinədək ödəmək barədə öhdəlik götürmüşdür. Lakin iddiaçı götürdüyü öhdəliyi nəinki tam, heç qismən də olsa icra etməmiş, ümumiyyətlə heç bir ödəniş aparmamışdır. Hal-hazırda isə abonentin istehlak etdiyi təbii qaza görə borcu 564648,96 (beş yüz altmış dörd min altı yüz qırx səkkiz manat, 96 qəpik) təşkil edir. Qeyd olunanlar abonentin saldosunda (debitor borcun olub-olmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, İddiaçı1 ona məxsus olan istixananın qaz təminatının xəbərdarlıq edilmədən, qəfil və qanunsuz olaraq kəsilməsi barədə iddia ərizəsində qeyd etdikləri yalan və əsassızdır, həqiqətə uyğun deyildir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq abonentə hər ay debitor borcu ilə bağlı Bildiriş - “Hesab Faktura” göndərilmişdir. Həmçinin Sumqayıt RQİİ-nin rəhbərliyi tərəfindən abonent İddiaçı1 debitor borcunu ödəməyəcəyi təqdirdə ona məxsus, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixananın qaz təminatının dayandırılacağı barədə rəsmi Xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən (5.2) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir) (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. (3.1.5) istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmçinin qeyd etmək istərdik ki, "xxxx" MMC Qiymətləndirici təşkilatının AS 04-097/25 saylı, xx.xx.2025-ci il tarixli Hesabatı da natamamdır və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Hesabatın 2.3-cü bəndində Qiymətləndirmə obyektinin – pomidor məhsullarının fotoşəkilləri əlavə edilsə də, onlar vizual görünüşündən yararsız hala düşmüş məhsullara bənzəmirlər. Digər tərəfdən əgər məhsullar məhv olmuşsa belə, onların hansı şəraitdə məhv olması, məhv olma səbəbi barədə (donvurmadan, yoxsa aqrotexniki qaydalara riayət edilməməsi səbəbindən və.s ) hesabatda hər hansı bir məlumat öz əksini tapmamışdır. Eləcə də Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Hesabatın 4-cü bölməsində (Məbləğin hesablanması) xərclərin hesablanması zamanı 42000,00 (qırx iki min) manat dəyərində 120 000,00 ədəd Pink Paradice F1 tipli pomidor Şitilinin alınması, eləcə də Gübrə, qidalanma və dərmanlama üçün 110000,00 manat (yüz on min) dəyərində xərc çəkilməsi qeyd edilsə də, bu xərclərin faktiki çəkildiyini təsdiq edən heç bir faktura, qaimə və ya digər mühasibat uçotu sənədi hesabat materiallarına əlavə edilməmişdir. Hesabatda əlavə olaraq 15 işçiyə hər ay 400 (dörd yüz) manat əməkhaqqı ödənildiyi və ümumilikdə 43560,00 manat (qırx üç min beş yüz altmış) xərc çəkildiyi göstərilsə də qeyd olunan işçilərlə bağlanmış əmək və ya mülki hüquqi müqavilələrin surətləri işə əlavə olunmamışdır. Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, iddiaçının sifarişi əsasında "xxxx" MMC Qiymətləndirici təşkilatı tərəfindən hesablanmış 353730,00 (üç yüz əlli üç min yeddi yüz otuz) manat maddi ziyan məbləği yalnız subyektiv hesablamalara əsaslanır, lakin qanunvericilikdə tələb olunan müvafiq maliyyə sənədləri ilə sübuta yetirilməmişdir. Belə olan halda, həmin xərclərin etibarlı, real və hüquqi qüvvəyə malik sübut kimi qəbul edilməsi mümkün deyildir. Bir daha Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, İddiaçı1 məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixananın qaz təminatı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun olaraq, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq abonentin debitor borcunu ödəməməsi səbəbindən dayandırılmışdır.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı vergi ödəyicisi olsa da, zərər görmüş pomidor şitillərinin alışı nağd qaydada həyata keçirilmiş, alış sənədləri, ödəniş qəbzləri mövcud deyildir, sənədləşmə işləri rəsmiləşdirilmədiyi üçün vergi dövriyyəsi barədə sənəd təqdim etsə də, dövriyyəsinin aşağı olması müəyyən ediləcəkdir. Zay olmuş məhsul iddiaçı tərəfindən saxlanılmamış, atılmışdır. İddiaçıya hər hansı xəbərdarlıq gəlməmiş, xəbəri olmadan qaz təchizatı dayandırılmışdır.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Yasinov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi video yazı ilə razı deyildir. Belə ki, video çəkilişin harada aparılması, kim tərəfdən aparılması müəyyən edilmir, belə ki, istixanalar görünüşcə bir-birinə bənzəyir, həmin sahəyə cavabdeh ümumiyyətlə dəvət edilməmişdir. Zay olmuş məhsulun olması, iddiaçıya zərər dəyməsi ümumiyyətlə müəyyən edilmir, bundan əlavə iddiaçının cavabdehə hazırda 500000 manatdan yuxarı sərfiyyat borcu vardır, iddiaçı təbii qazdan istifadə etsə də, ümumiyyətlə hər hansı ödəniş etmir. İddiaçı yaranmış borcu 2024-cü ilin sonuna qədər ödəyəcəyini vəd edib bu barədə yazılı ərizə yazsa da, hər hansı ödəniş etməmiş, ona qazın kəsiləcəyi barədə xəbərdarlıq edilmiş, 2025-ci ilin aprel ayında qazın verilişi tərəflərindən dayandırılmışdır. Buna baxmayaraq iddiaçı qanunsuz olaraq qazdan istifadə etməyə davam etmiş, özbaşına olaraq qaz xəttini açmışdır.
15. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir, həmin torpaq sahəsində yerləşən 4,76 ha olan ərazi (istilikxana) xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının sahiblik və istifadəsindədir. İşin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci ildə qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə imzalanmış, cavabdeh tərəfindən iddiaçıya verilən təbii qazın verilişi xx.xx.2025-ci il tarixdə dayandırılmış, bu barədə müvafiq kəsim aktı tərtib edilmişdir. İddiaçı hazırda təbii qazın verilişinin dayandırılması nəticəsində ona 353730 manat zərər dəydiyini iddia edir. İddiaçı dəymiş zərərlə bağlı sübut qismində yalnız mütəxəssis rəyi təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli hesabata əsasən iddiaçıya məxsus istilikxanada becərilmiş “Pink Champion F1” sortlu pomidor məhsuluna dəymiş zərər 353730 manat təşkil edir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin əsasına dair zəruri əlavə sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı başqa təqdim edə biləcək sübutunun olmamasını göstərmişdir. Məhkəmə təqdim edilmiş həmin rəyi mötəbər sübut hesab etmir. Belə ki, həmin mütəxəssis rəyində hesablamaların aparılmasına əsas olan rəqəmlərin hansı qaydada müəyyən edildiyi ümumiyyətlə göstərilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə 42000 manat dəyərində “Pink Champion F1” sortlu pomidor şitilinin alınmasını, 150000 kq faktiki məhsuldarlığın, habelə 435000 kq məhsul itkisinin olmasını, itirilməsi iddia edilən məhsula çəkilmiş xərclərin ümumi məbləğinin 329219,10 manat, işçilərin 6 aylıq əmək haqqısı – 36000 manat, sosial sığorta və sairə üzrə 6 aylıq ödənişlər – 7560 manat, gübrə, dərman, qidalandırmaya çəkilmiş xərclər – ümumilikdə 110000 manat olmasını, istixanada 45 ha sahədə məhsul əkilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən dəyəri yüksək olan malların alış sənədlərinin, habelə əmək haqqı, sosial sığorta və sairə ödənişlərə dair hər hansı yazılı sənədin, habelə həmin məhsulun satılması ilə bağlı ilkin hazırlıq işlərinin aparılmasını təsdiq edən ümumiyyətlə hər hansı sübutun olmaması inandırıcı və ağlabatan deyildir. Belə ki, iddiaçı fərdi sahibkar olmaqla gəlir və xərclərin dəqiq uçotunu aparmalıdır. Bundan əlavə, iddiaçıya zərər dəyməsi müəyyən edildiyi təqdirdə belə, cavabdehin həmin zərərin yaranmasında hər hansı təqsiri müəyyən edilmir. Belə ki, materiallardan görünür ki, iddiaçı cavabdehlə xx.xx.2021-ci ildə müqavilə bağlamış, cavabdehdən aldığı təbii qaza görə hər ay təqdim edilmiş hesab faktura üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. Materiallarda olan razılaşma protokolu, habelə cavabdehə ünvanlanmış iddiaçının yazılı ərizəsindən görünür ki, iddiaçı yaranmış sərfiyyat borcunu 2024-cü ilin dekabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüş, lakin abonent saldosundan görünür ki, iddiaçı tərəfindən ümumiyyətlə 2024-cü ildə hər hansı ödəniş edilməmişdir. İddiaçının hazırda cavabdehə təbii qazdan istifadəyə görə ümumilikdə 564648,96 manat borcu vardır. İddiaçı hazırda göstərilən borcu mübahisələndirdiyini bildirsə də, özünün məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində də 2024-cü ilin dekabr ayından 2025-ci ilin may ayına qədər istixanada ümumilikdə 834507 kub metr (196096,11 manat) qazdan istifadə edilməsi faktı (mütəxəssis rəyinin 20-ci vərəqi) göstərilmişdir. İddiaçı tərəfindən həmin borcun müqabilində isə abonent saldosuna əsasən 2025-ci ilin ilk 3 ayı ərzində cəmi 93105,12 manat vəsait ödənilmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının qazın verilişi dayandırıldıqdan sonra da cavabdehin xəbəri və icazəsi olmadan yenidən qazın verilişini bərpa etdiyini, 2025-ci ilin may ayında da cavabdehin razılığı olmadan qazdan istifadə etdiyini bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçı 2025-ci ilin may ayında 29428 kub metr təbii qazdan istifadə etmiş, həmin ay üzrə onun cavabdehə 7062,72 manat borcu yaranmışdır. İddiaçı ona hər hansı xəbərdarlıq edilmədən cavabdeh tərəfindən qazın verilişinin dayandırıldığını bildirsə də, qazın dəyərinin ödənilməyəcəyi təqdirdə bunun nəticələri tərəflər arasında bağlanmış müqavilədə razılaşdırılmışdır (müqavilənin 2.2.7.3-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə paylayıcı istehlakçıya qazın verilişini dayandırmaq hüququna malikdir). Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər, zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6cı maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.1.4-cü bəndinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına istinad etmişdir.
18. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
38. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
39. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
40. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
41. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 31, 32) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
42. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
43. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29, 30).
44. İddia tələbini sübuta yetirmək üçün iddiaçı sübuta yetirməlidir ki, əkin sahəsi təbii qazın verilməsinin dayandırılması nəticəsində zədələnmişdir; iddiaçı həmin halları təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir.
45. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəy qazın verilməsinin dayandırıldığından əkin sahəsinin məhv olması nəticəsinə gəlmək üçün kifayət etmir. Belə ki, qiymətləndiricinin ixtisas şəhadətnaməsinə əsasən qiymətləndiricinin fəaliyyət istiqaməti dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsindən ibarətdir.
46. Kollegiya qeyd edir ki, pomidor şitillərinin məhv olma səbəbləri (temperatur rejimi, xəstəliklər, nəmlik dərəcəsi və s.) xüsusi aqronomik və bioloji biliklər tələb edir. Qiymətləndiricinin bu sahədə müvafiq təhsili, lisenziyası və ya mütəxəssis şəhadətnaməsi olmadığı üçün onun bitkilərin ölüm səbəbi barədə verdiyi rəy subyektiv ehtimaldan başqa bir şey deyil.
47. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə pomidor ştillərinə zərər dəyəməsini müəyyən etmək mümkün deyil.
48. Bundan əlavə, iddiaçıya zərər dəyməsi müəyyən edildiyi təqdirdə belə, cavabdehin həmin zərərin yaranmasında hər hansı təqsiri müəyyən edilmir.
49. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı (İstixana sahibi) ilə cavabdeh (Qaz təchizatçısı) arasında yaranmış borcun ödənilməsinə dair Razılaşma Protokolu imzalanmışdır. Bu protokol iddiaçı tərəfindən borcun mövcudluğunun qeyd-şərtsiz etirafı və müəyyən edilmiş qrafik üzrə ödənilməsi öhdəliyidir. Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə müqavilə və qanunvericiliklə müəyyən edilmiş qaydada qaz təchizatı dayandırılmışdır.
50. Məhkəmə hesab edir ki, iddiaçı borcu ödəməyəcəyi təqdirdə qazın kəsiləcəyini və bunun istixana fəaliyyətinə mənfi təsir göstərəcəyini əvvəlcədən bilməli idi (proqnozlaşdırmalı idi). Borcun ödənilməməsi iddiaçının özünün hüquqa zidd hərəkətsizliyidir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
51. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında imzalanmış Razılaşma Protokolu mahiyyət etibarilə xəbərdarlıq xarakteri daşıyır. Belə ki,tərəflər arasında bağlanmış müqavilənin 2.2.7.3-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə paylayıcı istehlakçıya qazın verilişini dayandırmaq hüququna malikdir. İddiaçı öhdəlik sənədini imzalamaqla borcun ödənilmədiyi təqdirdə xidmətin dayandırılacağı barədə məlumatlandırılmış hesab olunur.
52. Qanunvericiliyə görə, zərərçəkən ziyanın artmasının qarşısını almaq üçün lazımi tədbirlər görməlidir (§ 21). İddiaçı istixana şəraitində alternativ qızdırıcı sistemlərdən və ya digər mühafizə üsullarından istifadə edərək məhsulun məhv olmasının qarşısını almağa cəhd etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
53. Eyni zamanda abonent saldosundan görünür ki, iddiaçı 2025-ci ilin may ayında 29428 kub metr təbii qazdan istifadə etmiş, həmin ay üzrə onun cavabdehə 7062,72 manat borcu yaranmışdır.
54. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin iştirakçıları öz hüquqlarını həyata keçirərkən vicdanlılıq prinsiplərinə əməl etməlidirlər. İddiaçının qazın kəsilməsindən sonra rəsmi qaydada borcu ödəmək əvəzinə özbaşına qoşulma həyata keçirməsi onun ziyanın qarşısını almaq deyil, əksinə, qanunsuz yollarla mənfəət əldə etmək niyyətində olduğunu sübut edir.
55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
56. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5271/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun, Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.