Məhkəmə qərarları › İş №2-2(3-6)-191/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-191/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-191/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4110/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi” əsasında icarə haqqından yaranmış 32360 manat və ona hesablanmış 5824,8 manat ƏDV borcu pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə verilməsi; - Hüquqi yardım üçün vəkilə ödənilən 320 manat pulun və ödənilmiş 206 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 32360 manat məbləğində əsas borc, 5824.8 manat məbləğində ƏDV borcu, 300 (manat hüquqi xidmətlərə görə ödənişmiş haqq və 206 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Daha sonra cavabdeh apellyasiya şikayəti və ötürülmüş müddətin bərpa edilməsi ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4110/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin Cavabdeh2 münasibətdə bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizənin rədd edilməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-4110/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. xx.xx.2026-cı il tarixində cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-4110/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsi, cavabdehin apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi faktiki olaraq xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmiş və həmin tarixdə cavabdeh tərəfindən əldə edilmişdir. Digər tərəfdən asan imzanın bloklanması obyektiv və üzrlü səbəbdir, cavabdehin apellyasiya şikayətini vaxtında verə bilməməsinin yeganə və real səbəbi ona məxsus “Asan İmza”nın bloklanması olmuşdur. Bu hal cavabdehin iradəsindən asılı olmayaraq baş vermiş və yalnız xx.xx.2025-ci il tarixində aradan qalxmışdır. Elektron məhkəmə sistemində apellyasiya şikayətinin verilməsi üçün elektron imza texniki baxımdan məcburi şərtdir. Elektron imza mövcud olmadıqda və ya bloklandıqda, şəxsin hüququndan faktiki istifadə etməsi mümkün olmur. Bu baxımdan “Asanİmza”nın bloklanması texniki deyil, hüquqi nəticə doğuran obyektiv maneədir, həmin maneə mövcud olduğu müddətdə apellyasiya şikayətinin verilməsi fiziki olaraq mümkünsüz olmuşdur. Bundan əlavə iddiaçı tərəfindən irəli sürülən arqumentlər hüquqi baxımdan əsassızdır. Belə ki, “Asan İmza 1 saata açılır” arqumenti sübut olunmamış fərziyyədir. İddiaçı tərəfindən bu iddianı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Elektron imza problemlərinin həlli bir çox hallarda operator, identifikasiya və texniki yoxlamalarla bağlıdır və konkret müddət əvvəlcədən müəyyən edilə bilməz. Eyni zamanda digər Cavabdeh1 MMC adından şikayət verilməsi arqumenti hüquqi əsasa malik deyil. Belə ki, Cavabdeh2 və Cavabdeh1 MMC-nin elektron məhkəmə kabineti eyni Asan İmzaya bağlıdır. Belə olmasa idi, belə Cavabdeh2 fiziki şəxs qismində cavabdehdir və onun barəsində qəbul edilmiş qətnamə ayrıca hüquqi nəticə doğurur. Bir cavabdehin digər cavabdehin adından apellyasiya şikayəti verməsi fiziki şəxsin şəxsi apellyasiya hüququnu aradan qaldırmır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin qəsdən süründürməçilik etməsini sübut edən heç bir obyektiv dəlil təqdim edilməmişdir. Əksinə texniki maneə aradan qalxan kimi apellyasiya şikayəti dərhal təqdim edilmişdir ki, bu da cavabdehin niyyətinin vicdanlı olduğunu göstərir. Qeyd olunanlar göstərir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e e-2-2(113)- 4110/2025 saylı qərardadı qəbul edilərkən bir sıra əhəmiyyətli maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi dəlilləri formal yanaşma ilə qiymətləndirmiş, elekron imzanın bloklanmasının obyektiv hüquqi nəticələrini nəzərə almamış, MPM-in 133-cü maddəsinin məqsəd və mahiyyətinə zidd qərar qəbul etmişdir. Məhkəmənin “kifayət qədər vaxt olub” arqumenti texniki imkanın mövcudluğu faktı ilə təsdiqlənmir, çünki həmin vaxt ərzində apellyasiya şikayəti vermək üçün zəruri olan elektron vasitə mövcud olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4110/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-4110/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 4110/2025 saylı qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə və sonuncuya həmin sistem vasitəsilə bu barədə məlumat “Elektron ünvan ” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2026-cı il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və müddətin son günü qeyri-iş gününə düşdüyündən sonraki iş günü olan xx.xx.2025-ci il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və apellyasiya şikayətində istinad olunan hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik üzürlü halların dairəsini dəqiq müəyyən etməsə də, ərizəçidən obyektiv və sübuta yetirilə bilən hallara istinad edilməsi tələb olunur. Hazırkı halda isə, prosessual müddətin bir aydan artıq buraxılmasının üzürlü səbəb kimi ümumi şəkildə "Asan İmza" ilə bağlı texniki nasazlığa istinad edilməsi ağlabatan hesab edilmir, digər tərəfdən həmin hal hər hansı sübutla təsdiqlənmir. Qeyd edilir ki, cavabdeh ən azı prosessual müddətin bitməsinə qədər elektron imzada nasazlığın mövcudluğu barədə məhkəməyə yazılı şəkildə məlumat verə bilərdi. Odur ki, öz hüquqlarının müdafiəsində passiv mövqe nümayiş etdirmiş cavabdehin ərizəsində istinad etdiyi hallar formal mülahizə xarakteri daşıyır və məhkəmə tərəfindən qəbul edilmir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4110/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar