Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-17/2026 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. Lizinq verən qismində Cavabdeh MMC ilə lizinq alan qismində İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ nömrəli X7 müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinqə verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əladə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2017-ci il buraxılışlı olan, “Ford Mustang” minik markalı, mühərrik, ban nömrəsi 1FA6P8TH6J5122765 olan nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürürür.
3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 32 ay müddətində bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir;
4. Həmin müqavilənin 4.1.6-cı bəndinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə «lizinq alan»ın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini tələb etmək lizinq verənin hüququdur;
5. Həmin müqavilənin 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması quraşdırılması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsi kimi müəyyən edilmişdir;
6. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir;
7. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir.
8. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadə zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.
9. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən, lizinq alanın «Lizinq vcrən»ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi 41309 (qırx bir min üç yüz doqquz) manat təşkil edir. Bu ümumi məbləğdən 11377(on bir min üç yüz yetmiş yeddi) manat «Lizinq verən»in mükafatını təşkil edir. Tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri «Lizinq alan» tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilniş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir.
10. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh MMC-yə məxsus “Ford Mustang” markalı, 1FA6P8TH6J5122765 şassi, mühərrik, **-AX-*** qeydiyyat nişanlı avtomobil müştəriyə təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli iltizamın məzmunundan müəyyən edilir ki, İddiaçı tərəfindən lizinq predmetinin könüllü təhvil verilməsi və ya Cavabdeh MMC tərəfindən lizinq predmetinin birtərəfli qaydada götürülməsi halında Cavabdeh MMC-yə qarşı istər həmin anda, istərsə də sonradan heç bir iddia və tələbinin olmaması barədə üzərinə öhdəlik götürmüşdür.
13. ”Atəşgah” Sığorta Şirkəti tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən Cavabdeh MMC tərəfindən mülkiyyətində olan “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək dövr üzrə sığortalmış, sığorta məbləği 50000 manat, sığorta haqqı 1300 manat, hər bir itki və zərər üzrə şərtsiz azadolma 500 manat nəzərdə tutulmuşdur.
14. xx.xx.2021-ci il tarixli, 016971 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, **-AX-*** dövlət qeydiyyat nişanlı, “Ford Mustang minik” markalı, göy metallik rəngli nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir.
15. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq 27000 manat kasko sığorta ödənişinin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44225 (qırx dörd min iki yüz iyirmi beş) manat pul vəsaiti və ödənilmiş 223 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 06/4255/DLİZ nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 01 ədəd “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə 32 ay müddətinə bağlanmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Müqavilənin 8.1-ci bəndinə əsasən təhvil-təslim aktına əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti maliyyə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq obyektinin itirilməsi (məhv olması), digər çatışmazlıqlar və ya zədələnmə risklərindən lizinq obyektinin ümumi dəyərindən az olmayan miqdarda lizinq alan tərəfindən onun vəsaiti hesabına sığortalanır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən sığorta müqaviləsi lizinq verənin seçdiyi sığorta şirkətində sığortalanır və sığortalı və faydalanan şəxs qismində lizinq verən göstərilir və bütün risklər üzrə fayda götürən lizinq verən hesab edilir. Avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin razılığı əsasında 23000 manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 manat hissəsi xx.xx.2023-ci il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 manat məbləğ isə xx.xx.2023ci il tarixdə iddiaçının “RabitəBank”-da olan hesabına köçürülmüşdür. Köçürülməli məbləğin 5775 manat deyil, maşının borca görə silinməli məbləği çıxılmaqla qalan bütün məbləği olmalı olduğu halda, 49500-17225=32275 manat edilməli olduğunu və bununla da, 32275-5775= 26500 manat az pulun iddiaçıya köçürüldüyünü nəzərə alaraq, həm "xxxx" ASC-yə, həm də Cavabdeh MMC-yə qarşı iddia qaldırılsa da, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ildə e-2- 2(113)-6477/2024 saylı qətnaməsi ilə iddia sığorta pulu ilə əlaqədar subyektiv hüququnun olmamasına görə təmin edilmədi. Həmin qətnamədən apellyasiya şikayəti verilmədi. Belə ki, qətnamədən göründüyü kimi, maşını sığortalayan iddiaçı yox, Cavabdeh MMC olmuşdur. Faydalanan şəxs də buna görə iddiaçı yox, Cavabdeh MMC, yəni maşını iddiaçıya lizinqə verən olubdur. Buradan göründüyü kimi, lizinq şirkəti sığorta təşkilatından özü istədiyi qədər, yəni 23000 manat almış və aldığı pulun 5775 manatını iddiaçıya vermiş, qalanını isə maşının qəzadan sonrakı dövr üzrə borcuna silmişdir. Lizinq şirkəti bundan sonra maşının iddiaçıya məxsusluğu barədə arayış, lizinq şirkətinə borcun olmaması barədə arayış vermiş, lakin həmin vaxtdan maşını bərpa etməmiş və nə maşını iddiaçıya verməmiş, nə də maşına görə lizinq şirkətinə ödənilən pulu qaytarmamışdır. Bir halda ki, lizinq şirkəti kasko sığorta etdirdiyi maşını bərpa edib qaytarmayıb, iddiaçının sığorta şirkətinə qarşı ödənmiş sığorta pulunun azlığından narazılığıla əlaqədar qaldırılan iddia subyektiv hüququn lizinq şirkətinə məxsus olması əsası ilə subyektiv hüququmun olmamasına görə rədd edilib, lizinq şirkəti isə sığorta pulunun azlığı ilə əlaqədar sığorta şirkətinə qarşı iddia qaldırmayıb, onda lizinq müqaviləsinə görə maşının dəyəri kimi qeyd edilmiş müqavilədə göstərilən 50000 manat (faizlər çıxılmaqla, məhz maşının dəyəri) məbləğdən mənə ödədikləri 5775 manatı çıxıb, qalan məbləği, yəni 50000-5775=44225 manat cavabdehdən tutulmalı və ya lizinq şirkəti həmin maşını saz vəziyyətdə iddiaçıya qaytarılmalıdır. Maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq maşının lizinqə götürülərkən satış dəyəri olan 50000 manatdan ödənilmiş 5775 manat çıxılmaqla, qalan məbləğin, yəni 44225 manatın cavabdehdən tutulması tələb edilir. Bununla bağlı könüllü mediasiya keçirildi, lakin cavabdeh qeyd edilən məbləği ödəməkdən imtina etdi.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747.2, 747.3, 748-1, 748-2-ci maddələrinə istinad olunmuşdur.
19. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Xəzər Lizinq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "Ford Mustang" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avotmobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhviltəslim aktına əsasən xx.xx.2021-ci tarixindən İddiaçı istifadəsinə verilmişdir. Beləliklə, avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğ isə xx.xx.2023-ci il tarixdə iddiaçının “RabitəBank”- da olan hesabına köçürülmüşdür. Belə olan halda maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi "Xəzər Liziq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı X7 müqaviləsinə əsasən yaranmış borca silinmişdir. Tərəflər arasında bağlanmış 11,08.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı X2 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması quraşdırılması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ nömrəli daxili X2 6.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadə zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Eləcə də MM-nin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 saylı qətnaməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 nömrəli qətnaməsi ləğv edilməsi, iddianın təmini barədə yeni qətnamə qəbul edilməsi, CavabdehMMCdən mənim xeyrimə maşının əsaslı təmir xərci əvəzi olaraq 44.225 (qırx dörd min iki yüz iyirmi beş) manat tutulması xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq bildirmişdir ki, məhkəmədə qaldırdığı iddia həm Mülki Məcəllənin 748-7.1-ci maddəsi, həmdə müqavilənin 6.3-cü bəndinə istinad edilməklə rədd edilmişdir. Kasko sığortalanmış maşına münasibətdə bu norma tətbiq edilə bilməzdi. Bu icbari sığorta deyil. Kasko Sığortadır. Normadakı risk məsələsi o halda lizinq alana aid olur ki, maşın Kasko sığortalanmamış olsun. Kasko sığorta varsa burada məsuliyyətdən söhbət gedə bilməz. MM-nin 748.7.1-ci maddəsi tətbiq edilməli deyildi. Beləki, bu norma zədələnmiş maşının əsaslı təmiri məqsədilə ödənilmiş pulun qayatarılması barədə iddianın həllinəaiddeyil. Mülki Məcəllə 748-1.7-ci maddəsi tətbiq edilməli idi. Bu normanın pozuntusu onda ifadə olunur ki, məhkəmə özü də müəyyən edir ki, məhv olmuş maşına görə iddiaçıya məbləğ ödənilmişdir. Lakin bu hal iş üzrə iddianın təmini barədə qətnamə çıxarmağa əsas verdiyi halda məhkəmə cavadehin etirazını köçürtməklə iddianı rədd etmişdir. Əgər iddia tələbi MM-in 748-7.1-ci maddəsi ilə iddia rədd edilməlidirsə, ona pul ödənməsi ziddiyyət təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
25. Etiraz onunla əsaslandırılımışdır ki, Beləliklə avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra 17.01,2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2023-ci il tarixdə Lizinq Müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğ isə xx.xx.2023-ci il tarixdə iddiaçının “Rabitə Bank”da olan hesabına köçürülmüşdür.Belə olan halda maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq "xxxx" ASC tərəfindən ödənilmiş 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi "Xəzər Liziq” MMC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4255/YDLİZ saylı X7 Müqaviləsinə əsasən yaranmış borça silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06/4255/YDLİZ saylı X2 4.4.8-ci bəndinə əsasən sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərində qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması quraşdınması və istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarınınpozulması,yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır.Həmən müqavilənin 5.1-ci bəndinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. İddiaçının ödəmiş olduğu pul vəsaitinin geri qaytarılması tələbi, məhz həmin nəqliyyat vasitəsinin yararsız hala düşməsi və sığorta hadisəsinin baş verməsi ilə bağlı zərərin nəticəsi kimi meydana çıxmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, iddiaçı ərizə ünvanlayaraq məhəkəmə iclasını iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
32. AR Mülki Porsessual Məcəllənin
33. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
35. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
42. Hazırki iş üzrə iddiaçı cavabdeh "Xəzər Lizinq” MMC-dən nəqliyyat vasitəsi lizinqə götürülərkən satış dəyəri olan 50000 manatdan ödənilmiş 5775 manat çıxılmaqla, qalan məbləğin, yəni 44225 manatın ona ödənilməsini tələb edir.
43. Kollegiya qeyd etmək istəyir ki, lizinq müqaviləsini nəzərdən keçirildikdə müəyyən edilir ki, lizinq ödənişləri və lizinq verənin mükafatı çıxıldıqdan sonra avtomobilin dəyəri 29.932 manat (41.309-11.377 ) təşkil edir.
44. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 6477/2024 saylı qətnaməsini əsas götürərək MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermişdir.
45. İddiaçı həmin qərardadan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
46. Kolegiya Bakı Kommersiya Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş iş üzrə icraata xitam verilməsi və sonra həmin qərardadın ləğv edilərək icraatın təzələnməsinə dair qərardadlarına münasibətdə qeyd edir ki, əvvəlki iddia üzrə tələb sığorta ödənişinin bölüşdürülməsi və maddi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Hazırkı iddiada isə konkret olaraq avtomobilin dəyərinin əvəzi qismində 44.225 manat pul vəsaitinin lizinq şirkətindən tutulması tələb olunur. Predmet dedikdə məhkəmədən tələb olunan hüquqi nəticə və müdafiə üsulu başa düşülür. Hər iki iş üzrə tələb olunan hüquqi müdafiə forması və müdafiə olunan subyektiv hüquq fərqlidir. Birinci iddia MM-in 21, 442, 449, 905, 925.2 və s. istinad olunmaqla, hazırkı iddia isə MM-in 747 və 748-ci maddələri ilə əsaslandırılmışdır. Maddi-hüquqi əsas fərqli olduqda iddia eyni əsaslı hesab edilə bilməz.
47. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)- 6477/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti və Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dairi ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən və Cavabdeh MMC-dən onun razılığı olmadan ödənilmiş 23.000 manat kasko sığorta ödənişindən əlavə “Ford Mustang” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin kasko sığorta ödənişinə görə ödənilməli olan 49.500 mant sığorta ödənişinin 26.500 manat hissəsinin, vurulmuş 2500 manat maddi ziyanın, hüquqi yardıma görə çəkilmiş 500 manat xərcin və 200 manat mediasiya sesiyasına çəkilmiş xərcin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və sözügedən qətnamə ilə iddia təmin edilməmişdir.
48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Xəzər Lizinq” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "Ford Mustang" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avotmobil müqavilənin şərtlərinə və tərtib olunmuş təhvil-təslim aktına əsasən xx.xx.2021- ci tarixindən İddiaçı istifadəsinə verilmişdir. Avtomobil kasko sığorta olunmuş və sığorta olunduğu tarixdən sonra xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə qısa qapanma baş vermiş və avtomobil yanaraq tam məhv olmuşdur. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişi etmişdir. Ödənilmiş sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsi üzrə yaranmış borca silinmiş, 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğ isə xx.xx.2023-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Maşının yanaraq tam məhv olduğunu, bərpasının mümkün olmadığını nəzərə alaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 23000 (iyirmi üç min) manat kasko sığorta ödənişinin 17225 (on yeddi min iki yüz iyirmi beş) manat hissəsi xx.xx.2021-ci il tarixli, 06/4255/YDLİZ saylı X7 müqaviləsinə əsasən yaranmış borca silinmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, apellyator avtomobilin kasko sığortalanmış olması əsas gətirilərək riskin lizinq alanın üzərində qalmadığı edir. Bu mövqe hüquqi baxımdan əsassızdır.
50. Belə ki, kasko sığortası hüquqi mahiyyətinə görə könüllü əmlak sığortasıdır. O, qanunla məcburi xarakter daşımır və tərəflər arasında bağlanmış müstəqil sığorta müqaviləsinə əsaslanır. İcbari sığorta isə qanunvericiliklə məcburi qaydada tətbiq edilir və üçüncü şəxslərə vurulan zərərin təminatına yönəlir. İcbari sığorta münasibətləri “İcbari Sığortalar haqqında” Qanun ilə tənzimlənir və xüsusi hüquqi rejimə malikdir. Kasko sığortası isə ümumi sığorta münasibətləri çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin sığorta ilə bağlı müddəalarına uyğun olaraq həyata keçirilir və riskin daşıyıcısını dəyişdirmir. Risk və sığorta anlayışları hüquqi baxımdan fərqli kateqoriyalardır. Risk – əmlakın təsadüfi məhv olması və ya zədələnməsi nəticələrinin hansı tərəf tərəfindən daşınmasıdır. Sığorta isə həmin risk baş verdikdə zərərin kompensasiyası mexanizmidir. Sığorta riskin hüquqi daşıyıcısını dəyişmir, yalnız onun maliyyə nəticələrinin ödənilməsini təmin edir. Lizinq münasibətləri baxımından isə qanunverici açıq şəkildə müəyyən etmişdir ki, lizinq predmetinin təsadüfi məhv olması riski, əmlak lizinq alanın istifadəsinə verildiyi andan etibarən ona keçir. Bu norma Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin 748.7.1-ci maddəsində birbaşa təsbit edilmişdir və həmin maddədə kasko sığortanın mövcudluğu riskin keçməsinə istisna kimi nəzərdə tutulmamışdır.
51. İş materialları ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən 23.000 manat sığorta ödənişi edilmişdir, 17.225 manat lizinq müqaviləsi üzrə mövcud borca silinmişdir, 5.775 manat isə iddiaçının hesabına köçürülmüşdür. Bu fakt özü təsdiq edir ki, lizinq alanın müqavilə üzrə borcu mövcud olmuşdur. Əgər risk lizinq verənin üzərində olsaydı, lizinq alanın borcunun mövcudluğu hüquqi əsasdan məhrum olardı və sığorta ödənişinin borca silinməsi mümkün olmazdı. Sığorta ödənişinin bir hissəsinin lizinq borcuna yönəldilməsi, lizinq alanın risk daşıyıcısı olmasının və öhdəliyin davam etməsinin təzahürüdür.
52. Belə olan halda, əmlakın məhv olması riski qanunun birbaşa göstərişinə əsasən lizinq alanın üzərində olmuşdur. Bu riskin mövcudluğu avtomobilin kasko sığortalanması faktı ilə aradan qalxmır. Sığorta münasibətləri lizinq münasibətlərindən müstəqil hüquqi münasibətlərdir və riskin daşıyıcısını dəyişdirmir.
53. Hazırkı iş üzrə sığorta ödənişinin lizinq müqaviləsi üzrə yaranmış borca silinməsi faktı da riskin lizinq alanın üzərində qalmasını təsdiq edir. Əgər risk lizinq verənin üzərində olsaydı, lizinq alanın öhdəliyi davam etməz və borcun mövcudluğu hüquqi əsasdan məhrum olardı. Bu halda sığorta ödənişinin borca yönəldilməsi də mümkün olmazdı.
54. Beləliklə, avtomobilin kasko sığortalanması lizinq predmetinin təsadüfi məhv olması riskinin lizinq alanın üzərində qalmasını istisna etmir və MM-in 748.7.1-ci maddəsinin tətbiqinə mane olmur. Birinci instansiya məhkəməsinin həmin normanı tətbiq etməsi qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətində göstərilən arqumentlər əsassızdır.
55. Apellyasiya şikayətinin dəlilərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə istinad edilərək iddianın təmin edilməli olduğu iddia edilir. Kollegiya qeyd edir kİ, həmin normanın dispozisiyası və hüquqi mahiyyəti hazırkı iş üzrə tətbiq imkanını istisna edir. MM-in 748-1.7-ci maddəsi lizinq obyektinə texniki xidmətin, orta və cari təmirin, habelə əsaslı təmirin kim tərəfindən və hansı qaydada həyata keçirilməsini tənzimləyir. Bu norma yalnız əmlakın mövcud olduğu və bərpasının mümkün olduğu hallara şamil olunur. Maddənin məzmunundan açıq şəkildə görünür ki, söhbət istifadədə olan və istismar qabiliyyətini saxlayan lizinq obyektinin saxlanması və təmirindən gedir.
56. Hazırkı işdə isə müəyyən olunmuşdur ki, avtomobil yanaraq tam məhv olmuşdur onun bərpası mümkün deyildir. Faktiki olaraq lizinq obyekti mövcudluğunu itirmişdir.Tam məhv olmuş əmlakın “əsaslı təmiri” hüquqi və faktiki baxımdan mümkün deyil. Əsaslı təmir anlayışı əmlakın konstruktiv elementlərinin bərpasını nəzərdə tutur, lakin obyektin tam məhv olması halında artıq təmir münasibəti deyil, risk və zərərin hüquqi nəticələri məsələsi yaranır. Belə olan halda tətbiq edilməli norma təmir münasibətlərini deyil, lizinq predmetinin təsadüfi məhv olması riskini tənzimləyən normadır. Bu məsələ isə MM-in 748.7.1-ci maddəsi ilə birbaşa tənzimlənir.
57. MM-in 748-1.7-ci maddəsi yalnız lizinq obyektinin istismar və təmir münasibətlərini tənzimlədiyindən, lizinq predmetinin tam məhv olması ilə bağlı yaranmış hazırkı mübahisəyə tətbiq oluna bilməz.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin MM-in 748-7.1-ci maddəsi ilə rədd edilməsi halında, ona pul ödənməsinin ziddiyyət təşkil etdiyini dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən lizinq şirkətinin yalnız real borc məbləği qədər təminat saxlaması, qalıq məbləğin qaytarılması əksinə olaraq əsassız varlanmanın qarşısını almışdır. Əgər qalıq məbləğ qaytarılmasaydı, bu halda maddənin məqsədinə zidd vəziyyət yaranardı. Əksinə, həyata keçirilmiş qaytarma maddənin məqsədinə və mülki qanunvericiliyin ümumi prinsiplərinə tam uyğun olmuşdur.
59. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4223/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.