Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-150/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcunun müəyyən edilməsi, çəkişmə prinsipi, iddia müddətinin tətbiqi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2, Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2374/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) faiz dərəcəsi ilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Kreditor Borcalana 5000 USD məbləğində kredit verir. 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit Borcalana əsas vəsaitin artırılması məqsədilə verilir. 2.3-cü bəndinə əsasən Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 33 (otuz üç) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 34.137 faiz təşkil edir. 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz dərəcəsilə, aylıq isə 5.50 (beş tam onda beş) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. 2.6-cı bəndinə əsasən güzəşt müddəti yoxdur. 2.7-ci bəndinə əsasən borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı acılması, sənədlərin təhlili və hazırlanması və diğər hallarda yaranan xərcləri) üçün bu Müqavilə məbləğinin 1 (bir) % məbləğində komissiya haqqı ödəyir.
2. Borcun təminatı olaraq Cavabdeh1 ilə Bank arasında 170008335/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
3. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
4. 170008335/ZM saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 dekabr 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3.254,23 ABŞ dolları təşkil edir. Kreditin müddəti 24 ay təyin edilir.
5. 170008335 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 24 fevral 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 (bir) USD=1.45 (bir Manat 45 qəpik) Manat bu Sazişin qüvvəyə mindiyi tarixə 3.997,17 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir.
6. 07 yanvar 2025-ci il tarixli 12-5/2-A-23-107/2025 saylı maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixə kredit üzrə 1785,35 manat əsas, 2508,05 manat faiz, 2869,99 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 259,75 manat faiz borcu olmaqla, borcu cəmi 7423,14 manat təşkil edir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3055 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 06 fevral 2025-ci il tarixinə (İddiaçının məhkəməyə müraciət etdiyi tarixə) "xxxx" ASC olan borcu 4466.03 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə -1794,22 manat, faiz borcu üzrə - 2407,16 manat, faiz borcu 5% ilə - 264,65 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7.423,14 (yeddi min dörd yüz iyirmi üç Manat 14 qəpik) Manat - bundan 1.785,35 (bir min yeddi yüz səksən beş Manat 35 qəpik) Manat əsas, 2.508,05 (iki min beş yüz səkkiz Manat 05 qəpik) Manat faiz, 2.869,99 (iki min səkkiz yüz altmış doqquz Manat 99 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 259,75 (iki yüz əlli doqquz Manat 75 qəpik) Manat faiz borcu və iş üzrə ödənilmiş 94,24 (doxsan dörd Manat 24 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* saylı xx.xx.2015ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 33 (otuz üç) faiz dərəcəsi ilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 170008335/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 18 dekabr 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Bu Müqaviləyə əsasən Kreditorun Borcalana 5.000 (beş min) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 3.254,23 (üç min iki yüz əlli dörd ABŞ dolları 23 sent) ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2018-ci il tarixinədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* №-li xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 24 fevral 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) Manata konvertasiya edilməklə (1 USD=1.45 AZN) 3.997,17 (üç min doqquz yüz doxsan yeddi Manat 17 qəpik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 (iyirmi) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-A-41-5635/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh3 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 7.423,14 (yeddi min dörd yüz iyirmi üç Manat 14 qəpik) Manat təşkil edir. Bundan 1.785,35 (bir min yeddi yüz səksən beş Manat 35 qəpik) Manat əsas, 2.508,05 (iki min beş yüz səkkiz Manat 05 qəpik) Manat faiz, 2.869,99 (iki min səkkiz yüz altmış doqquz Manat 99 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 259,75 (iki yüz əlli doqquz Manat 75 qəpik) Manat faiz borcu təşkil edir.
10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
12. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1785,35 manat əsas borc, 2407,16 manat faiz borcu, 90 manat dəbbə pulu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% ilə hesablanan 259,75 manat faiz borc və dövlət rüsumunun əvəzi olaraq 66 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
13. Məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır:
- Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. - Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlərdən fərqlənir. Belə ki, əsas borc iddia tələbində ekspert rəyində göstərilən məbləğdən daha aşağı müəyyən edildiyinə görə iddia tələbində, əsas borca hesablanan faiz borcu isə ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edildiyi üçün, ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. - Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 2869,99 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. - Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. - Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehlərdən tutulacaq dəbbə pulu 90 manat məbləğində müəyyən edilməlidir. - Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğ ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində ekspert rəyində göstərilən məbləğlərdən daha aşağı həddədir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. - Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 1785,35 manat əsas borc, 2407,16 manat faiz borcu, 90 manat dəbbə pulu borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 259,75 manat məbləğində faiz borcu da tutularaq iddiaçıya ödənilməlidir. - Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 94,24 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənilmişdir. - Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehlərdən tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 399.1, 442, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarın tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən ona heç bir bildiriş məktublarının göndərilmədiyini, iddia müddətinin buraxıldığını və iddia tələbini qəbul etmədiyini bildirmiş, lakin məhkəmə faktiki olaraq yalnız iddiaçının təqdim etdiyi dəlil və mülahizələri əsasında xx.xx.2025-cı il tarixdə 2(113)-2374/2025 saylı qətnamə qəbul etmiş və həmin qətnamə cavabdehə xx.xx.2025-ci ildə təqdim olunmuşdur. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını, işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır».
b) Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Apellyasiya baxışı, izahatlar
18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
22. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
27. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
31. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsini tələb etsə də, şikayətin məzmunundan müəyyən edilir ki, apellyator qətnaməni yalnız Cavabdeh3 münasibətdə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
49. Kollegiya apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə iddianın rədd edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
50. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən yekun məhkəmə aktı qəbul edilənədək iddia müddətinin ötürülməsi barədə ərizəsi məhkəməyə təqdim edilməmişdir.
51. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyi araşdırılmalıdır.
52. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).
53. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
54. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 39).
55. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin hüquqi ünvanına göndərilmişdir.
56. Digər tərəfdən işin hallarının hərtərəfli araşdırılması üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə kredit müqaviləsi üzrə borcun məbləği müəyyən edilmişdir.
57. Kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
58. Kollegiya məhkəmə tərəfindən dəbbə pulunun tutulmasına münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
59. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
61. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz borcunu 259,75 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
65. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2374/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.