Məhkəmə qərarları › İş №2-2(3-6)-111/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-111/2026

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-111/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti) hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7819/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. xx.xx.2020-ci il tarixli, dəyəri 4.973,6 manat olan, xx.xx.2020-ci il tarixli dəyəri 2.930,8 manat olan, xx.xx.2020-ci il tarixli dəyəri 12.005,75 manat olan satış qaimələrinə əsasən Cavabdeh2 ümumi dəyəri 19.910,15 manat olan tibbi ləvazimatlar verilmişdir.

2. Nizami Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2021-ci il tarixli, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verdikləri izahatlar məhkəməyə təqdim edilmişdir.

3. Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən qardaşı Cavabdeh216.140 manat borcunu qaytarmağı öhdəliyini öz üzərinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 16.140 manat məbləğində pulun və məhkəməyə ödənilmiş 139 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehləri yaxın qonşusu olan X2 tərəfindən tanımışdır. Fərhad bildirdi ki, gətirdiyin tibbi vəsaitlərin satılmasında yaxından tanıdığı tanışları var ki, onlar bu barədə köməklik göstərərlər. Hətta bildirdi ki, onlara güvənir, onlar aldatmazlar, o da, inanaraq xx.xx.2020-ci il tarixində Cavabdeh2 Qrant adlı tibb vəsaitlərini yəni prezvativlər, hamiləlik testləri, və digər tibbi vəsaitlər satdı ki, onlar da bildirdilər ki, yaxın müddətdə pul ödəyəcəylər. Sonralar başa düşdü ki, onlar aldadırlar, satdıqları malın pulunu ödəməkdən yayınırlar. Aidiyyatı üzrə AR DİN-nə müraciət etdi. Dəfələrlə araşdırmalar aparsalar da, cinayət işinin başlanması və rədd olunması barədə qərar qəbul etdilər. Sonuncu qərar 01 iyun 2024-cü il tarixində olmuşdur ki, hazırda da məcbur olub məhkəməyə müraciət edir. İstintaq müddətində cavabdehin qardaşı- Cavabdeh1 iltizam yazaraq bildirdi ki, o, qardaşının 16.140 manat pulu ödəməyi öz üzərinə götürür. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh1 öhdəliyi yerinə yetirmədi.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, qeyd edilmiş puldan son ödəniş xx.xx.2020-ci il tarixdə 1.000 manat ödəniş edilməklə, cəmi 3.770 manat ödənildiyini və hazırda ödənilməmiş 16.140 manat məbəğində borcun qaldığını bildirmişdir.

7. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfə mallar Cavabdeh2 verilmişdirsə, nəyə görə bu pulun həm də, Cavabdeh1 tələb edilməsi halı soruşulmuş, iddiaçı tərəf xx.xx.2020-ci il tarixdə Cavabdeh1 qardaşının əvəzinə borcun ödənilməsini öhdəsinə götürməsi barədə yazılı “iltizam” verdiyini bildirmişdir.

8. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1, iddiaçıdan hər hansı mal almadığını, “iltizamı” qardaşı ilə daşımamışdan öncə imza etdiyini bildirmişdir.

9. Bundan başqa məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2, verilmiş malların istifadə müddəti keçdiyindən 7.000 manat ödəniş etməli olduğunu, bundan 4.000 manat ödədiyini, qalan 3.000 məbləği isə ödəyə bilmədiyini, istifadə müddəti keçmiş malları isə iddiaçının qəbul etmədiyini bildirmişdir.

10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinci instansiya məhkəməsinə iddiaya etiraz təqdim edərək bildirmişdirlər ki, tibb ləvazimatlarının satılaraq dəyərinin ödənilməsilə bağlı sövdləşmə xx.xx.2020-ci il tarixdə baş tutmuş, artıq 5 il keçmişdir, beləliklə, iddia müddəti ötürülmüşdür.

11. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.

12. Birinci instansiya məhkəməsinin 2-2(113)-7819/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İşdən də, göründüyü kimi, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmamışdır. İddiaçı tərəf Cavabdeh2 2020-ci ilin iyunavqust (malın son verilmə tarixi xx.xx.2020-ci il) aylarında malların verildiyini bildirir. İddia ərizəsi ilə, Məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir.  Məhkəmə qeyd edir ki, iddia müddətinin axımının veriliş olan mala görə, onun ağlabatan müddətə ödənilməli olması halı da, nəzərə alındığında onun xx.xx.2020-ci il tarixdən hesablanması doğru olardı. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddətinin axımı xx.xx.2020-ci ildən axımı başlamaqla, xx.xx.2023-cü il tarixdə bitmişdir.  Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti, 5 ilə yaxın ötürülmüşdür.  Bundan başqa Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri, Nizami rayon Polis İdarəsində verilmiş olduğu xx.xx.2021-ci il tarixli, 7.000 manat borcun qalması barədə izahatı, borcun etiraf edilməsi göstərən hərəkət kimi qiymət verilə bilməz.  Nizami rayon Polis İdarəsində verilmiş olan izahat isə, qeyd edilmiş Plenum qərarında sadalanmış halların heç birinə aid olmamaqla, yanaşı, həm də, qeyd edilməlidir ki, hətta izahatın verilmiş olduğu xx.xx.2021-ci il tarixdən də, iddia müddətinin axımının başlanması hesablansa da, iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.  İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia, Cavabdeh2 münasibətdə, müddətin keçməsi səbəbinə görə rədd edilməlidir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 373.3, 375.2, 567, 600.4-cü maddələrinə istinad etmişdir.

15. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, qanunverici iddia müddəti keçmiş tələbin təmin edilməsi imkanını istisna etmir. Qeyd etmək lazımdır ki, iddia müddəti keçmiş tələblə məhkəməyə şəxsin müraciət etmək hüququ haqlı olaraq hüquq ədəbiyyatında iddia müddətinin ikili xarakter daşıdığı qənaətinə gəlinməsinə səbəb olmuşdur. Bu baxımdan iddia hüququnun prosessual hüquq formasını və maddi hüquq formasını fərqləndirirlər. İddia müddəti keçmiş tələbin məhkəmə baxışına qəbul edilməsi şəxsin iddia hüququnun prosessual hüquq formasıdır. Bundan sonra məhkəmə iddia müddəti keçmiş tələb üzrə maddi hüquq normalarını tətbiq etməlidir. Buna görə də şərh olunan maddədə iddia müddətinin tətbiqinin belə bir xüsusi qaydası nəzərdə tutulmuşdur ki, məhkəmə iddia müddətini mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edir. Göründüyü kimi, belə ərizə olmazsa məhkəmə iddia müddəti keçmiş tələbə mahiyyəti üzrə baxaraq müvafiq qərar çıxarır. Beləliklə, qanunvericilikdə iddia müddəti keçmiş tələbin təmin edilməsi halı istisna edilmir. Maddənin məzmunundan göründyü kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi məhkəmə qərarı çıxarılanadək verməlidir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyinə görə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməz.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

17. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 373. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

24. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

25. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

26. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

45. İddiaçı ilə Cavabdeh2 arasında şifahi alqı-satqı müqaviləsinin bağlanması, eləcə də həmin müqavilə əsasında sonuncuya tibbi ləvazimatların təqdim edilməsi, malların bir qisminin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

46. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli satış qaimələrindən müəyyən edilir ki, Cavabdeh2 ümumi dəyəri 19.910,15 manat olan tibbi ləvazimatlar verilmişdir.

47. Məhkəmə iclasında iştirak edən iddiaçının izahatına əsasən cavabdeh tərəfindən cəmi 3.770 manat ödəniş edilmiş və hazırda ödənilməmiş 16.140 manat məbəğində borcun qaldığını bildirir.

48. Cavabdeh2 təhvil aldığı malların bir qisminin dəyərini ödəmədiyini qəbul etsə də, təxmini 3.000 borcunun qaldığını və istifadə müddəti keçmiş malları isə iddiaçıya qaytarmaq istədiyini, lakin qəbul etmədiyini bildirmişdir.

49. Belə olan halda kollegiya qeyd edir ki, Cavabdeh2 tərəflər arasında istifadə müddəti keçmiş malların qaytarılması barədə razılıq olmasını və təhvil aldığı mala görə yalnız 3.000 borcunun qaldığını təsdiq edən sənəd təqdim etməmişdir.

50. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

51. Eyni zamanda Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən qardaşı Cavabdeh2 16.140 manat borcunu qaytarmağı öhdəliyini öz üzərinə götürmüşdür.

52. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən təhvil verilmiş malların dəyəri olan 16.140 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

53. Bununla yanaşı kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.

54. Belə ki, iddiaçının izahatına əsasən Cavabdeh2 2020-ci ilin iyun-avqust (malın son verilmə tarixi xx.xx.2020-ci il) aylarında mallar təhvil verilmişdir. Mülki Məcəllənin 598.1ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. İş materialları ilə tərəflər arasında öhdəliyin icra müddəti müəyyən edilmədiyindən iddia müddətinin axımının veriliş olan mala görə, Mülki Məcəllənin 598.1-ci maddəsi nəzərə alınaraq Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlamalıdır. İddia ərizəsi ilə, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti, 5 ilə yaxın ötürülmüşdür.

55. Eyni zamanda, Cavabdeh2 Nizami rayon Polis İdarəsində verilmiş olduğu xx.xx.2021-ci il tarixli izahatı və Cavabdeh1 xx.xx.2020-ci il tarixli ərizəsi kreditora borcun etirafı hesab edilərək iddia müddətinin axımını kəsilsə belə, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.

56. Cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi qanuni və əsaslıdır.

57. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.

58. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-7819/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar