Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-125/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23 saylı kredit limitinin ayrılmasına dair müqavilə imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 MMC-yə 120 ay müddətinə 900.000 (doqquz yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
2. xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank ilə Cavabdeh4 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/21114/23 saylı, Cavabdeh2 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/21112/23 saylı, Cavabdeh3 (zamin) arasında xx.xx.2023-cü il tarixli, Z/00472/23 saylı zaminlik müqavilələri bağlanmışdır.
3. Bundan başqa xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23 saylı kredit limitinin ayrılmasına dair müqavilədən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli DA/01913/23 saylı sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh2 (ipoteka qoyan) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 95 saylı mənzil ipoteka saxlayan (İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. Daha sonra, İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli 6- SME-1-12-23/1 saylı kredit verilməsinə dair müqaviləyə əsasən 36 ay müddətinə 125.000 manat məbləğində, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit verilməsinə dair müqaviləyə əsasən 36 ay müddətinə 125.000 manat məbləğində kredit verilmişdir.
5. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC, W And E Forward Ltd Şirkəti, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit müqaviləsi üzrə 32257.94 USD əsas borc, 936.32 USD faiz borcu və 2837.02 USD cərimə borcu olmaqla cəmi 36031.28 USD borcun;xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/1 saylı kredit müqaviləsi üzrə 15686.15 USD əsas borc, 567.06 faiz borcu və 1689.22 USD cərimə borcu olmaqla cəmi 17942.43 USD borcun və 489.76 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracda mənzilin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İddiaçı ASC-dən 120 ay müddətinə 900000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2023-cü il tarixdə W And E Forward Ltd Şirkəti, Cavabdeh2 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli 6-SME-1- 12-23/1 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İddiaçı ASC-dən illik 6% olmaqla 36 ay müddətinə 125000 USD məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli 6-SME-1-12- 23/2 saylı kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İddiaçı ASC-dən illik 6% olmaqla 36 ay müddətinə 125000 USD məbləğində kredit götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
8. Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2-2(113)-5997/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15.686 (on beş min altı yüz səksən altı) ABŞ dolları 15 (on beş) sent, faiz borcu üzrə 567 (beş yüz altmış yeddi) ABŞ dolları 06 (sıfır altı) sent, cərimə borcu üzrə 750 (yeddi yüz əlli) ABŞ dolları olmaqla ümumilikdə 17.003 (on yeddi min üç) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 32.257 (otuz iki min iki yüz əlli yeddi) ABŞ dolları, 94 (doxsan dörd) sent, faiz borcu üzrə 531 (beş yüz otuz bir) ABŞ dolları 29 (iyirmi doqquz) sent, cərimə borcu üzrə 1.500 (bir min beş) ABŞ dolları olmaqla ümumilikdə 34.289 (otuz dörd min iki yüz səksən doqquz) ABŞ dolları 23 (iyirmi üç) sent məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/1 və 6-SME-1-12-23/2 saylı Krеdit müqavilələri üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 95 saylı mənzilə ilkin satış qiyməti 470.000 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq 489 (död yüz səksən doqquz) manat 76 (yetmiş altı) qəpik məbləğində pulun Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pulun Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: - hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. - Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. - X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. - Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. - Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. - İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/1 saylı kredit verilməsinə dair müqavilə üzrə xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 48.280.64 ABŞ dolları, faiz borcu 1.004 ABŞ dolları, cərimə borcu 369,46 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 6-SME-1-12- 23/2 saylı kredit verilməsinə dair müqavilə üzrə xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 67.572,22 ABŞ dolları, faiz borcu 531,29 ABŞ dolları, cərimə borcu 262,85 ABŞ dolları təşkil edir. - Göründüyü kimi, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır. - Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişlər. - Bütün qeyd olunanları nəzərə alaraq və iş materiallarını müqayisəli şəkildə təhlil edərək, məhkəmə hesab edir ki, iddia kredit müqavilələri üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 6-SME-1-12- 23/1 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 15.686,15 ABŞ dolları, faiz borcu üzrə 567,07 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 32.257,94 ABŞ dolları, faiz borcu üzrə 531,29 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulmalıdır. - Məhkəmə qeyd edir ki, faiz borcları ilkin redaksiyada tələb edilən faiz borcu həddində tutulur, belə ki, iddiaçı tərəf qarşı tərəfə müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini həmin məbləğin tələb edilməsi anında çatdırmışdır. - Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində də qismən əsaslıdır. - Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. - Hazırki işin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/1 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna münasibətdə 750 ABŞ dolları, xx.xx.2023cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcuna münasibətdə 1.500 ABŞ dolları məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. - Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya “X5 və X3 Məsuliyyətli Cəmiyyəti” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 95 saylı mənzilin bazar qiyməti 550.000 manat, likvid qiyməti 470.000 manat məbləğində müəyyən olunmuşdur. - Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 6- SME- 1-12-23/1 və 6-SME-1-12-23/2 saylı Krеdit müqavilələri üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 40 ünvanında yerləşən 95 saylı mənzilə ilkin satış qiyməti 470.000 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. - Məhkəmə hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsinin ayrıca təmin edilməsinə zərurət yoxdur. - Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 489,76 manat məbləğində pul da, cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 manat və xidmət haqqının əvəzi olaraq 36 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
10. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269.5-ci, 462.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına istinad etmişdir.
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən öz vəzifə öhdəliyi lazımi qaydada və tam şəkildə yerinə yetirilmiş, cavabdehlər Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixli6-SME-1-12-23/1 saylı kredit müqaviləsinə əsasən illik 6%-lə, 36 ay müddətinə 125000 USD məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixli 6-SME-1-12-23/2 saylı kredit müqaviləsinə əsasən illik 6%-lə, 36 ay müddətinə 125000 USD məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023cü il tarixli kredit müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə cəriməni azaltmaqla öhdəlik pozuntusunun ağırlığına uyğun olmayan qərar vermişdir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə bu normanı nəzərə almayaraq, dəbbə pulunu kreditorun qanuni gözləntilərinə zidd olaraq azaltmışdır. Bu hal qanunvericiliyin mülki-hüquqi məsuliyyətin labüdlüyü prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslımənafeləri nəzərə alınır. Məhkəmə dəbbə pulunun "hədsiz böyük" olduğunu əsaslandırmadan onu azaltmışdır. Müqavilə sərbəstliyi prinsipi nəzərə alınmamış, tərəflərin azad iradəsi ilə müəyyən etdiyi cərimə məbləğinə əsassız müdaxilə edilmişdir. Məhkəmə "hədsiz böyüklük" meyarlarını (öhdəliyin məbləği, gecikmə müddəti və s.) faktiki olaraq əsaslandırmamışdır. İş üzrə qəbul edilən qətnamədən də görünür ki qətnamə qanuni və əsaslı deyil. Məhkəmə cərimənin azaldılması üçün hansı kriteriyalara (məsələn, cavabdehin ağır maliyyə durumu və s.) əsaslandığını qətnamədə aydın ifadə etməmişdir. Sübutların qiymətləndirilməsi qaydası pozulmuşdur. Cavabdeh tərəf cərimənin azaldılması üçün mötəbər sübutlar təqdim etmədiyi halda, məhkəmə birtərəfli qaydada məbləği azaltmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qətnamənin əsaslandırıcı hissəsində cərimənin azaldılmasına dair maddi hüquq normalarının tətbiqi ilə bağlı izahlar natamamdır. Məhkəmə qətnamənin 26-cı bəndində qeyd edir ki, kreditor borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Lakin məhkəmə kreditorun hansı hərəkəti ilə borclunun vəziyyətini ağırlaşdırdığını sübutlarla göstərməmişdir. Maddə 425-ə istinad edən məhkəmə nəzərə almamışdır ki, məhz borclu, öhdəliyi 'şərtləşdirilmiş vaxtda və yerdə' icra etməyərək vicdanlılıq prinsipini birinci pozan tərəf olmuşdur. Borclunun qanunazidd davranışından (gecikmədən) fayda götürməsi və cərimənin azaldılması yolu ilə 'mükafatlandırılması' ədalət və vicdanlılıq prinsipləri ilə tam ziddiyyət təşkil edir. "Məhkəmə qətnamədə borclunun öhdəliyi icra etmədiyini təsdiq etsə də, MM-in 467-ci maddəsinə istinad edərək dəbbə pulunu azaltmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-2(3-6)-125/2026 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün xx.xx.2026-cı il tarixə, saat 11:15-ə təyin edilmişdir.
15. 19.02.2026-cı il tarixdə iddiaçı tərəf AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında razılıq əldə edildiyini və mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
18. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
19. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
20. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
21. Maddə 370.1 Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Məhkəmə kollegiyası ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz iddiasından imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5997/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.