Məhkəmə qərarları › İş №2-2(3-6)-135/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-135/2026

03.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-135/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə (lizinq müqaviləsi, lizinq predmetinin geri qaytarılması, əşya hüququ, sahibliyin müdafiəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “soyuducu kameraların ərazidən məcburi çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (lizinq alan) ilə "xxxx" ASC (lizinq verən) arasında xx.xx.2010-cu il tarixdə 04-LA/10 saylı lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq verən qiyməti 1 162 500 manat, tutumu 2000 ton olan soyuducu kameranı dəyəri lizinq ödəniş qrafkində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə 9 (doqquz) il müddətə lizinqə verməyi öhdəsinə götürmüşdür.

2. Müqavilədə nəzərdə tutulmuşdur ki, soyuducu kamera Qazax rayonunun Xanlıqlar kəndi ərazisində quraşdırılacaqdır.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən, soyuducu kameraya hüquq lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur.

4. Müqavilənin 2.1.1-ci bəndinə görə, lizinq verən müqavilədə göstərilən soyuducu kameranı satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsini təmin edir.

5. Müqavilənin 2.1.10-cu bəndinə əsasən lizinq verən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə soyuducu kameranı geri almaq, soyuducu kameradan isitfadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və soyuducu kameraya dəyən zərərin ödənilməsini tələb etmək hüququna sahibdir.

6. Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, 5.1-ci bənddə göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özində saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş soyuducu kameraya və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü soyuducu kameranı başqa şəxsə lizinqə verə bilər.

7. İddiaçı ASC (lizinq alan) ilə "xxxx" ASC (lizinq verən) arasında xx.xx.2014-cü il tarixdə 09-LA/14 saylı lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq verən qiyməti 73 100 manat olan və müqavilənin Əlavəsində göstərilən, tutumu 2000 ton olan soyuducu kamera üçün əlavə avadanlıqları dəyəri lizinq ödəniş qrafkində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə 9 (doqquz) il müddətə lizinqə verməyi öhdəsinə götürmüşdür.

8. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, həmin Cəmiyyətin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

9. Qazax rayonunun Xanlıqlar kəndində 0,7976 ha torpaq sahəsində yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksi İddiaçı ASC-nin təsisçisi X1 mülkiyyətindədir, onun həmin əmlak kompleksinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, əmlak komleksinin yerləşdiyi 0,7976 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.

10. X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən, X5 rayonunun Xanlıqlar kəndi ərazisindəki 0,7976 ha torpaq sahəsində yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikilini (əmlakın texniki pasportunda nəzərdə tutulmuş B literli tikili) xx.xx.2029-cu il tarixinədək İddiaçı ASC-nin istifadəsinə vermişdir.

11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı ASC-nə qarşı “borcun ödənilməsi” tələbi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixkli müqaviləyə əsasən əsas borc üzrə 65 790 manat, cərimə borcu üzrə 3300 manat olmaqıa, cəmi 69 090 manatın, 400 manat mediasiya xərcinin əvəzinin, hüquqi yardıma görə 500 manatın İddiaçı ASCdən tutulub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, “xx.xx.2010-cu il tarixli 04-LA/10 saylı müqavilə üzrə borcun tutulması” tələbinin isə iddia müddətinin ötürülmüş olması əsas göstərilməklə rədd edilməsi qət olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı ASC (iddiaçı) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC (Aqroservis” ASC) ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqaviləyə əsasən "xxxx" ASC (Aqroservis” ASC) tərəfindən ona məxsus ərazidə quraşdırılmış və hazırda həmin ərazidə yerləşən tutumu 2000 ton olan soyuducu kameraların (anbarın) ərazidən cavabdehin hesabına sökülməsi və məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC (Aqroservis” ASC) ilə onun arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən, "xxxx" ASC (Aqroservis” ASC) tərəfindən tutumu 2000 ton olan soyuducu kamera (anbar) ona məxsus ərazidə quraşdırılmış, bundan sonra dəfələrlə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə həmin soyuducu kameraya baxış keçirilmiş, baxış zamanı soyuducu anbarın və avadanlıqların işləmədiyi (soyutma sisteminin düzgün quraşdırılmaması və s. səbəblər), möhürləndiyi və istismar olunmadığı barədə müvafiq aktlar və protokollar tərtib edilmiş, aktlar və protokollar məsul şəxslər tərəfindən imzalanaraq möhürlənmişdir. "xxxx" ASC-nin Qazax rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların inventarlaşması barədə məlumatlarından da müəyyən olunur ki, iddiaçıya lizinqə verilmiş soyuducu anbarın və avadanlıqların istismarı dayandırılmışdır. Halbuki, "xxxx" ASC (Aqroservis” ASC) ilə onlar arasında bağlanmış xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilələrdə nəzərədə tutulmuş şərtlərə əsasən "xxxx" ASC sözügedən soyuducu anbarın və avadanlıqların iddiaçıya işlək vəziyyətdə lizinqə təhvil verməsi barədə öhdəlik götürmüş, "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürmüş öhdəliyin icrasından boyun qaçırmış, iddiaçıya soyuducu anbarı və avadanlıqları işləmədiyi və istismarı dayandırıldığı halda lizinqə vermişdir. Bu halda isə İddiaçı ASC həmin soyuducu anbarı və onun avadanlıqlarından istifadə edə və yararlana bilməmişdir. Bundan əlavə, xx.xx.2010-cu il tarixli müqavilənin müddəti də artıq başa çatmışdır. Müqavilə cəmi 9 il müddətinə bağlanmışdır. Hazırda yararsız vəziyyətdəki soyuducu kameranın iddiaçıya məxsus ərazidə qalmaqda davam etməsi Cəmiyyətə zərər vurur. Həmçinin, cavabdeh iddiaçıya qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli və xx.xx.2014-cü il tarixli 09- LA/14 nömrəli müqavilələrə əsasən 1 036 400,00 manat gecikdirilmiş borcun və 3 229 750,50 manat cərimə borcunun, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə isə 65 790 manat gecikdirilmiş borcun və hesablanmış 93 932,10 manat cərimə borcunun qaytarılmasını xahiş etmiş, Bakı Kommerisya Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin keçməsi səbəbindən rədd edilmişdir. Bir sözlə, cavabdehin həmin soyuducu kamera ilə bağlı hər hansı iddia irəli sürmək imkanı qalmamışdır. Sözügedən soyuducu kameranın uzun müddətdir yararsız vəziyyətdə qalmaqda davam etməsi Cəmiyyətin mənafeyinə ciddi şəkildə xələl gətirir. Həmin soyuducu kameranın mühafizə olunması və ya qorunub saxlanması xərclərinin Cəmiyyət tərəfindən qarşılanması Cəmiyyətin həm maddi vəziyyəti, həm də fəaliyyətinin olmaması səbəbindən mümkünsüzdür. Eyni zamanda, soyuducu kameranın bundan sonra da Cəmiyyətə məxsus ərazidə uzun müddət ərzində istifadəsiz vəziyyətdə qalması həmin soyuducunun daha lazımsız hala düşməsinə və onun gələcək fəaliyyətinin bərpasının mümkün olmayacağına gətirib çıxaracağına zəmin yaradır.

14. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz göndərilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus soyuducu kameranı lizinqə verilməsi barədə 04-LA/10 nömrəli 17 may 2010-cu ıl tarixli müqavilənin 2.1.10-cu yarımbəndində qeyd edilmişdir ki, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə soyuducu kameranı geri almaq soyuducu kameradan istifadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və soyuducu kameraya dəyən zərərin ödənilməsini tələb edir. Müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan soyuducu kameranın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlama, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 2.2.18-ci yarımbəndinə görə lizinq alan müqavilənin şərtlərinə əməl edilmədıkdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bır dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə soyuducu kameranı va onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir va bu Müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, lizinq alan soyuducu kameradan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda Lizinq alandan götürülmüş soyuducu kamerada və onun yerləşdidiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə huququ Lizinq verənə keçir. Lizinq verən götürdüyü soyuducu kameranı başqa şəxsə lizinqə verə bilər. Müqavilənin 5.4-cü yarımbəndində qeyd edilmişdir ki. bu müqavilənin 5.1.1-5.1.4-cü bəndlərində göstərilən hallardan biri baş verdikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir və lizinq alandan soyuducu kameranın dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi lizinq alan müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bır dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə soyuducu kameranı va onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verməli, Lizinq alan isə soyuducu kamerada və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququna malikdir. Eyni zamanda, əgər soyuducu kamera olan lizinq obyektinin sökülməsi həyata keçirilərsə bu zaman həmin növ avadanlıqların faktiki qeyri-işlək vəziyyətə düşməsinə səbəb olacaq, buna görə də lizinq obyektinin sökülməsi nəticəsində avadanlığa dəymiş ziyanı da Müqaviləyə əsasən iddiaçı ödəməli olacaqdır. Həmçinin, Agentlik dövlət büdcəsindən maliyyələşir və iddia təmin olunduğu halda soyuducu kameraların (anbar) Agentlik tərəfindən sökülməsi üçün dövlət büdcəsində nəzərdə tutulmayan vəsaitin büdcədən ayrılmasına və bu dövlət büdcəsinin vəsaitinin əsassız yerə xərclənməsinə səbəb ola bilər”.

15. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələblərinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə avadanlığın dövlətə məxsus olduğunu, onun saz vəziyyətdə iddiaçıya təhvil verildiyini, sökülərə avadanlığa zərər dəyəcəyini, avadanlıqla birlikdə ərazinin icarəyə götürülməsini istəyənlər olduğunu bildirmişdir.

16. Birinci instansiya məhkəməsinin 19 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

17. Məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

17.1. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixli 04-LA/10 saylı lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" ASC 2000 ton çəkidə olan soyuducu kameranı iddiaçının istifadəsində olan Qazax rayonu, Xanlıqlar kəndində yerləşən və dövlət mülkiyyətində olan 0,7976 ha torpaq sahəsində quraşdırmış, artıq müqavilənin müddəti başa çatmış, lakin lizinq ödənişləri tam ödənilmədiyindən müqavilə şərtlərinə əsasən lizinq obyekti olan soyuducu kameralar hazırda da cavabdehin mülkiyyətindədir. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, X3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən Qazax rayonunun Xanlqlar kəndi ərazisindəki 0,7976 ha torpaq sahəsində yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikili hazırda iddiaçının sahibliyində və istifadəsindədir. 17.2. Mübahisə sahibliyin müdafiəsi, istifadə və sahiblik hüququnun tam həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Qanun sahibliyin maneəsiz həyata keçirilməsinə istənilən qanunsuz müdaxiləni istisna edərək onu qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirir və hüquq sahibinə qanunla müəyyən edilmiş üsullardan (qanunla müəyən edilmiş şərtlər daxilində özbaşınalıqdan müdafiə üçün güc işlətmək, pozuntuya yol verən şəxsdən belə hərəkətlərə son qoymağı tələb etmək və pozuntunun davam etməsi halında isə müvafiq iddia qaldırmaq yolu ilə hüquqlarının müdafiəsinə nail olmaq) istifadə edərək sahiblik və istifadə hüququnun müdafiəsi imkanını vermişdir 17.3. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.10-cu bəndindən görünür ki, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, lizinq verən soyuducu kameranı geri almaq, Soyuducu kameradan isitfadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və Soyuducu kameraya dəyən zərərin ödənilmsini tələb etməyə haqlıdır. Həmçinin, həmin müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, lizinq alan soyuducu kameradan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ila birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. 17.4. Cavabdeh tərəflər arasında bağlanmış müqavilədə göstərilən hüquqlarından vaxtında istifadə etməmiş, lizinq ödənişlərinin iddiaçıdan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə əvvəllər müraciət etsə də, iddia müddəti keçməsi səbəbindən onun iddiası təmin edilməmiş, bununla belə müqavilənin qeyd edilən 2.1.10 və 5.2-ci maddələrində müəyyən edilmiş şərtlər daxilində hüququndan da istifadə etməmişdir. Sözügedən müqavilənin müddəti isə bitməsinə baxmayaraq cavabdehin mülkiyyətində olan soyuducu kamera iddiaçının istifadəsində olan torpaq sahəsində istifadəsiz vəziyyətdə qalmaqdadır. 17.5. Cavabdehin xx.xx.2010-cu il tarixli müqavilə üzrə öz hüququndan vaxtında istifadə etməməsi, habelə mülkiyyət hüququnun qayğısına qalmaması ilə bağlı hərəkətsizliyi iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneə yaradılması ilə nəticələnməməlidir. Digər şəxslərin hüquqlarının pozulması ilə nəticələndiyi halda hüquqdan istifadə etməmək də özlüyündə müdaxilə kimi qiymətləndirilməlidir. Bu konteksdə, cavabdehin soyuducu kameralara münasibətdə mülkiyyət hüququndan istifadə etməməsi, yəni onların iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılmaması iddiaçının əşya hüququnun qeyri-müəyyən müddətə yüklülük altında qalması və məhdudlaşdırılması ilə nəticələnə bilər. Digər bir tərəfdən, həmin kameraların torpaq sahəsindən çıxarılmaması, iddiaçını onların mühafizəsinin təşkil edilməsi, habelə onlara qulluq göstərilməsi ilə bağlı əlavə öhdəliklərlə yüklü etmiş olur.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.2-ci, 152.3-cü, 152.5-ci, 158.1.2-ci, 159-cu, 164.1-ci, 165.1-ci maddələrinə istinad etmişdir.

19. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu və gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürməklə şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...17 may 2010-cu il tarixli 04-LA/10 nömrəli və 07 iyul 2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilələrin 2.2.1-ci yarımbəndi daşınma və bununla bağlı bütün xərclərin məhz lizinq alan tərəfindən qarşılanmalı olduğunu birbaşa müəyyən etmişdir. Birinci instansiya məhkəməsi bu müqavilələrin şərtlərini nəzərə almadan, sökülmə və daşınma xərclərini cavabdehin üzərinə qoymaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərini faktiki olaraq dəyişdirmişdir. Məhkəmə qətnaməsində iddia müddətinin bitməsi məsələsinə istinad etmişdir, lakin bu mövqe maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlıdır və əsassızdır. Belə ki, iddia müddətinin bitməsi yalnız 17 may 2010-cu il tarixli 04-LA/İ0 nömrəli lizinq müqaviləsinə münasibətdə mümkün hesab edilə bilər. Eyni zamanda, tərəflər arasında 07 iyul 2014-cü il tarixli, 09-LA/14 nömrəli lizinq müqaviləsi bağlanmışdır və bu müqavilə üzrə iddia müddəti bitməmişdir (iddia müddətinin bitmə tarixi 2026-cı ilin 2-ci rübüdür). Qeyd olunan müqavilə üzrə lizinq predmeti tərkibinə daxil olan sözügedən soyuducu avadanlıqlar və əlavə texniki vasitələr həmin müqavilədə ayrıca göstərilmiş və faktiki olaraq lizinq münasibətlərinin predmeti olmuşdur. Bakı Kommersiya Məhkəməsinin həmin müqavilə üzrə qüvvədə olan qətnaməsi bu faktı təsdiq edir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-654/2024 nömrəli qətnaməsinə əsasən, 07 iyul 2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə 65.790 manat əsas borc, 3.300 manat cərimə borcu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardıma görə ödənilmiş pulun İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmənin yalnız iddia müddəti bitmiş müqaviləyə istinad etməsi, digər qüvvədə olan və iddia müddəti bitməmiş müqavilədən irəli gələn tələbləri nəzərə almaması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, iddiaçı ilə bağlanılan lizinq müqavilələrinin 5.1.5-ci yarımbəndinə əsasən, lizinq alan tərəfindən avadanlıqlardan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəməməsi müqavilə şərtlərinin pozulması hallarından biridir. Həmin müqavilələrin 5.2- ci bəndinə müvafiq olaraq, bu hal baş verdikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ila birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda Lizinq alandan götürülmüş Avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ Lizinq verənə keçir. Lizinq verən götürdüyü Avadanlığı başqa şəxsə lizinqə verilə bilər. Göründüyü kimi, müqavilənin qeyd olunan bəndi avadanlığın lizinq verənin hesabına sökülərək fiziki olaraq çıxarılmasını deyil, avadanlıqdan onun yerləşdiyi tikili (bina) və kommunikasiyalarla birlikdə istifadə edilməsi, habelə həmin avadanlığın digər şəxslərə lizinqə verilməsi imkanının təmin olunmasını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 480-ci maddəsi müqavilə azadlığı ilə bağlıdır. Belə ki, tərəflər qarşılıqlı razılıq əsasında öhdəliklərin bölgüsünü müəyyən etmiş və bu bölgü məhkəmə tərəfindən dəyişdirilə bilməz. Lizinq alanın üzərinə qoyulmuş daşınma, saxlama və digər xərclər lizinq münasibətlərinin ayrılmaz tərkib hissəsi olmaqla, sonradan birtərəfli qaydada lizinq verənin üzərinə keçirilə bilməz. Bundan əlavə, soyuducu kameranın iddiaçının torpaq sahəsindən çıxarılması faktiki olaraq respublika daxili daşınma və boşaltma əməliyyatları ilə bilavasitə əlaqədardır. Müqavilələrin 2.2.1-ci yarımbəndinin məzmunu nəzərə alındıqda, bu cür xərclərin cavabdehin üzərinə qoyulması müqavilənin açıq şərtlərinə ziddir və hüquqi əsasdan məhrumdur. Eləcə də, bu müqavilə şərti lizinq alanın yalnız ilkin daşınma ilə deyil, ümumilikdə soyuducu kameranın hərəkəti, yerləşdirilməsi və istifadəsi ilə bağlı bütün təşkilati və maliyyə yükünü daşıdığını göstərir. Lizinq alanın üzərinə belə bir öhdəlik götürməsi o deməkdir ki, soyuducu kameranın istismarının mümkün olmaması və ya lizinq alan tərəfindən istifadə edilməməsi hallarında da həmin əmlakla bağlı texniki və faktiki tədbirlərin görülməsi məhz lizinq alan tərəfindən təmin edilməlidir. Lizinq alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə və ya soyuducu kameradan istifadə etmədikdə, bu hal lizinq verənin üzərinə əlavə öhdəliklərin qoyulması üçün hüquqi əsas yarada bilməz. Lizinq alan soyuducu kameradan istifadə edə bilmədiyini iddia edirsə, o halda müqavilə və qanunvericilik ona alternativ imkanlar verir. Belə ki, lizinq alan mülkiyyətçi olmadan da, müqavilə çərçivəsində və lizinq verənin razılığı ilə soyuducu kameranı üçüncü şəxslərin istifadəsinə verə, onun istismarını təşkil edə və beləliklə, əmlakın istifadəsiz qalmasının qarşısını ala bilər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, yəni öhdəliyin vaxtında yerinə yetirilməməsi, mallarda və xidmətlərdə qüsurların olması və ya öhdəliyin məzmunu ilə müəyyən edilmiş digər şərtlərin pozulmasıdır. Lizinq müqavilələrinin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan soyuducu kameranın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən daşınma, saxlama, boşaltma və digər xərcləri öz üzərinə götürmüşdür. Bu müqavilə şərtinə əsasən, lizinq alanın öhdəliyini yerinə yetirməməsi (məsələn, sökülməni həyata keçirməməsi və ya istifadəyə verməməsi) Mülki Məcəllənin 442-ci maddəsi ilə tərifləndirilən öhdəliyin icra edilməməsi halına daxildir. Beləliklə, lizinq alan öhdəliyini icra etmədikdə, bu onun məsuliyyətidir və bu öhdəlik icra edilmədiyi üçün lizinq verən mülkiyyət sahibi olaraq əlavə yük daşımalı deyil. Lizinq alan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və əmlakın sökülməsi, daşınması və istifadəsi ilə bağlı bütün xərcləri öz hesabına qarşılamalıdır. Bu maddəyə istinad etməklə, məhkəmə cavabdehin üzərinə öhdəlik qoymamalı, lizinq alanın öhdəliyini icra etməməsi halını onun məsuliyyəti kimi qiymətləndirməlidir. Eləcə də, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Eyni zamanda bildiririk ki, soyuducu kameranın və avadanlığın sökülməsi mürəkkəb və riskli texniki prosesdir. Sökülmə zamanı avadanlığın sıradan çıxaraq dəyərini itirməsi və ya azalması riski vardır, birinci instansiya məhkəməsi isə bu riskləri və mümkün nəticələri nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə cavabdehin lizinq müqaviləsində nəzərdə tutulmuş hüquqlarından müəyyən müddətdə istifadə etməməsini iddiaçının sahiblik və istifadə hüququna müdaxilə kimi qiymətləndirmişdir. Lakin mülki hüquqda hüquqların həyata keçirilməsi dispozitiv xarakter daşıyır. Hüquqdan istifadə etməmək özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Mülkiyyətçinin hər bir halda əmlakını dərhal geri götürməyə məcbur edilməsi hüquqi baxımdan əsassızdır və mülki hüququn əsas prinsiplərinə ziddir.”

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

21. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 140. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə 152.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

40. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

41. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

42. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

43. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.

44. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

45. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

48. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

49. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

50. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

51. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

52. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

53. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

54. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

55. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

56. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

60. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

66. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

67. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

68. İddiaçı, cavabdehin mülkiyyətində olan əmlakın ona məxsus ərazidə saxlanılması ilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradıldığını irəli sürərək əmlakın cavabdehin hesabına sökülməsini və həmin ərazidən çıxarılmasını tələb edir.

69. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi ilk növbədə Mülki Məcəllənin 157.4-cü maddəsinin (§ 34) həmin Məcəllənin 157.8-ci maddəsi (§ 35) ilə əlaqəli şəkildə tətbiqinin mümkün olub-olmadığı nəzərdən keçirilməlidir; həmin maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur.

70. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.

71. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.

72. Belə ki, əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.

73. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ - MM-in 567-ci maddəsi; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ - MM-n 675-ci maddəsi). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.

74. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.

75. Qanunverici, Mülki Məcəllənin 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, Mülki Məcəllənin 152.4-cü maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.

76. Normanın qeyd olunan təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin “Xüsusi Hissəsi”ndə tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.

77. Hazırkı işdə “cavabdehin hesabına sökülməsini və məcburi qaydada çıxarılmasını” tələb etdiyi soyuducunun yerləşdiyi ərazi üzərində iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir; belə olan halda isə, iddianın Mülki Məcəllənin 157.4-cü və 157.8-ci maddələrinin birgə tətbiqi ilə təmin edilməsi mümkün deyildir.

78. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi X3 ilə bağladığı icarə müqaviləsinə əsaslanır; həmin müqavilə əsasında Hüseyn Hadıyev, mülkiyyətində olan Qazax rayonunun Xanlıqlar kəndi ərazisindəki 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikilini (əmlakın texniki pasportunda nəzərdə tutulmuş B literli tikili) xx.xx.2029-cu il tarixinədək İddiaçı ASC-nin istifadəsinə vermişdir - əmlak kompleksinin yerləşdiyi 0,7976 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.

79. Beləliklə, iddiaçının sözügedən əmlak kompleksinin 2114,4 kv.m. hissəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur - bu hüquq isə üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər.

80. Hazırkı işdə iddia müqavilənin tərəfinə (icarəyə verənə) qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır və bu səbəblə də iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması müəyyənləşdirilməlidir.

81. Qeyd olunmalıdır ki, icarə və ya digər müqavilə əsasında əşyadan istifadə etmək hüququna malik olan şəxsin üçüncü şəxslərin həmin əşyaya edilən müdaxiləsindən qorunmaq hüququ da mövcuddur. Lakin bu hüquq o vaxt yaranır ki, həmin əşya müqavilə əsasında ondan istifadə etmək hüququna malik olan şəxsin sahibliyində olmuş olsun. Belə hüququn müdafiəsi ilə bağlı iddia isə əşya hüququnun deyil, sahiblik hüququnun müdafiəsindən irəli gəlir.

82. Belə ki, qanunverici sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur (§ 44), eyni zamanda sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir.

83. Sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır (§ 40). Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

84. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur (§ 42).

85. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.

86. Hazırkı işin müəyyən olunan halı ondan ibarətdir ki, iddiaçı, sökülməsini və çıxarılmasını tələb etdiyi soyuducu kameraların yerləşdiyi torpaq sahəsinin sahibi deyildir; belə ki, həmin torpaq sahəsi yox, orada yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikili onun istifadəsinə verilmişdir.

87. Bu isə o deməkdir ki, iddiaçıya münasibətdə sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi mümkün deyildir.

88. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən soyuducu kameraların torpaq sahəsində quraşdırılması bilavasitə sahənin sahibinin, yəni X1 iradəsi əsasında baş tutmaqla, qadağan edilmiş özbaşınalıq sayıla bilməz (§ 44).

89. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5538/2025 saylı iş üzrə 19 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “soyuducu kameraların ərazidən məcburi çıxarılması” tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səməd Cəfərov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar