Məhkəmə qərarları › İş №2-2(3-6)-119/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-119/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-119/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulunun azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4332/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 056L**********37 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır.Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, Zamin, bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

2. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 20 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür.

3. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 20 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi iki min) manat məbləğində krеdit götürmüşdür.

4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2023-cü il tarixli 056R********** kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə cəmi borc məbləği 17670,86 manat (əsas borc 16135,17 manat, faiz borcu 1134,56 manat, cərimə borcu 401,13 manat), gecikdirilən günlərin sayı 147 gün), xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə cəmi borc məbləği 16034,25 manat (əsas borc 14414,06 manat, faiz borcu 1227,62 manat, cərimə borcu 392,57 manat), gecikdirilən günlərin sayı 138 gün müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3482 saylı ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları,tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə Cavabdeh3 İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 16.754,61 manat, faiz borcu üzrə 27,92 manat, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə Cavabdeh3 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 14.830,72 manat, faiz borcu üzrə 1.005,19 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 056R********** saylı krеdit razılaşması üzrə 16135.17 manat məbləğində krеdit bоrcu, 1134.56 manat məbləğində faiz bоrcu və 401.13 manat məbləğində cərimə borcu olmaqla, - 056R********** saylı krеdit razılaşması üzrə 14414,06 manat məbləğində krеdit bоrcu, 1227.62 manat məbləğində faiz bоrcu və 392.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33705 manat 11 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 191,12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC iləCavabdeh3 və zamin Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 056L**********37 saylıuzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh3na 120 ay müddətinə 500000 manat məbləğind krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 13864.83 manat ödəmiş, onun 16135.17 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 147 gün üçün hesablanmış faiz borcu 1134.56 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 147 gün üçün hеsablanmış cərimə 401.13 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 (iyirmi ikimin) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 7585.94 manat ödəmiş, onun 14414.06 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 138 gün üçün hesablanmış faiz borcu 1227.62 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 138 gün üçün hеsablanmış cərimə 392.57 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

8. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 467, 472.2-ci və s. maddələrinə istinad edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4332/2025 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 16135,17 manat əsas borc, 27,92 manat məbləğində faiz bоrcu və 401,13 manat dəbbə pulu, 056R********** saylı krеdit razılaşması üzrə 14.414,06 manat əsas borc, 1005,19 manat faiz bоrcu və 392,57 manat məbləğində dəbbə pulu olmaqla cəmi 32376,04 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 187 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin isə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc ekspert rəyindən daha az tələb edildiyi üçün iddia tələbində göstərilən məbləğdə və faiz borcu isə məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün rəydə göstərilən məbləğdə, xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc ekspert rəyindən daha az tələb edildiyi üçün iddia tələbində göstərilən məbləğdə və faiz borcu isə məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün rəydə göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 401,13 manat məbləğində və xx.xx.2023cü il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 392,57 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edib ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun müqavilə üzrə əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olmadığından, cavabdehlərdən xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə hesablanmış 401,13 manat məbləğində və xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə hesablanmış 392,57 manat məbləğində dəbbə pulu tutulmalıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin uzunmüddətli kredit və təminat müqaviləsi əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşması üzrə 16135,17 manat əsas borc, 27,92 manat faiz borcu, 401,13 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli 056R********** saylı krеdit razılaşması üzrə 14.414,06 manat əsas borc, 1005,19 manat faiz borcu, 392,57 manat dəbbə pulu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 191,12 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 187 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir

11. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 399.1, 442, 462.1, 467, 739.1, 739.2, 741, 470.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və dəbbə pulu silinsin, yeni ekspertiza keçirilməklə həmin ekspertizanın rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq rəydə ekspert iddaçı tərəfindən hesablanan faiz və dəbbə pullarını onların təqdim etdiyi maliyyə arayışı əsasında müəyyən etmiş və yalnız dəbbə pullarını hesablamayaraq rəy vermişdir. Lakin ekspert qarşısında qoyulan ən əsas sual faiz borclarının düzgün hesablanıbhesablanmamısı idi. Belə ki, iddiaçı bank iddia maliyyə arayışında hansı məbləğləri yazmışdırsa ekspert də, həmin məbləğləri əsas götürmüş, gecikmənin günlərini və gecikmə günlərinə görə hesablanmış faizlərin necə hesablanması barədə araşdırma aparmamışdır. İddiaçı bank iddia ərizəsində gecikmə faizləri barədə başqa məbləğlər yazsa da, ekspertizaya təqdim etdikləri maliyyə arayışında ərizəyə nisbətdə azaldılmış rəqəmlər göstərmiş, ekspert də, əlavə araşdırma aparmadan birbaşa həmin maliyyə arayışına istinad edərək rəy vermişdir. Bu da öz növbəsində ekspertin üzərinə düşən araşdırmaq və yenidən hesablamaq vəzifəsini icra etmədiyini göstərir. Həmin rəydə iki kredit müqaviləsi üzrə faiz hesablamalarında açıq şəkildə uyğunsuzluq görülür. Belə ki, xx.xx.2023-cü il tarixli, 056R********** nömrəli müqavilə üzrə əsas borc məbləği 14 830,72 manat təşkil etməsinə baxmayaraq faiz üzrə borc 1005,19 manat, xx.xx.2023-cü il tarixli, 056R********** nömrəli müqavilə üzrə əsas borc məbləği 16 754,61 manat təşkil etməsinə baxmayaraq faiz üzrə borc 27,92 manat təşkil etmişdir. Buradan da görülür ki, həm iddiaçı bank, həm də ekspert hesablamanı düzgün aparmamışdır. Həmçinin müvafiq ekspert rəyində ümumiyyətlə dəbbə pulu barədə rəy bildirilmədiyi və ümumiyyətlə nəzərə alınmadığı halda məhkəmə öz mülahizəsinə əsasən dəbbə pulunun iddiaçı tərəfindən tələb edilməsini haqlı görərək həmin hissədə də, iddianı təmin etmişdir. Ancaq dəbbə pulunun iddiaçı tərəfindən hansı meyarlar nəzərə alaraq hesablanması araşdırılmamış, az olan faiz borcuna daha çox dəbbə pulu, çox olan faiz borcuna daha az dəbbə pulunun hesablanmasının hansı qayda üzrə aparıldığı dəqiqləşdirirlməmişdir. Bundan başqa iddiaçı bank Cavabdeh3 tərəfindən ödənişlər edilsə də, həmçinin zaminlərdən də ödənişlərə görə tutulmalar etmişdir. Lakin məhkəmədən əvvəl bankla danışıqlar zamanı da bildirmişdi ki, yalnız ondan tutulmalar edilsin, həmin tutulmalar zaminlərə yönləndirilməsin. Hazırda da, məhkəmədən xahiş edirəm ki, müvafiq borcla əlaqəli tutulmalar mənə yönləndirilsin. Qeyd etmək istəyir ki, məhkəmə dəbbə pulunu təmin etməklə iddiaçı bankın əsassız varlanmasına səbəb olur, buna görə də qətnamədə müəyyən olunmuş dəbbə pulu silinməlidir. Belə ki, dəbbə pulunun cavabdehə ödətdirilməsi ona maddi ziyan vurur və qarşı tərəfin əsassız varlanmasına səbəb olur Buradan da görülür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrində konkret olaraq dəbbə pulunun hansıməbləğdə olması göstərilməmiş, həmçinin hesablanma mexanizmi və əsasları müəyyən edilməmişdir. Məhkəmə yalnız iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi dəbbə pulunu əsaslı görərək təmin etmiş, halbuki ekspert öz rəyində həmin hissəyə ümumiyyətlə toxunmamışdır. Məhkəmə faizlərin hesablanması məsələsində ekspertiza təyin etsə də, həmin ekspert rəyində nəzərə alınmayan dəbbə pulunu öz mülahizəsinə əsasən qəbul etmiş, həmin məbləğin bank tərəfindən necə hesablanmasını araşdırmamış, həmçinin ekspert rəyində faiz hesablamalarının bankın təqdim etdiyi maliyyə arayışları nəticəsində hesablandığı görülsə də, ekspertdən bununla əlaqəli ətraflı izah tələb etməmişdir. Hesab edir ki, məhkəmə ekspertiza təyin etsə də, ekspertin faizlərin hesablanması zamanı hansı üsullardan istifadə etdiyini göstərmədiyi və dəbbə pulu barədə ümumiyyətlə rəy bildirmədiyi halda həmin rəyə istinad edərək qərar qəbul etmişdir. Belə ki, dəbbə pulunun iddiaçı tərəfindən tələbinin haqlı olduğunu qeyd etməklə qətnamə qət etmişdir. Hesab edirik ki, faiz borclarının və dəbbə pulunun hesablanması xüsusi bilik və bacarıq tələb edir və ekspert öz rəyində yalnız iddiaçı bankın təqdim etdiyi maliyyə arayışına istinad etmiş, xüsusi bilik və bacarıqlarından istifadə edərək həmin faiz borclarının və dəbbə pulunun düzgün hüsablanıb-hesablanmamasını ümumiyyətlə araşdırmamış, məhkəmə də, həmin rəyə istinad edərək araşdırma və dəqiqləşmə aparmadan qərar vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, şikayətin dəlilləri formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Əsas və faiz borcunun məbləği ekspert rəyinə əsasən müəyyən edilmişdir. Cərimə borcunun məbləği də əsaslı və ədalətlidir. Belə ki, xx.xx.2023cü il tarixli 056R********** kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə 147 gecikdirilən gün üçün hesablanmış cərimə borcu 401,13 manat, xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə 138 gecikdirilən gün üçün hesablanmış cərimə borcu 392,57 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi qanuni və ədalətli olaraq cərimə borcu hissəsində də iddia tələblərini təmin etmişdir. Belə ki, qanunvericliyin tələblərinə əsasən dəbbə pulu müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Həmçinin cavabdeh tərəfindən borcun düzgün hesablanmaması barədə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili r xx.xx.2026-cı il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin keçirilməsində iştirak etməli olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınması barədə ərizə vermiş, lakin ərizəsinə sübut əlavə etməmişdir. İddiaçının nümayəndəsi isə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

17. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsi xahiş edilsə də şikayətin dəlilləri qətnamənin iddianın təmin edilmiş hissəsində mübahisələndirilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər arasında xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdeh iki ayrı kredit razılaşması üzrə müvafiq olaraq 30.000 manat və 22.000 manat məbləğində kredit götürmüşdür. Müqaviləyə əsasən zaminlər kredit alanla birgə və tam məsuliyyət daşıyırlar. Cavabdeh3 kredit müqavilələri üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı bank cavabdehlərdən müştərək qaydada ümumilikdə 33.705,11 manat borcun və 191,12 manat dövlət rüsumunun tutulmasını tələb edir.

23. Kollegiya ilk növbədə qeyd edir ki, əsas və faiz borclarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələri təşkil edir.

24. Əsas və faiz borcu tələbinə qiymət verərək kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarını ödəniş cədvəlinə uyğun olaraq qaytarmadığından bank Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borcun dərhal geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

25. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə pretenziyanın göndərildiyi və maliyyə arayışında göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə banka olan əsas borcunun 16.754,61 manat, faiz borcunun 27,92 manat, xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə banka olan əsas borcunun 14.830,72 manat, faiz borcunun isə 1.005,19 manat olması müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən hər iki kredit razılaşması müştərək qaydada tutulmalı olan faiz borcunun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Bundan əlavə, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən əsas borc məbləğinin iddia ərizəsində tələb edilən əsas borc məbləğindən yüksək olduğunu nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq iddianı əsas borc hissəsində tam təmin etməklə cavabdehdən xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas borc məbləğini 16.135,17 manat, xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas borc məbləğini 14.414,06 manat məbləğində müəyyənləşdirməkdə də haqlı olmuşdur.

28. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 401,13 manat, xx.xx.2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə isə 392,57 manat dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.

29. Cavabdehin apellyasiya şikayətində dəbbə pulunun hesablanma meyarları və qaydası ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən bank hər gecikdirilmiş gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə (dəbbə pulu) hesablamaq hüququna malikdir. Dəbbə pulunun hesablanması ilə bağlı ekspert tərəfindən ayrıca rəy verilməməsinə gəldikdə isə, məhkəmə tərkibi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək göstərir ki, məhkəmə kreditorun ehtimal olunan zərərinə nisbətən açıq-aşkar yüksək olan dəbbə pulunu azaltmaq səlahiyyətinə malikdir. Bu baxımdan, birinci instansiya məhkəməsi dəbbə pulunun hesablanması ilə bağlı ekspertiza tədqiqatının aparılmasını zəruri hesab etməmişdir.

30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4332/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar