Məhkəmə qərarları › İş №2-2(3-6)-104/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-104/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-104/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə müqaviləsinin ləğvi, icarə obyektində aparılmış yaxşılaşdırmalar, tələbin güzəşti, kəsici müddət, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X9 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə obyektinin yaxşılaşdırılmasına görə çəkilmiş xərclərin əvəzinin tutulması və tələbin əmlaka yönəldilməsi”, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh qarşı “pulun tutulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh (icarəyəverən) ilə X5 (icarəçi) arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, Bakı şəhəri 54 saylı notariat ofisində 3M-372 reyestr nömrəsi ilə qeydə alınmış müqaviləyə əsasən icarəyəverən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini (1/2 hissə, 406.05 kv.m.) icarəçiyə icarəyə vermişdir.

2. Müqavilənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər, icarəçi tərəfindən təmir və tikinti işlərinə çəkilmiş xərclər icarə obyektinin özgəninkiləşdirildiyi və ya icarə münasibətlərinə xitam verildiyi vaxt icarəyə verən tərəfindən (təqdim edilən rəsmi sənədlərə və qaimələrə əsasən) icarəçiyə ödənilir.

3. Cavabdeh ilə X5 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Müqavilənin ləğvinə dair müqavilə”yə əsasən, Bakı şəhəri 54 saylı notariat ofisində 3M-372 reyestr nömrəsi ilə qeydə alınan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilmişdir.

4. X5 notarial təsdiqli xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, “...Cavabdeh ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 812,1 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyətində olan hissəsinə dair Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M-372 say ilə qeydə alınmış icarə müqaviləsi bağlanmışdır. Lakin qeyri-yaşayış binasını işlətmək qane etmədiyinə görə Bakı şəhəri 54 saylı notariat ofisində, xx.xx.2024-cü il tarixdə 3M-391 saylı reyestrlə onunla Cavabdeh arasında həmin icarə müqaviləsinin ləğvi barədə müqavilə imzalanmışdır. Bu məsələ ilə bağlı hər hansı bir şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır”.

5. X5 ilə X13 arasında xx.xx.2025-ci il tarixdə “Tələb hüququnun ötürülməsi” barədə müqavilə bağlanmış, müqaviləyə əsasən Seymur İsmayılov Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M/372 nömrə ilə qeydiyyatdan keçərək təsdiqlənmiş icarə müqaviləsinin 8-ci bəndində nəzərdə tutulan tələb hüquqlarını Ramil Məmmədzadənin mülkiyyətinə verir.

6. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, X30 İsmayılov tərəfindən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M/372 nömrə ilə qeydiyyatdan keçərək təsdiqlənmiş icarə müqaviləsinin 8-ci bəndində nəzərdə tutulan tələb hüquqlarını öz mülkiyyətinə qəbul edir.

7. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, Seymur İsmayılov tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı Ramil Məmmədzadəyə verməlidir.

8. X1 əsasında "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yenidənqurmasına çəkilmiş xərclərin bazar dəyəri 280 377 manat təşkil edir.

9. X27 (vəkalət verən) ilə X13 (vəkalət alan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli tapşırıq müqaviləsinə görə, vəkalət alan vəkalət verənlərin ona tapşırdığı 3M-372 reyestr nömrəli xx.xx.2023 tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən danışmaz əmlakın (“Babil” restoranı) yenidənqurmasına çəkilmiş xərclərin əvəzinin, mülkiyyətçisindən konkret nəticə əldə olmasına təminat verilmədən tələb edilməsi təşkil edir.

10. “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”yə əsasən, xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikasının Ağdaş şəhərində doğulmuş X13 adını Ramil-dən Şükür-ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2025-ci ilin 05-ci ayının 21-ci günündə 104 nömrə ilə qeyd edilmişdir.

11. X6 xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, “o, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında mexanik işləri görmüş, təmir işlərini tam təhvil vermişdir. Cavabdeh və X15 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır”.

12. X16 xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, “o, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında mətbəx avadanlıqlarına dair işlər görmüşdür. Cavabdeh və X15 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır”.

13. X20 xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, “o, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında havalandırma təmir etmiş, təmir işlərini tam təhvil vermişdir. Cavabdeh və X15 tərəfindən ona ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbi olmayacaqdır”.

14. Cavabdeh (icarəyə verən) ilə X28 (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən (paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissədən 250 kv metr hissəsini) X17 icarəyə verir.

15. Cavabdeh (icarəyə verən) ilə X7 (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyə üzrə ona məxsus hissəsindən (tam hissədən 1/2 hissə, 406,5 kv.m) X3 icarəyə verir.

16. Cavabdeh (icarəyə verən) ilə X29 (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən (tam hissədən 1/2 hissə, 406,5 kv.m) X18 icarəyə verir.

17. Cavabdeh (icarəyə verən) ilə X21 (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 812.10 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsindən icarəyə verən verən Cavabdeh (tam hissədən 1/2 hissə, 406,5 kv.m) X14 icarəyə verir.

Birinci instansiya məhkəmələrində icraat və qəbul olunmuş məhkəmə aktları

18. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən xeyrinə 280 377 manatın və ödənilmiş dövlət rüsumunun tutulması, tələbin yenidənqurma işlərinin aparıldığı ********** qeydiyyat nömrəli çıxarışla müəyyən edilmiş əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tələbin əsasını xx.xx.2023-cü il tarixli icarə müqaviləsi və həmin müqavilənin ləğv edilməsindən sonra müqavilənin 8-ci bəndinin tələbindən irəli gələn tələb hüquqları təşkil edir. Ötürülən tələb hüquqlarının faktiki olaraq ilk qanuni sahibləri olan X27 və X19 xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhər, Musabəyov adlandırılan parkın ərazisində olan (“Babil”, hazırkı Kafe Park) restoranında yenidənqurma işlərinin aparılmasına ümumilikdə 280 377 manat məbləğində sərmayə qoyduqlarını rəsmi sənədlər və faktlarla yeni hüquq sahibinə təqdim etmiş, notarial qaydada müqavilə bağlanılmışdır. Həmin xərclərə daxil olan yenidənqurma işlərinin dəyərinin bir hissəsi mülkiyyətçi tərəfindən tələbkar şəxslərə ödənilsə də, ona olan xərclərin qarşılanması uzadılır. Yenidənqurma işlərinin dəyərindən mülkiyyətçi tərəfindən borclu qaldığı tələbkar şəxslərə ödənilmiş borcları təsdiq edici sənədlər təqdim edildiyi təqdirdə tələbdən çıxa bilər. Ona ödənilməli olan xərclərin qeyri-müəyyənliyi onu gələcəkdə tələb hüquqlarının ötürülməsi təhlükəsi qarşısında qoyur. İddia tələbi rəsmi müqavilələr, şahid ifadələri, foto, video görüntülər və digər faktlarla təsdiq edilir.

20. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, iddia ərizəsində qeyd olunan müqavilə, yəni xx.xx.2023-cü il tarixli 3M/372 qeydiyyat nömrəli icarə müqaviləsi mənimlə X5 arasında bağlanılmışdır (etiraza əlavə olunur). Lakin daha sonra iddiaçının da qoşmaya əlavə etdiyi, xx.xx.2024-cü il tarixli **********120 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd olunmuşdur ki, "Yasamal rayonu, Nazim Hikmət küçəsi, 38A ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv/m olan qeyriyaşayış binasını işlətmək qane etmədiyinə görə, Bakı şəhəri, 54 saylı notariat ofisində, xx.xx.2024-cü il tarixdə, 3M-391 saylı reyestrlə mənimlə Cavabdeh arasında həmin icarə müqaviləsinin ləğvi barədə müqavilə imzalanmışdır. Bu məsələ ilə bağlı hər hansı şikayət, iddia, tələbim yoxdur və gələcəkdə də olmayacaqdır”(etiraza əlavə olunur). Lakin iddia ərizəsinin qoşmasından görünür ki, xx.xx.2025-ci il tarixdə, yəni icarə müqaviləsinin ləğvi ilə bağlı müqavilənin mən və X5 arasında bağlanılmasından 7 ay keçdikdən sonra Seymur İsmayılovla İddiaçı (əvvəlki adı ilə X13) arasında heç biri qanuni əsas və faktiki hal baş vermədiyi halda xx.xx.2023-cü il tarixli, 3M/372 qeydiyyat nömrəli icarə müqaviləsi ilə əlaqədar olaraq tələb hüququnun ötürülməsi müqaviləsi bağlanılmışdır (etiraza əlavə olunur). Nəzərinizə təkrar çatdırmaq istəyirəm ki, tələb hüququnun ötürülməsi müqaviləsinin predmeti olan icarə müqaviləsi notarial qaydada ləğv edilmişdir. Həmin icarə müqaviləsinə xitam verilərkən Seymur İsmayılovla bütün məsələlərlə bağlı razılığa gəlmişik və aramızda hər hansı borc münasibəti mövcud deyildir. Məhz bu səbəbdən X5 xx.xx.2024-cü il tarixli ərizədə hər hansı şikayət, iddia, tələbinin olmaması və gələcəkdə də olmayacağını bildirmişdir. Belə ki, əgər icarə müqaviləsindən irəli gələn və tərəfimdən yerinə yetirilməyən məsələ və ya şərt mövcud olsaydı Seymur İsmayılov notarial qaydada hər hansı iddianın olmayacağı ilə bağlı ərizə verməzdi. Beləliklə, xx.xx.2023-cü il tarixli 3M/372 qeydiyyat nömrəli icarə müqaviləsi ləğv olunduğuna və X2 həmin müqavilə ilə əlaqədar hər hansı hüquq və vəzifəsi mövcud olmadığına görə tələb hüququnun ötürülməsi müqaviləsi əsassızdır. Çünki qeyd etdivim kimi həmin müqavilə ilə əlaqədar Sevmur İsmayılovun ötürə biləcəyi hər hansı hüquq yoxdur. Bununla yanası, qeyd etmək istəyirəm ki, X25 oqlu ilə İddiaçı arasında bağlanılmış müqavilənin adının "tələb hüququnun ötürülməsi müqaviləsi” olmasına baxmayaraq, onun məzmunundan aydın olur ki, mahiyyəti etibarilə subicarə müqaviləsidir. Halbuki aramızda bağlanan icarə müqaviləsinin şərtlərinə əsasən, subicarəyə verilməsinə icazə nəzərdə tutulmamışdır. Əlavə olaraq bu səbəblə də həmin müqavilə əsassız hesab olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 812.1 kv/m olan qeyri-yaşayış binasında yenidənqurma işləri mən və X15 tərəfindən həyata keçirilmişdir. Belə ki, Fuad Mehdiyev tərəfindən 150 000 (yüz əlli min) manat, tərəfimdən isə 90.000 (doxsan min) manat dəyərində yenidənqurma işləri üçün vəsait ödənmişdir. Yenidənqurma işlərinin tərəfimizdən həyata keçirildiyini təsdiq edən notarial qaydada ərizələr də var. Belə ki, həmin yenidənqurma işlərinin həyata keçirilməsi üçün obyektdə işləyən işçilər tərəfindən notarial qaydada Ərizələr var. Məsələn, 05.01,2025-ci il tarixli, **********094 nömrəli Ərizə havalandırma təmir edən X20, 05.01,2025-ci il tarixli, **********107 nömrəli Ərizə mətbəx avadanlıqlarına dair işlər görən X16, 05.01,2025-ci il tarixli, **********095 nömrəli Ərizə mexanik işləri görən X6 tərəfindən verilmişdir. Bu ərizələrdə qeyd olunur: "... təmir işlərini tam təhvil vermişəm. Cavabdeh və X15 tərəfindən mənə ödəniləcək məbləğ tam şəkildə ödənilib və gələcəkdə bununla əlaqədar heç bir şikayət və tələbim olmayacaq". Beləliklə, qeyd olunan faktiki hallara və sübutlara əsasən, İddiaçı iddia ərizəsinin əsassız hesab edilməsinə zərurət vardır”.

21. Məhkəmənin 14 avqust 2025-ci il tarixli qərardadı ilə X5, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə X27 və X19, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb olunmuşlar.

22. X28 (müstəqil tələb irəli sürən üçüncü şəxs) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80 000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Babək Əhmədov iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən Musabəyov parkı adlandırılan ərazidə Kafe-Parkı restoranını Teymur və Vüsal adlı şəxslərlə ortaq icarə müqaviləsi əsasında işlətmiş, restoran hər biri 400 kv.m olan 2 hissədən ibarət olmuş, icarə haqqı hər biri 10 000 manat olmaqla ümumilikdə 20 000 manat təşkil etmişdir. Həmin restoranı işlətməyi Elnur və Elman adlı tanışları ona təklif etmiş, hətta bildirmişlər ki, “restoranın hazırda fəaliyyət göstərməyən hissəsini təmir etmək barədə mülkiyyətçinin razılığı mövcutdur və onlar da həmin restorana xərc qoyaraq oranın fəaliyyətini artıracaq və gələcəkdə onlar da ona şərik olacaqlar”. Razılaşmış və bir hissəsi faktiki işləyən, digər hissəsi isə fəaliyyət göstərməyən Kafe-Park restoranında Teymur, Elman və Vüsal adlı şəxslərlə ortaq işləməyə başlamışdır. Onlar ortaq işlədiyi müddətdə restoranın faktiki işləməyən hissəsi Elnur və Elman adlı şəxslərin vəsaitləri hesabına əsaslı təmir edilmiş, təmir müddəti 10 ay davam etmişdir. Həmin müddətdə restoranın icarə haqqı 20 000 manat olmaqla onun tərəfindən ödənilmişdir. Teymur və Vüsal ona bildirmişdir ki, onlar əmlakın mülkiyyətçisi Əlihüseyn adlı şəxslə danışıblar, hacı deyir ki, “bilirəm, təmir edən şəxslərə də bildirmişəm ki, təmirə və obyektə qoyulan bütün xərclər və təmir müddətində ödənilən icarə haqqı təmirdən sonrakı aylarda nəzərə alınacaq”. O razılaşmış və hər ay 20 000 manat icarə haqqını şəxsən ödəmişdir. Kafe Parkın təmir edilməyən digər hissəsindən əldə edilən gəlirlər də Vüsal və Teymur adlı şəxslər tərəfindən götürülmüş və bu günə qədər onunla hesablaşma aparılmamışdır. Sonda icarə müqaviləsinə xitam verilmiş və onlar, yəni obyekti təmir edən Elman və Elnur adlı şəxslər, Teymur və Vüsal adlı şərikləri, adına icarə müqaviləsi bağladığı Seymur adlı şəxs mülkiyyətçi hacı ilə birlikdə görüşmüş və Cavabdeh təmir edən şəxslərlə razılığa gələ bilməmiş, Seymur adlı şəxsin adına açılmış VÖEN üzrə obyektin pulunu ödəyəcəyini, bir də təmirdən qalan borcları bağlayacağını bildirmişdir. Ona isə 10 ay təmir müddətində ödəmiş olduğu icarə haqqı müqabilində 1 il müddətinə icarə müqaviləsi bağlamış və həmin müqavilə də cavabdehin təqsiri və onun təkidi ilə 2 aydan sonra pozulmuşdur. Çünki, obyektin təmirindən sonra borc sahibləri mütamadi obyektə gələrək əmlaklarını tələb edir və normal işə maneələr yaratmışlar. 10 ay davam edən təmir müddətində işlətmədən ödədiyi 100 000 manat məbləğində icarə haqqıdır ki, onun da 2 ayı (20 000 manat hissəsi) mülkiyyətçi tərəfindən icarə müqaviləsi əsasında əvəzləşdirilmiş, 80 000 manatı əvəzləşdirilməmişdir. Onunla cavabdeh arasında bağlanılan müqavilə və xitam ərizəsi Cavabdeh tanışı olan Bakı şəhəri 54 saylı notariat ofisində bağlanılmış, həmin ərizəyə qanunsuz olaraq onun gələcəkdə iddia qaldırmaq hüquqlarını məhdudlaşdıran bənd əlavə olunmuşdur. Hazırda cavabdehin ona faktiki işlətmədiyi dövrlər üzrə icarə haqqı kimi alınmış 80 000 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır.

24. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi icraata qəbul olunmuşdur.

25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “ötürülən tələb hüquqlarının faktiki olaraq ilk qanuni sahibləri X27 və X19 olmuş, həmin şəxslər hüquqlarını tapşırıq müqaviləsi və həmin müqavilə əsasında bağlanılmış tələb hüquqlarının ötürülməsi barədə notarial müqavilə əsasında ona ötürmüşlər. Cavabdehin vəkili iddia ərizəsinə etiraz təqdim edərək, icarə obyektində yenidənqurma işlərinin aparılmasını təsdiq etmiş, həmin sahəyə Fuad Mehdiyev tərəfindən 150 000 manat, Cavabdeh tərəfindən isə 90 000 manat, ümumilikdə 240 000 manat sərmayə qoyulduğunu bildirsə də, nə Fuad Mehdiyev adlı şəxs məhkəmə baxışına dəvət edilərək bu xüsusat təsdiq edilmiş, nə də Cavabdeh tərəfindən 90 000 manat məbləğində sərmayə qoyuluşunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi güya işçiliklə bağlı ustalara ödənilmiş və notarial alınmış ərizələrlə ödənişin edildiyinə istinad edilir ki, bu ödənişlərin də səbəbi həmin ustalara işçilkdən qalan borclar olmuşdur ki, həmin borclar bir hissəsi kəsilməklə ustalara ödənilmişdir. Həmin ustalara sifariş və gördükləri işin dəyərinin 90 faiz hissəsi isə sərmayəçilər Elman və Elnur tərəfindən ödənilmişdir. İddia ərizəsinə etirazda 3-cü şəxs Seymur İsmayılovun notarial ərizəsinə hər hansı iddia və tələbinin olmayacağına istinad edilir. Bununla əlaqədar qeyd edirik ki, Seymur İsmayılovdan iddia və şikayət etmə hüququndan imtina edilməsi barədə alınmış ərizə konstitusiya və qanunlara ziddir. Şəxsi iddia qaldırmaq hüququndan imtina etdirilməsi barədə hər cür razılaşma etibarsızdır. Qaldı ki, həmin ərizənin məzmununda imtina edildiyi göstərilən tələb yenidənqurma işləri ilə əlaqədar deyil, icarə obyektinə Seymur İsmayılovun adına açılmış VÖEN əsasında ödənilməmiş vergi borcları və əmək haqqısı ilə əlaqədar pul vəsaiti olmuşdur ki, həmin pullar da Cavabdeh tərəfindən məcburiyyət qarşısında ödənilmiş və Seymur İsmayılov da həmin hissədə tələbinin olmayacağını bildirmişdir. Bu S.İsmayılovun məhkəmə baxışı zamanı izahatında və çıxışında xüsusi vurğulanmışdır. S.İsmayılov məhkəmədə bildirmişdir ki, sərmayəçilər onun adına olan icarə müqaviləsinin şərtlərinə arxayın olaraq sərmayə qoymuş və hazırda tələblərini də ondan edirlər. O da, sərmayəçilər Elman və Elnur adlı şəxslərin tələbləri ilə məcburiyyət qarşısında onların etməli olduğu, lakin müqavilə ilə onun səlahiyyətində olan tələb hüquqlarının onların təqdim etdiyi şəxsə ötürmüşdür. Əks təqdirdə həmin qoyulmuş xərclər onun tərəfindən ödənilməli idi. Aparılmış yenidənqurma işləri ilə əlaqədar sərmayənin kim tərəfindən qoyulmasının təsdiqi kimi həmin icarə obyektində təmir aparan ustaların bir hissəsi məhkəməyə şahid qismində dəvət edilmiş və həmin şəxslər təsdiq etmişdirlər ki, aparılan yenidənqurma işlərində işçilik etmiş, onlara sifarişi Babək adlı şəxsin vasitəçiliyi ilə Elman adlı şəxs vermiş, alınmış materiallar və ödənilmiş işçilik haqları da Elman Nadirov adlı şəxs tərəfindən ödənilmişdir. İşləri tam başa çatdırıb təhfil versələr də, zəhmət haqları tam şəkildə ödənilməmiş, kəsir qalmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ustalara ödənilmiş qalıq borcları ilə əlaqədar ərizələr də bu kimi digər ustalara qalmış borcların ödənilməsi müqabilində alınmışdır. Cavabdehin vəsatəti əsasında 3cü şəxs qismində cəlb edilmiş Vüsal Nəcəfov adlı şəxs məhkəmədə icarə obyektində yenidənqurma işlərinin aparılmasını təsdiq etmiş, həmin işlərin Babək adlı şəxsin vasitəçiliyi ilə Elman adlı şəxsin vəsaiti hesabına aparıldığı, işlərin sonunda ustalara qalan borcların Cavabdeh nümayəndəsi Bünyamin adlı şəxs tərəfindən ödənildiyini bildirsə də, pulun ödənilməsinin şəxsən şahidi olmadığını bildirmiş, eyni zamanda yenidənqurma işlərinə çəkilmiş xərclərlə bağlı Əlihüseyn və Babək adlı şəxslər arasında yazılı razılaşma olduğu bildirilsə də, bu deyilənləri cavabdeh və Babək adlı şəxs təsdiq etməmiş, belə bir razılığa dair ərizə məhkəməyə təqdim edilməmişdir. Vüsal Nəcəfov mübahisəli icarə obyektinin icarədarı olduğunu bildirsə də, yenidənqurma işlərinin aparıldığı və ondan sonrakı dövrlər üzrə yenidənqurma işlərinin aparıldığı icarə obyektinə dair hər hansı müqavilə məhkəməyə təqdim edilməmişdir. V.Nəcəfovun məhkəməyə bildirdiklərini təsdiq edən hər hansı sübut və dəlil yoxdur. Məhkəmədə cavabdehin vəsatəti əsasında Bünyamin adlı şəxs şahid qismində dəvət olunmuş və Bünyamin izahatında icarə obyektinə 2-3 aydan bir müştəri kimi getdiyini, həmin icarə obyektində nəinki yenidənqurma heç təmir işlərinin də aparılmadığı, bir tək jalyuzin krasqalandığı göstərilmişdir. Qeyd edim ki, Bünyamin adlı şəxs Cavabdeh ortağı Fuad adlı şəxsin qohumudur və işi cavabdehə və şəriyi Fuad adlı şəxsin ortaq olduğu icarə obyektinin icarə haqlarının yığılması ilə məşğuldur. O, etibarnamə ilə icarə obyektinə dair icarə müqavilələrini imzalayan şəxs, hər ay icarə haqqını yığan şəxs olmuşdur. Şahidin məhkəməyə həqiqətə uyğun olmayan yalan ifadələr verməsi həqiqətlərin ört- basdır etmək məqsədilə edilmişdir. Tərəfimdən məhkəməyə mübahisəli icarə obyektinə qoyulmuş sərmayənin dəqiq dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi barədə vəsatət verilmiş və vəsatət əsaslandırılarkən iddiaçı və cavabdeh tərəfindən xərclərin qoyulduğu etiraf edildiyini, qoyulduğu iddia edilən xərclər arasında ciddi fərqin olduğu da nəzərə alınmaqla xərclərin dəyərinin müəyyən edilməsi məqsədilə verilmişdir. Cavabdehin vəkili vəsatətə etiraz edərək yenidənqurma işlərindən sonra icarə obyektinin bir neçə şəxsə icarəyə verildiyi, güya həmin şəxslər tərəfindən də orada təmir işləri aparıldığı, bu səbəbdən xərclərin dəyərinin müəyyən edilməsinin mümkün olmaması ilə əsaslandırılmışdır. Halbu ki, tamamilə yenidən qurulmuş və yeni avadanlıqlarla təhciz edilmiş icarə obyektinin 6 aydan sonra təmirə etityacı olmamış və orada təmir işləri aparılmamışdır. Bu vəkilin haqsızcasına məhkəməyə danışdığı ağ yalandır. Vəsatətim üzrə məhkəmə tərəfindən qüsurlu qərardad qəbul edilərək, qərardadda heç bir əsaslandırma edilmədən vəsatət rədd edilmişdir. Sonradan qüsurların aradan qaldırıldığı bildirilsə də, vəsatət yenidən müzakirə edilərək ədalətli hüquqi qiymət verilməmişdir. İddia tələbinin əsaslı olmasını təsdiq edən, aparılmış yenidənqurma işlərinə çəkilmiş xərclərin dəyərini əks etdirən qaimələr, müqavilələr və digər sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə qoyulmuş xərclərin 280 377 manat olduğu müəyyən edilmiş, bu zaman işçilik, material və fotoşəkillərə istinadlar edilmişdir. İş materiallarına əlavə edilmiş çoxsaylı elektron qaiməfakturalarla icarə obyektində istifadə edilən malların adları və görülmüş işlərin dairəsi müəyyən edilmişdir. Həmin qaiməfaktiralar ötürülən tələb hüquqlarının sahibi Elman Nadirovun təsisçisi və direktoru olduğu "NEO SUPPLY” MMC- nin adına kəsildiyi görünür. Eyni zamanda Elman Nadirov öz firması ilə "ALİEFS” MMC arasında İT sahəsində işlərin görülməsi barədə xx.xx.2023 tairixli müqavilə də bağlamış, həmin müqavilə əsasında icarə obyektində müqavilədə göstərilən işlər görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş ustalardan olan və qalıq borcunun bir hissəsi də Cavabdeh tərəfindən ödənilmiş Bəhram Həsənzadə adlı ustanın verdiyi qaimə- fakturadan görünür ki, onun tərəfindən görülmüş işlərə görə faktura Babək adlı şəxsin adına yazılmışdır. Səbəb həmin ustanın Babək adlı şəxsin vasitəsilə sifarişlə işə başlaması və işlərin onun tərəfindən qəbul edilməsi olmuşdur. Babək adlı şəxs də məhkəmədə onun işlətməçi olduğu, alınmış malların pullarının Elman və Elnur adlı şəxslər tərəfindən ödənildiyi bildirilmişdir. Əgər cavabdehin məhkəməyə ərizəsini təqdim etdiyi Bəhram adlı şəxslə razılıq əsasında sifariş verərək təmir işləri cavabdeh tərəfindən sifariş edilmişdirsə, nə üçün qaimə-faktura Babək adlı şəxsin adına yazılmışdır?. Ustalardan alınmış bu ərizələr cavabdehin ondan edilən tələbindən haqsızcasına yayınmaq məqsədilə edilmişdir. Məhkəməyə təqdim edilmiş Baktel Electronics təklif məktubu ilə icarə obyektinə təmirdən sonra quraşdırılmış 12 ədəd televizora dair qiymətlər əks edilmişdir ki, həmin markalı televizorlar alınmış və hazırda icarə obyektində işlədilir. Həmin mallara dair ödəniş nağd qaydada edildiyi və rəsmi qəbzlər alınmadığı üçün rəsmi qaimələr təqdim edilə bilməsə də, əşyaların hazırda da icarə obyektində olması həmin əşyaların alınmasını təsdiq edir. Çıxışda istinad edilən və əsaslandırmalarla görünür ki, icarə ibyektinə dair bağlanılmış müqavilə ilə təmir-tikinti işlərinin dəyəri icarə müqaviləsinə xitam veriləcəyi və icarə obyektinin satıldığı təqdirdə mülkiyyətçi tərəfindən ödəniləcəyi göstərilmişdir. Əgər icarə obyektində təmir işləri aparılması nəzərdə tutulmamışdırsa onda nə məqsədlə icarə müqaviləsində belə bir bənd əlavə edilmişdir?. Təmir-tikinti işlərinin aparılması barədə razılaşdırılmış icarə müqaviləsindən əvvəl də eyni şəxs Seymur İsmayılovla həmin icarə mobyektinə dair icarə müqaviləsi mövcud olmuş, icarəçinin təqdim edəcəyi şəxslər Elman və Elnur adlı şəxslər tərəfindən aparılacaq təmir-tikinti ilə əlaqədar həmin müqavilə ləğv edilərək yeni müqavilə bağlanılmış və bu zaman həmin bənd əlavə edilmişdir. Bu cavabdehin öncədən aparılacaq təmir-tikinti işləri barədə məlumatlı olması və buna yazılı razılıq verməsi ilə əlaqədar olmuşdur. Hazırda cavabdehin bu müqaviləni danaraq xərclərdən imtina etməsi ədalətsizlik və haqsızlıqdır”.

26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddia ərizələrinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat vermiş, hər iki iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Seymur İsmayılov iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, icarə sahəsində təmir işləri aparılmış, təmiri o aparmamış, digər şəxslər onun adından aparmışdır. O, sahədən çıxanda cavabdehin ona 37 000 manat borcu olmuş, borcun əvəzinə onun vergi borcları ödənilmişdir. Cavabdehin şəxsən ona hər hansı borcu yoxdur. Avadanlıqları o almamış, təmiri digər şəxslər etmişdir, müqavilə onun adına olduğu üçün indi iddia onun adından qaldırılmışdır. Borcları 37 000 manat məbləği əhatə edirdi. Müqavilə üzrə cavabdehə ödəməli olduğu borcu yoxdur. Qarşı tərəfin müqaviləyə xitam verilən zaman şəxsən onun qarşısında hər hansı öhdəliyi olmamışdır. İcarə müqaviləsinə xitam verilən zaman müqaviləyə görə təmir xərcləri ödənilməli idi. O, obyektdə sahibkar olmuş, 4 şəriki olmuşdur. Elman və Elnur adlı üçüncü şəxslər sadəcə obyekt sahəsinə pul sərmayəsi qoymuşdurlar. 4 nəfər arasında olan mübahisəyə görə müqavilə xitam olunmuşdur. İcarə sahəsinə çəkilmiş xərc 300 000 manat məbləğini keçmişdir. Xərcin bir qismini o ödəmişdir. Təmirin əvvəlindən sonuna qədər iştirak etmiş, menecer olmuş və obyektin bir hissəsində işləmişdir. İcarə müqaviləsi onunla bağlanılmışdır. Nadirov Elman və İsmayılov Elnur onun icarəyə götürdüyü sahəyə 280 000 manat məbləğində xərc çəkmişdirlər. Onun çəkdiyi xərclərin qarşılığı olaraq Cavabdeh 37 000 manat onun adından vergi borcu ödəmişdir. Notarial ərizələr vermiş üç ustaya cavabdehin nə qədər ödəniş etdiyini bilmir. Mebelləri və sairəni o almamış və pul xərcləməmişdir. O, sadəcə ona verilən pulu lazımı tərəflərə ötürmüşdür. Əşyaları götürmək istədiyini bildirmiş, lakin cavabdeh əşyaları qaytarmamışdır. Onlara bildirdilər ki, daha sonra əşyaları geri qaytaracağıq. Təmiri Nadirov Elman və İsmayılov Elnur etmişlər, avadanlıqları da onlar almışlar. Onun icarə sahəsində hər hansı əşyası qalmamışdır.

28. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Elman Nadirov iddia tələbinin təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, onlar sadəcə sərmayə kimi obyektə investisiya pulu qoymuşlar, təmir xərcləri ona və Elnura aiddir. Təqribən 150 000 manat məbləği təmir xərci şəxsən ona aiddir. Təmir xərcinə materiallar və işçilik haqqı daxildir. Tikinti materialları dedikdə alçipan, boya, dəmir ləvazimatları, elektrik kabelləri və s. nəzərdə tutulur. Materialların alışına təqribən 100 000 manat məbləğində xərc çəkilmişdir. Ustalara 50 000 manat məbləğində haqq ödənilmişdir. Onun icarə obyektində əşyası qalmamışdır. Mebellərin bir qismi onun və digər qismi Elnur bəyin adından alınmışdır. Onlar pulu Cavabdehdən tələb edirlər. Cavabdeh ilə müqaviləsi olmamışdır. Hazırkı iddianı iddiaçı tapşırıq müqaviləsinə əsasən onun adından qaldırıb. Sərmayə qoyulması İsmayılov Seymur tərəfindən təklif olunmuşdur. 150 000 manat sərmayə məbləğini gələcəkdə obyektin fəaliyyətindən geri götürəcək idilər. Təmir üçün razılığı cavabdehin nümayəndəsi olan Bünyamin bəydən almışlar. 100000 manat məbləğində materialların alışına dair xərci sübut edəcək sənədlər mövcuddur. "Neo Supply” MMC onun şəxsi şirkətidir. Şəxsi olaraq sərmayə qoymuş, şirkətin adından malları almışdır. Malları rəsmi şəkildə cavabdehə müqavilə əsasında təqdim edəcək idik. Alış xərci Neo Supply şirkəti tərəfindən ödənilmişdir. Birgə fəaliyyətə dair müqavilə üzrə İsmayılov Seymur işlətmə ilə məşğul olmalı və digər üçüncü şəxslər sərmayə qoymalı idi. Onlardan öncə "50 qəpik” adında çayxana həmin yerdə fəaliyyət göstərmiş və obyektin daxili vəziyyəti yaxşı olmadığı üçün obyekti sıfırdan təmir etmişlər. 150 000 məbləğində olan alış sənədlərinin bir hissəsini toplamış, lakin bəzi satıcılar məhkəmə adından qorxduğu üçün sənəd təqdim etməmişdir. Seymur bəy obyekt üçün heç bir xərc çəkməmişdir.

29. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Elnur İsmayılov iddia tələbinin təmin olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, icarə müqaviləsindən öncə obyekti işlətmək üçün ilk təklif ona Seymur və Elman bəydən gəlmişd, ilkin olaraq sərmayə qoymaq istəməmiş, çünki pulun batmasından qorxmuşdur. Daha əvvəl həmin sahə ilə bağlı icarə müqavilələri olmamışdır. Təqribən 130 000 manat məbləğindən bir az çox xərc çəkmişdir. Texnika materialları və mebellərin alışı, mətbəxin quraşdırılmasına pul xərcləmişdir. Ayrıla bilən yaxşılaşdırılmalar etmiş, lakin ona əşyaları götürməyə icazə verilmir. Əşyalar və avadanlıqlar ona geri verilmədiyi üçün əşyaların dəyərini geri tələb edir. Alış sənədləri Elman bəydədir. Birgə fəaliyyətə dair razılaşmaları olmuşdur. Razılaşmaları belə olmuşdur ki, vəsaiti o və Elman bəy qoymalı və Seymur bəy obyekti işlətməli idi. 130 000 manat xərci gələcəkdə cavabdehdən tələb etməyi düşünürdülər. Mətbəxdə quraşdırılan avadanlıqlar ən bahalı avadanlıqlar idi.

30. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Bəbək Əhmədov verdiyi iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Vüsal Nəcəfov izahatında bildirmişdir ki, icarə sahəsi 6 ay onun istifadəsində olmuş, daha öncə icarəçi olmamışdır. 24 avqust 2024-cü il tarixdən obyekt istifadəsinə verilmişdir. Obyektin açarları müqavilə bağlanılan tarixdə əşyalar ilə birgə ona təhvil verilmişdir. Obyekt ona verilən zaman təmirli idi. Obyektdə kafe fəaliyyəti olmuşdur. Bir neçə ay obyekt istifadəsində olmuşdur. Üçüncü şəxslər əşyaların qaytarılması barədə ona heç vaxt müraciət etməmişdir. Daha sonradan obyekt Babəkin istifadəsində olan zaman ona bildirdi ki, bütün borcları bağlayacaq. Ustalar borcu Babəkdən istəyirdilər. Ustalara sifarişi Babək vermişdir. 28 oktyabr 2024-cü il tarixdə müqavilə Babək ilə bağlanıldı. Cavabdeh ustalara ödənişi etmişdir. Elnur və Elman bəy ondan heç vaxt əşyalarını istəməyiblər. Babək obyektin hər iki tərəfi təmir edəcəyini bildirirdi. 2023-cü il tarixdə obyekt təmirli idi. Babək vəd etdiyi təmiri həyata keçirməmişdir.

32. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Seymur İsmayılovu, Babək Əhmədovu və Cavabdeh tanıyır, onlarla hər hansı qohumluq əlaqəsi yoxdur. Fuad bəy Əlihüseyn bəylə şərik olmuşdur. Onun obyektin işləri ilə bağlı əlaqəsi olmuş, obyektə yaxın ərazidə yaşadığı üçün vaxtaşırı nəzarət etmişdir. Seymurdan əvvəl obyektin icarədarı Vüsal olmuş, Vüsal bəyin icarədar olduğu dövrdə obyekt təmirli vəziyyətdə olmuşdur. Seymur obyekti təmirli şəkildə icarəyə götürmüş və ona qədər görülmüş təmir işlərindən əlavə hər hansı təmir işləri aparmamışdır, icarə haqqını Vüsaldan almış, lakin Babəkdən hər hansı icarə haqqı almamışdır. Babəkin fəaliyyət dövründə icarə haqqı birbaşa obyektin sahibinə ödənilmişdir. Heç kəs əşyaları geri tələb etməmiş, Seymur isə obyektə heç bir əşya gətirməmiş və kassir qismində fəaliyyət göstərmişdir.

33. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, “hazırda “Status Qrup” tikinti şirkətində çalışır. İsmayılov Seymuru tanıyır. Cavabdehi tanımır. Onu sahəyə Babək və Elman çağırmışdır. Tikinti işlərinə nəzarət etmək üçün dəvət olunmuşdur. Sahədə 6 ay olmuş, oktyabr və ya noyabr ayında obyektdən çıxmışdır. Demontaj və montaj işlərini həyata keçirmişdir. Köhnə "50 qəpik” restoranından qalmış əşyalar sökülmüş və təmir işləri aparılmışdır. Ustalara nəzarət etmiş və materialların alınmasını təmin etmişdir. Onun briqadası olmuş və ustaları özü gətirmişdir. Havalandırma, kafel, molyar, dekorativ ustaları və dizayneri özü ilə gətirmişdir. Materialların pulunu 2 dəfə Babək ödəmiş, digər ödənişləri isə Elman etmişdir. Babək 11 000 və 6 000 manat məbləğində ödənişlər etmişdir. Elman ilə onun arasında imzalanmış forma 2 mövcuddur. Onun sahədə olduğu müddətdə mebel istisna olmaqla ümumilikdə 110 000 manat xərc çəkilmişdir. 12 000 manat məbləği şəxsi vəsaitindən ustalara ödəmişdir. Pul vəsaitləri ona hissəli şəkildə ödənilmişdir. Döşəmə işləri mətbəx və hamamda görülmüşdür. Əvvəlcədən elektrik xətləri mövcud olmuş, lakin sonradan yeni avadanlıqlara uyğun olaraq təkmilləşdirilmişdir. Onların ustalarından əlavə, o sahədən çıxdıqdan sonra da başqa ustalar işə cəlb olunmuşdur. Ona ödənilməli olan borcla bağlı məhkəməyə müraciət etməyi nəzərdə tutmamışdır”.

34. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, “o, İsmayılov Seymuru tanıyır, Cavabdehi isə tanımır. Obyektin dizayneri kimi fəaliyyət göstərmiş və işləri hər hansı yazılı müqavilə olmadan icra etmişdir. Şifahi müqaviləni Babək və Seymur bəy ilə bağlamışlar, obyektin yenidən qurulması və layihələndirilməsi barədə razılığa gəlmişlər. Söküntü işləri aparıldığı dövrdə obyekt yararsız vəziyyətdə olmuşdur. Xidmət haqqı 6000 manat məbləğində müəyyən edilmiş, lakin həmin məbləğin yalnız 3000 manatı Babək tərəfindən ona nağd şəkildə ödənilmişdir. Obyekt sahibi kimi Seymuru tanımışdır, qalan borcu isə tələb etmir”.

35. Birinci instansiya məhkəməsinin 06 noyabr 2025-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi, iddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumlarının İddiaçı və X17 aid edilməsi qət olunmuşdur.

36. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

36.1. İddiaçı xx.xx.2025-ci il tarixdə (tələb hüquqlarının ötürülməsi barədə saziş bağlandıqdan təxminən 5 ay sonra) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin 8-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin təmir edilməsinə çəkilmiş xərclərin ödənilməsini və icarə sahəsində qalmış, lakin qaytarılmayan avadanlıqların dəyərinin ödənilməsini tələb etmişdir. 36.2. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli "Əmlak Qiymətləndirmə” MMC tərəfindən verilmiş rəyi mötəbər sübut qismində nəzərə almır. Belə ki, həmin rəyin giriş hissəsində tədqiqat və qiymətləndirmə zamanı təqdim edilmiş sübutların əsas götürüldüyü göstərilsə də, ekspertiza tədqiqatına ümumiyyətlə hansı sənədlərin təqdim edildiyi qeyd edilməmiş, ekspertin hansı qaydada xərci müəyyən etdiyi, hər hansı ölçü və hesablama işi, əşyaların sayımı aparılmadan əşyaların sayını və işlərin həcmini müəyyən etdiyi rəydən bəlli olmur. İddiaçı öz izahatında tədqiqat aparılan zaman mütəxəssisin icarə sahəsinə (restoran) müştəri kimi daxil olub şəkillər çəkdiyini, kənardan müşahidə etməklə rəy verdiyini bildirmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş "təmir işlərindən əvvəlki fotoşəkillər” adlandırılan şəkillərin ümumiyyətlə harada və hansı vaxtda, hansı qaydada və kim tərəfindən çəkildiyi isə ümumiyyətlə müəyyən edilmir. İddiaçı məhkəmə iclaslarındakı izahatlarında həmin rəydə göstərilən əşyaların hazırda icarə sahəsində qaldığını, cavabdeh tərəfindən geri qaytarılmadığını və bu səbəbdən dəyərinin cavabdehdən tələb edildiyini bildirmiş, cavabdeh iddiaya qarşı etirazında icarə sahəsində icarəçiyə məxsus hər hansı əşya qalmadığını göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə iddia tələbinin əsasına dair zəruri əlavə sübutların təqdim edilməsi təklif edilmiş, bu səbəbdən məhkəmə iclasları cavabdeh tərəfin etirazlarına baxmayaraq bir neçə dəfə təxirə salınmışdır. İddiaçı tərəfindən cavabdehdən tələb etdiyi və ümumi dəyərinin 127 300 manat olmasını iddia etdiyi əşyalarla (dəyəri 8000 manat olan 20 ədəd divan, dəyəri 10800 manat olan 60 ədəd kreslo, dəyəri 7000 manat olan 20 ədəd masa, dəyəri 1500 manat olan 6 ədəd kiçik masa, dəyəri 9000 manat olan 2 ədəd giriş qapısı, dəyəri 6000 manat olan 5 ədəd daxili giriş qapısı, dəyəri 1800 manat olan 2 ədəd güzgülü dolab və əlüzyuyan, dəyəri 2400 manat olan unitaz, dəyəri 450 manat olan 30 ədəd salfet qabı, dəyəri 330 manat olan 6 ədəd masa, dəyəri 3300 manat olan kombi, dəyəri 11200 manat olan 11 ədəd televizor, dəyəri 4500 manat kompüter avadanlığı, dəyəri 2400 manat səs sistemi, dəyəri 3600 manat və 1200 manat olan iki növdə kondisioner, dəyəri 13300 manat olan 100 dəst qab-qacaq, dəyəri 3500 manat olan reklam lövhələri, dəyəri 26000 manat olan mətbəx avadanlıqları, dəyəri 8500 manat olan bar üçün dolab və masa, dəyəri 960 manat olan 8 ədəd asılqan, dəyəri 1600 manat olan qəlyan aparatları) bağlı hər hansı sübut (mövcudluğunu təsdiq edən sənədlər, alış sənədləri və sairə) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı ümumiyyətlə həmin əşyaların icarə münasibətlərinə xitam verildikdən sonra icarəyə verəndən (cavabdeh) tələb edildiyi öz təsdiqini tapmamışdır. Beləliklə iddiaçı cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini sübuta yetirə bilməmişdir. 36.3. İddianın bu hissədə əsaslı hesab edilməsi üçün iddiaçı tərəfindən sadalanan əşyaların ona tələb hüququnu ötürmüş icarəçinin mülkiyyətində və ya qanuni sahibliyində olması, həmçinin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. İddiaçı tərəfindən məhkəməyə icarə sahəsində görülməsini iddia etdiyi ümumi dəyəri 153077 manat olan yaxşılaşdırma işlərinin (dəyəri 9123 manat olan kafel, metlax, dəyəri 830 manat olan kafel yapışdırıcısı, 8500 manat dekorativ yaşıllıq əşyaları, 6000 manat dizayner işçilik, dəyəri 16300 manat olan havalandırma işi, dəyəri 4500 manat olan motor təmir işi, dəyəri 8500 manat olan pəncərə sistemi, dəyəri 8500 manat təşkil edən qaz sobasının tikilməsi, rəssam əl işlərinin görülməsi - dəyəri 6000 manat olmaqla, 8000 manat elektrik usta haqqının ödənilməsi və 2421 manat dəyərində kabel alışı, 7600 manatlıq naqillərin çəkilməsi, kombi sistemi ilə bağlı 4000 manat usta xərci, dəyəri 13300 manat olan işıq aksessuarlarının alınması, dəyəri 3807 manat dam təmir işi, 1500 manat təmizlik işinin görülməsi xərci, 2250 manat işçilik, alçipan alışı - 4540 manat, usta xərci - 2800 manat, rəngsaz xərci - 2400 manat, prorab xərci - 12000 manat, santexnika işi və avadanlıqları - 9310 manat, dəmir profillər, kərpic lövhələr, istilik sistemi, arakəsmə quraşdırılması işi, tullantıların daşınması xərci, qranit alışı - 10056 manat) görülməsini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübut (materialların alış sənədləri, ödəniş qəbzləri, işçilik xərcinin ödənilməsini təsdiq edən sənəd və sairə) təqdim edilməmişdir. 36.4. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli alış qaiməsini də mötəbər sübut qismində qəbul etmir. Həmin qaimədə göstərilən materialların kimdən və kim tərəfindən alınması ümumiyyətlə müəyyən edilmir. Halbuki, icarəçi S.İsmayılov və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanan zaman həmin xərclərin rəsmi sənədlər və qaimələrə əsasən ödəniləcəyi mühüm şərt kimi (müqavilənin 8-ci bəndi) tərəflər arasında razılaşdırılmışdır. Belə bir tələbin olmasını bildiyi halda, icarəçinin sahədə apardığı yaxşılaşdırma işləri ilə bağlı yazılı sübutları əldə edib saxlamaması, iddiaçının bildirdiyi kimi əksər materiallarının bazardan qəbzlər tərtib edilmədən alması, işçilik xərcini ödəyən zaman sənədləşmə aparmaması ağlabatan və inandırıcı deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı icarə sahəsində ümumi dəyəri 153 077 manat olan yaxşılaşdırma işlərinin görülməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmamışdır. 36.5. Məhkəmə qeyd edir ki, daşınmaz əşyanın yaxşılaşdırılması ilə bağlı kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan yaxşılaşdırma, təmir işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir. 36.6. İddiaçı məhkəməyə şahid ifadələri təqdim etmişdir. İddiaçının təqdim etdiyi həmin şahidlər yaxşılaşdırma işləri ilə bağlı (həmin işlərin hansı vaxt və kim tərəfindən aparılması, yaxşılaşdırma işlərinin nədən ibarət olması və sairə) konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Beləliklə də, iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. 36.7. Bundan əlavə, materiallardan görünür ki, cavabdeh və üçüncü şəxs S.İsmayılov arasında icarə müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış, həmin müqavilə xx.xx.2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında xitam edilmişdir. İddiaçı hazırkı iddianı icarəyə verənə qarşı xx.xx.2025-ci il tarixdə, icarə müqaviləsinə xitam verilməsindən bir il sonra qaldırmışdır. Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 36.8. Bundan əlavə, icarəçi olmuş və icarə müqaviləsi üzrə tələb hüquqlarını hazırkı iddiaçıya ötürmüş üçüncü şəxs S.İsmayılov məhkəmə iclasındakı izahatında bildirdi ki, icarə müqaviləsi üzrə icarəçiyə qarşı şəxsən özünün hər hansı tələbi yoxdur, onun tərəfindən icarə sahəsinə çəkilmiş xərc qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən onun vergi borcunun ödənilməsi ilə əvəzləşdirilmişdir. Hazırda cavabdehdən tələb edilən xərcləri o deyil, digər üçüncü şəxslər olan Elman Nadirov və Elnur İsmayılov çəkmişlər. 36.9. Məhkəmə icraatına bu səbəbdən üçünçü şəxs qismində cəlb edilmiş Elman Nadirovun və Elnur İsmayılov izahatlardan sonra iddiaçıya onun əsl iddiaçılar Elman Nadirov və Elnur İsmayılovla əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən bu barədə yazılı ərizə verilməmiş, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ümumiyyətlə hazırda Elman Nadirov və Elnur İsmayılovun adından iddia qaldırmaqla bağlı subyektiv hüquqa malik deyildir. 36.10. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia birinci hissədə əsassız olduğundan təmin edilməməlidir. 36.11. Məhkəmə iddianı ikinci hissədə də əsassız hesab edir, iddia birinci hissədə təmin edilmədiyi üçün bu hissədə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

37. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi ilə bağlı gəldiyi qənaəti belə əsaslandırmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxsə tələbin əsasına dair zəruri sübutların təqdim edilməsi təklif edilsə də, məhkəməyə sübut təqdim edilməmiş, ödənişlərin nağd qaydada edildiyi, bu barədə hər hansı sübutun olmadığı bildirilmişdir.

38. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 431.1ci, 675-ci, 700.1-ci, 700.3-cü, 697.4-cü maddələrinə istinad etmişdir.

39. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini, məhkəmənin qeyri-yaşayış sahəsinin təmirinə çəkilən xərci müəyyən etməyə səy göstərmədiyini, habelə iddia müddətinin tətbiqi ilə bağlı yanlış mövqe sərgilədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

40. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

41. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

42. İşin halları, apellyasiyanın həddi, iddiaçının hər hansı üzrlü səbəblə bağlı məhkəməyə gələ bilmədiyinə dair məlumat verməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının və digər proses iştirakçılarının iştirakları olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

45. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

46. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

50. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

51. Maddə 546. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.

52. Maddə 652. Hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir.

53. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.

54. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

55. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

56. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

57. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

65. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “İddiaçı iddia tələbinin təmin edilməməsi və iddia ərizəsi verilərkən ödənilmiş 571 (beş yüz yetmiş bir) manat dövlət rüsumunun İddiaçı özünə aid olunması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının rədd olunmasına baxmayaraq müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamədən şikayət verməmiş, iddiaçı isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

66. Kollegiya müvafiq hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, həmin hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

67. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

68. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

69. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

70. İşin hallarından görünür ki, iddiaçının müvafiq iddia tələbini irəli sürməsinə əsas təşkil edən xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin tərəfi olan və iddiaçıya sözügedən tələb hüququnu xx.xx.2025-ci il tarixdə güzəşt edən X5 hələ xx.xx.2024-cü il tarixli ərizəsində “...qeyriyaşayış binasını işlətmək qane etmədiyinə görə ... onunla Cavabdeh arasında icarə müqaviləsinin ləğvi barədə müqavilə imzalandığını, bu məsələ ilə bağlı hər hansı bir şikayətinin, iddiasının, tələbinin olmadığını və gələcəkdə də olmayacağını” bəyan etmiş, hazırkı icraat zamanı da “icarə müqaviləsi üzrə icarəçiyə qarşı şəxsən özünün hər hansı tələbinin olmadığnı, tərəfindən icarə sahəsinə çəkilmiş xərcin qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən onun vergi borcunun ödənilməsi ilə əvəzləşdirildiyini" bildirmişdir.

71. Başqa sözlə, X5 əvəzləşdirdiyi, yaxud bağışladığı (§ 50, 51) tələbi (hüququ) iddiaçıya güzəşt etmişdir; belə bir güzəşt isə iddiaçıya müvafiq tələbi irəli sürməyə imkan vermir – çünkü əvəzləşdirmə, yaxud bağışlama ilə tələbə (öhdəliyə) xitam verilmişdir (§ 49).

72. Digər tərəfdən iddiaçı, xx.xx.2024-cü il tarixdə ləğv olunmuş icarə müqaviləsinə əsaslanmaqla xx.xx.2025-ci il tarixdə müvafiq iddia tələbini irəli sürərkən qanunla müəyyənləşdirilmiş (§ 55) müddəti də ötürmüşdür.

73. Belə ki, qanunverici icarə münasibətlərinə əmlak kirayəsi haqqında müddəaların tətbiqinə imkan verdiyindən (§ 57), hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir – hansı ki, həmin maddədə müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir1 və onun tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

1 Ali Məhkəmə, İş № 2(102)-1921/2024 (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1116+01.08.2024.pdf)

74. Birinci instansiya məhkəməsinin məhkəmə xərci ilə bağlı gəldiyi nəticə də düzgündür (iddiaçıya aid hissədə); apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə iddiaçının özünə aid olunmalıdır.

75. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5432/2025 saylı iş üzrə 06 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı iddia tələbinin təmin edilməməsi və iddia ərizəsi verilərkən ödənilmiş 571 (beş yüz yetmiş bir) manat dövlət rüsumunun İddiaçı özünə aid olunması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar