Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-162/2026 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "icarə haqqının tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3847/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. İcarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında 29 noyabr 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin • 1.1-ci bəndinə əsasən icarəyə verən MH 11/202432525 seriya nömrəli çıxarışa əsasən Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən A28 binası, ticari hissə, birinci mərtəbə, 2109,51 kv.m sahədən 700 kv.metr qeyriyaşayış sahəsini tutan ərazini 5 il müddətinə restoran kimi icarəyə götürənin istifadəsinə verir; • 1.2-ci bəndinə əsasən icarəyə götürən hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür; • 4.1-ci bəndinə əsasən icarəyə verən hazırkı Müqavilə qüvvəyə mindiyi tarixdən 15 (on beş) təqvim günü ərzində icarə obyektini, komplektə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəyə götürənə təqdim etməlidir. • 4.2-ci bəndinə əsasən icarəyə götürən hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 90 təqvim günü ərzində icarə obyektini, təbii aşınma və normal köhnəlmə vəziyyətini nəzərə alınmaqla, komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəyə verənə qaytarmalıdır; • 4.3-cü bəndinə əsasən icarə obyektinin təhvil verilmə və qaytarılma müddətləri gecikdirildiyi təqdirdə tərəflərin tələbi və qarşılıqlı razılaşması ilə icarə haqlarının ödəniş müddətlərinin təxirə salınması və ya uzadılması, həmçinin miqdarı və həcmləri mütənasib qaydada tənzimlənir; • 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə icarə haqqı hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də müəyyən edilmişdir; • 6.2-ci bəndinə əsasən icarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları icarəyə götürənə təqdim edir. İcarəyə götürən aylıq hesab-faktura üzrə icarə haqqını nağd və ya bank köçürmə yolu ilə ödəyir; • 11.1-ci bəndinə əsasən hazırkı müqavilə restoran fəaliyyətə başladığı gündən qüvvəyə minir və “ ” 2029-cu il tarixədək etibarlıdır; • 11.3-cü bəndinə əsasən tərəflər hazırkı Müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Bu halda hazırkı Müqaviləni ləğv etmək istəyən tərəf 90 (doxsan) iş günü əvvəl qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
3. xx.xx.2024-cü il tarixli, 11/2024 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavə olan icarə haqqının razılaşdırılması protokolunun 1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 11/2024 nömrəli icarə müqaviləsi üzrə icarə obyektinin aylıq icarə haqqı ƏDV daxil 5000 manat həcmində təyin edilmişdir; • 2-ci bəndinə əsasən hazırkı Protokol restoran fəaliyyətə başladığı gündan qüvvəyə minir və Müqavilənin ayrılmaz hissəsi hesab edilir. Protokol tərəflərin imzası ilə təsdiq edilmişdir.
4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli POS-terminalın qeydiyyata alınması haqqında bildirişdən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş **********811000 kargüzarlıq nömrəsi ilə qeydiyyata alınan ərizədə göstərilən **********-15012 obyekti üçün POS-terminal qeydiyyata alınmışdır.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş bu arayış Cavabdeh (VÖEN ********** 1033 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu ev.2 A, 1-ci mərtəbə, qeyri-yaşayış sahəsi - ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə) uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı): Şəki Qala-2; Kodu: **********-15012; Uçota alınma tarixi: xx.xx.2024.
6. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, icarəçidən 3 gün müddətində xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 20000 manat məbləğində icarə haqqının ödənilməsi, icarə obyektinin isə boşaldılaraq müqavilənin tələblərinə uyğun vəziyyətdə təhvil verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbədarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış 20000 manat məbləğində icarə haqqının, hazırkı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun Cavabdeh oğlundan tutularaq İddiaçı verilməsi, icarə sahəsinin cavabdeh tərəfindən boşaldılaraq müqavilənin tələblərinə uyğun vəziyyətdə İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən İddiaçı tam mülkiyyət hüququ ilə (MH 11/202423525 nömrəli çıxarışa əsasən) özünə məxsus ünvan 1 ünvanında yerləşən A28 binanın birinci mərtəbəsində olan, ümumi sahəsi 2109,51 m2 sahədən ibarət qeyriyaşayış sahəsinin 700 m2 hissəsini icarəyə götürən Cavabdeh 5 il müddətinə (Restoran fəaliyyəti ilə məşğul olmaq üçün) icarəyə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə götürən hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2.7-ci bəndinə əsasən icarəyə götürən icarə obyektinin hazırkı müqavilənin şərtlərinə uyğun şəkildə istismara yararlı və qənaətbəxş saxlanmasının yoxlamaq məqsədi ilə icarəyə verənin nümayəndəsini maneəsiz icarə obyektinə buraxmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1ci maddəsinə əsasən icarə obyekti üzrə icarə haqqı hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də müəyyən edilmişdir. İcarə obyekti üzrə icarə haqqı hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də müəyyən edilmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları icarəyə götürənə təqdim edir. İcarəyə götürən aylıq hesab-faktura üzrə icarə haqqını nağd və ya bank köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetrilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsudiyyət daşıyırlar. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən hazırkı müqavilədən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən hazırkı müqavilə restoran fəaliyyətə başladığı gündən qüvvəyə minir və 29 noyabr 2029-cu il tarixədək etibarlıdır. Həmin müqavilənin 11.3-ci bəndinə əsasən tərəflər hazırkı müqavilənin müddətini vaxtından əvvəl dayandırmaq hüququnu özlərində saxlayırlar. Həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, icarə obyektinin aylıq icarə haqqı 5000 manat müəyyən edilmişdir. Bildirilir ki, icarəyə verən İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və vaxtında yerinə yetirmiş, müqavilə şərtlərinə uyğun icarə obyektini, komplektə daxil olan ləvazimatlarla birlikdə təhviltəslim aktı əsasında icarəçiyə təhvil vermişdir. Lakin icarəyə götürən Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, icarə obyektinin qapısını bağlamış, müqavilə üzrə icarə haqqını ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı tərəfindən şifahi qaydada, həmçinin xx.xx.2025-ci tarixdə yazılı bildirişlə cavabdehə müraciət olunaraq, ödənilməmiş icarə haqqının ödənilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu ünvanlamış, 3 gün müddətinə icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 20000 manat məbləğində icarə haqqı borcunu ödəməyi, icarə obyektinin isə boşaldılaraq, müqavilənin tələblərinə uyğun vəziyyətdə iddiaçıya təhvil verməyi təklif edilmişdir. Lakin müraciətlər cavabdeh tərəfindən cavablandırılmamışdır. Cavabdehin icarə obyektinin aylıq icarə haqqını ödəməməsi, həmçinin icarə obyektini boşaltmaması iddiaçının mülkiyyət hüquqlarını pozur, icarə obyektini başqa şəxslərə icarəyə verə bilmir. Bu isə hər ay iddiaçını maddi ziyana salır.
9. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun formada “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edilərək, icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış 20000 manat məbləğində icarə haqqının, hazırkı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat məbləğində pulun Cavabdeh oğlundan tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia qismən, 2025-ci ilin yanvar ayı üzrə 1 aylıq icarə haqqı hissəsində qəbul edilir, eyni zamanda bildirilir ki, həmin ayın da birinci yarısı işıq kodu (sayğaclar eyni olsa da) bir olduğu üçün icarəyəverənin divar-divara qonşu olduğu və icarəyə verdiyi "Elvet" restoranının da işıq borcunun Şəki restoranına eyni kod altında gəldiyi, eyni kod altında yaranmış ümumi işıq borcunu cavabdeh ödəmək istəmədiyindən mübahisəli məqam yaranmış, 2025-ci ilin 4 fevralı icarə obyektindən son istifadə müddəti olub və həmin gündən sonra icarəyəverən icarə haqqını ödəməmə adı ilə qapının açarlarını dəyişmişdir ki, bu barədə şəkil də elektron sistemə yüklənmişdir. Aşağıdakı hallara görə hesab edilir ki, iddianın 2024-cü ilin dekabr ayı, 2025-ci ilin fevral və mart ayları üzrə icarə haqqı tələbi təmin edilməməlidir: Əgər icarəçi olaraq obyektdən fevral və mart ayları üzrə istifadə etsəydi, icarəyəverən icarə haqqı ödənməmiş dediyi dövr üzrə kommunal xidmət haqlarını da tələb edərdi, halbuki işığa görə sonuncu ödənişlə bağlı (siyahıya uyğun olaraq) qəbzlər təqdim edilir. Son ödəmə 4 fevral olubdur. İcarəyəverən məkanı təhvil verərkən Joker klubun istifadəsində olmuş, Joker klubla iddiaçı arasında məhkəmə mübahisəsi ilə bitən (Bakı Kommersiya məhkəməsində) ayrılma prosesi olmuş, klub obyekti tam çılpaq vəziyyətdə iddiaçıya vermiş, iddiaçı təmirsiz, təyinatı üzrə yararsız vəziyyətdə təhvil verdiyi üçün restoran şəklinə salmaq üçün 2024-cü ilin Yeni il bayramına kimi vaxt lazım olmuşdur. Halbuki tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli müqavilənin 4.1.ci maddəsinə əsasən icarəyə verən müqavilə qüvvəyə mindiyi tarixdən 15 gün ərzində icarə obyektini komplektə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı ilə birlikdə icarəyəgötürənə təqdim etməlidir. 5.1.İcarəyəverən icarə obyektinin icarəyəgötürən tərəfindən istismarı ilə bağlı şərait yaradır və bu məqsədlə əlavə ödəniş tələb etmədən aşağlda qeyd edilən avadanlıq və xidmətlərlə icarəyəgötürəni təmin edir: icarə obyektinin istismarı ilə bağlı kifayət qədər elektrik enerjisi, kondisioner, istilik və kommunal xidmət ilə təchiz edilməsi; Göründüyü kimi, icarəyəverən işıqla bağlı müqavilə öhdəliklərini həyata keçirməyib və artıq kifayət qədər yaxşılaşdırmalar edilmiş, restoranı təyinatı üzrə yüksək keyfiyyətli şəraitdə olan hazır obyektə cavabdehi buraxmamaqla 3 ay sonra 2025-ci ilin may ayında restoran kimi başqa bir icarəyəgötürənə daha yüksək qiymətə verməklə faydalanmışdır. Faktiki istifadə 30 dekabr 2024-cü ildən başlamaqla (təmir yaxşılaşdırma sonrası) 4 fevrala kimi davam etmişdir. İcarəyəverən bizə obyekti təhvil-təslim etməməklə, tam dekabr ayı üzrə zəruri şərait yaratmadığı obyektin təhvil vermə tarixini haqsız olaraq 30 noyabr 2024-cü il tarix kimi məhkəməyə təqdim edir. Müqavilənin 11.1-ci bəndinə əsasən restoran fəaliyyətə başladığı vaxtdan müqavilə qüvvəyə minir. Lakin iddiaçı fəaliyyət göstərmədiyi dövrdə, yəni təmir yaxşılaşdırma dövrünü də qüvvəyə mindiyi dövr kimi qəbul edərək, aylıq icarə haqqı tələb edir. 2025-ci ilin fevral 11-də iddiaçı icarə haqqı ödənilmədiyi üçün obyekti boşaltmağı tələb edir. Lakin əgər iddia düzgündürsə, hansı səbəbdən icarə haqqı ödəməyən bir restoranın işıq, su və qazını dayandırmamasını, müvafiq qaydada şikayətlər etməməsini, yalnız yeni icarəyəgötürən tapdıqdan bir neçə ay sonra iddia tələbi irəli sürərək müqaviləyə xitam verilməsini xahiş etmisdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbini qismən, 1 aylıq icarə haqqı hissəsində təmin edərək, qalan hissədə sübuta yetirilməməsi səbəbindən təmin etməmə barədə qətnamə qəbul edilməsini xahiş edir.
11. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən 18-xx.xx.2025-ci il tarixində elektron sistemə yüklənmiş sənədlərlə bağlı bildirilir ki, həmin sübutlar məhkəməyə baxış iclasında verildiyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olduğu üçün sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. Sübut kimi qiymətləndirilsə belə, icarədarın icarə obyektində işləyib-işləməməsi onu icrarə müqaviləsi üzrə icarə haqqını ödəməkdən azad etmir. Tərəflər arasında icarə müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Bundan əlavə, cavabdeh tərəfindən yazılmış mülahizəyə münasibət olaraq bildirilir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsinin bağlandığı an, yəni xx.xx.2025-ci il tarixində qüvvəyə minmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Hazırkı halda tərəflər arasında bağlanmış müqaviləyə hərfi mənada yanaşsaq, onda belə çıxır ki, müqavilə bağlanandan sonra icarədar 1 il sonra restoran fəaliyyətinə başlasaydı, müqavilə də o vaxtdan qüvvəyə minməli idi? Cavabdehin bu mülahizəsi tamamilə əsassızdır. Müqavilə bağlanıb və cavabdehə restoran fəaliyyəti ilə bağlı məşğul olması üçün icarə obyekti təhvil verilibdir. Lakin cavabdeh icarədarın icazəsi və razılığı olmadan müqavilə şərtlərinə zidd olaraq (3.2 İcarəyə götürənin hüquq və öhdəlikləri -3.2.6 İcarə obyektinin dəyişdirilməsini, yenidən planlaşdırılmasını və tikinti işlərini yalnız icarəyə verənin yazılı razılığı ilə həyata keçirmək. Bu təqdirdə icarə obyektinin yaxşılaşmasına səbəb olan ayrılmaz işlərin əvəzi müqavilənin müddəti bitdikdən sonra icarəyə verən tərəfindən ödənilməli, icarə obyektinə zərər vurulmadan ayrıla bilən qurğular isə icarəyə götürənin mülkiyyətində qalmalıdır;) icarə obyektində əsaslı təmir işləri aparmışdır (özünün dediyinə görə guya restoran fəaliyyətinə dekabr ayında başlamışdır). Bundan əlavə, cavabdeh icarə müqaviləsinin 5-ci maddəsinə istinad edərək bildirir ki, (5.1-ci maddə icarəyəverən icarə obyektinin icarəyəgötürən tərəfindən istismarı il bağlı zəruri şərait yaradır və bu məqsədlə əlavə ödəniş etmədən kommunal xidməti, elektrik enerjisi və kondisioner verir) icarə obyekti onlara istifadəyə yararlı şəkildə verilməmişdir. Buradan belə sual ortaya çıxır, əgər müqavilədə belə bir şərt var idisə və həmin şərtdə qeyd edilən şəkildə icarə obyekti icarədara təhvil verilməmişdirsə, icarədar müqaviləni nə üçün imzalayırdı? Nə üçün bununla bağlı hər hansı pretenziya irəli sürməmişdir. İcarə sahəsi icarədara müqavilə şərtlərinə uyğun tam təmirli, əşyalı şəkildə, istifadəyə yararlı vəziyyətdə təhvil verilmişdir ki, icarədar da öz fəaliyyətini orada həyata keçirmiş, hətta icarə obyektində tavanda olan dekorları, çoxsaylı çilçıraqları sökərək (yaşıllıqları, çilçıraqıarı) öz restoran üslubuna uyğun milli arqamentli naxışlarla əvəz etmişdir. Bunu da müqavilənin şərtlərinə zidd olaraq icazə və razılıq olmadan həyata keçirmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, icarə müqaviləsi bağlanan zaman onlar tərəfindən 2129 manat məbləğində işıq pulu ödənilmişdir. Həmçinin bizim digər icarə obyektinin elektrik enerjisinə görə olan borclar da onlar tərəfindən ödənilmişdir. Əvvəla bildirilir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən elektron sistemə yüklənmiş hesab ödəniş vərəqəsindən də görünür ki, (xx.xx.2024-cü il tarixli) bir icarə obyektinə iki sayğac kodu verilmişdir (**********20110 və **********20111, 803819M1717314 və 0049364M581201). Yəni qeyri-yaşayış sahələrinin sayğac cihazları ayrı-ayrıdır, elektrik enerjisi sərfiyatı ayrı-ayrı hesablanır. Cavabdehin özünün də məhkəmə iclasında qeyd etdiyi kimi, onların istifadəsində olan icarə obyektində quraşdırılmış sayğac SMN (X5) ağıllı sayğac şəbəkəsi, şəbəkəli sayğacdır. Həmin sayğac önödəməli system ilə işləyir, sayğacda qabaqcadan balans qoyulur. Sayğacda balans azaldıqda qabaqcadan xəbərdar edilir. Lakin istifadədə olan icarə obyektinin sayğacı isə köhnə sayğacdır. Elektrik enerjisinin sərfiyatı ilə bağlı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən hər ay sərfiyyat hesablanaraq təqdim edilir və ödənilir. Yəni cavabdehin bu arqumenti tamamilə əsassızıdr. Bundan əlavə, belə bir hal mövcud idisə, müqavilə bağlanan zaman hələ icarə obyektindən istifadə edilməmiş, icarə obyektinə əvvəllər hesablanmış elektrik enerjisinə görə 2129 manat pulun ödənilməsi absurddur. Bundan əlavə, belə bir hal var idisə, nə üçün icarədar bununla bağlı hər hansı etirazını bildirməmişdir. Sərf etmədiyi, işlətmədiyi icarə obyektinin əvvəllər olan elektrik enerjisi borcunun cavabdeh tərəfindən ödənilməsi məntiqsizdir. Bundan əlavə, cavabdeh ancaq yanvar ayında fəaliyyət göstərildiyini bildirsə də, fevral, mart ayında icarə obyektində olmaması, icarə obyektini fevral ayında tərk etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bildirilir ki, cavabdehlər 2025-ci ilin mart ayı da daxil olmaqla, icarə obyektində olmuşlar. Bunun əksini sübut edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən X2 verilən “icarə obyektindən nə zaman çıxmısınız” sualına “2025-ci ilin fevral ayının 5-i” olaraq cavab vermişdir. Sonra “icarə obyektinə nə zaman qayıtdınız” sualına isə cavab olaraq bildirdi ki, sonra İddiaçı tərəfindən ona pretenziya məktubu gəldi, o növbəti gün icarə obyektinə gedəndə qapının bağlı olduğunu görüb və içəri daxil ola bilməyibdir. Bununla bağlı bildirilir ki, cavabdehə pretenziya məhkubu xx.xx.2025-ci il tarixdə yazılıb poçta verilmişdir. Həmin məktubun cavabdehə çatması təxminən 7 həftə sürə bilərdi. Bu da təxminən ortalama hesabla fevral ayının 20-nə təsadüf edir. Bu da ona dəlalət edir ki, hələ fevral ayının 20-si cavabdeh icarə obyektində olmuşdur. Bundan əlavə, 2025-ci ilin fevral - mart aylarında cavabdehin icarə obyektində fəaliyyət göstərməməsi onun icarə obyekti üçün nəzərdə tutulmuş icarə haqqının ödənilməməsi anlamına gəlmir. Müqavilə bağlanmış və icarə haqqı müəyyən edilmişdir. Əgər icarə haqqı fəaliyyətlə bağlı olaraq ödənilsəydi, müqaviləyə belə bir bənd əlavə edilərdi. Cavabdehin məntiqi ilə yanaşsaq, belə çıxır ki, icarə müqaviləsi bağlanır, nə zaman fəaliyyət olmadı, icarə haqqı ödənilmir. Bu isə məntiqsiz və gülməlidir. Cavabdehin icarə sahəsinə buraxılmamasına gəldikdə isə belə bir hal mövcud olmamış, 3 ay icarə haqqı ödənilmədiyi üçün cavabdehə rəsmi məktub ünvanlanaraq, icarə haqqının ödənilməsi tələb olunmuşdur. May ayının əvvəllərində artıq icarə obyektində hər hansı hərəkət və fəaliyyətin olmadığını görüb, icarə obyektinə getdikdə icarədarın icarə obyektini tərk edib getdiyi məlum olmuşdur. Nəhayət 2025-ci ilin may ayının 20ci cavabdehə məxsus və icarə obyektində olan əşyalar aktlaşdırılaraq saxlanca verilmişdir. Bunlardan əlavə, əgər cavabdeh icarə obyektinə buraxılmamışdırsa, onun əşyaları (qeyri-yaşayış sahəsində ola) verilməmişdirsə, nə üçün bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət, şikayət ünvanlamamışdır. Əksinə cavabdeh icarədarla kontakta girməkdən, onların zənglərinə, sms-lərinə cavab verməkdən yayınmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3847/2025 nömrəli qətnaməsi ilə ddia qismən təmin edilməsi, Cavabdeh 17419 (on yeddi min dörd yüz on doqquz) manat icarə haqqı, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 131 (yüz otuz bir) manat olmaqla, ümumilikdə 17870 (on yeddi min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3847/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin qismən, 2025-ciilin yanvar ayı üzrə 1 aylıq icarə haqqı hissəsində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərindən iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, obyektə işıq fevral ayından verilməmişdir, yəni faktiki olaraq restoran fəaliyyət göstərməmişdir. Üstəlik, restorana aid “instagram”səhifəsində restoranın açılış vaxtı dekabr ayı göstərilib. Bu sübutlar restoranın fəaliyyət dövrünün iddia etdiyimiz müddətlər olmasını aşkar şəkildə göstərir. Cavabdeh müqavilə bağlayarkən hesab etməmişdir ki, iddiaçı onu qısa müddət sonra əsassız tələblər irəli sürməklə müvafiq qeyri-yaşayış sahəsindən çıxarılması üçün cəhdlər edəcək. Buna görə də iddiaçı müqavilə üzrə öhdəliklərini, ən əsası isə, aylıq icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyini icra etmək niyyətində olmuşdur. Məhz bu səbəbdən cavabdeh obyektdən faktiki olaraq istifadə etdiyi bütün dövr üçün kommunal ödənişlərini həyata keçirmiş və bununla bağlı qəbzlər sübut qismində məhkəməyə təqdim olunmuşdur. Müqavilənin 11.1-ci bəndinə əsasən restoran fəaliyyətə başladığı vaxtdan müqavilə qüvvəyə minir. Lakin iddiaçı fəaliyyət göstərmədiyi dövrdə, yəni təmir yaxşılaşdırma dövrünü də qüvvəyə mindiyi dövr kimi qəbul edərək, aylıq icarə haqqı tələb edir. Halbuki, faktiki icarə müddəti 30 dekabr 2024- cü ildən 04 fevral 2025-ci ilədək davam etmişdir. İddiaçı tərəfindən göstərdiyimiz müddətdən daha uzun müddətdə cavabdeh tərəfindən obyektin istifadə olunmasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bamxayaraq ki, bu hissədə sübutetmə yükü iddia tələbini irəli sürmüş iddiaçıya məxsusdur. İcarə müddətinin son tarixinin 04 fevral olması ilə bağlı isə tərəfimizdən həmin tarixə aid kommunal ödənişlərə dair qəbzlər təşkil edir. Analoji işlər üzrə sahibkarlıq fəaliyyətində yaranmış işgüzar adətlərdən də məlum olduğu kimi, icarəyə götürən şəxs obyektin istifadəsini başa çatdırdığı tarixədək olan kommunal ödənişlərin tam şəkildə ödəməlidir. Cavabdeh də öz növbəsində, sahibkarlıq fəaliyyətini həmin obyektdə həyata keçirə bilməyəcəyi barədə məlumat əldə etdikdən sonra sonuncu kommunal borcları icra edərək obyekti tərk etmişdir. İddiaçı obyekti müqavilədə nəzərdə tutulmuş qaydada ləvazimatları ilə birlikdə təqdim edilməsinə dair təhvil-təslim aktını təqdim etməmişdir. Bu hal onunla da təsdiq olunur ki, məhkəmə icarə müqaviləsi üzrə icarə müddətinin başlanma tarixini yalnız İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışı üzrə müəyyən etməyə çalışmışdır. Məhkəməyə restoranın fəaliyyətə başlma vaxtı ilə bağlı sübut təqdim edilsə də, iddiaçı restoranın müqavilə bağlandığı andan fəaliyyətə başlamasını sübut edəcək hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı tərəf özü də müqavilə üzrə ödənişlərin restoran fəaliyyətə başladığı dövrdən hesablanacağını qəbul etmiş və müqavilənin həmin bəndini mübahisələndirməmişdir. Yəni, cavabdehin yalnız restoran fəaliyyətə başladıqdan sonra icarə haqqı ödəyəcəyi mübahisəsiz haldır. Lakin iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir ki, restoran həqiqətən onların iddia etdiyi vaxt fəaliyyətə başlayıb. Əksinə, tərəfimizdən restoranın fəaliyyətə başlama tarixinə dair kifayət qədər sübut təqdim edilməsinə baxmayaraq məhkəmə bizim sübutlarımızı qeyrimötəbər hesab etmişdir. AR MPM-in 88-ci maddəsinin tələblərini pozaraq cavabdehin sübutlarına əhəmiyyə vermir, bu hissədəaraşdırmaaparmır, iddiaçının izahatlarını isə sbüut kimi qiymətləndirərək məhkəmə araşdırması hüququ ilə bağlı bütün prinsipləri pozur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdır.
16. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin tələblərinə əsasən icarəyəgötürən icarə predmetindən istifadə imkanını əldə etdiyi andan etibarən icarə haqqını ödəmək öhdəliyi daşıyır. İcarə haqqının ödənilməsi obyektin kommersiya baxımından gəlir gətirməsi və ya fəaliyyətin intensivliyi ilə deyil, istifadəyə verilməsi faktı ilə bağlıdır. Cavabdeh tərəfindən irəli sürülən “obyektin yalnız 04 fevral 2025-ci il tarixinədək istifadə olunması” barədə iddia sübutetmə baxımından əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödəniş qəbzləri obyektin həmin tarixdə icarəyəverənə qaytarıldığını və ya istifadə imkanının itirildiyini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Bunlardan əlavə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən X2 verilən “icarə obyektindən nə zaman çıxmısınız” sualına “2025-ci ilin fevral ayının 5-i” olaraq cavab vermişdir. Sonra “icarə obyektinə nə zaman qayıtdınız” sualına isə cavab olaraq bildirdi ki, sonra İddiaçı tərəfindən ona pretenziya məktubu gəldi, o növbəti gün icarə obyektinə gedəndə qapının bağlı olduğunu görüb və içəri daxil ola bilməyibdir. Bununla bağlı bildirilir ki, cavabdehə pretenziya məhkubu xx.xx.2025-ci il tarixdə yazılıb poçta verilmişdir. Həmin məktubun cavabdehə çatması təxminən 7 həftə sürə bilərdi. Bu da təxminən ortalama hesabla fevral ayının 20-nə təsadüf edir. Bu da ona dəlalət edir ki, hələ fevral ayının 20-si cavabdeh icarə obyektində olmuşdur. Cavabdehin verdiyi izahatın yalan olduğununa, məhkəməni yanıltmağa yönəldiyini açıq-aşkardır. Bundan əlavə, 2025-ci ilin fevral - mart aylarında cavabdehin icarə obyektində fəaliyyət göstərməməsi onun icarə obyekti üçün nəzərdə tutulmuş icarə haqqının ödənilməməsi anlamına gəlmir. Müqavilə bağlanmış və icarə haqqı müəyyən edilmişdir. Əgər icarə haqqı fəaliyyətlə bağlı olaraq ödənilsəydi, müqaviləyə belə bir bənd əlavə edilərdi. Bundan əlavə, cavabdehin obyektə buraxılmadığı və ya istifadəyə maneə yaradıldığı barədə iddiaları iş materialları ilə təsdiqini tapmamışdır. Tapa da bilmzədi, çünki, belə bir hal mövcud olmamışdır. Obyektin qaytarılması barədə tərəflər arasında təhvil-təslim aktı təqdim edilməmiş, obyektin faktiki olaraq boşaldılması və icarəyəverənə təhvil verilməsi sübuta yetirilməmişdir. İcarə münasibətlərində obyektin qaytarılması yalnız faktiki tərk etmə ilə deyil, hüquqi qaydada təhvil verilməsi ilə müəyyən olunur. Cavabdehin icarə obyektinin guya təmirə yararsız vəziyyətdə təqdim edilməsi barədə arqumenti də əsassızdır. Belə ki, obyekt cavabdehə tam yararlı, təmirli (fotoşəkillər iş materiallarındadır, sosial şəbəkədən götürülmüş səhifədə də açıq-aşkar təmirli vəziyyətdə olması aydın görünür)şəkildə təhvil verilmişdir. İcarə obyekti tam təmirli təçhizatlı şəkildə cavabdeh tərəfindən qəbul edilmiş, uzun müddət ərzində təmir və sahibkarlıq fəaliyyəti məqsədilə istifadə olunmuş və müqavilənin icrası zamanı bu hal üzrə hər hansı rəsmi irad və ya müqavilədən imtina tələbi irəli sürülməmişdir. Müqavilə münasibətləri davam etdiyi müddətdə obyektin yararsız olması barədə etiraz edilməməsi həmin halın sonradan məsuliyyətdən yayınmaq məqsədilə irəli sürüldüyünü göstərir. Eyni zamanda, cavabdehin kommunal ödənişlər etməsi onun obyekt üzərində faktiki istifadəsini təsdiq edir və bu hal əksinə olaraq icarə münasibətlərinin davam etdiyini göstərir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ AR Mülki Məcəlləsi
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
26. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
27. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar vətəqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında 29 noyabr 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən A28 binanın birinci mərtəbəsində olan, ümumi sahəsi 2109,51 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin 700 kv.m hissəsini icarəyə götürən Cavabdeh 5 il müddətinə (restoran fəaliyyəti ilə məşğul olmaq üçün) icarəyə vermiş, icarə obyekti icarəçiyə təhvil verilmiş, həmin obyektdən bir müddət istifadə olunsa da, sonradan tərəflər arasında icarə müqaviləsi ləğv edilmiş və icarə obyektinə dair 2025-ci ilin may ayında başqa icarəçi ilə müqavilə bağlanmışdır .
37. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq restoranını fəaliyyətə başladığı günlə bağlı sübut qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışı əsas götürülməklə, xx.xx.2024-cü il tarixini restoranın fəaliyyətə başladığı gün kimi qəbul etmişdir.
38. Apellayotun mötəbər sübut qismində isitnad etdiyi restorana aid sosial şəbəkə səhifəsində açılış tarixinin dekabr ayı kimi göstərilməsi obyektin faktiki fəaliyyət müddətini müəyyən edən hüquqi əhəmiyyətli sübut hesab edilə bilməz.
39. Belə ki, sosial şəbəkələrdə yerləşdirilən məlumatlar rəsmi hüquqi sənəd və ya təsərrüfat fəaliyyətinin başlanma tarixini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin məlumatlar obyektin faktiki istifadə müddətini dəqiq müəyyən etməyə imkan vermir.
40. Məhkəmə kollegiyası obyektin fevral ayından etibarən elektrik enerjisinin verilmədiyi səbəbindən restoran faktiki olaraq fəaliyyət göstərməməsi dəlilinə münasibətdə qeyd edir ki, göstərilən halı təsdiq edən aidiyyəti kommunal xidmət təşkilatının ("xxxx" ASC) rəsmi arayışı və ya digər mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödəniş qəbzlərinə münasibətdə kollegiya qeyd edir ki, həmin qəbzlər cavabdehin müəyyən müddət ərzində obyektlə bağlı kommunal öhdəlikləri yerinə yetirdiyini göstərir. Lakin kommunal ödənişlərin həyata keçirilməsi obyektin yalnız cavabdehin göstərdiyi müddətdə istifadə edildiyini və ya həmin müddətdən sonra istifadə edilmədiyini təsdiq edən sübut hesab edilə bilməz. Cavabdeh obyektin istifadə müddətinin daha qısa olmasını iddia etdiyindən bu halın sübut edilməsi vəzifəsi də onun üzərinə düşür.
42. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçının 04 fevral tarixindən icarə obyektindən istifadə etməməsini, bu səbəbdən icarə haqqını ödəməməsi ilə əsaslandırması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi öhdəliyi icarəçinin obyektə faktiki sahib olması və ondan istifadə imkanına malik olması ilə bağlıdır. Obyektdən istifadə edilməməsi icarəçinin öz iradəsindən və ya fəaliyyətindən irəli gəlirsə, bu hal onu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad etmir.
43. Mülki hüquq normalarına görə, icarəçi obyektin istifadəsinə mane olan hər hansı hal mövcud olduğu halda bu barədə icarəyə verənə rəsmi qaydada məlumat vermədikdə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə tələb irəli sürmədikdə, icarə haqqının ödənilməsi öhdəliyi qüvvədə qalır. Bu səbəbdən obyektin istifadə edilməməsi faktı icarə haqqının ödənilməməsi üçün hüquqi əsas yarada bilməz və cavabdehin bu istiqamətdə göstərdiyi dəlil əsassızdır.
44. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh obyektin istifadəsinə mane olan hallarla bağlı, həmçinin 04 fevral tarixindən icarə obyektini tərk edərək istifadə etmədiyi, müqavilə münasibətlərinin bitməsinə dair icarəyə verənə məlumat verməsi ilə bağlı hər hansl sübut təqdim etməmişdir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan cavabdehin qeyd olunan iddiası yalnız izahat xarakteri daşıyır və obyektiv sübutlarla təsdiq olunmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.
46. Eyni zamanda cavabdehin iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş qaydada ləvazimatları ilə birlikdə təqdim edilməsinə dair təhvil-təslim aktının məhkəməyə təqdim olunmamasına istinad etməsinə münasibtədə kollegiya bildirir ki, bu hal mövcud olduğu təqdirdə icarə müqaviləsinin şərtlərindən irəli gələrək icarəçinin müqavilədə nəzərdə tutulmuş qaydada ləvazimatlarla obyektin təchiz edilməsini tələb etmək hüququnun realizəsi ilə bağlı olmuşdur. İcarəçinin belə bir tələblə icarəyə verənə müraciəti iş materilları ilə təsdiq olunmur. Bu hal hazırki iddia tələbinin predmetinə daxil deyildir.
47. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, 3 ay üzrə (yanvar, fevral, mart) icarə haqqının məbləği 15000 manat (5000x3=15000), dekabr ayı üzrə icarə haqqının məbləği isə 2419 manat (5000:31x15≈2419, (31-16=15 gün, ayın 17- dən başlamışdır)) təşkil edir. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan icarə haqqının məbləğini 17419 manat müəyyən etməkdə məhkəmə haqlı olmuşdur.
48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3847/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.