Məhkəmə qərarları › İş №2-2(3-6)-163/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-163/2026

03.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-163/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə azadlığı, icarə müqaviləsi, öhdəliyin natamam icrası) X1 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5873/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Cavabdeh (“Sifarişçi”) ilə İddiaçı (“İcraçı”) arasında bağlanmış 1 noyabr 2019-cu il tarixli, 19-AZK-HSS-041 nömrəli müqaviləyə əsasən “İcraçı” bu müqaviləyə Əlavə 1-də göstərilən xidmətləri göstərməyi, “Sifarişçi” isə xidmətlərin dəyərini hesab-faktura əsasında bank hesablaşması ilə aylıq ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 1 saylı Əlavəsində istifadəyə verilən avadanlıqların hər kubmetrinə görə aylıq icarə haqqı, qurulma və sökülmə işlərinin hər kubmetrinə görə birdəfəlik haqq, gündəlik nəzarət xidmətinin isə hər gününə görə sabit muzd müəyyən edilmiş, qiymətlərin ƏDV xaric olmaqla müəyyən edildiyi göstərilmişdir.

3. İddiaçı MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2019-2020-ci illər üzrə (xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək) 11 ədəd təhvil-təslim aktına əsasən 8 754,60 manat, 2022-2023-cü illər üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) 14 ədəd təhvil-təslim aktına əsasən 79 991,73 manat və 2024-2025-ci illər üzrə isə (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) 19 ədəd təhvil-təslim aktına əsasən 204 592,16 manat olmaqla üç dövr üzrə ümumilikdə 293 338,49 manat məbləğində icarə/xidmət haqqı hesablanmışdır.

4. 2022-2023-cü illər üzrə 13 ədəd ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 80 538,33 manat, 2024-2025-ci illər üzrə 6 ədəd ödəniş tapşırığına əsasən isə 84 179,81 manat olmaqla ümumilikdə 165 171,54 manat məbləğində ödəniş edilmişdir.

5. İddiaçı MMC tərəfindən tərtib edilmiş cədvələ əsasən xx.xx.2019-cu il tarixli, 19- AZK-HSS-041 nömrəli müqavilə üzrə ümumilikdə 293 338,46 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh MMC tərəfindən 173 926,14 manat ödəniş edildikdən sonra qalıq borc 119 412,32 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 119 412,32 manat əsas borc, Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz borcu, borcun ödənilmədiyi hər il üçün 5% dəbbə pulu və hüquqi yardıma görə ödənilmiş 3 500 manat və dövlət rüsumuna görə ödənilmiş 420 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, bu günə qədər cavabdeh müqavilədə nəzərdə tutulmuş ödənişi müqavilənin şərtlərinə uyğun olaraq ödəməmişdir. Borcun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5873/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 119 412,32 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 409,41 manat olmaqla, ümumilikdə 120 821,73 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə razılaşdırılmış xidmətlər cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən iddiaçıya borcu yaranmışdır. Məhkəmə cavabdehin öhdəliyi lazımınca icra etmədiyini müəyyən edərək hesab etmişdir ki, 119 412,32 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Tələbin faiz borcu və dəbbə pulunun tutulması hissələrinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulmamış, iddia həmin hissələrdə əsaslandırılmamışdır.

10. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5873/2025 saylı qətnaməsinin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği iddiaçı tərəfindən əsassız hesablanmışdır. Məhkəmənin istinad etdiyi elektron qaimə-fakturalar və təhviltəslim aktları əsas sübut kimi qəbul edilə bilməz. Belə ki, elektron qaimə-fakturalar sistem üzərindən göndərilib və avtomatik təsdiqlənib, cavabdehin imzası və möhürü yoxdur. Məhkəmə sadəcə həmin sənədlərə istinad etmiş, borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirməmişdir. Bundan əlavə, iddia tələbləri üzrə iddia müddəti keçmişdir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Məhkəmə 2022-ci ilin iyul ayına qədər ödənilməmiş borclarla bağlı iddia müddətini tətbiq edərək iddia tələblərini rədd etməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi ərizəsində məhkəmə iclasında iştirak edə bilməməsinin səbəblərini göstərməmişdir. Buna görə də iclasa gəlməməsinin üzrlü olub-olmamasını müəyyən etmək mümkün deyildir. Qeyd edilənlərə əsaslanaraq kollegiya şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 373. İddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ... Maddə 375. İddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. ... Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ... 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin tələbin təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı özünə məxsus avadanlıqları (iskələni) sahəyə çatdırmaq, quraşdırmaq, sökmək və onlara gündəlik nəzarəti həyata keçirmək şərti ilə cavabdehə istifadə üçün vermiş, cavabdeh isə bundan istifadəyə görə müəyyən edilmiş məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunu nəzərə alındıqda tərəflər arasında yaranmış münasibətlərin hüquqi mahiyyət etibarilə əsasən icarə münasibətlərindən irəli gəldiyi, lakin müəyyən xidmət elementlərini də ehtiva etdiyi müəyyən olunur.

24. İş materiallarında olan təhvil-təslim aktlarından müəyyən edilir ki, tərəflər arasında bu müqavilədən irəli gələn münasibətlər üç dövrə bölünür. Tərəflər 2019-2020, 2022-2023 və 2024-2025-ci illər üzrə ümumilikdə 293 338,49 manat məbləğində icarə və xidmət haqlarının ödənilməli olmasını öz aralarında razılaşdırmışlar.

25. Eyni zamanda müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 165 171,54 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, tərəflər arasında aparılmış hesablaşmalar nəticəsində 128 166,95 manat məbləğində ödənilməmiş borcun mövcud olduğu müəyyən edilir.

26. Həmçinin, 2019-2020-ci illər üzrə təhvil-təslim aktlarında 8 754,60 manat məbləğində borcun yarandığı qeyd edilmişdir. Həmin məbləğin ödənildiyini təsdiq edən sübutlar olmamasına baxmayaraq, iddiaçı həmin məbləğin tutulmasını tələb etməmişdir. Bu səbəbdən həmin məbləğ ümumi hesablamadan çıxılmaqla qalan borcun 119 412,35 manat təşkil etməsi müəyyən edilir (iddiaçı bu məbləğdən 3 qəpik daha az tələb etmişdir).

27. Cavabdeh apellyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını və bunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğunu, həmçinin elektron qaimə-fakturaların tərəfindən imzalanmadığını bildirərək onların mötəbər sübut kimi qəbul edilə bilməyəcəyini bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan təhvil-təslim aktları və ödəniş sənədləri tərəflər arasında aparılmış hesablaşmaların həcmini və borcun məbləğini müəyyən etməyə kifayət edir. Bu səbəbdən borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə heç bir zərurət yoxdur.

29. Elektron qaimə-fakturalar qanunvericiliyə uyğun olaraq elektron informasiya sistemi vasitəsilə tərtib edilən və təsərrüfat əməliyyatlarını təsdiq edən rəsmi uçot sənədləridir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları iş üzrə bütün sübutları onların məcmusunda qiymətləndirir. İş materiallarında olan təhviltəslim aktları cavabdehin borcunun mövcudluğunu təsdiq etdiyindən elektron qaiməfakturalarla bağlı əlavə araşdırma aparılmasına da zərurət yoxdur. Nəzərə alınmalıdır ki, cavabdeh həmin təhvil-təslim aktlarının həqiqiliyinə heç bir etiraz etməmişdir.

30. Cavabdeh tərəfindən iddia müddətinin keçməsi ilə bağlı irəli sürülmüş dəlillər də əsaslı hesab edilmir. Belə ki, cavabdeh tərəfindən 2022-ci ilin iyul ayına qədər olan borclar üzrə iddia müddətinin ötürülməsi iddia edilsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb olunan borc 2024-2025-ci illər üzrə icarə və xidmət haqlarına aiddir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı 2019-2020-ci illər üzrə borcları ödənilmiş kimi qəbul etmiş və hesablaşmadan çıxmışdır.

31. Bundan əlavə, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə tərəfindən qərar qəbul edilənədək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

33. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

34. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5873/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5873/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar