Məhkəmə qərarları › İş №2-2(3-6)-110/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-110/2026

19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-110/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6629/2025 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ

1. İddiaçı və cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli ***-**-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir

2. İddiaçıya məxsus 2025-ci ilin mart ayına olan abonentin saldosundan görünür ki, iddiaçının cavabdehə olan borcu 91817,55 manat təşkil edir. İddiaçının 2022-ci ilin aprel ayı üzrə sərfiyyat borcu 69211,56 manat, 2022-ci ilin may ayı üzrə olan sərfiyyat borcu 44662,86 manat, 2022-ci ilin iyun ayı üzrə olan sərfiyyat borcu isə 8925,18 manat təşkil edir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia təmin edilərək ona əsassız olaraq hesablanmış 193927,14 manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmişdir.

4. İddiaçıya məxsus 2025-ci ilin mart ayına olan abonentin saldosundan görünür ki, 193927,14 manat borc iddiaçının abonent saldosundan 2024-cü ilin yanvar ayında silinmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 91817,55 (doxsan bir min səkkiz yüz on yeddi manat, əlli beş qəpik) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 365,45 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən**********00000 saylı abonent kodu olan bizə məxsus istixana fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim tərəfimizdən vaxtlı vaxtında ödənilmişdir. 2023-cü ilədək istifadə etdiyimiz təbii qazın dəyərinin hesablanmasında hər-hansı gözə çarpacaq qüsurlar olmamışdır. Cavabdeh təşkilat tərəfindən 2021 və 2022-ci illər ərzində bizə ümumilikdə 91817,55 manat borc hesablanmışdır. 2023-cü ilin aprel ayından tərəfimizdən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsəkdə bizə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bizə məxsus qaz kəmərinin üzərində ELSTER G400 markalı, 80071094 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2022-ci il ərzində aktlar əsasında sayğac göstəricilərindən əlavə aktlar əsasında borclar hesablanmışdır. Aktların tərtib olmasına səbəb guya qaz sayğacının işləməməsi olmuşdur. Sayğac göstəricilərinə baxdıqda isə aydın görmək olar ki qaz sayğacı tam saz vəziyyətdə olmuş və sərf edilən qazın hesabatını tam aparmışdır.

7. Cavabdeh İB xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh “Fəxrəddin-K“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 91817,55 manat borcun və 365,45 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında “Fəxrəddin-K“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə Birliyə 91817,55 (doxsan bir min səkkiz yüz on yeddi manat, əlli beş qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6629/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Cavabdeh İB tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

10. İlk iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, abonent saldosundan da göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB 2022-ci ilin iyun ayına olan borcu bu gün bizdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il 373.3-cü maddəsinə əsasən isə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 2022-ci ilin iyun ayından 2025- ci ilin avqust ayınadək olan müddətə nəzər yetirsək üç borcun yaranmasından üç ildən artıq müddətin keçməsini aydın görmək olar. Yəni qarşılıqlı iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın əsassız olması səbəbindən ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda tələb edilən borc cavabdehin 2022-ci ilin aprel, may, iyun ayları üzrə yaranmış sərfiyyat borcudur. Hər ayın ilk 5 günlüyündə cavabdehə yaranmış sərfiyyat borcunun ödənilməsi ilə bağlı hesab faktura təqdim edilir. Buna baxmayaraq yaranmış həmin borclar 3 ildir ki, ödənilmir. Tərəflər arasında daha əvvəl də məhkəmə mübahisəsi olmuş, bu səbəbdən hazırkı borcun tutulması ilə bağlı məhkəməyə iddia ərizəsi gec verilmişdir. Cavabdeh tərəfindən son dəfə ödəniş 2022-ci ilin fevral ayında olmuş, 193927,14 manat borc isə Bakı Kommersiya Məhkəməsinin icra sənədi üzrə 2024cü ilin yanvar ayında silinmiş, həmin silinmədən sonra cavabdehin 91817,55 manat sərfiyyat borcu qalmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6629/2025 nömrəli qətnaməsi ilə ilk iddianın və qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

14. Cavabdeh İB apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6629/2025 saylı qətnaməsini qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edib, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-in iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisələndirilən borc məbləği "xxxx" MMC-nin istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İstehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi "xxxx" MMC hüquqi şəxsdir və qaz sayğacının işlək vəziyyətdə saxlanılması bilavasitə onun cavabdehliyi altındadır. Birinci instansiya məhkəməsi yalnız iddia müddətini tədbiq edərək qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Burada qeyd etmək lazımdır ki "xxxx" MMC ilə 2023- 2024-cü illərdə də məhkəmə mübahisəsi olmuşdur. Sözügedən məhkəmə mübahisəsi bitdikdən sonra tərəflər arasında yenidən məhkəmə mübahisəsi yaranmışdır. Yəni göründüyü kimi belə olan halda iddia müddətinin ötürülməsindən ümumiyyətlə söhbət gedə bilməz. "xxxx" MMC-ninistifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və tərəfindən tam olaraq ödənilməlidir..

17.Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Azər Gumbatov məhkəmə iclasının təxirə salınması xahiş etmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın:

27. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.

28. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

29. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

30. 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun

31. 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı qarşılıqlı iddia tələbi həcmində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, Cavabdeh İB tərəfindən apellyasiya şikayəti yalnız Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edildiyi hissəsinə münasibətdə verilmişdir. Bu səbəbdən, apellyasiya baxışının hüdudları məhz həmin hissə ilə məhdudlaşır və məhkəmə araşdırmasının predmeti yalnız qarşılıqlı iddia tələbinin qanuniliyi və əsaslılığının yoxlanılası təşkil edir.

36. İş materillarına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə “Fəxrəddin-K“ MMC-yə borcun ödənilməsinə dair pretenziya gönədərək, istehlak edilmiş qaza görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, Müqavilənin 3.4cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Lakin istehlak olunmuş qazın dəyəri tam ödənilmədiyindən xx.xx.2021-ci il tarixə Birliyə 91817,55 (doxsan bir min səkkiz yüz on yeddi manat, əlli beş qəpik) manat debitor borcun ödənilməsini tələb etmişdir.

37. xx.xx.2025-ci il tarixdə Cavabdeh İB cavabdeh “Fəxrəddin-K“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 91817,55 manat borcun və 365,45 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qarşılıqı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

38. Apellyator apellyasiya şikayətində 2023–2024-cü illərdə tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsinə istinad edərək hazırkı iddia tələbinin qaldırılması üçün iddia müddətinin keçmədiyini göstərməyə çalışmışdır.

39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2911/2023 saylı qətnaməsindən göründüyü kimi, həmin iş üzrə mübahisənin predmeti 2021-ci ilin dekabr ayı, 2022-ci ilin yanvar və fevral aylarına dair tərtib edilmiş aktlar üzrə hesablanmış borcun silinməsi tələbi olmuşdur. Yəni əvvəlki mübahisə konkret dövrə və konkret aktlara əsaslanan borcun hüquqi əsaslarının mövcud olub-olmaması ilə bağlı olmuşdur.

40. Hazırkı qarşılıqlı iddia tələbinin predmeti isə tamamilə fərqlidir. Belə ki, burada tələb təbii qazdan istifadəyə görə formalaşmış və ödənilməmiş 91 817,55 manat məbləğində borcun tutulmasına yönəlmişdir. Bu tələb başqa dövrü, başqa hesablamaları və fərqli hüquqi əsasları əhatə edir.

41. Kollegiya hesab edir ki, Cavabdeh İB təbii qazdan istifadəyə görə yaranmış və ödənilməmiş borcun ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hər hansı maneə mövcud olmamışdır.

42. Kollegiya qeyd etmək istəyir ki, Cavabdeh İB pretenziya məktubunda xx.xx.2021-ci il tarixədək isifadə olunmuş təbbi qazın dəyərinin ödənilmədiyini, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi V.Abdullayev izahatında isə hazırda tələb edilən borcun cavabdehin 2022-ci ilin aprel, may, iyun ayları üzrə olduğunu bildirmişdir.

43. Həmin borcların ödənilməsi ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehə «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən hesab fakturalar təqdim edilməsinə və həmin Qaydaların 5.5-ci bəndinə əsasən fakturanın təqdim edildiyi tarixdən ən geci bir ay müddətində ödənilməli olmasına baxmayaraq öhdəlik icra edilməmişdir.

44. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

45. Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli və s. Qərarlar).

46. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

47. Kollegiya qeyd edir ki, Cavabdeh İB tələb olunan dövrlər üzrə istehlakçıya fakturanı təqdim etdiyi tarixdən ən geci bir ay keçdikdə hüququnun pozulduğunu bilmişdir.

48. Göründüyü kimi pretenziyada qeyd edilən və ya izhatada bildirilən hər iki tarix üzrə Cavabdeh İB tərəfindən iddia müddəti ötürülmüşdür.

49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddiaçı tərəfindən qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti açıq-aşkar buraxıldığı və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizənı nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi qənaətinə qəlmişdir.

50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahsiləndirilən (qarşılıqlı iddia tələbi) hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6629/2025 nömrəli qətnaməsi mübahsiləndirilən dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar